Məhkəmə qərarları › İş №2-1(102)-3129/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3129/2025

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3129/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı MMC-nin cavabdeh Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin qeyri-mümkünlüyü, prosessual müddətin ötürülməsi, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “subsidiya məbləğlərinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə cavabdehin ərizəsinə dair Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı MMC-yə ödənilməli olan 2020-2021-ci ilin əkin mövsümü üçün 45600 manat, 2021-2022-ci ilin əkin mövsümü üçün 162750 manat subsidiya məbləğlərinin ödənilməsi öhdəliyi cavabdeh Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmuşdur.

2. Sözügedən qərar qanuni qüvvəyə mindikdən sonra birinci instansiya məhkəməsi tərəfindən ##.##.2025-ci il tarixli məktubla icra edilməsi üçün cavabdehə göndərilmişdir.

3. ##.##.2025-ci il tarixdə cavabdeh ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək həmin inzibati iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsini xahiş etmişdir.

4. Şirvan İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdehin ərizəsi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Əkin subsidiyasının verilməsi” xidmətinə dair reqlamentdə fermerlər tərəfindən əkinlər üzrə məlumatların təqdim edilməsi X1 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan, aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni EKTİS-ə daxil edirlər. Belə olan halda cavabdeh inzibati orqana iddiaçı tərəfindən EKTİS vasitəsi ilə əkinlə bağlı sənədlər təqdim edilərkən qanunvericiliklə müəyyən edilmiş qaydada əkin sahəsinin sığortalanmaması halı məlum olmalı idi. Cavabdeh inzibati orqan bu halı bilmiş və ya bilməli olduğu halda bu barədə iddiaçıya təqdim etdiyi imtinada, məhkəmə prosesləri zamanı təqdim etdiyi iddia tələbinə dair etirazında və ya məhkəmə qərarlarından verdiyi apellyasiya, kassasiya şikayətlərinin dəlillərində bu halı bildirməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cu il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq X2 ##.##.2022-ci il tarixli qərarına əsasən 2023-cü ildə əkin subsidiyasının verilməsi üçün “Aqrar sığorta haqqında” Qanuna müvafiq sığortalanmalı olan bitkilərə buğda, arpa, qarğıdalı, çəltik, çay, limon və fındıq bitkiləri aid edilmişdir. Hazırkı mübahisə iddiaçıya 2020-2021-ci il və 2021-2022-ci ilin əkin mövsümü üçün subsidiya məbləğlərinin ödənilməsi ilə bağlı olmuşdur. 2023-cü ildən etibarən əkin sahəsinin sığortalanması məcburi olduğu təqdirdə ondan əvvəlki dövrdə yaranan mübahisəyə bu halın tətbiq edilməsi yeni açılmış hal hesab edilməsi üçün hüquqi əsas vermir. Cavabdeh tərəfindən iddiaçıya 2019-2020-ci illər üçün subsidiya ödənişi həyata keçirilərkən əkin sahəsinin sığorta olunmasını təsdiq edən şəhadətnamə tələb edilmədən subsidiya ödənişi həyata keçirilmişdir. İddiaçı 2020-2021-ci il və 2021-2022-ci ilin əkin mövsümü üçün əkin sahəsini bəyan edərkən onun sənədləri cavabdeh tərəfindən qəbul edilmiş, ondan əkin sahəsinin sığorta olunmasına dair şəhadətnamə tələb edilməmiş, sonradan cavabdeh tərəfindən həyata keçirilən monitorinq nəticəsində əkin sahəsinin həcmi ilə bağlı tərəflər arasında mübahisə yaranmış və iddiaçıya subsidiya ödənişinin həyata keçirilməsindən əkin sahəsinin həcmi ilə bağlı imtina olunmuşdur. Belə olan halda əkin sahəsinə dair sığorta şəhadətnaməsinin olmaması cavabdehə məlum olmuşdur. Subsidiya ödənişi üçün əkin sahəsinin sığorta olunması 2023-cü il tarixdən etibarən məcburi olduğu halda ondan əvvəl (2020-2021-ci il və 2021-2022-ci il) yaranmış mübahisələrə yeni açılmış hal kimi tətbiq edilə bilməz.

6. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş və cavabdehin ərizəsi mümkün sayılmamışdır.

7. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir. Cavabdeh yeni açılmış hallar üzrə icraatın təzələnməsi zərurətini (ərizəsində və apellyasiya şikayətində) 2 hal ilə əsaslandırmışdır: 1) Faktiki əkin sahəsinin bəyan edilmiş əkin sahəsindən az olması və 2) əkin subsidiyası verilməsi üçün iddiaçı tərəfindən sığorta müqaviləsinin bağlanmaması. Birinci hala münasibətdə kollegiya bildirir ki, qeyd edilən məsələ işə baxılarkən mübahisə predmeti olmuş, həmin hala məhkəmələr tərəfindən qiymət verilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçıya faktiki əkilmiş sahəyə görə subsidiyanın ödənilməsi qərara almışdır. Ərizəçi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qiymət verilmiş halı sonradan yeni açılmış hal kimi təqdim edir. İkinci hala münasibətdə isə kollegiya qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə istənilən vaxt deyil, sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilməli olması və həmin müddət keçdikdən sonra müddətin bərpasına yol verilməməsi də nəzərə alınmalıdır. Ərizəçinin göstərdiyi arqumentlər yeni sübut və ya hal kimi qəbul edilsə belə, 3 aylıq prosessual müddətin ötürülməsi səbəbi ilə ərizə mümkün sayılmamalıdır. Belə ki, Şirvan İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ##.##.2024-cü ildə qanuni qüvvəyə minmiş, ərizəçinin yeni açılmış hal kimi qeyd etdiyi məsələ ona qərar qanuni qüvvəyə minən vaxtda da məlum idi, lakin onun tərəfindən 3 aylıq prosessual müddət ötürülməklə ##.##.2025-ci il tarixdə yeni açılmış hal ilə bağlı icraatın təzələnməsinə dair ərizə ilə məhkəməyə müraciət edilmişdir.

8. Cavabdeh mahiyyətcə iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizəsinin təmin olunmasını xahiş etmişdir.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.2- 96.3, 9.98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, İnzibati Prosessual Məcəllənin 103-cü maddəsindən göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati Prosessual Məcəllənin tələbinə əsasən, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, həmin Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir (İPM-in 103.1, 103.2 və 103.3-cü maddələri). Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Ərizənin mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış ərizələr məhkəmələr tərəfindən yuxarıda istinad olunan normada nəzərdə tutulmuş əsaslar baxımından yoxlanılır. Mümkünlük şərtini ödəməyən ərizəyə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə yanaşma prosessual qənaət prinsipindən irəli gəlir. Qanunvericiliklə nəzərdə tutulmuş müddət yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlük şərti kimi qiymətləndirilməlidir. Yəni ərizənin qanunla müəyyən olunmuş müddətdə verilməsi onun mümkünlük şərtinə aiddir. Odur ki, hazırkı mübahisəyə münasibətdə ərizənin müddətə dair normalara əməl olunmaqla verilməsi şərti yerinə yetirilməmişdir. Bu baxımdan ərizə mümkün sayılmamalı və mümkünlük şərti olan müddətin buraxılması ərizəçinin məsuliyyət sferasına aid edilməlidir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli *-*(***)- ***/**** nömrəli, ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *- *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli 2-1(102)-2347/2023, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarları).

13. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.

14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərardadının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar