Məhkəmə qərarları › İş №2-1(102)-314/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-314/2024

02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-314/2024 02.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və qeyriləri cavabdeh Qəbələ Bələdiyyəsinə (üçüncü şəxs Abdurahmanova Xalidə Həsən qızı) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Qəbələ Bələdiyyəsinə (üçüncü şəxs Abdurahmanova Xalidə Həsən qızı) qarşı “Qəbələ bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 18 nömrəli protokolunun (qərarının) ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 21(107)-465/2023 nömrəli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2021-ci il tarixli, 18 nömrəli protokol qərarı ilə bələdiyyənin alqısatqı predmeti olan, ünvan 1 ünvanında yerləşən və yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidən 0.042 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə 5 ildən artıq ünvan 2 ünvanında yaşayan Abdurahmanova Xalidə Həsən qızına satılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Ş əki İnzibati Məhkəməsinə müraciət edərək, Qəbələ bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 18 nömrəli protokolunun (qərarının) ləğv olunmasını xahiş etmişdir.

3. İddiaçılar buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəni onunla əsaslandırmışlar ki, 2022-ci ilin əvvəlində cavabdehlər Qəbələ bələdiyyəsinə, Abdurahmanova Xalidə Həsən qızına, Qəbələ Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Qəbələ rayon Məhkəməsinə müraciət edərək, alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş və Qəbələ rayon Məhkəməsinin 2(025)-362/2022 nömrəli, 15 apr el 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnaməndən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-815/2022 nömrəli, 05 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməklə, Qəbələ regional “Asan xidmət” mərkəzindəki notariat ofisində Qəbələ bələdiyyəsi ilə Abdurahmanova Xalidə Həsən qızı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı və ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi, onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixində Abdurahmanova Xalidə Həsən qızının adına verilmiş ********** qeydiyyat nömrəli çıxarış və torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab olunması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən cavabdeh Abdurahmanova Xalidə Həsən qızı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-359/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qərar qəbul edilərək iddia rədd edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının qərarının 59-cu bəndində göstərilmişdir ki, hazırda iddianın rədd edilməsi, torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində Qəbələ Bələdiyyəsinin adına olan qeyd və bələdiyyənin protokol qərarı mübahisələndirildiyi və həmin iddia uğurlu olduğu halda, iddiaçıların yeni əsasla alqı -satqı müqaviləsinin etibarsızlığına dair iddia qaldırmaq hüququnu məhdudlaşdırmır. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsi qərarında Qəbələ Bələdiyyəsinin adına olan qeyd və bələdiyyənin protokolunu bələdiyyə qərarı kimi qəbul etmiş və mübahisələndirilə biləcəyini qeyd etmişdir. Ali Məhkəmənin qərarı qəbul edilənə kimi bələdiyyənin qərarı deyil, protokolu olmuş və qanunvericilikdə də protokoldan şikayət nəzərdə tutulmamışdır. Ona görə də, Qəbələ Bələdiyyəsinə rəsmi qaydada müraciət edilərək, mübahisə predmeti olan protokol qərarı tələb olunmuş və həmin sənəd xx.xx.2023-cü il tarixdə rəsmi qaydada qəbul edildikdən sonra qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir.

4. Şəki İnzibati Məhkəməsinin (hakim: F.S.İsmayılzadə) 24 iyun 2023-cü il tarixli, 21 (116)-2003/2023 nömrəli qərardadı ilə Abdurahmanova Xalidə Həsən qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

5. Şəki İnzibati Məhkəməsinin (hakim: F.S.İsmayılzadə) 24 iyun 2023-cü il tarixli, 21(116)-2003/2023 nömrəli qərardadı ilə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş və iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar mübahisələndirdikləri xx.xx.2021-ci il tarixli iclas qərarından daha əvvəl, yəni artıq 2022-ci ildə ilkin mülki məhkəmə icraatları çərçivəsində məlumatlı olduqları halda, qanunla müəyyən edilmiş 30 günlük müddəti keçirməklə xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi vermişlər. İddiaçılar bələdiyyə iclasının qərarından daha əvvəl məlumatlı o lmalarını iddia ərizəsində və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizədə də bildirmiş, lakin bunu iclas protokolunun mübahisələndirilməsinin mümkün olmaması ilə əsaslandırmağa çalışmışlar. Odur ki, iddia ərizəsinə və iddiaçıların iddia müddətinin bərpası barədə ərizəsində qeyd olunanlara əsasən məhkəmə müəyyən edir ki, tərəflər arasında olmuş mülki mübahisə çərçivəsində işə baxılan zaman iddiaçılar artıq mübahisələndirilən qərardan məlumatlı idilər.

7. İddiaçıların Qəbələ Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli iclasının protokolunu mübahisələndirmək imkanı olmasa da, həmin iclasda bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul olunmuş və iddiaçıların onların hüquqlarını və qanuni maraqlarını pozduğunu iddia etdikləri müvafiq bələdiyyə qərarını mübahisələndirmək imkanı e lə 2021ci ildən mövcud olmuş, lakin bələdiyyə qərarı qanunvericiliyin tələblərinə müvafiq qaydada mübahisələndirilməmiş, iki ilə yaxın müddət keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət olunmuşdur. Göstərilənlərə əsasən, məhkəmə iddiaçıların buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsində qeyd etdiklərini əsaslı saymamış və hesab etmişdir ki, hazırkı iddia qanunverilicikdə nəzərdə tutulmuş prosessual müddətin buraxılmasına görə mümkün sayılmamalıdır.

8. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.H.Şükürov /sədrlik edən və mər uzəçi/, R.R.Rəfiyev, X.H.Səmədov) 01 avqust 2023-cü il tarixli, 21(107)-465/2023 nömrəli qərardadı ilə İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməmişdir.

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.H.Şükürov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev, X.H.Səmədov) 08 avqust 2023-cü il tarixli, 21(107)-465/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 24 iyun 2023-ci il tarixli, 2-1(116)-2003/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 həmin qərardaddan kassasiya şikayəti ve rərək qərardadın ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

13. İddiaçıların kassasiya şikayətinin dəlilləri prosessual müddətin bərpa edilməsi barədə ərizənin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Üçüncü şəxs kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və iş də olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hə rəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Mə cəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kas sasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarında göstərildiyi kimi, məhkəmələr ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləş dirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

22. Hazırki mübahisə üzrə iddiaçılar bələdiyyənin xx.xx.2021-ci il tarixli qərarının mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin ötürməsini onunla əsaslandırmışlar ki, 2022-ci ildə ilkin mülki məhkəmə icraatları çərçivəsində həmin sənəddən məlumatlı olsalar da, Ali Məhkəmənin qərarı qəbul edilənə kimi həmin sənədi bələdiyyənin qərarı deyil, protokol kimi qəbul etmiş və qanunvericilikdə protokoldan şikayət nəzərdə tutulmadığından onu mübahisələndirə bilməmişlər.

23. İddiaçıların dəlillərini əsassız sayan məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən inzibati akt bələdiyyə tərəfindən qəbul edilmiş protokol qərarı olmaqla həmin sənədin mübahisələndirilməsi, başqa sözlə, iddiaçıların həmin sənədin ləğv edilməsi üçün məhkəməyə müraciət etmək hüquqları mövcud olmu şdur. Buna baxmayaraq, iddiaçılar sözügedən inzibati aktın mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət keçdikdən sonra məhkəməyə müraciət etmişlər ki, bu hal da iddia mümkün sayıla bilməz.

24. Belə ki, iddiaçıların qanunvericiliyin tələblərini bilməmək səbəbindən bələdiyyənin protokol qərarını mübahisələndirməməsi onları məsuliyyətdən azad edə və prosessual müddətin bərpa edilməsi üçün üzürlü səbəb sayıla bilməz.

25. Eyni zamanda, məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçılar ərizələrində Qəbələ Bələdiyyəsinə rəsmi qaydada müraciət edilərək, mübahisə predmeti olan protokol qərarını tələb etdiklərini və həmin sənəd xx.xx.2023-cü il tarixdə rəsmi qaydada qəbul edildikdən sonra qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiklərini bildirmiş lər. Lakin hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsinə çatdırılması üçün xx.xx.2023-cü il tarixdə poçt rabitə orqanına təqdim edilmişdir.

26. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 15-16-cı bəndlərində istinad olunan qanunvericilik normaları baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır.

27. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 av qust 2023-cü il tarixli, 2-1(107)-465/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar