Məhkəmə qərarları › İş №2-1(102)-3176/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3176/2025

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3176/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Müstəqil “Sabit” Kooperativinin cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, subyektiv hüququn olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Müstəqil “Sabit” Kooperativinin cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər üçüncü şəxs2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi) “torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. X1 Filialının ##.##.2022-ci il tarixli, ****(***)/* nömrəli arxiv arayışından görünür ki, Kirovabad şəhər X3 İcraiyyə Komitəsinin ## #### 1988-ci il tarixli, * nömrəli qərarına əsasən “Stroitel” kooperativinə 0,3 ha torpaq sahəsi ayrılmışdır.

2. Gəncə Şəhər İcra Hakimiyyətinin ## #### 1993-cü il tarixli, *** nömrəli sərəncamına əsasən “Stroitel” kooperativinin ## #### 1993- cü il tarixli 8 A №-li və * №li Tikinti-quraşdırma idarəsinin ## #### 1993-cü il tarixli ** №-li məktublarını nəzərə alınaraq “Stroitel” kooperativinin * №-li tikinti-quraşdırma idarəsinin nəzdindən çıxarılıb müstəqil fəaliyyət göstərməsinə və “Stroitel” kooperativinin adının dəyişdirilib “Sabit” kooperativi olmasına icazə verilmişdir.

3. Müstəqil “Sabit” kooperativinin üzvləri İddiaçı, X4 və X2 fəaliyyətinin təşkili üzrə ## #### 1994-cü il tarixli, * nömrəli Təsis müqaviləsini bağlamışlar və kooperativin üzvlərinin ## #### 1994-cü il tarixli * nömrəli protokolu ilə Müstəqil “Sabit” kooperativinin Nizamnaməsi qəbul edilmişdir. Daha sonra “Sabit” kooperativi Ədliyyə Nazirliyi tərəfindən ##.##.1994-cü il tarixdə 246 nömrə ilə qeydə alınmışdır.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli, *-**-*-**/*-***/**** nömrəli məktubundan görünür ki, torpaq sahəsinin ayrılmasna dair tam hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilmədiyi, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsləri istifadəsində olan fərdi yaşayış evlərinin inşa edildiyi və torpaq sahəsinin bir hissəsinin dövlət mülkiyyətinə aid ümumi istifadədə olan yola düşdüyü aşkar edilmişdir. Həmçinin faktiki torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Qeyd edilənləri əsas gətirən cavabdeh orqan iddiaçının müraciətinə imtina etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Müstəqil “Sabit” Kooperativi cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0,30 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Gəncə İnzibati Məhkəməsinin 2024-cü il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə üçüncü şəxs2, ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir.

İddiaçının əsaslandırması:

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## ##### 2014-cü il tarixində Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı Məharət Mustafayev, Gəncə şəhərinin baş memarı Əli Rüstəmli və torpaq alverçisi Müşfiqlə birlikdə Gəncə şəhəri Kəpəz rayonu ərazisində yerləşən Müstəqil “Sabit” kooperativinin ərazisinə girərək sexləri, anbarı, tikintiləri və avadanlıqları dağıdıb, onlara hədə-qorxu gələrək Müstəqil “Sabit” kooperativinin kollektiv mülkiyyətini zorla ələ keçirmişdirlər. İddia ərizəsində qeyd edilmişdir ki, Müstəqil “Sabit” kooperativinin 0,30 hektar sahəsində 26 il ərzində 200 ədəd xurma ağaclarından hər il 10 tona yaxın məhsul toplanmış və 9 ildir ki, həmin məhsuldan məhrumdurlar. Müstəqil “Sabit” kooperativinə məxsus 0,30 ha torpaq sahəsindən boş qalmış, tikilməmiş 0,12 ha torpaq sahəsində ## ###### 2019-cu il tarixdən başlayaraq başqa şəxslər tərəfindən fərdi yaşayış evlərinin tikintisinə başlanmışdır. Gəncə şəhər Kəpəz rayonu ərazisində yerləşən Müstəqil “Sabit” kooperativinin kollektivi tərəfindən 0,30 ha torpaq sahəsinin qeydiyyatdan keçirilməsi üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə baxılması üçün göndərilmiş məktub ##.##.2014-cü il tarixində Əmlak Məsələləri Dövlət Komitəsində baxılmışdır. Bununla əlaqədar olaraq, məsələnin yerində araşdırılması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin * saylı Gəncə Ərazi şöbəsinə ##.##.2014-cü il tarixli, 14********** №-li məktub göndərilmişdir. Komitə tərəfindən yollanmış məktuba 4 il ərzində baxılmamışdır. İddiaçı qeyd edir ki, ərizəyə vaxtında baxılsaydı, İcra Hakimiyyətinin başçısı, üzərində 200 ədəd ağac olan 0,30 ha torpaq sahəsini sərəncamla başqa şəxslərə sata bilməzdi. İddiaçı tərəfindən ##.##.2022ci il tarixində * saylı Gəncə Ərazi idarəsinin rəhbərliyinə müraciət edilsə də, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

Cavabdehin etirazı:

8. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinin ayrılmasına dair tam hüquqmüəyyəedici sənədlərin ərizəyə əlavə edilmədiyi, belə ki, Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin üzərində başqa şəxslərin istifadəsində olan fərdi yaşayış evlərinin inşa edildiyi və torpaq sahəsinin bir hissəsinin dövlət mülkiyyətinə aid ümumi istifadədə olan yola düşdüyü aşkar edilmişdir. Həmçinin faktiki torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”a (EQQ-1985 bənd 2.5.115) riayət edilməmişdir. Bu qaydalara əsasən 6 KV-luq elektrik xəttindən ara məsafəsi 10 metr və 110 KV-luq elektrik xəttindən isə 20 metr ara məsafəsi olmalıdır. Qeyd olunan normanın tələbi baxımından torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda ve dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s. əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi sənədlər əsasında Gəncə şəhərində yerləşən istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. İddiaçı tərəfindən təqdim etdiyi torpaq sahəsinin sərhədlərini və coğrafi mövqeyini müəyyən edə bilmək üçün zəruri sənədlər (torpaq sahəsinin cizgisi, təhvil-təslim aktı və s.) olmadığından iddiaçıya ayrılmış torpaq sahəsinin müəyyən etmək mümkün deyildir.

birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Gəncə İnzibati Məhkəməsinin (hakim: E.T.Axundov) 2025-ci il ## #### tarixli, *- *(***)-***/**** saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələb etdiyi torpaq sahəsinin bir hissəsinin dövlət mülkiyyətinə aid ümumi istifadədə olan yola düşdüyü aşkar edilmiş, həmçinin torpaq sahəsinin faktiki olaraq ayrı-ayrı şəxslərin istifadəsində olduğu, üzərində isə inşa edilmiş fərdi yaşayış evlərinin mövcud olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamış və həmin halları təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir.

12. Qərardaddan narazı qalan iddiaçının nümayəndəsi İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2-1(114)- ***/**** saylı qərardadının ləğv edilməsi və iddianın mümkün sayılaraq icraata qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Gəncə Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.İsgəndərova) 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə apelyasiya şikayəti təmin edilməyərək, Gəncə İnzibati Məhkəməsinin 2025-ci il ## #### tarixli, 2-1(114)-135/2025 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

14. Apellyasiya instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hazırkı halda iddianı başqa əsaslara (torpaq sahəsinin faktiki olaraq ayrı-ayrı şəxslərin istifadəsində olması, üzərində isə inşa edilmiş fərdi yaşayış evlərinin mövcud olması və.s) görə mümkün hesab etməsə də, kooperativin hüquqi şəxsi kimi hal-hazırda vergi orqanlarında qeydiyyatda olub-olmamasını yoxlamamışdır. Bu məqsədlə, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparan Dövlət Vergi Xidmətinin “İnternet Vergi İdarəsi” məlumat sistemində (https://www.etaxes.gov.az/) Müstəqil “Sabit” kooperativinin qeydiyyatda olub-olmaması araşdırılmış və nəticədə kommersiya hüquqi şəxsi kimi onun barəsində məlumat aşkar edilməmişdir. Həmçinin məhkəmə kollegiyasının sorğusuna ** saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilmiş ## #### 2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən Müstəqil “Sabit” kooperativi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ##.##.1994-cü ildə 246 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Elektron uçot məlumat bazasına əsasən Müstəqil “Sabit” kooperativinin vergi orqanlarında uçotda olması barədə məlumat aşkar edilməmişdir. Hüquqi şəxs vergi orqanında uçotda olmadığından onun fəaliyyəti barədə məlumatın təqdim edilməsi mümkün olmamışdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 20.3-cü maddəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” 1996-cı il # ###### tarixli, **-IQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər. Məhkəmə kollegiyası “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 20.3-cü maddəsinin hazırkı işin hallarına tətbiqinə nəzərən qeyd edir ki, kooperativ ##.##.1994-cü il tarixdə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmış olsa belə, hazırda iddiaçı hüquqi şəxs və ya onun təsisçisi tərəfindən qeydiyyata alınması və hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi barədə vergi orqanına müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır. İddiaçı hüquqi şəxs kimi vergi orqanlarında qeydiyyatda olmadığından onun daşınmaz əmlakla bağlı kooperativin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etməsi hazırkı vəziyyətdə istisna edilir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı hazırkı halda müvafiq iddianı qaldırmaqla bağlı subyektiv hüquqa malik olmamışdır.

15. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a) kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli * №-li Qərarı: “...məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). ... məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9).

19. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.1. Hüquqi şəxs – Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur. Maddə 2.0.7. Hüquqi şəxslərin dövlət qeydiyyatı – Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir. Maddə 20.3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” 1996-cı il # ###### tarixli, **-IQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyrikommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Maddə 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Maddə 48.1. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır Maddə 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Maddə 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. İşin faktiki hallarından müəyyən edilir ki, Kirovabad şəhər X3 İcraiyyə Komitəsinin ## #### 1988-ci il tarixli, * nömrəli qərarına əsasən “Stroitel” kooperativinə 0,3 ha torpaq sahəsi ayrılmışdır. Gəncə Şəhər İcra Hakimiyyətinin ## #### 1993-cü il tarixli, *** nömrəli sərəncamına əsasən “Stroitel” kooperativinin ## #### 1993- cü il tarixli 8 A №-li və * №-li Tikinti-quraşdırma idarəsinin ## #### 1993-cü il tarixli ** №-li məktublarını nəzərə alınaraq “Stroitel” kooperativinin * №-li tikinti-quraşdırma idarəsinin nəzdindən çıxarılıb müstəqil fəaliyyət göstərməsinə və “Stroitel” kooperativinin adının dəyişdirilib “Sabit” kooperativi olmasına icazə verilmişdir. Bundan sonra Müstəqil “Sabit” kooperativinin üzvləri İddiaçı, X4 və X2 fəaliyyətinin təşkili üzrə ## #### 1994-cü il tarixli, * nömrəli Təsis müqaviləsini bağlamışlar və kooperativin üzvlərinin ## #### 1994-cü il tarixli * nömrəli protokolu ilə Müstəqil “Sabit” kooperativinin Nizamnaməsi qəbul edilmişdir. Daha sonra “Sabit” kooperativi Ədliyyə Nazirliyi tərəfindən ##.##.1994-cü il tarixdə 246 nömrə ilə qeydə alınmışdır

28. Hazırki iş üzrə iddiaçının hüquqi marağı 0,30 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 20.3-cü maddəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” 1996-cı il # ###### tarixli, **-IQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər.

30. Apellyasiya instansiya məhkəməsi tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Müstəqil “Sabit” kooperativinin vergi orqanlarında uçotda olması barədə məlumat aşkar edilməmişdir. Hüquqi şəxs vergi orqanında uçotda olmadığından onun fəaliyyəti barədə məlumatın təqdim edilməsi mümkün olmamışdır. Həmçinin kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparan Dövlət Vergi Xidmətinin “İnternet Vergi İdarəsi” məlumat sistemində Müstəqil “Sabit” kooperativinin qeydiyyatda olub-olmaması araşdırılmış və nəticədə kommersiya hüquqi şəxsi kimi onun barəsində məlumat aşkar edilməmişdir.

31. Qeyd olunanlara əsasən apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan Kollegiya bildirir ki, iddiaçı hüquqi şəxs kimi vergi orqanlarında qeydiyyatda olmadığından onun daşınmaz əmlakla bağlı kooperativin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etməsi hazırkı vəziyyətdə istisna edilir. Belə olan halda iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbinin mümkünlük şərtləri yaranmamışdır.

32. Həmçinin apellyasiya instansiya məhkəməsi qərardadında iddiaçıya hüquqi yardım göstərərək düzgün olaraq qeyd etmişdir ki, Müstəqil “Sabit” kooperativi qanunvericiliyin tələblərinə uyğun olaraq kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparan Dövlət Vergi Xidmətinin müvafiq qurumlarında dövlət qeydiyyatına alınaraq hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və barəsində olan məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsindən sonra yenidən eyni tələblə məhkəməyə müraciət edə bilər.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## #### tarixli, *- *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar