Məhkəmə qərarları › İş №2-1(102)-3132/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3132/2019

23.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3132/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar söz: müharibə veteranı adının və vəsiqəsinin verilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 07 avqust 2019-cu il tarixli, 2-1(107)-395/2019 saylı qər arından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 23 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ilin oktyabr ayının axırlarında İsmayıllı rayon Hərbi Komissarlığı tərəfindən ehtiyatda olan hərbi zabit kimi hərbi xidmətə çağırılmışdır. Noyabr ayının 11-dək İsmayıllı-Qəbələ batalyonunda xidmət etdikdən sonra gözünün müayinəsi üçün Bakı şəhər göz institutuna göndərilmiş, 30.11.1993-cü ildə Hərbi Komissarlıq tərəfindən N saylı hərbi hissəyə göndərilmişdir. Lakin hərbi ixtisası uyğun gəlmədiyindən geri qaytarılmış, 1993-cü ilin dekabr ayının 9-da yenidən hərbi xidmətə çağırılmış, bir ay Abşeron rayonunun “Pirəkəşkül” adlanan hərbi hissədə təlim keçdikdən sonra döyüş bölgəsində olan N saylı hərbi hissəyə zabit kimi hərbi xidmətə göndərilmişdir. N saylı hərbi hissədə 04.01.1994-cü ildə hərbi xidmətə başlamış və ilk gündən təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı Ağdam rayonu Mərzili kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 25.01.1994-cü ildə N saylı hərbi hissənin komandirinin 24.01.1994-cü il tarixli 1041 saylı məktubu ilə İsmayıllı rayon Hərbi Komissarlığına qaytarılmışdır. Həmin məktub İsmayıllı rayon Hərbi Komissarlığında ona ai d olan sənədlər qovluğunda saxlanılmaqla eyni zamanda hərbi biletində də qeyd edilmişdir. Onun 04.01.1994-cü ildən 25.01.1994-cü ilədək N saylı hərbi hissədə xidmətini və təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı Ağdam rayonu Mərzili kəndi uğrunda gedən döyüşlərdə iştirak etməyini onunla birlikdə xidmət etmiş və döyüşdə iştirak etmiş döyüş yoldaşları da təsdiq edə bilərlər. Müharibə iştirakçısı kimi ona müharibə veteranı adının verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya ərizə ilə müraciət etmiş, lakin həmin komissiya onun N saylı hərbi hissədə xidməti barədə Müdafiə Nazirliyinin arxivində məlumat aşkar olunmamasını əsas tutaraq tələbini təmin etməmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuzdur. Belə ki, onun döyüşən orduda xidməti hərbi biletində olan qeydlərdən, İsmayıllı rayon Hərbi Komissarlığında ona aid qovluqda toplanmış sənədlərdə öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsinin 29.04.2019-cu il tarixli iş № 2-1(84)-486/2019, (sədrlik edən hakim İ.Cabbarov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 29.04.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 07.08.2019-cu il tarixli iş № 2-1(107)-395/2019 (hakimlərG.Abbasov - sədrlik edən və məruzəçi, R.Rəfiyevvə M.Hüseynov) qərarı ilə birinci instansiya məhkəməsinin 29 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi, yeni qərarın çıxarılması və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiasının təmin edilməməsi, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə və döyüş əməliyyatlarında iştirak etməsi ona məxsus 08 iyun 1986-cı il tarixli ВШ seriyalı 117503 nömrəli hərbi biletdə qeyd edilmişdir. B elə ki, hərbi biletin 11-ci səhifəsində qeyd edilir ki, 04 yanvar 1994-cü il tarixindən 25 yanvar 1994-cü il tarixinədək N saylı hərbi hissənin tərkibində və N iyun 1994-cü il tarixdən 03 dekabr 1995-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərzi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, 12-ci səhifəsində isə qeyd edilir ki, 28 noyabr 1995-ci il tarixli 74 nömrəli əmr ilə ehtiyata buraxılmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. İddiaçıya məxsus 08 iyun 1986-cı il tarixli ВШ seriyalı 117503 nömrəli hərbi biletin 11-ci səhifəsində qeyd edilir ki, 04 yanvar 1994-cü il tarixindən 2 5 yanvar 1994-cü il tarixinədək N saylı hərbi hissənin tərkibində və N iyun 1994-cü il tarixdən 03 dekabr 1995-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, 12-ci səhifəsində isə qeyd edilir ki, 28 noyabr 1995-ci il tarixli 74 nömrəli əmr ilə ehtiyata buraxılmışdır. Göründüyü kimi, iddiaçının N nömrəli hərbi hissədə xidməti ilə bağlı hissəyə əsasən cavabdeh orqan və ya Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası qiymət verməmiş, ümumiyyətlə həmin hissəyə heç toxunmamışdır. Şəki Apelyasiya Məhkəməsinin məhkəmə aktı qəbul edərkən işin faktiki mövcud hallarını araşdırmamış, iş materialları üzrə toplanmış sənədləri yuxarı instansiya məhkəmələrinin mövqeyinə uyğun yoxlamayaraq əsassız qərar q əbul etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 avqust 2019-cu il tarixli 2-1(107)-395/2019 nömrəli qərarının ləğv edilməsi və yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərarın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıd a qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 07 avqust 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasas iya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin 07 avqust 2019-cu il tarixli, 2-1(107)-395/2019 saylı qərarla, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2-1(84)-486/2019 nömrəli qərarının ləğv edilməsi, inzibati iş üzrə yeni qərar çıxarılması və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasının təmin edilməməsi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinin t əmin edilməsi qənaətinə gələrkən belə hesab etmişdir ki, Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin edərək Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarmaqla səhv etmişdir. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə istər veteranlar haqqında Qanunda, istər Müharibə veteranı adının verilməsini tənzimləyən Əsasnamədə, istərsə də istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında təşəkkül tapmış hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışa və məzmuna a id edilə biləcək əməllərdə iştirak etmiş şəxs Müharibə veteranı hesab edilir ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünə təcavüz etmiş işğalçı Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirak etməsi sübut olunmur. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ondan ibarətdir ki, Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 01 may 2019-cu il tarixli 9/2-5635 nömrəli məktubuna əsasən N nömrəli hərbi hissənin 1993-cü ilin noyabr ayına aid əsgər və zabit heyətinin əlifba qeydiyyatı kitablarında, hərbi hissə komandirinin 1993-cü ilin noyabr–de kabr ayları və 1994-cü ilin yanvar ayı tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissənin 1994-cü ilə aid əsgər və zabit heyətinin əlifba qeydiyyatı kitablarında, hərbi hissə komandirinin 1994-cü ilin yanvar ayı tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. İddiaçı özü də xidməti haqqında N nömrəli hərbi hissənin nizami hissə üzrə əmrlərini və ya arxiv arayışlarını nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi isə qeyd edilənləri nəzərə almamışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi 07 avqust 2019-cu il tarixli, 2-1(107)-395/2019 saylı qərarla və həmin qərardan iddiaçı tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar ol araq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hər iki məhkəmənin də müəyyən etdiyi kimi cavabdeh tərəfindən iddiaçının məlum xahişinin rədd edilməsinin yeganə səbəbi “Arxiv arayışına əsasən N nömrəli hərbi hissədə hərbi xidmətiniz barədə məlumat olmadığından Sizə Müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir.” olmuşdur (baxın: iş səhifəsi 5). Halbuki apelyasiya instansiyası məhkəməsinin 07 avqust 2019-cu il tarixli qərarının əsaslandırıcı hissəsində yazılmışdır ki, “Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini öz qərarında belə əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə və döyüş əməliyyatlarında iştirak etməsi ona məxsus 08 iyun 1986-cı il tarixli ВШ seriyalı 117503 nömrəli hərbi biletdə qeyd edil mişdir. Belə ki, hərbi biletin 11-ci səhifəsində qeyd edilir ki, 04 yanvar 1994-cü il tarixindən 25 yanvar 1994-cü il tarixinədək N saylı hərbi hissənin tərkibində və N iyun 1994-cü il tarixindən 03 dekabr 1995-ci il tarixinədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, 12-ci səhifəsində isə qeyd edilir ki, 28 noyabr 1995-ci il tarixli 74 nömrəli əmr ilə ehtiyata buraxılmışdır. Göründüyü kimi, iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyini və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu təsdiq edən rəsmi məlumatlar mövcuddur. İşin məhkəmə araşdırmasından məlum olduğu kimi, iddiaçı hərbi xidmət əleyhinə cinayət törətməmiş, cinayət məsuliyyətinə cəlb olunmamışdır. O, qanuni əsaslarla ordudan tərxis edilmiş dir. Göründüyü kimi, iddiaçıya veteran adının verilməsi üçün hüquqi əsaslar vardır, bunu istisna edən hallar mövcud deyildir”. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçı məxsus 08 iyun 1986-cı il tarixli ВШ seriyalı 117503 nömrəli hərbi biletdə yuxarıda göstərilmiş müvafiq qeydlərin olduğu halda, cavabdehin arxiv arayışına əsasən N nömrəli hərbi hissədə iddiaçının hərbi xidməti barədə məlumatın olmaması ilə kifayətlənərək iddianın rədd edilməsi qənaətinə gəlməsi kimi inzibati mübahisəyə bu cür yanaşması formal, səthi və tam və hərtərəfli məhkəmə araşdırılmasının aparılmaması anlamına gəlir. Belə ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının inzibati mübahisələrə dair qəbul etdiyi çoxsaylı qərarlarında aşağı instansi ya məhkəmələrinin nəzərinə İnzibati Prosessual Məcəllənin İİ fəslində yer almış “İnzibati məhkəmə icraatının prinsipləri” və onların iş üzrə qanuni və əsaslı qərar qəbul edilməsi üçün çox böyük əhəmiyyət kəsb etdiyi dəfələrlə çatdırılmışdır. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsi ilə müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” xüsusi ilə önəmlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə müvafiq olaraq məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Digər tərəfdən həmin Məcəllənin 58.7-ci maddəsində deyilir ki, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən yuxarıda göstərilmiş prosessual-hüquq normalarını tətbiq etməmiş, iddiaçının hərbi biletindəki rəsmi qeydləri ümumiyyətlə araşdırmamış, onların hansı səbəbə görə diqqətə almadığını yazmamış, nəticə etibarı ilə də sözügedən məlumatlara hüquqi qiymət verməmiş, yəni arxivdə məlumatın olmaması, apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə hərbi biletdəki rəsmi qeydlərin mötəbərliliyini nədən şübhə altına alı nması barədə apelyasiya instansiyası məhkəməsi heç bir hüquqi mövqe ortaya qoymamışdır. X1 Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin 07 avqust 2019-cu il tarixli qərarı qanuna uyğun və əsaslı olmadığından ləğv edilməli, kasasiya şikayəti təmin edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə apelyasiya instansiyası məhkəməsində təkrar baxıldığı zaman prosessual və maddi hüquq normaları düzgün tətbiq edilməklə, iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 avqust 2019-cu il tarixli, 21(107)-395/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar