Məhkəmə qərarları › İş №2-1(102)-3107/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3107/2019

13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3107/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR (Açar söz: vəkillə təmin edilmə) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, 13.11.2019 Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2019-cu il tarixli 2-1(103)-1737/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13.11.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı cavabdehin sərbəst toplaşmaq hüququnu pozan hərəkətlərini aradan qaldırmağa məcburetmə və vurulmuş mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1667/2019 saylı, 13 may 2019cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1667/2019 saylı, 13 may 2019cu il tarixli qərardadından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2019-cu il tarixli 2-1(103)-1737/2019 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-1667/2019 saylı, 13 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2019-cu il tarixli 2-1(103)-1737/2019 nömrəli qərardadından kassasiya şikayətinin verilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin edilmə barədə ərizə vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2019-cu il tarixli 2-1(103)-1737/2019 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2019-cu il tarixli 2-1(103)-1737/2019 nömrəli qərardadından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının aylıq qazancı 250 manatdır və halhazırda kirayədə yaşayır. Kassator MPM-nin 9, 67.1, 67.2, 402, 403, 405, 406, 407, 418.3-cü maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2019-cu il tarixli 2-1(103)1737/201 9 nömrəli qərardadının ləğv edilməsini və dövlət büdcəsi hesabına vəkillə təmin edilmə barədə ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2019-cu il tarixli 2-1(103)-1737/2019 nömrəli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiy asının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İİ bəndində göstərilmişdir ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 61-ci maddəsinin İ bəndinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Həmin maddənin İİ bəndinə əsasən qanunla nəzərdə tutulmuş hallarda hüquq yardım ödənişsiz, dövlət hesabına göstərilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 67.2-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı qərardaddan kassasiya şikayəti vermək üçün vəkil xidməti ilə təmin olunması ilə bağlı hüquq məsələhətxanasın a müraciət edib-etməməsi, hüquqi xidmətə görə nə qədər pul tələb edilməsi barədə ərizəsinə sənəd əlavə etməmiş, nəticədə dövlət hesabına vəkillə təmin olunması tələbinin əsası kimi istinad etdiyi “maddi imkanının olmaması” halını sübut edə bilməmişdir. Belə ki, iddiaçı aylıq gəlirinin aşağı olmasını qeyd etsə də, bu barədə hər hansı sənədi kassasiya şikayətinə əlavə etməmiş və ya məhkəməyə təqdim etməmişdir. Belə olan halda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq yuxarıda sadalanan hüquq normalarının tələblərinə əsasən iddiaçının ərizəsini təmin etməmişdir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənləri nəzərə alan Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2019-cu il tarixli 2-1(103)-1737/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar