Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3106/2025 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi qərarının ləğvi, gəlir vergisi, mikro sahibkarlıq subyekti, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinin pozulması, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı (VÖEN: 1305819882) mikro sahibkarlıq subyekti olan vergi ödəyicisi kimi təsərrüfat mallarının topdan satışı ilə məşğuldur.
2. İddiaçı cavabdehin ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab olunaraq, riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir.
3. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, *-**-*-*/*-*****/**** nömrəli qərarı ilə iddiaçıya 2022-ci il üzrə 13309,42 manat əlavə gəlir vergisi hesablanmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin onun barəsində qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, *-**-*-*/*-*****/**** nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə kameral vergi yoxlaması qanunvericiliyin tələblərinə zidd keçirilmiş və onun hüquqları pozulmuşdur. İddiaçının 2021 və 2022-ci illərdə alqı-satqı müqavilələri əsasında mallar aldığı şəxslərin həmin dövrdə riskli vergi ödəyiciləri olması barədə hər hansı qərar qəbul edilməmiş, Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında həmin şəxslərin riskli vergi ödəyiciləri olması haqqında xəbərdarlıq xarakterli bildirişlər yerləşdirilməmiş və həmin şəxslərin riskli vergi ödəyiciləri olmasını təsdiq edən heç bir sənəd olmamışdır. Belə olan halda iddiaçının 2021 və 2022-ci illərdə həmin dövrdə mövcud olmuş qanunvericiliyin tələblərinə riayət etməklə alqı-satqı müqavilələri bağlayıb mal aldığı vergi ödəyicilərinin 2 ildən sonra riskli vergi ödəyiciləri kimi tanınması ilə bağlı onun həmin vergi ödəyiciləri ilə apardığı əməliyyatlarla bağlı çəkdiyi xərclərin (mal alması ilə bağlı çəkdiyi xərclərin, ödədiyi pulların) gəlirin əldə edilməsi ilə bağlı xərclərin siyahısından çıxarılması və ona həmin dövr üçün əlavə 13309,42 manat gəlir vergisinin hesablanması qanunsuz olmaqla yanaşı, heç bir məntiqə də sığmır. Çünki iddiaçının mal aldığı şəxslərin həmin dövrdə riskli vergi ödəyiciləri olması ilə bağlı heç bir şübhəsi olmamış, verdiyi sifarişlər əsasında malları qəbul etmiş və həmin malların dəyərini müvafiq e-qaimələrə uyğun olaraq ödəmişdir. Göründüyü kimi, cavabdeh 2-3 il əvvəl aparılmış əməliyyatlara görə sonradan riskli kimi tanınmış vergi ödəyiciləri ilə iddiaçının apardığı əməliyyatları da riskli vergi ödəyicisi ilə aparılmış əməliyyatlar kimi qəbul etmişdir. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı iddiaçı tərəfindən 83183,85 manat məbləğində elektron qaimə-
6. alış sənədi olmayan mallar təqdim edilmiş və iddiaçı, Azərbaycan Respublikası fakturalarla Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq qaydalara əsasən ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarla riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Riskli vergi ödəyicisi olduğundan, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən güzəşt hüququndan istifadə edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən, vergi orqanı tərəfindən iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2024-cü il tarixli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin onun tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə 16636,77 manat vergi məbləğinin hesablanmasına dair “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli qərar qəbul edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə aşağıdakı uyğunsuzluq müəyyən olunmuşdur: Təqdim edilmiş bəyannamənin “Xammal və materiallar” (1226.3-cü), “Malın dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7-ci), “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri” (1226.10-cu), “Rabitə xərcləri” (1226.11-ci), “Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (1230-cu), “Nəqliyyat xərcləri” (1233cü), “Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (66547,08 manat), əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş vergi bəyannaməsi”nin) * nömrəli Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0,00 manat) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (riskli e-qaimə-fakturaların məbləği (0,00) istisna olmaqla) və alış aktlarının məbləği (0,00 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0,00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (“Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər”) (+) 1608.2-ci (“Beynəlxalq rabitə xidməti ödəmələri”) (+) 1608.3-cü (“Beynəlxalq daşımalar üzrə ödəmələr”) + 1608.4-cü (“Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər”) sətirlərinin (0 manat) cəmi məbləğindən (0,00 manat) bəyannamənin * nömrəli Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin çıxılması nəticəsində yaranan (0,00 manat) məbləğin müqayisəsi nəticəsində 66547,08 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən olunmuşdur. İddiaçının riskli hesab olunması barədə qəbul edilmiş qərarla bağlı isə əsaslar belədir: 2022-ci il üzrə təqdim edilmiş vergi bəyannamələrində (sadələşdirilmiş, gəlir və mənfəət) əks etdirilmiş göstəricilər ilə vergi orqanının uçot-baza məlumatlarında mövcud olan bir sıra iqtisadi göstəricilərin (eq-f, onlayn NKA, alış aktı, idxal, ixrac, mal qalığı, bank məlumatları və s.) və əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş vergi bəyannamələrinin müvafiq göstəricilərinin müqayisəli təhlili aparılmışdır. Aparılan təhlillərin nəticəsinə əsasən, vergi orqanının uçot-baza məlumatlarında mövcud olan iqtisadi göstəricilərlə bəyannamə məlumatlarının müvafiq göstəriciləri arasında uyğunsuzluq (uyğunsuzluqların) müəyyən edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Ətraflı desək, iddiaçı tərəfindən ##.##.2022-##.##.2022-ci il tarixlərdə cəmi 9,6 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışda “Differensial 2x16, Spot Roisli 20, Kabel 1x2.5 (ural), CAT-6 Kabel və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə iddiaçının alışında, idxalında qeyd edilən mallar (iş, xidmətlər) müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçının təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: Aysev Almazova) ## #### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mikro sahibkarlıq subyekti olması işin mübahisələndirilməyən halıdır. Cavabdehin etirazında göstərdiyi riskli vergi ödəyicilərinin 75 faiz həcmində güzəştdən istifadə hüququnu itirmiş sayılması ilə bağlı dəlilinə münasibətdə qeyd edilməlidir ki, qüvvədə olan vergi qanunvericiliyində belə norma mövcud deyildir. Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinin tələbinə görə gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslər sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizindən azaddır. Bundan başqa, qeyd edilməlidir ki, iddiaçı ##.##.2023-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilməsinə baxmayaraq, mübahisələndirilən qərarla ona, 2022-ci il üzrə gəlir vergisi hesablanarkən 75 faiz həcmində güzəştdən məhrum edilmişdir. Həmçinin İnzibati Prosessual Məcəllənin 14.1-ci və Vergi Məcəlləsinin 53.3-cü maddələrinə əsasən, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, Nigar Nəbizadə və Mirzə Tağızadə) ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 67.2 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.3 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 67.14 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.9 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.30 (##.##.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1 İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
23. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
24. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.
25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi onun barəsində cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, *-**-*-*/*-*****/**** nömrəli qərarının ləğvinə nail olmaqdan ibarətdir.
26. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdeh mübahisələndirilən qərarla iddiaçıya 2022-ci il üzrə 13309,42 manat əlavə gəlir vergisi hesablamışdır. Cavabdeh sözügedən qərarla mikro sahibkarlıq subyekti olan iddiaçının gəlirlərinə 75% güzəşt hüququnu tətbiq etməmiş, həmçinin iddiaçının gəlirlərinə münasibətdə onun xərclərini ümumiyyətlə nəzərə almamış və ona gəlir vergisi hesablamışdır. Bu zaman cavabdeh müvafiq dövrə aid elektron qaimə-fakturalar üzrə iddiaçının satışında olan malların, onun alışında və idxalında müəyyən edilmədiyinə, bu səbəbdən iddiaçının ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyicilərinin siyahısına daxil edildiyinə və bunun üzərindən onun gəlirlərinin və xərclərinin uçotunu aparmayan vergi ödəyicisi olduğuna istinad etmişdir.
27. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, riskli vergi ödəyicilərinin 75 faiz həcmində güzəştdən istifadə hüququnu itirmiş sayılması ilə bağlı qüvvədə olan vergi qanunvericiliyində norma mövcud deyildir. Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinin tələbinə görə, gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslər sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizindən azaddır. Bundan başqa, qeyd edilməlidir ki, iddiaçı ##.##.2023-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilməsinə baxmayaraq, mübahisələndirilən qərarla ona 2022-ci il üzrə gəlir vergisi hesablanarkən 75 faiz həcmində güzəştdən məhrum edilmişdir. Həmçinin, İnzibati Prosessual Məcəllənin 14.1-ci və Vergi Məcəlləsinin 53.3-cü maddələrinə əsasən, məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin həmin hüquqi mövqeyi ilə razılaşmış və birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır.
29. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı ##.##.2022-##.##.2022-ci il tarixlərdə aparılmış əməliyyatlara görə cavabdehin ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab olunaraq, riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir və iddiaçının həmin qərarı mübahisələndirdiyi iş üzrə materiallardan müəyyən edilmir. Cavabdeh də həmin qərara istinadən hazırda mübahisələndirilən qərarla həmçinin iddiaçının gəlirlərinə 75% güzəşt hüququnu tətbiq etmədən ona əlavə gəlir vergisi hesablamışdır.
30. İşə baxan aşağı instansiya məhkəmələri isə qeyd edilən halları, o cümlədən iddiaçının riskli vergi ödəyicisi hesab olunmasına dair qərarın qüvvədə olub-olmadığını, habelə həmin qərarın qanunauyğunluğunun hazırkı mübahisənin predmeti olmadığını nəzərə almadan, cavabdeh tərəfindən iddiaçının müvafiq dövr üzrə gəlirlərinə 75% güzəşt hüququnu tətbiq etmədən ona gəlir vergisi hesablamasını əsassız hesab etmişlər.
31. Halbuki, bu qərarın 15-ci bəndində istinad edilən normaya əsasən, yalnız Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərinin və xərclərinin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Həmin normanın mahiyyətinə görə, gəlirlərinin və xərclərinin uçotunu Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada aparmadığı müəyyən edilən mikro sahibkarlıq subyektinə həmin güzəşt şamil oluna bilməz.
32. Cavabdehin müvafiq dövr üzrə iddiaçının xərclərini təsdiq edən sənədlərinin olmadığına istinadən, həmçinin hazırda mübahisələndirilən qərarla xərclərini nəzərə almadan iddiaçıya gəlir vergisi hesablamasına münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Kassasiya instansiyası məhkəməsi tərəfindən analoji faktlara əsaslanan oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi və hüquqi mövqe ondan ibarətdir ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da, mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergi məbləğini hesablaya bilər.
34. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh, vergi məbləğini həm də malın dəyərini, yəni gəlirin əldə edilməsi ilə bağlı xərcləri nəzərə almadan birbaşa gəlir əsasında hesablamışdır. İstinad olunan norma baxımından belə hesablama qaydasının tətbiqi yolverilməz sayılmalıdır. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə (##.##.2024-cü il tarixədək olan vergi dövrləri üzrə) hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir.
35. Başqa sözlə, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur. Yəni, vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi və ya malın sənədini əldə etməməsi, cavabdeh tərəfindənqanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün yetərli əsas sayıla bilməz. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, “İnzibati icraat haqqında” Qanunun 16.1ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
36. Hazırkı iş üzrə Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etmək öhdəliyi daşıyan cavabdeh həmin öhdəliyini yerinə yetirməmişdir. Halbuki, həmin normada təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən, hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir.
37. Cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunan imkanlar baxımından iddiaçıya münasibətdə əlverişli halları nəzərə almamış və verginin düzgün hesablanmasını təmin etməmişdir. Əslində, cavabdeh müvafiq əlaqəli məlumatlar əsasında iddiaçının mövcud xərclərini və bunun üzərindən gəlirini müəyyən edə bilərdi. Həmçinin, analoji vergi ödəyicisinə aid məlumatların araşdırılması istiqamətində də cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Hətta son zərurət olaraq şərti rentabellik normasının tətbiqi istiqamətində də inzibati araşdırma aparılmamışdır. Odur ki, cavabdeh tərəfindən aparılmış hesablama əsassız sayılmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı).
38. Həmçinin nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olmuş 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Göründüyü kimi, həmin dövrdə qanunverici tərəfindən hətta əməliyyatın əmtəəsiz olduğu halda belə, çəkilən xərclərin gəlirdən çıxılması ilə bağlı tələb təsbit olunmuşdu. Bu baxımdan, cavabdeh iddiaçının apardığı əməliyyatlar üzrə müəyyən məbləği xərc olaraq nəzərə almadıqda, həmin dövrdə qüvvədə olmuş Vergi Məcəlləsinin 109.9-cu maddəsini tətbiq etməklə, həmin malların Vergi Məcəlləsinin 14-cü, 14-1-ci və 67-ci maddələrinə əsasən dəyərini müəyyən etməklə gəlirdən çıxmalı olduğu halda, bu normanın da tələbinə əməl etməmiş, ümumiyyətlə xərc nəzərə alınmadan həmin məbləği tam olaraq gəlirə aid etməklə əlavə mənfəət (gəlir) vergisi hesablamışdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları).
39. Hazırkı mübahisə ilə bağlı cavabdeh mübahisələndirilən qərarla iddiaçıya vergi hesablayarkən, istinad etdiyi iki haldan birində, yəni iddiaçının gəlirlərinə 75% güzəşt hüququnun tətbiq edilməməsində haqlı olduğu halda, digər halda, yəni onun gəlirlərinə münasibətdə xərcləri nəzərə almadan hesablama aparılmasında haqlı sayıla bilməz.
40. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən halları nəzərə almamış, həmin halların aydınlaşdırılması və aradan qaldırılması istiqamətində lazımi araşdırma aparmamış və nəticədə mübahisələndirilən qərarın bötüvlükdə ləğv edilməli olduğu qənaətinə gəlmişdir.
41. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
43. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı).
44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə ## ###### 2007-ci il tarixli qərarı).
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
46. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.