Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3167/2025 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ixtisas dərəcəsinə görə əlavə haqqın ödənilməsinin müəyyən edilməməsi, məhkəmə hakiminin əmək pensiyasının yenidən hesablanmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən həsablanması və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. ##.##.1965-ci il təvəllüdlü iddiaçıya ##.##.1993-cü il tarixdən ##.##.2000-ci il tarixədək Qazax Qarnizonu Hərbi Tribunalının sədri vəzifəsində işləmiş hərbi qulluqçu kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumat vərəqinə əsasən ##.##.2000-ci il tarixdən əmək pensiyası təyin edilmişdir.
2. “Azərbaycan Respublikası Bakı şəhər məhkəməsinin, rayon (şəhər) xalq məhkəmələrinin və hərbi tribunalların hakimlərinə ixtisas dərəcələri verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.1994-cü il tarixli, *** nömrəli qərarı ilə iddiaçıya beşinci ixtisas dərəcəsi verilmişdir.
3. İddiaçı ##.##.2024-cü il tarixdə cavabdehə müraciət edərək, 2000-ci ilin oktyabr ayından bugünədək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əməkhaqqının bir misli həddində əlavə haqq nəzərə alınaraq indeksasiya edilməklə əmək pensiyasının yenidən hesablanmasını və hesablanmış məbləğin birdəfəlik olaraq ona ödənilməsini, eləcə də ixtisas dərəcəsi ilə bağlı sonrakı aylar üzrə ödənişlərin pensiyasına əlavə edilib ödənilməsini xahiş etmişdir.
4. Cavabdeh ##.##.2024-cü il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildirmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2000-ci ilin oktyabr ayından bugünədək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əməkhaqqının bir misli həddində əlavə haqq nəzərə alınaraq, indeksasiya edilməklə əmək pensiyasının yenidən hesablanması və hesablanmış məbləğin birdəfəlik olaraq ona ödənilməsi, eləcə də ixtisas dərəcəsi ilə bağlı sonrakı aylar üzrə ödənişlərin pensiyasına əlavə edilib ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Qazax Hərbi Məhkəməsinin (Qazax Qarnizonu Hərbi Tribunalının) sədri kimi bu vəzifədə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 2000-ci ilin sentyabr ayında R rütbəsində hərbi xidmətdən tərxis olunmaqla işdən azad edilmişdir. Müharibə veteranıdır. Hərbi məhkəmə sədri olaraq ona hərbi qulluqçu kimi ##.##.2000-ci il tarixdən pensiya təyin olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin ##.##.1994-cü il tarixli, *** nömrəli qərarı ilə hərbi məhkəmə sədri olaraq ona beşinci ixtisas dərəcəsi verilmişdir. “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının ##.##.1992-ci il tarixli, *** nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamənin 7-ci bəndində qeyd edilir ki, ixtisas dərəcələri hakimlərə ömürlük verilir. Həmin Əsasnamənin 8-ci bəndində isə qeyd edilir ki, ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilir. “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.1992-ci il tarixli, *** nömrəli qərarının 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə minimum əmək haqqının bir misli məbləğində əlavə haqq verilir. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, hakim seçildiyi müddət qurtardıqdan sonra başqa işə keçən və pensiyaya çıxan Azərbaycan Respublikası məhkəmələri hakimlərinin əlavə haqq almaq hüququ saxlanılır. O, Qazax Hərbi Məhkəməsinin (keçmiş Qazax Qarnizonu Hərbi Tribunalının) sədri kimi xidmət etdiyi 1993-2000-ci illərin bir hissəsini Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində, qalan hissəsini isə Ali Məhkəmənin Hərbi Kollegiyasında təminatda olmuş və təminat xərcliyini də əvvəlcə *** nömrəli həmin hərbi hissədən, sonra isə Ali Məhkəmənin Hərbi Kollegiyasından almışdır. Ona 2000-ci ildə pensiya təyin ediləndə ixtisas dərəcəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məbləğ (minimum əmək haqqının bir misli) pensiyasına əlavə edilməmişdir. Əmək pensiyasının yenidən hesablanmasına əsas verən hal mövcud olduğuna görə pensiyanın yenidən hesablanması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh onun pensiyasınının yuxarıda qeyd edilən əsasa görə yenidən hesablanmasından imtina etmişdir. Baxmayaraq ki, mahiyyətcə eyni faktiki və hüquqi hallara söykənən oxşar işlər üzrə vahid məhkəmə təcrübəsi mövcuddur. Bu cür analoji mübahisələr üzrə, yəni qeyd edilən məbləğin hazırda pensiya alan sabiq hakimlərin pensiyalarına əlavə edilməsi barədə qanuni qüvvəsini almış və cavabdeh tərəfindən icra edilmiş məhkəmə qərarları mövcuddur.
7. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, ən son Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Fondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə ünvanlanmış ##.##.2018-ci il tarixli, **/**** nömrəli məktubuna əsasən Müdafiə Nazirliyinin xətti ilə pensiya alan iddiaçının pensiyasının məbləği ##.##.2000-ci il tarixdən ##.##.2007-ci il tarixədək olan dövrlərdə aşağıdaki kimi olmuşdur: ##.##.2000-ci il tarixdən ##.##.2001-ci il tarixədək: Vəzifə maaşı – 47 manat, rütbə maaşı – 8 manat, xidmət illərinə görə faiz əlavəsi (15%) – 8,25 manat, ərzaq əvəzinə pul kompensasiyası – 24,75 manat, cəmi: 87,99 manat *71%=62,47 manat. ##.##.2001-ci il tarixdən ##.##.2003-cü il tarixədək: vəzifə maaşı – 70 manat, rütbə maaşı – 12 manat, xidmət illərinə görə faiz əlavəsi (15%) – 12,30 manat, ərzaq əvəzinə pul kompensasiyası – 24,75 manat, cəmi: 119,04 manat *71%=84,52 manat. ##.##.2007-ci il tarixdən: vəzifə maaşı – 1071 manat, rütbə maaşı – 64 manat, xidmət illərinə görə faiz əlavəsi (15%) – 170,25 manat, ərzaq əvəzinə pul kompensasiyası – 24,75 manat, cəmi: 1330 manat *83%=1103,90 manat. Göründüyü kimi, məlumat vərəqində iddiaçının tələb etdiyi “ixtisas dərəcəsi ilə bağlı minimum əməkhaqqının bir misli həddində məbləğ” öz əksini tapmamışdır. Qanunvericiliyin tələbinə əsasən, əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılınası ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqan tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Mərkəzi Filiala təqdim edilərək baxılır. Sözügedən məbləğ Müdafiə Nazirliyi tərəfindən təqdim olunan məlumat vərəqində öz əksini tapmadığı üçün, iddiaçının pensiyasının tələb etdiyi məbləğ nəzərə alınaraq yenidən hesablanması mümkün olmamışdır. Eyni zamanda, iddiaçının təqdim etdiyi digər şəxsə aid məhkəmə qərarı əsas götürülməklə əmək pensiyasının yenidən hesablanması qaydası və proseduru qanunvericilikdə nəzərdə tutulmamışdır.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: Səlma Salahova) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya ##.##.2000-ci il tarixdən təyin edilmiş əmək pensiyasının beşinci ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının bir misli həcmində əlavə haqq nəzərə alınmaqla indeksasiya edilərək yenidən hesablanması və yaranmış fərq məbləğinin ##.##.2021-ci il tarixdən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ##.##.1992-ci il tarixdə qəbul edilmiş, ##.##.2007-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı baxımından ixtisas dərəcəli hakimlərə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində əlavə haqqın verilməsi birbaşa qanundan irəli gəlir və həmin tənzimləmə imperativ xarakter daşıyır. Yəni hakimlərə həmin əlavə haqqın ödənilməsi qanunun mütləq tələbidir. Bu mənada ixtisas dərəcəli hakimə əlavə haqqın verilməsi ilə bağlı hakimlərin maddi təminatını həyata keçirən inzibati orqan hər hansı mülahizə haqqına malik deyil. Cavabdehin məlumat vərəqi ilə bağlı dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, ümumi qaydaya görə, təminat xərcliyi əsasında təyin edilmiş əmək pensiyaçılarının pensiyalarının sonradan yenidən hesablanması yeni məlumat vərəqinin tərtib edilib verilməsi qaydasında həyata keçirilməlidir. Lakin hazırkı işin xüsusi halları bu ümumi qaydadan istisnaya yol verir. Belə ki, iddiaçı ixtisas dərəcəsinə görə əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb edir. İddiaçıya əmək pensiyası təminat xərcliyi əsasında təyin edilsə də, onun hazırda yenidən hesablama aparılmasını tələb etdiyi ödəniş ona təminat xərcliyini təyin edən orqan tərəfindən verilmiş ödəniş deyildir. Həmin ödəniş ona Müdafiə Nazirliyi tərəfindən deyil, Ali Məhkəmə tərəfindən verilmişdir. Yeni məlumat vərəqinin tərtib edilməsi qaydasına riayət edilməsi o halda tələb oluna bilər ki, məlumat vərəqinə daxil edilməli olan ödəniş məhz məlumat vərəqəni tərtib edən orqan tərəfindən verilmiş ödəniş olsun. İxtisas dərəcəsinə görə hər ay alınmış əlavə haqdan sosial sığorta haqqının ödənilməməsi halı da iddiaçının tələbini təmin etməyə mane olmur. Belə ki, iddiaçı həmin əlavələri 1994-2000-ci illərdə almışdır və həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin tələblərinə görə həmin vəsaitlərdən sosial sığorta haqqının tutulması nəzərdə tutulmurdu. Ödənişin hansı tarixdən hesablanmasına münasibətdə isə bildirilir ki, iddiaçı 2000-ci ilin oktyabr ayından hazırkı vaxtadək olan dövr üzrə məbləğin hesablanmasını və hesablanmış məbləğin birdəfəlik olaraq ödənilməsini xahiş edir. Lakin “Əmək pensiyaları haqqında” Qanuna ##.##.2017-ci il və ##.##.2018-ci il tarixlərdə edilmiş dəyişikliklərə əsasən, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği şəxsə ödənilir, lakin bu məbləğ birdəfəlik deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilir. İddiaçının hazırkı tələblə qanunvericiliyə edilmiş müvafiq dəyişikliklər qüvvəyə mindikdən sonra, ##.##.2024-cü il tarixdə cavabdehə müraciət etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, yenidən hesablanmış pensiya məbləği müraciət tarixindən əvvəlki üç ildən, yəni ##.##.2021-ci ildən və “birdəfəlik” deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Rəşid Səmədov və Orxan İsmayılov) ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir.
kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. əmək pensiyası — bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Maddə 1.0.15. əmək pensiyasının müəyyən edilməsi — əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Azərbaycan Respublikasının Strateji X1 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (* nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2020-ci il tarixli qərarı
3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılaraq ləğv edilməli, iddia rədd olunmalıdır.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
24. Hazırkı mübahisəyə dair iş üzrə kassasiya icraatının predmeti baxımından iddiaçının hüquqi marağı və məqsədi ona ##.##.2000-ci il tarixdən təyin edilmiş əmək pensiyasının, beşinci ixtisas dərəcəsi üçün müəyyən olunmuş minimum əmək haqqının bir misli məbləğində əlavə haqq nəzərə alınmaqla və indeksasiya edilməklə yenidən hesablanmasına və yaranmış fərq məbləğinin ##.##.2021-ci il tarixdən ona ödənilməsinə nail olmaqdan ibarətdir.
25. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya ##.##.1993-cü il tarixdən ##.##.2000-ci il tarixədək Qazax Qarnizonu Hərbi Tribunalının sədri vəzifəsində xidmət etmiş hərbi qulluqçu kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumat vərəqinə əsasən ##.##.2000-ci il tarixdən əmək pensiyası təyin olunmuşdur.
26. İddiaçı “Azərbaycan Respublikası Bakı şəhər məhkəməsinin, rayon (şəhər) xalq məhkəmələrinin və hərbi tribunalların hakimlərinə ixtisas dərəcələri verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.1994-cü il tarixli, *** nömrəli qərarı ilə ona beşinci ixtisas dərəcəsi verildiyinə və bununla əlaqədar olaraq ona minimum əmək haqqının bir misli məbləğində əlavə haqq ödənildiyinə istinadən hazırkı tələblə cavabdehə müraciət etmişdir.
27. İddiaçının müraciətinin təmin olunmasından imtina edən cavabdeh, imtinasının əsası kimi iddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş məlumat vərəqində ona ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının bir misli həcmində əlavə haqqın ödənilməsi barədə məlumatın əks olunmadığını bildirmişdir.
28. İş üzrə materiallara əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ##.##.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2017-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin müvafiq bəndinin müddəalarına əsasən “beşinci ixtisas dərcəsi”nə görə hər hansı bir ödəniş nəzərdə tutulmamışdır. Eyni zamanda, sonuncu təminat xərcliyinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən ödənilməsi, habelə tutduğu sonuncu vəzifənin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ştat strukturunda mövcud olmaması nəzərə alınaraq, iddiaçıya tutduğu sonuncu vəzifə üzrə aldığı təminat xərcliyini (pul təminatı) və xidmət müddətlərini əks etdirən yeni məlumat vərəqinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına göndərilməsi mümkün olmamışdır.
29. İşə baxan aşağı instansiya məhkəmələri iddianı təmin edərkən ona əsaslanmışlar ki, iddiaçının Azərbaycan Respublikası Milli Məclisinin ##.##.1994-cü il tarixli, *** nömrəli qərarı ilə ona verilmiş beşinci ixtisas dərəcəsinə görə müəyyən edilmiş əlavə haqqı almaq hüququ mövcud olmuşdur və həmin əlavə haqqın ödənilməsi qanunun imperativ tələbi kimi nəzərdə tutulmuşdur.Cavabdeh tərəfindən iddiaçının tələb etdiyi ixtisas dərəcəsinə görə əlavə haqqın nəzərə alınaraq pensiyanın yenidən hesablanması üçün yenilənmiş məlumat vərəqəsinin verilməsinin tələb edilməsi əsassızdır. Belə ki, iddiaçıya əmək pensiyası təminat xərcliyi əsasında təyin edilsə də, onun hazırda yenidən hesablama aparılmasını tələb etdiyi ödəniş ona təminat xərcliyini təyin edən orqan tərəfindən verilmiş ödəniş deyildir. Həmin ödəniş ona Müdafiə Nazirliyi tərəfindən deyil, Ali Məhkəmə tərəfindən verilmişdir. Yeni məlumat vərəqinin tərtib edilməsi qaydasına riayət edilməsi o halda tələb oluna bilər ki, məlumat vərəqinə daxil edilməli olan ödəniş məhz məlumat vərəqəni tərtib edən orqan tərəfindən verilmiş ödəniş olsun. İxtisas dərəcəsinə görə hər ay alınmış əlavə haqdan sosial sığorta haqqının ödənilməməsi halı da iddiaçının tələbini təmin etməyə mane olmur. Belə ki, iddiaçı həmin əlavələri 1994-2000-ci illərdə almışdır və həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin tələblərinə görə həmin vəsaitlərdən sosial sığorta haqqının tutulması nəzərdə tutulmurdu.
30. Məhkəmə kollegiyası həmin hüquqi mövqe ilə bağlı qeyd edir ki, iddiaçıya hərbi qulluqçu kimi pensiya təyin edildiyindən, qanunvericiliyə görə hərbi qulluqçuların əmək pensiyası xidmətdən buraxılmazdan əvvəl aldığı təminat xərcliyinin bütün növləri nəzərə alınmaqla təminat xərcliyindən hesablandığından və onun hərbi qulluqçu kimi xidmətdən buraxılmazdan əvvəl beşinci ixtisas dərəcəli hakim kimi Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində əlavə haqq alması sübuta yetirilmədiyindən, həmin əlavə haqq pensiya təyini zamanı hesablana bilməz.
31. İddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 4-cü maddəsinə görə, hərbi qulluqçulara pensiyalar təyin edilib hesablanarkən, əmək haqqı ilə bərabər hərbi qulluqçunun xidmətdən buraxılmazdan əvvəl aldığı təminat xərcliyinin bütün növləri nəzərə alınır.
32. Həmin Qanunun 40-ci maddəsinə görə, hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanır. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı (yeni vəzifə maaşını təşkil edən bütün artım; növləri və əlavələr daxil olmaqla) ... nəzərə alınır.
33. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.
34. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2020-ci il tarixli qərarına əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.
35. Həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0, 2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
36. İddiaçıya hərbi qulluqçu kimi pensiya təyin edildiyindən, qanunvericiliyə görə hərbi qulluqçuların əmək pensiyası xidmətdən buraxılmazdan əvvəl aldıqları təminat xərcliyinin bütün növləri nəzərə alınmaqla təminat xərcliyindən hesablandığından, məhkəmə araşdırması zamanı iddiaçının hərbi qulluqçu kimi xidmətdən buraxılmazdan əvvəl beşinci ixtisas dərəcəli hakim kimi Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində əlavə haqq almasına dair sübut əldə etmək mümkün olmadığından, həmin haqqın pensiya təyini zamanı hesablanmalı olması barədə iddiaçının tələbi əsaslı sayıla bilməz.
37. Apellyasiya instansiya məhkəməsi isə qeyd edilən xüsusatları nəzərə almamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
38. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının müraciətinin təmin olunmasından imtina etməkdə cavabdeh haqlı sayılmalıdır.
39. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia rədd edilir. Qərar qətidir.