Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3177/2025 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İsmayılova Mələk Şəmistan qızının cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Valideynlərini itirmiş və valideynlik himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda nəzərdə tutulmuş birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsi üçün əsasın olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İsmayılova Mələk Şəmistan qızının cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “birdəfəlik müavinətin və kompensansiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Qazax rayon İcra Hakimiyyəti başçısının ##.##.2018-ci il tarixli, *-**/*** nömrəli sərəncamına əsasən, ##.##.2001-ci il təvəllüdlü iddiaçının saxlanması, tərbiyə olunması, təhsil alması, hüquq və vəzifələrinin qorunması üçün babası Alməmmədov İbrahim Məhəmməd oğlu ona himayəçi təyin edilmişdir.
2. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasında onun ##.##.2023-cü il tarixdən akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb bacısı vəzifəsinə işə qəbul olunduğu qeyd edilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək, ona valideyn himayəsindən məhrum olmuş ilk dəfə işə düzələn şəxs kimi “Valideynlərini itirmiş və valideynlik himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda nəzərdə tutulmuş birdəfəlik müavinət və kompensasiyanın ödənilməsini xahiş etmişdir.
4. Cavabdehin ##.##.2025-ci il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina edildiyi bildirilmiş və imtina onunla əsaslandırılmışdır ki, iddiaçı “Valideynlərini itirmiş və valideynlik himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunla müəyyənləşdirilmiş şəxslər kateqoriyasına aid olmadığı üçün ona birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Valideynlərini itirmiş və valideynlik himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda nəzərdə tutulmuş birdəfəlik müavinətin və kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qazax rayon Xanlıqlar kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, hal-hazırda təhsil və əmək fəaliyyəti ilə əlaqədar Bakı şəhərində yaşayır. Qazax rayon İcra Hakimiyyəti başçısının ##.##.2018-ci il tarixli, *- **-**** nömrəli sərəncamına əsasən, iddiaçının saxlanması, tərbiyə alması, təhsil alması, hüquq və vəzifələrinin qorunması ona himayəçi təyin edilmiş babası Alməmmədov İbrahim Məhəmməd oğluna tapşırılmışdır. İddiaçı 641 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuş, valideyn himayəsindən məhrum olmuş şəxs kimi onun təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə dair müraciətinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin ##.##.2019-cu il tarixli cavab məktubunda onun valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər üçün qanunvericiliklə nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququna malik olduğu qeyd edilərək, təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təmin olunmuşdur. İddiaçı təhsilinə davam etməklə əmək fəaliyyətinə başladıqdan sonra, qanunvericilikdə valideyn himayəsindən məhrum olmuş şəxslərə müəyyən kompensasiya və birdəfəlik ödəmələrin verilməsinin nəzərdə tutulduğunu öyrənmiş və bununla bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh onun qanunla müəyyənləşdirilmiş şəxslər kateqoriyasına aid edilmədiyini əsas gətirərək ona imtina cavabı vermişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçını doğulduğu gündən 6 aylığınadək və 11 aylığından bugünədək nənə və babası saxlamış, ona tərbiyə və təhsil vermişlər. İddiaçı 11 aylıq olanda atası ilə anası ayrılmış, atası ondan imtina etmişdir. Onun 1 yaşı olanda atası ikinci dəfə ailə həyatı qurmuşdur. Doğum şəhadətnaməsi məhkəmə qaydasında 1 yaş 2 aylıq olanda alınmışdır. İddiaçının bugünədək bütün ehtiyaclarını nənə və babası ödəmişdir.
7. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunla müəyyənləşdirilmiş şəxslər kateqoriyasına aid edilmədiyindən ona müvafiq birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Belə ki, Qazax rayon İcra Hakimiyyətinə ünvanlanmış sorğuya ##.##.2024-cü il tarixli cavab məktubunda iddiaçının anası Əminə Alməmmədovanın səhhətində yaranan problemlər səbəbindən övladına baxa bilməməsi, həmçinin iddiaçının atası tərəfindən də himayədən kənarda qaldığı üçün babası İbrahim Alməmmədovun ona himayəçi təyin olunduğu qeyd edilmişdir. Həmin məktubda həmçinin bildirilmişdir ki, iddiaçının anası Əminə Alməmmədova bütün həyatını övladına həsr etmiş, onu müalicə etdirmiş, böyütmüş, təhsil vermiş, tərbiyə etmiş və qayğısına qalmışdır. Göründüyü kimi, iddiaçının anası Əminə Alməmmədova övladını tərbiyə etmiş və onun hüquq və mənafelərini müdafiə etmişdir. Bu səbəbdən iddiaçıya sözügedən birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
8. Gəncə İnzibati Məhkəməsinin (hakim: Ruhiyə Tağıyeva) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda nəzərdə tutulan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər kateqoriyasına aiddir. Belə ki, iddiaçıya 18 yaşınadək valideyn himayəsindən məhrum olmuş uşaq kimi Qazax rayon İcra Hakimiyyəti başçısının ##.##.2018-ci il tarixli, *-**/*** nömrəli sərəncamı ilə himayəçi təyin edilmişdir. İddiaçı Azərbaycan Tibb Universitetində təhsil aldığı dövrdə ##.##.2023-cü il tarixdə akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb bacısı kimi əmək fəaliyyətinə başlamış və həmin vaxt onun 21 yaşı olmuşdur.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aygül İsgəndərova /sədrlik edən və məruzəçi/, Rəşad Mamedov və Azər Bayramov) ## #### 2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilməmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun tələblərinə əsasən, şəxs “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər” statusunda olması üçün valideynlərini itirməli və ya valideyn himayəsindən məhrum olmalı, ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil almalı və müraciət zamanı 23 yaşınadək olmalıdır. İddiaçı ##.##.2001-ci il təvəllüdlü olmaqla, ilk dəfə işə düzəldiyini iddia etdiyi tarixdə – ##.##.2023-cü ildə onun 21 yaşı olmuşdur. ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı ##.##.2023-cü il tarixdə akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. Lakin, həmin məlumatlar cavabdeh tərəfindən təqdim edilən sığortaolunanın hesab vərəqi ilə təkzib olunur. Belə ki, sığortaolunanın hesab vərəqindən (SSN: 1708200100106) görünür ki, iddiaçıya münasibətdə 2020-ci ilin avqust ayından etibarən sığortaedən (Ad: X1; SUN: 90420019485; VÖEN: 3600285322) tərəfindən MDSS ödənilməsinə başlanmışdır. Belə olan halda, iddiaçının ilk dəfə işə girmə tarixi ##.##.2023cü il deyil, 2020-ci ilin avqust ayı hesab olunur. Bundan başqa, iddiaçının hazırkı halda “valideyn himayəsindən məhrum olmuş uşaqlar” kateqoriyasına aid edilməsi üçün hər iki valideynin onun tərbiyəsindən və ya hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi şərtdir. Lakin iş materiallarına əlavə edilmiş Qazax rayon İcra Hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının ##.##.2018-ci il tarixli, ** nömrəli iclas protokolundan görünür ki, iddiaçının atası İsmayılov Şəmistan Deputat oğlu öz razılığıyla məhkəmə qaydasında 50 manat sabit pul məbləğində aliment ödəyir. Həmin məlumat Ş.İsmayılovun Qazax rayon İcra Hakimiyyəti başçısına verdiyi ##.##.2018-ci il tarixli izahatında da bildirilmişdir. Həmçinin, iddiaçının anası Alməmmədova Əminə İbrahim qızının ##.##.2018-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsində ##.##.2001-ci il təvəllüdlü qızının, yəni iddiaçının babası Alməmmədov İbrahim Məhəmməd oğlunun himayəsinə verilməsinə etiraz etməməsi, razı olması qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı valideyn himayəsindən məhrum olmuş uşaqlar kateqoriyasından olan şəxs sırasına aid deyildir. Belə ki, atası onun maddi təminatında iştirak etməklə ona aliment ödəmiş, digər tərəfdən anası qızının himayəyə verilməsinə dair razılıq ərizəsi təqdim etsə də, onun iddiaçının tərbiyəsindən imtina etməsinə dair heç bir sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçının istinad etdiyi sərəncam və ya təhsil haqqından azad edilməsinə dair təhsil müəssisəsinin qərarı onun qeyd olunan kateqoriyadan olan şəxslər sırasından olmasına əsas yaratmır. Çünki iddiaçının valideynlərinin onun tərbiyəsindən imtinası sübut olunmur.
13. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir.
kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu (##.##.2026-cı il tarixədək qüvvədə olan redaksiyada) Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: valideynlərini itirmiş uşaqlar – hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir; valideyn himayəsindən məhrum olmuş uşaqlar – hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və ya bu maddənin birinci hissəsinin dördüncü–onuncu abzaslarında nəzərdə tutulan kateqoriyaların hər hansı birinə aid şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər – valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir; Maddə 3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur. Maddə 8 (##.##.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. Onların arzusu ilə həmin ləvazimat və avadanlıqların əvəzinə pul kompensasiyaları verilir və ya həmin kompensasiyalar müvafiq banklarda həmin şəxslərin adına açılan hesablara köçürülür. Maddə 9. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini onların özləri, qanuni nümayəndələri, qəyyumları (himayəçiləri), müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər və həmkarlar ittifaqı təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirirlər.
17. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli, *** nömrəli qərarı “Valideynlərini itirmiş və valideyn himayəsindən, məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il ## ###### tarixli *** nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 2 (##.##.2025-ci il tarixədək qüvvədə olan redaksiyada). Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə: valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il ## ###### tarixli, ** nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunsunlar.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan ilk dəfə işə düzələn şəxs kimi “Valideynlərini itirmiş və valideynlik himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda nəzərdə tutulmuş birdəfəlik müavinət və kompensasiyanın ödənilməsinə nail olmaqdan ibarətdir.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, bu qərarın 16-cı bəndində istinad edilən normalara əsasən, şəxsin sözügedən birdəfəlik müavinət və kompensasiyanın ödənilməsi hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri birlikdə və eyni anda mövcud olmalıdır: 1) o, valideyn himayəsindən məhrum olmuş şəxs olmalı; 2) ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxs olmalı və 3) onun müraciətinin ilk dəfə işə düzəlmə tarixi ilə bağlı olduğu müəyyən olunmalıdır.
28. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, sözügedən birdəfəlik müavinət və kompensasiyanın ödənilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə birlikdə və eyni anda mövcud deyildir. Belə ki, iddiaçının valideyn himayəsindən məhrum olmuş şəxs olduğu iş üzrə materiallarla müəyyən edilmir. Bununla bağlı iddiaçı tərəfindən də məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Eləcə də, iddiaçının ilk dəfə işə düzəlmə tarixinin onun özünün iddia etdiyi tarix olmadığı müəyyən edilir.
29. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.