Məhkəmə qərarları › İş №2-1(102)-3179/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3179/2025

17.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3179/2025 17.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının Cavabdeh qarşı iş üzrə QƏRARİ (iş № *-1(102)-3179/25) Açar sözlər: topdan və pərakəndə satış, işin hallarının hərtərəfli araşdırılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyev Sərvər Yaqub oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI 1.

2. Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş ##.##.2024-cü il tarixli **************** nömrəli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli qərar qəbul edilmişdir.

3. Cavabdehin ##.##.2024-cü il tarixli **************** saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən iddiaçıya 2020-ci il mənfəət vergisi üzrə 244.779,17 manat, 2021-ci il mənfəət vergisi üzrə 150.705,41 manat, 2022-ci il mənfəət vergisi üzrə 153.345,66 manat, 2020-ci il əlavə dəyər vergisi üzrə 25.983,14 manat, 2021-ci il əlavə dəyər vergisi üzrə 88.385,95 manat, 2022-ci il əlavə dəyər vergisi üzrə 111.861,11 manat, 2020-ci il muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə 0,14 manat, cəmi 775.000,58 manat əlavə vergi hesablanmış və 937.201,44 manat maliyyə sanksiyası tətbiq edilmişdir (Vergi Məcəlləsinin 57.1, 58.1, 58.6, 58.7-1, 58.13-cü maddələrinə əsasən).

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli, **************** saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv olunmasını xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, yoxlama dövründə cəmiyyət tərəfindən malların bir qismi anbardan yerində satış olaraq nağd qaydada satılmışdır. Bu, malın alıcılarının vergi ödəyicisi olmadıqları səbəbindən baş vermişdir. Eyni növ malın anbarda yerində satış qiyməti ilə ünvana çatdırılmaqla olan satış qiyməti arasında nəqliyyat, yanacaq və işçi xərclərini də nəzərə almaqla təbii olaraq fərqlər mövcud olmuşdur. Bununla bağlı olaraq cəmiyyət tərəfindən vergi ödəyicisi olmayan və ya vergi ödəyicisi olmadığını bildirən şəxslərə, yəni son istehlakçıya nəzarət kassa aparatı (bundan sonra - NKA) vasitəsilə pərakəndə ticarət qaydasında satılmış mallar heç bir sübut, dəlil və ya əsas olmadan topdansatış qaydada satılmış mallar çərçivəsində dəyərləndirilməklə, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinadən cəmiyyətə 449.814,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanında qeydiyyatdan keçirilmiş və vergi orqanının da istifadəsinə razılıq verdiyi nəzarət kassa aparatının fiskal yaddaşında ƏDV ilə birlikdə 2020-ci il ərzində - 1595428,97 manat, 2021-ci il ərzində - 1490266,85 manat, 2022-ci il ərzində - 2039461,32 manat və 2023-cü ilin 11 ayı ərzində - 2458683,91 manat vəsait vardır. Lakin aparılmış səyyar vergi yoxlaması zamanı vergi orqanının nümayəndələri həmin malların satışına qaimə qiymətlərini tətbiq etmişlər. Həmçinin, yoxlama ilə əhatə olunan dövr ərzində ümumilikdədəyəri 125 min manatdan artıq olan istifadə vaxtı ötmüş malların mal alışını həyata keçirdiyi “xxxx” MMC-nin səlahiyyətli nümayəndələrinin də iştirakı ilə tərtib olunmuş utilizasiya aktları yoxlamaya təqdim edilmiş olsa da, həmin sənədlər vergi orqanı tərəfindən qəbul edilməmiş və ədalətsiz bir şəkildə silinmiş həmin mallar üzrə də ticarət əlavələri tətbiq olunmaqla əlavə dövriyyə müəyyən edilmiş və buna müvafiq vergilər hesablanmışdır. Bundan başqa, tərtib edilmiş səyyar vergi yoxlaması aktında bir neçə yerdə qeyd edilmişdir ki, iddiaçı tərəfindən yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan sənədlər yoxlamaya qismən təqdim edilmişdir. Halbuki bütün mallar rəsmi şəkildə e-qaimələr vasitəsilə alınmaqla, vergi ödəyicisi olan şəxslərə qanunvericiliyin də tələbinə uyğun olaraq yenə e-qaimələr ilə, vergi ödəyicisi olmayan və ya VÖEN təqdim etməyən şəxslərə isə nəzarət kassa aparatları vasitəsilə nağd qaydada satılmaqla rəsmiləşdirilmişdir.

6. Cavabdehin iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, yoxlanılan dövrdə iddiaçı faktiki olaraq alkoqollu və digər içkilərin topdan satışı ilə məşğul olmuşdur. Iddiaçı yoxlanılan dövrdə mənfəət vergisinin ödəyicisi olmuşdur. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə-faktura üzrə məlumatı ilə vergi ödəyicisi tərəfindən təqdim olunan mal-materialların illik hərəkəti cədvəllərinin müqayisəsi nəticəsində həmin cədvəl məlumatlarının “pərakəndə satış” sütununda maya dəyəri ifadəsi ilə əks etdirilmiş mallar elektron qaimə-faktura əsasında topdan qaydada satış kimi qiymətləndirilərək, ticarət əlavəsi tətbiq olunmaqla dövriyyə müəyyən edilmişdir. Həmin dövriyyəyə uyğun olaraq mənfəət vergisi, ƏDV hesablanmış, habelə Vergi Məcəlləsinin 58.13cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə, “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” qərar ilə İddiaçı MMC-yə məxsus AZ2008, ünvan 1 ünvanında yerləşən obyektində əsas vəsaitlərin, xammal və materialların, hazır məhsulların, nağd pul vəsaitlərinin, habelə digər sərvətlərin inventarizasiyası aparılmışdır. Əmtəə-material ehtiyatlarının, əmlakın faktiki mövcudluğu haqqında məlumatları özündə əks etdirən “Əmlakın və digər qiymətlilərin inventarizasiyası” barədə ##.##.2024-cü il tarixli akt tərtib olunmuşdur. Cəmiyyətin rəhbəri tərəfindən ##.##.2022-ci il tarixdə təqdim edilmiş iltizama əsasən cəmiyyətin sahibliyində ##.##.2024cü il tarixə ünvan 1 ünvanında yerləşən anbarda alış dəyəri ilə 236.214,71 manat (iki yüz otuz altı min iki yüz on dörd manat yetmiş bir qəpik) məbləğində satışa yararlı, 26.546,24 manat (iyirmi altı min beş yüz qırx altı min manat iyirmi dörd qəpik) məbləğində xarab olmuş, 22.706,4 manat (iyirmi iki min yeddi yüz altı min manat qırx qəpik) məbləğində istifadə müddəti ötmüş mal qalığı olmuşdur. Səyyar vergi yoxlaması zamanı keçirilmiş inventarizasiyanın nəticələri təhlil edilmiş və ümumilikdə 345.760,94 manat məbləğində malların əskik gəldiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə, vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Səyyar vergi yoxlaması ilə keçirilmiş inventarizasiyası zamanı malların əskik gəlməsi kimi müəyyən edilən 345.760,94 manat məbləği, yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü, yəni 2023-cü ilin noyabr ayına əlavə edilməklə hesablama aparılmışdır. Eyni zamanda, vergi ödəyicisi tərəfindən yoxlanılan dövrdə Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə düzgün əməl olunmaması səbəbindən, yoxlanılan dövrün ayları üzrə kənarlaşmalar müəyyən edilmişdir. Cəmiyyət tərəfindən təqdim edilmiş bəyannamələr bank hesablarından daxil olmuş məlumatlar və yoxlama zamanı təqdim edilmiş sənədlərlə yoxlanılmış və yoxlanılan dövr üzrə ümumilikdə ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan dövriyyənin 214.404,45 manat (ƏDV-siz) çox, 1.158.448,9 manat az hesablandığı müəyyən edilmişdir. Bundan başqa, yoxlanılan dövr üzrə Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə uyğun olaraq, 2021-ci il üzrə 15.299,51 manat, 2022-ci il üzrə 8.758,13 manat, 2023-cü ilin yanvar ayından noyabr ayınadək 286.736,92 manat, ümumilikdə 310.794,56 manat ƏDV məbləğinin əvəzləşdirilmədiyi müəyyən olunaraq aylar üzrə müvafiq düzəlişlər aparılmışdır. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən həyata keçirilmiş əvəzləşmələrin Vergi Məcəlləsinin tələblərinə uyğunluğu araşdırılmış və vergi qanunvericiliyinin tələblərinə müvafiq olaraq dürüstləşdirilməsi təmin edilmişdir. Bundan əlavə, vergi ödəyicisinin sahibliyində olan malların bir qisminə dair malların alışını və ya mədaxilini təsdiq edən sənədlərin mövcud olmadığı müəyyən edilmiş, habelə malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsi və bəzi dövrlər üzrə vergi hesabatının vaxtında verilməməsi halları aşkar edilmişdir. Bu əsaslarla vergi ödəyicisinə vergi qanunvericiliyinə uyğun olaraq müvafiq maliyyə sanksiyaları hesablanmışdır.

7. Bakı Inzibati Məhkəməsinin (hakim: E.A.Abdullayev) ## ###### 2025-ci il tarixli, e- *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin ##.##.2024-cü il tarixli, **************** saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən şəxsin fəaliyyətinin topdansatış fəaliyyəti olması onun pərakəndə satışla da məşğul olmasına hər hansı mane yaratmır. Bu şərtlə ki, topdansatış fəaliyyəti ilə məşğul olub, həm də pərakəndə satışı həyata keçirən şəxs pərakəndə satış vasitəsilə realizə etdiyi malları qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirsin. Iddiaçı topdansatış fəaliyyəti ilə məşğul olsa da, sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə nəzarət kassa aparatının quraşdırılması və həmin nəzarət kassa aparatının vergi orqanı tərəfindən təsdiq edilməsi isə sonuncunun iddiaçının pərakəndə satış fəaliyyəti ilə məşğul olmasına razılığını ifadə edir. Iddiaçının cavabdehin özünün təsdiq etdiyi kassa aparatı vasitəsi ilə həmçinin, elektron qaimə-faktura əsasında malların satışını həyata keçirməsi qanuna uyğun olmuş, belə ki, hər iki üsulla satışlar zamanı ƏDV-nin tutulması həyata keçirilmiş, verginin ödənilməsindən hər hansı bir yayınma faktı olmamışdır. Qanunvericilikdə pərakəndə satış zamanı təqdim edilə bilən mallar hər hansı say həddi və ya həcmi ilə məhdudlaşdırılmamışdır. Bu baxımdan, topdansatış fəaliyyətinin pərakəndə fəaliyyətdən fərqləndirilməsi zamanı yalnız malların say həddinə və ya həcminə istinad olunması qanuna ziddir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və C.B.Məmmədov) ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, cavabdeh yoxlama ilə Vergi Məcəlləsinin 67.1.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş illər üzrə mal-materialların illik hərəkəti cədvəllərinin “pərakəndə satış” bölməsində maya dəyəri ilə ifadəsi ilə əks etdirilmiş malların dəyəri ilə, həmin malların vergi ödəyicisinin özü tərəfindən yoxlama ilə əhatə edilmiş illər üzrə təqdim edilmiş elektron qaimə-faktura məlumatları ilə topdan qaydada satış üzrə ticarət əlavəsi tətbiq edilməklə yaranmış dəyər üzrə müqayisəsi nəticəsində əlavə dövriyyə müəyyən edildiyini qeyd etsə də, bunun qeyd olunan normanın tələblərinə uyğun olduğunu və həmin məlumatların müvafiq maddədə nəzərdə tutulan əlaqəli məlumatlara aid olduğunu əsaslandırmamışdır. Bundan əlavə, Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir. Cavabdeh vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Hazırkı halda, cavabdeh vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının təyin edilməsi Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq düzgün formada və qanuni əsaslandırılmamışdır. Belə ki, cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamamış, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın (məlumatların) nədən ibarət olduğunu dəqiq göstərməmiş, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmamışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayəti işin hallarına və iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılmışdır. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsinin mövqeyinə əsasən, iddiaçı topdansatış ticarət fəaliyyəti göstərən vergi ödəyicisi olsa da, ona məxsus yoxlama aparılan obyektdə nəzarət-kassa aparatı mövcud olmuş və bu hal vergi orqanı tərəfindən qeydiyyata alınmışdır. Iddiaçı tərəfindən cavabdehin özünün təsdiq etdiyi kassa aparatı vasitəsi ilə və elektron qaimə-faktura əsasında malların satışı zamanı ƏDV-nin tutulması həyata keçirilmiş, verginin ödənilməsindən hər hansı bir yayınma faktı olunmamışdır. Qanunvericilik vergi ödəyicisinə eyni təsərrüfat subyektində malların həm pərakəndə, həm də topdansatış qaydasında təqdim edilməsini qadağan etmir və yalnız malların mədaxilinin və məxaricinin uçotunun ayrılıqda aparılmasını tələb edir. Lakin yoxlama zamanı uçotun ayrı-ayrılıqda aparılması halları müəyyən edilməmişdir. Digər tərəfdən, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən təqdim olunan mal-materialların illik hərəkəti cədvəllərində “Pərakəndə satış” sütununda maya dəyəri ifadəsi ilə əks etdirilmiş mallar elektron qaimə-faktura əsasında topdan qaydada satış kimi qiymətləndirilərək ticarət əlavəsi tətbiq olunmaqla əlavə hesablamalar aparılmışdır (Bundan əlavə, həmin malların dəyəri hesablanarkən vergi ödəyicisinin öz qiymətləri bazar qiyməti kimi qəbul edilərək qəbul edilmişdir). “Pərakəndə qaydada” həyata keçirilmiş malların məxaric uçotu vergi ödəyicisi tərəfindən 1C mühasibatlıq proqram təminatında məxaric qaimələri ilə aparılsa da, həmin sənədlər təsdiqedici sənədlər kimi sayılmadığından və həmin satışın dövriyyə məlumatlarının vergi hesabatlarında öz əksini tapması sübuta yetirilmədiyindən səyyar vergi yoxlaması zamanı qəbul edilməmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, İddiaçı MMC-nin rəhbəri X1 yoxlama zamanı təqdim etdiyi ##.##.2024-cü il tarixli izahatında da cəmiyyətin topdansatış fəaliyyəti ilə məşğul olduğunu təsdiq etmişdir. Izahatda qeyd olunur: “Nəzərinizə çatdırıram ki, biz cəmiyyət olaraq pivə və digər alkoqollu içkilərin topdan satışı ilə məşğuluq. Istər yoxlama dövründə, istərsə də ondan öncə, yaxud sonra bizim pərakəndə satışımız olmayıb.” Həmçinin, yoxlama ilə vergi ödəyicisinin ünvan 1 sahə ünvanında yerləşən “Anbar” adlı təsərrüfat subyektindən başqa heç bir subyekti olmadığı müəyyən edilmişdir. Bundan əlavə, yoxlanılan dövr üzrə təqdim edilmiş nəzarət kassa aparatının illər üzrə dövriyyə məbləğinin il ərzindəki kassa qəbzlərinin sayının müqayisəli təhlili zamanı 1 ədəd kassa qəbzinə düşən orta məbləğin reallığa uyğun olmadığı müəyyən olunur. 2020-ci il üzrə: ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək olan dövr üzrə kassa qəbzinə əsasən dövriyyənin 1.595.428,97 manat, kassa qəbzlərinin sayının 473 ədəd olduğunu nəzərə alsaq, bir ədəd kassa qəbzinə düşən orta məbləğ 3.372,99 manat təşkil edir. 2021-ci il üzrə: ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək olan dövr üzrə kassa qəbzinə əsasən dövriyyənin 1.490.266,00 manat, kassa qəbzlərinin sayının 548 ədəd olduğunu nəzərə alsaq, bir ədəd kassa qəbzinə düşən orta məbləğ 2.719,46 manat təşkil edir. 2022-ci il üzrə: ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək olan dövr üzrə kassa qəbzinə əsasən dövriyyənin 2.039.461,32 manat, kassa qəbzlərinin sayının 441 ədəd olduğunu nəzərə alsaq, bir ədəd kassa qəbzinə düşən orta məbləğ 4.624,62 manat təşkil edir. 2023-cü il üzrə: ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək olan dövr üzrə kassa qəbzinə əsasən dövriyyənin 2.458.683,91 manat, kassa qəbzlərinin sayının 320 ədəd olduğunu nəzərə alsaq, bir ədəd kassa qəbzinə düşən orta məbləğ 7.683,38 manat təşkil edir.

14. Apellyasiya instansiya məhkəməsinin növbədənkənar səyyar vergi yoxlamasının əsaslandırılmaması ilə bağlı dəlilləri ilə əlaqədar qeyd edilməlidir ki, səyyar vergi yoxlaması aktının 1.8-ci bəndində növbədənkənar səyyar vergi yoxlamasının təyini əsasları barədə ətraflı şəkildə məlumat verilmişdir. Sözügedən bənddə qeyd olunur ki, təyin olunmuş səyyar vergi yoxlaması Baş idarənin ##.##.2023-cü il tarixli **************** nömrəli xidməti məlumatına əsasən təyin edilmişdir. Təhlil zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrdə hesablanmış vergi məbləği onların fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilməmişdir. Göründüyü kimi, növbədənkənar səyyar vergi yoxlmasının təyin edilməsi üçün konkret əsaslar olduğu halda və bu əsaslar detallı şəkildə həm “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2023-cü il tarixli **************** nömrəli qərarında, həm səyyar vergi yoxlaması aktında qeyd olunduğu halda, məhkəmə kollegiyası mahiyyətə təsir etməyən və iş üçün əhəmiyyətli olan halın müəyyən edilməsini təmin etməyən istiqamət götürmüş və nəticədə, qeyd olunan hal üzrə düzgün nəticəyə gəlməmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

19. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

20. Hazırkı iş üzrə iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi olaraq mübahisələndirilən qərarla iddiaçıya əlavə mənfəət vergisi, ƏDV, MÖMV hesablanmış, habelə Vergi Məcəlləsinin 57.1-ci, 58.6-cı, 58.7-1-ci və 58.13-cü maddələrinə əsasən maliyyə sanksiyası tətbiq edilmişdir.

Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin əsaslandırılması ilə bağlı qeydlər

21. Işə baxan apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməsinə dair əsaslarından biri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin əsaslandırılmamasıdır.

22. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hazırkı iş üzrə cavabdehin ##.##.2023-cü il tarixli qərarına əsasən iddiaçı barəsində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. ##.##.2023-cü il tarixli qərarında yoxlamanın keçirilmə əsasları göstərilməmişdir. Bununla belə, yoxlama nəticəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli səyyar vergi yoxlaması aktının 1.8-ci bəndində qeyd edilmişdir ki, səyyar vergi yoxlaması ##.##.2023-cü il tarixli **************** nömrəli xidməti məlumata əsasən təyin edilmişdir (Təhlil zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrdə hesablanmış vergi məbləği onların fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilməmişdir).

23. Məhkəmə kollegiyası razılaşır ki, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunvericilikdə konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir.

24. Beləliklə, növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi yalnız Vergi Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcudluğu halında mümkündür. Bu əsasların mövcudluğu vergi orqanının yoxlama təyin etmək səlahiyyətinin hüquqi şərtini təşkil edir və həmin şərtin obyektiv surətdə mövcud olması tələb olunur.

25. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə, qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

26. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.

27. Hazırkı mübahisəyə münasibətdə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) açıqlamamış, diskresion səlahiyyətlərindən niyə məhz bu formada istifadə etməsinin səbəblərini əsaslandırmamışdır. Bu mənada, növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Yalnız səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, səyyar vergi yoxlaması ##.##.2023-cü il tarixli **************** nömrəli xidməti məlumata əsasən təyin edilmişdir.

28. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, vergi yoxlamasının təyin edilməsi haqqında qərarda və ya sonradan tərtib edilmiş yoxlama aktında yoxlamanın keçirilmə əsaslarının ətraflı göstərilməməsi özü-özlüyündə həmin yoxlamanın qanunsuz hesab edilməsi üçün yeganə əsas kimi çıxış edə bilməz. Nəzərə alınmalıdır ki, inzibati icraatın həyata keçirilməsi zamanı prosessual qaydalara riayət olunması inzibati fəaliyyətin qanuniliyinin mühüm təminatlarından biridir. Bununla belə, inzibati icraat zamanı yol verilmiş hər bir formal xarakterli nöqsan özüözlüyündə

29. inzibati aktın ləğvi üçün kifayət edən əsas hesab edilə bilməz. IPM-nin 70.1-ci maddəsinin məzmunundan və təbiətindən irəli gəlir ki, inzibati aktın ləğvi üçün prosessual pozuntu ilə yanaşı, həmin pozuntunun inzibati aktın qəbul edilməsinin nəticəsinə təsir göstərməsi də müəyyən edilməlidir. Başqa sözlə, məhkəmə formal prosedur pozuntusunun mövcudluğu ilə kifayətlənməməli, onun inzibati qərarın məzmununa, qəbul edilməsinin qanuniliyinə və şəxsin hüquqlarının həyata keçirilməsinə real təsir edib-etmədiyini də qiymətləndirməlidir. Hazırkı iş üzrə cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, növbədənkənar səyyar vergi yoxlaması ##.##.2023-cü il tarixli **************** nömrəli xidməti məlumata əsasən təyin edilmişdir. Lakin həmin xidməti məlumat haqqında sənədlər, o cümlədən xidməti araşdırmaların aparılmasını əks etdirən icraat materialları işə mahiyyəti üzrə baxmış məhkəmələrə təqdim edilməmişdir. Bu səbəbdən, növbədənkənar yoxlamanın əsası kimi çıxış edən xidməti məktub məhkəmələr tərəfindən tədqiq edilməmişdir. Işin təkrar apellyasiya baxışı zamanı istinad olunan xidməti məktubun məzmunu araşdırılmaqla Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə yoxlamanın başlanmasının qanuniliyinə qiymət verilməlidir.

Iddiaçının fəaliyyətinin topdan, yaxud pərakəndə olması ilə bağlı qeydlər

30. Hazırkı iş üzrə iddiaçı yoxlama dövründə həm topdan, həm də pərakəndə satışla məşğul olduğunu iddia edir, cavabdeh isə iddiaçının yalnız topdan satışla məşğul olduğu qənaətinə gələrək, onun pərakəndə satış adı altında təqdim etdiyi malları (NKA ilə rəsmiləşdirmiş) topdan satışa aid etmiş, pərakəndə satış adı altında rəsmiləşdirilmiş əməliyyatlara iddiaçının topdan satışda tətbiq etdiyi ticarət əlavəsini tətbiq etməklə mənfəət vergisi və ƏDV hesablamış, habelə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etmişdir.

31. Məhkəmə kollegiyası sahibkarlıq fəaliyyətinin topdan, yaxud pərakəndə satışa aid edilməsi məsələsi ilə bağlı aşağıdakları qeyd edir.

topdansatış və pərakəndə satış fəaliyyətlərinin anlayışı və fərqləri

32. Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddələri “topdansatış” və “pərakəndə satış” fəaliyyətinə hüquqi anlayış verib. Belə ki, həmin normalara əsasən, “pərakəndə satış” – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir; “topdansatış” isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

topdansatış və pərakəndə satış fəaliyyətində məqsəd ünsürü

33. Qeyd edilən normaların məzmunundan o nəticə hasil olur ki, topdansatış və pərakəndə satış fəaliyyəti bir-birindən malların əldə edilməsinin məqsədinə görə fərqlənir. Belə ki, topdansatışda mallar sahibkarlıq fəaliyyəti məqsədləri üçün, pərakəndə satışda isə mallar son istehlak məqsədi ilə əldə edilir.

topdansatış və pərakəndə satış fəaliyyətində malın alıcısının hüquqi statusu subyekt ünsürü

34. Topdansatış fəaliyyətində malın alıcısı sahibkardır (vergi ödəyicisidir - həm hüquqi şəxs, həm hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ola bilər) və aldığı malı sahibkarlıq məqsədləri üçün təqdim etmək niyyəti ilə əldə edir. Pərakəndə satış fəaliyyətində malın alıcısı fiziki şəxsdir. Lakin bu fiziki şəxs həm vergi ödəyicisi ola bilər, həm də qeyri-sahibkar. Belə ki, şübhəsizdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər həm də sahibkarlıq fəaliyyətindən kənar tam fəaliyyət qabiliyyətli şəxs kimi məişət tələbatının saxlanmasına və ödənilməsinə yönəldilən məişət əqdləri də bağlayırlar.

əməliyyatın rəsmiləşdirilməsi forması - formal ünsür

Topdansatış fəaliyyətində tərəflər arasında baş tutan əməliyyat elektron qaimə- 35.ilə, pərakəndə satış fəaliyyətində isə qəbz və ya nəzarət-kassa aparatının faktura çeki təqdim edilməklə rəsmiləşdirilir.

vergi ödəyicilərinin rəsmi və faktiki fəaliyyəti (məzmunun formadan üstün olması)

36. Vergitutma obyektinin düzgün müəyyən edilməsi, vergi güzəştlərindən və qanunvericiliyin vergi ödəyicilərinə tanıdığı imkanlarından sui-istifadəyə yol verilməməsi üçün vergi ödəyiciləri tərəfindən təqdim olunan formal sənədlərə və bəyanlara deyil, əslində həyata keçirilən faktiki fəaliyyətə baxılmalıdır. Başqa sözlə, vergi qanunvericiliyinin tətbiqi zamanı vergi məsuliyyəti yaradan hadisənin gerçək mahiyyəti əsas götürülməlidir.

37. Bu, faktiki məzmunun formadan üstün olması -“Substance over form” prinsipindən irəli gəlir.

38. Əks hal, yəni formanın məzmundan üstün olması ilə vergi ödəyicilərinin formal bəyanları və uçot məlumatlarına əsasən hərəkət edilsə, bu, vergitutma obyektlərinin düzgün müəyyən olunmamasına, bununla da, vergilərin düzgün hesablanmamasına, habelə faktiki eyni fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin fərqli vergi öhdəliklərinin yaranmasına, statistik göstəricilərin düzgün olmaması ilə iqtisadi siyasətin formalaşmasında təhrifedici məlumatlara əsaslanılmasına gətirib çıxarar.

39. Odur ki, uçot sənədlərində fəaliyyət növünün necə göstərilməsindən asılı olmayaraq, təcrübədə bəzi hallarda vergi ödəyicilərinin həyata keçirdiyi topdansatış fəaliyyətini pərakəndə satış kimi rəsmiləşdirmələri mümkündür.

Vergi Məcəlləsinin 58.13-cü maddəsi ilə nəzərdə tutulmuş maliyyə sanksiyasının təbiəti və güddüyü məqsəd

40. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, həm də bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla) görə maliyyə sanksiyası tətbiq edilir.

41. Həmin sanksiya topdansatış əməliyyatının pərakəndə satış kimi rəsmiləşdirilməsinin yaratdığı risklərin qarşısının alınması üçün müəyyən edilmişdir. Bu sanksiyanın hüquqi təbiəti ondan ibarətdir ki, o, maliyyə məsuliyyəti tədbiri olmaqla preventiv xarakter daşıyır. Lakin bu maliyyə sanksiyası yalnız inzibati xarakterli tədbir deyil, həm də iqtisadi şəffaflığın mühüm alətidir. Onun məqsədi fiskal intizamı təmin etmək, kölgə iqtisadiyyatını məhdudlaşdırmaq, ədalətli rəqabət mühitini qorumaq və istehlakçı maraqlarını müdafiə etməkdir. Hüquqi mahiyyətinə görə bu sanksiya dövlətin həm maliyyə, həm iqtisadi, həm də sosial siyasətini dəstəkləyən çoxşaxəli bir mexanizmdir.

əməliyyatın topdansatış, yaxud pərakəndə satış olmasının müəyyənləşdirilməsi

42. Yuxarıda qeyd edildiyi kimi, qanunvericilikdə əməliyyatın topdansatış, yaxud pərakəndə satış olmasına verilən anlayışlardan müəyyən olunur ki, həmin əməliyyatları birbirindən ayıran əsas meyar, əməliyyatın predmetini təşkil edən malın alış məqsədidir. Başqa sözlə, qanunvericilik topdan və pərakəndə satış zamanı malın sayına və həcminə, o cümlədən əməliyyatın dəyərinə münasibətdə hər hansı tənzimləyici limitlər müəyyən etməmişdir.

43. Nəzərə alınmalıdır ki, vergi ödəyiciləri eyni malın satışını həm topdan, həm də pərakəndə qaydada həyata keçirə bilmək hüququna malik olduqlarından, malın alıcısının malı alma məqsədinin (özünün bununla bağlı bəyanı olmadığı halda) satıcı tərəfindən araşdırılmasını və müəyyən edilməsini tələb etmək ağlabatan görünmür. Belə ki, malın satıcısının malın alınma məqsədini müəyyən etməklə bağlı vergi qanunvericiliyindən irəli gələn öhdəliyi yoxdur.

44. Bu hal ilk baxışdan malın satıcısına malı alan şəxsin özünü vergi ödəyicisi kimi təqdim etmədiyi hallarda apardığı bütün əməliyyatları pərakəndə satış kimi rəsmiləşdirməyə hüquq vermiş kimi görünür, başqa sözlə, maliyyə sanksiyasının tətbiqi üçün əsas yaratmaması təəssüratını yaradır. Lakin nəzərə alınmalıdır ki, malların pərakəndə satış qaydasında rəsmiləşdirilməsinin yuxarıda qeyd edilənlərə əsasən yalnız malın alıcısına deyil, satıcısına da qanunsuz üstünlüklər yaratmaq ehtimalı olduğundan, başqa sözlə, malın satıcısı da vergi orqanları qarşısında “şübhəli” vəziyyətə düşə biləcəyindən öz sahibkarlıq fəaliyyətində vicdanlı davranmalı, “topdansatış” təəssüratı yaradan əməliyyatların pərakəndə satış kimi rəsmiləşdirilməsinə şərait yaratmamalıdır.

45. Yuxarıda qeyd edildiyi kimi, qanunverici malların dəyərinə və həcminə görə topdansatış və pərakəndə satışı fərqləndirmədiyindən, əməliyyatların bunlardan hansına (topdan, yaxud pərakəndə satışa) aid olması müəyyən edilərkən, bu sahədəki vergi hüquq münasibətlərinin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla sübutetmə baxımından “obyektiv hallardan yaranan əsaslı şübhə” standartı tətbiq olunmalıdır. Belə qəbildən olan işlərin xüsusiyyəti ondan ibarətdir ki, yoxlama zamanı həm də əvvəlki dövrdəki əməliyyatlar qiymətləndirildiyindən, geriyə dönük vergi orqanından vergi ödəyicisinin satdığı malın alıcısının hansı məqsədlə malı almasını sübut etməyi gözləmək, vergi orqanını mümkünsüz və həddən artıq ağır sübutetmə yükü altında qoymuş olar. Belə ki, malların satışına dair sənədlərdən malın alıcısını identifikasiya etmək və malı alma məqsədini müəyyən etmək təxminən qeyri-mümkün olur.

46. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələbinə görə vergi məsuliyyətinə cəlbetmə barədə qərar çıxarıldıqda, sübutetmə yükü qərarı qəbul etmiş vergi orqanının üzərinə düşür. Bu zaman əsas prinsip qüvvədə olur - sübutetmə yükü daşıyan vergi orqanı dəqiq, aydın, bəlli və mübahisəsiz dəlillərlə iddia olunan məsuliyyət yaradan halın mövcud olduğunu sübut etməlidir. “Obyektiv hallardan yaranan əsaslı şübhə” standartı tətbiq edildikdə isə bu qaydada sübutetmə tələb olunmur. Birmənalı və mübahisəsiz sübutetmə halı mövcud olmasa belə, əsaslı şübhə standartına cavab verən sübutetmə varsa, hal sübut olunmuş qəbul oluna bilər. Əsaslı şübhə üçün isə ciddi, konkret və yetərli sübutlar mövcud olmalıdır. Istinadı bəlli olmayan, ehtimallara və ya adi risk qiymətləndirilməsinə görə qərar qəbul edildikdə, eləcə də konkret dəlil olmadan, yaxud ziddiyyətli dəlillərə əsaslanıldığı hallarda əsaslı şübhə yaranmaz. Beləliklə, “obyektiv hallardan yaranan əsaslı şübhə” iddia olunan qanunsuz hərəkətə (topdansatış əməliyyatının pərakəndə satış kimi rəsmiləşdirilməsi) dair mübahisə üzrə mövcud olan obyektiv halların məcmusundan yaranan əsaslı şübhəyə əsaslanmalı, sırf inzibati rahatlıq məqsədilə və ehtimallarla həyata keçirilməməlidir.

47. Bu baxımdan, “ağlabatanlıq meyarları” şübhənin sadəcə inzibati ehtimaldan hüquqi əsaslı şübhəyə keçidini təmin edən əsaslar kimi çıxış edir. Məhz “ağlabatanlıq meyarları”nın tətbiqi vergi orqanları tərəfindən irəli sürülən əməliyyatın düzgün şəkildə rəsmiləşdirilmədiyinə dair ehtimalların obyektiv və yoxlana bilən faktlara söykənən, birbirini tamamlayan göstəricilərlə dəstəklənən, iqtisadi məntiqə uyğun gələn, alternativ izahla zəiflədilməyən, proporsional və hüquqi prosedurlarla qorunan hallarda hüquqi əsaslı şübhəyə çevirilməsinə imkan verir. Ağlabatanlıq meyarları tətbiq edilərək ehtimallardan aşağıdakı hallarda “əsaslı şübhə” formalaşa bilər: Malların xüsusiyyəti və istifadə təyinatı – şəxsi istehlak üçün qeyri-mümkün görünən malın təqdim edilməsi. Formalaşmış bazar münasibətləri və işgüzar adətlər nəzərə alındıqda neytral kənar şəxsin və ya obyektiv müşahidəçinin nəzərindən baxıldıqda inandırıcılıq. Burada sadəcə malın sayı deyil, malların istehlak məntiqi nəzərə alınmalıdır. Əməliyyatların təkrarlılığı və qısa fasilələrlə aparılması – az müddət ərzində dəfələrlə böyük həcmdə alış. Alıcının kimliyi – mümkün olduqda alıcının vergi ödəyicisi olub-olmamasının və aldığı malın onun sahibkarlıq fəaliyyəti ilə əlaqəsinin müəyyənləşdirilməsi. Satıcının təsərrüfat subyektinin xüsusiyyəti və yerləşməsi – vergi ödəyicisinin malın satışını həyata keçirdiyi təsərrüfat subyektinin xüsusiyyəti, yerləşmə yeri və təyinatının pərakəndə satışa uyğunluq baxımından qiymətləndirilməsi. Satıcının tətbiq etdiyi ticarət əlavəsi (marja) – topdan və pərakəndə qiymətlər arasındakı fərqin araşdırılması. Əməliyyatın həcmi – həyatın adi axarında formalaşmış vərdişlər baxımından pərakəndə satışın həcminə uyğun gəlməyən, şəxsi istehlak üçün qeyri-mümkün görünən sayda mal alınması.

48. Beləliklə, vergi ödəyicisinin satış zamanı nəzarət-kassa aparatından istifadə etməsi özlüyündə onun həyata keçirdiyi bütün əməliyyatların pərakəndə satış kimi qiymətləndirilməsi üçün kifayət deyildir. Eyni qaydada, vergi ödəyicisinin fəaliyyətinin bir hissəsini topdansatış, digər hissəsini isə pərakəndə satış formasında həyata keçirməsi də pərakəndə satış kimi rəsmiləşdirilmiş konkret əməliyyatların faktiki olaraq topdansatış xarakteri daşıdığı barədə avtomatik nəticəyə gəlməyə əsas vermir. Qanunvericilik eyni təsərrüfat subyektində malların həm pərakəndə, həm də topdansatış qaydasında təqdim edilməsini mümkün hesab edir və belə halda onların uçotunun ayrılıqda aparılmasını nəzərdə tutur.

49. Bu baxımdan, əməliyyatın pərakəndə və ya topdansatış xarakterinin müəyyən edilməsi vergi ödəyicisinin ümumi fəaliyyət formasından və ya əməliyyatın yalnız hansı sənədlə rəsmiləşdirilməsindən deyil, hər bir konkret əməliyyatın faktiki və hüquqi xüsusiyyətlərindən çıxış etməklə həyata keçirilməlidir. Vergi qanunvericiliyində də fərqləndirmənin əsas meyarlarından biri malın alıcıya hansı məqsədlə təqdim edilməsidir: son istehlak məqsədilə təqdimetmə pərakəndə, alıcının sahibkarlıq fəaliyyəti məqsədilə təqdimetmə isə topdansatış anlayışı ilə əlaqələndirilmişdir.

50. Odur ki, belə mübahisələrə baxılarkən məhkəmələr ilk növbədə, vergi orqanının pərakəndə satış kimi rəsmiləşdirilmiş konkret əməliyyatları hansı faktiki hallara və sübutlara əsaslanaraq topdansatış əməliyyatları kimi qiymətləndirdiyini müəyyən etməlidir. Bundan sonra vergi orqanının istinad etdiyi həmin hallar yuxarıda göstərilən meyarlar, o cümlədən malın əldə edilmə məqsədi, alıcının statusu, malların miqdarı və xarakteri, əməliyyatların təkrarlanması, onların sənədləşdirilmə üsulu və iş üzrə müəyyən edilmiş digər obyektiv hallar baxımından məcmu şəkildə qiymətləndirilməlidir.

51. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə bu istiqamətdə apellyasiya instansiyası məhkəməsi hərtərəfli araşdırma aparmadan qərar qəbul etmişdir.

52. Bundan əlavə, vergi orqanı pərakəndə satış adı altında təqdim edilmiş əməliyyatlara iddiaçının topdan satışda tətbiq etdiyi ticarət əlavəsini tətbiq etmişdir. Bununla bağlı nəzərə alınmalıdır ki, hətta iddiaçının topdan satışla məşğul olması həqiqət olsa belə, öz-özlüyündə həmin əməliyyatlar üzrə satış qiymətinin və ya ticarət əlavəsinin məbləğinin digər əməliyyatın dəyərinə münasibətdə müəyyən edilməsi üçün kifayət deyil.

53. Belə ki, eyni vergi ödəyicisinin həyata keçirdiyi ayrı-ayrı topdansatış əməliyyatlarında belə malların satış qiymətinin və tətbiq edilən ticarət əlavəsinin eyni olması zəruri deyildir. Ticarət münasibətlərində qiymət və ticarət əlavəsi satılan malın miqdarı və çeşidi, sifarişin ümumi həcmi, alıcı ilə mövcud kommersiya münasibətlərinin davamlılığı, alıcının müntəzəm və ya iri həcmdə alış həyata keçirməsi, ödəniş şərtləri və müddəti, malların çatdırılması ilə bağlı şərtlər, satışın həyata keçirildiyi dövrdə bazar vəziyyəti, malların realizə edilməsinin sürəti və digər iqtisadi-kommersiya amillərindən asılı olaraq fərqlənə bilər. Bu səbəbdən, eyni növ fəaliyyət çərçivəsində həyata keçirilən əməliyyatların hamısına vahid ticarət əlavəsinin tətbiq edildiyini əvvəlcədən qəbul etmək iqtisadi münasibətlərin mahiyyətinə uyğun deyildir.

54. Bu baxımdan, vergi orqanının pərakəndə satış kimi rəsmiləşdirilmiş əməliyyatların əslində topdan satış olduğunu müəyyən etməsi həmin əməliyyatlara iddiaçının digər topdan satış əməliyyatlarında tətbiq etdiyi ticarət əlavəsinin mexaniki şəkildə şamil edilməsinə əsas vermir. Belə nəticəyə gəlmək üçün vergi orqanı müqayisə edilən əməliyyatların iqtisadi və kommersiya şərtlərinin əhəmiyyətli dərəcədə oxşar olduğunu, seçilmiş ticarət əlavəsinin məhz mübahisəli əməliyyatlara tətbiq edilməsinin obyektiv iqtisadi əsaslara söykəndiyini müəyyən etməlidir.

55. Əks halda, vergi orqanının hesablaması faktiki müəyyən edilmiş göstəriciyə deyil, bir əməliyyatlar qrupu üzrə mövcud olan ticarət əlavəsinin digər əməliyyatlar qrupuna da eyni qaydada tətbiq edildiyi ehtimalına əsaslanmış olur. Vergi öhdəliyinin məbləğinin müəyyən edilməsində isə əməliyyatın topdan satış kimi yenidən təsnif edilməsi ilə həmin əməliyyat üzrə əldə edilmiş gəlirin məbləğinin müəyyən edilməsi arasında ayrıca əsaslandırılmış əlaqə qurulmalıdır. Başqa sözlə, vergi orqanı yalnız satışın topdan xarakter daşıdığını deyil, həm də məhz tətbiq etdiyi ticarət əlavəsinin konkret mübahisəli əməliyyatlar üçün əsaslı göstərici olduğunu ortaya qoymalıdır.

56. Eyni zamanda, bu əməliyyatların dəyərinə digər oxşar əməliyyatlardakı dəyərin tətbiq edilməsinin mümkünlüyü həm də Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin vergilərin hesablandığı dövr üzrə qüvvədə olan redaksiyaları nəzərə alınmaqla qiymətləndirilməlidir. Həmin normanın ##.##.2019-cu il tarixdən qüvvədə olan redaksiyasına əsasən, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə, həmin normanın ##.##.2022-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə bazar qiyməti tətbiq edilə bilər.

57. Hazırkı iş üzrə cavabdeh tərəfindən vergilər Vergi Məcəlləsinin 14.3.3-cü maddəsində nəzərdə tutulmuş qaydada bazar qiyməti tətbiq edilməklə hesablanmasa da, Məcəllənin 14.3.3-cü maddəsində təsbit edilmiş yanaşma mübahisəli əməliyyatların dəyərinin müəyyən edilməsi baxımından nəzərə alınmalıdır. Belə ki, həmin normanın müxtəlif dövrlərdə qüvvədə olmuş redaksiyalarının məzmunundan görünür ki, vergi qanunvericiliyinin özü eyni vergi ödəyicisinin, eyni xüsusiyyətli və ya eyni cinsli malları müxtəlif qiymətlərlə təqdim etməsini mümkün iqtisadi hal kimi qəbul edir və qiymətlər arasındakı hər bir fərqi özlüyündə vergitutma məqsədləri üçün müdaxilə əsası hesab etmir.

58. Belə yanaşma, ##.##.2019-cu ilədək qüvvədə olmuş redaksiyada da özünü göstərmişdir. Həmin dövrdə qanunverici 30 gün ərzində vergi ödəyicisinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara tətbiq etdiyi qiymətlərin səviyyəsinin 30 faizdən çox aşağı və ya yuxarı dəyişməsini ayrıca hüquqi əhəmiyyət daşıyan hal kimi müəyyən etmişdir. Sonrakı redaksiyalarda isə müqayisə meyarı bazarda eyni (analoji) mallar üzrə müvafiq əməliyyatlar zamanı formalaşan qiymətlərə bağlanmış, bununla yanaşı, qanunverici yenə də müəyyən həddə qədər qiymət fərqliliyinin mövcudluğunu qəbul etmişdir. ##.##.2022-ci ildən topdansatış ticarət fəaliyyəti üzrə həmin həddin 10 faiz müəyyən edilməsi də eyni yanaşmanın davamı kimi çıxış edir.

59. Bu normalar hazırkı işdə bazar qiymətinin müəyyən edilməsi qaydasında birbaşa tətbiq edilməsə də, onların əsasında duran qanunvericilik yanaşması mühüm əhəmiyyət daşıyır. Belə ki, qanunvericinin eyni və ya eynicinsli malların qiymətlərinin müəyyən hədlər daxilində fərqlənə biləcəyini əvvəlcədən qəbul etdiyi bir şəraitdə, vergi ödəyicisinin digər topdansatış əməliyyatlarında tətbiq etdiyi qiymətin və ya ticarət əlavəsinin mübahisəli əməliyyatlara avtomatik şəkildə tətbiq edilməsi əsaslı sayıla bilməz.

60. Əks yanaşma, faktiki olaraq eyni vergi ödəyicisinin, eyni və ya oxşar mallar üzrə bütün topdan satış əməliyyatlarını eyni qiymətlə və yaxud eyni ticarət əlavəsi ilə həyata keçirməli olduğu prezumpsiyasından çıxış etmiş olardı. Əksinə, Vergi Məcəlləsinin 14.3.3-cü maddəsi qiymət fərqliliyinin mümkünlüyünü qəbul edir.

61. Bu baxımdan, mübahisəli satışların pərakəndə deyil, faktiki olaraq topdan satış olması müəyyən edilsə belə, bu fakt həmin satışlarda iddiaçının digər topdan satış əməliyyatlarında tətbiq etdiyi ticarət əlavəsinin eynilə tətbiq edildiyini sübut etmir. Vergi orqanı belə ticarət əlavəsindən hesablama göstəricisi kimi istifadə etdikdə, müqayisə edilən əməliyyatların, qiymətin formalaşmasına təsir göstərən şərtlər baxımından müqayisə edilə bilən olduğunu ayrıca əsaslandırmalıdır. Əks halda, digər əməliyyatlarda tətbiq edilmiş ticarət əlavəsinin mübahisəli əməliyyatlara şamil edilməsi faktiki müəyyən edilmiş qiymətə deyil, bütün oxşar topdan satışlarda eyni ticarət əlavəsinin tətbiq edildiyi barədə ehtimala əsaslanmış olur.

Digər qeydlər

62. Mübahisələndirilən qərarla iddiaçıya həm də Vergi Məcəlləsinin 57.1 (vergi hesabatının vaxtında təqdim edilməməsinə görə), 58.6 (ƏDV məbləğinin gec ödənilməsi), 58.7-1 (Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə) maliyyə sanksiyaları tətbiq edilmişdir.

63. Işə baxan birinci instansiyası məhkəməsi tətbiq edilən maliyyə sanksiyalarının qanuniliyi istiqamətində hər hansı qiymətləndirmə aparmamış, apellyasiya instansiyası məhkəməsi də bu hala qiymət verməmiş, habelə özü də qərarında bu məsələyə münasibət bildirmədən iddianın tam həcmdə əsaslı olması nəticəsinə gəlmişdir.

64. Bundan əlavə, səyyar vergi yoxlaması aktına əsasən, iddiaçıya ƏDV pərakəndə satış-topdan satış əsasından başqa digər hallara görə də ƏDV hesablanmışdır. Belə ki, aktda qeyd edilmişdir ki, “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” qərar ilə İddiaçı MMC-yə məxsus AZ2008, ünvan 1 ünvanında yerləşən obyektində əsas vəsaitlərin, xammal və materialların, hazır məhsulların, nağd pul vəsaitlərinin, habelə digər sərvətlərin inventarizasiyası aparılmışdır. Əmtəə-material ehtiyatlarının, əmlakın faktiki mövcudluğu haqqında məlumatları özündə əks etdirən “Əmlakın və digər qiymətlilərin inventarizasiyası” barədə ##.##.2024-cü il tarixli akt tərtib olunmuşdur. Cəmiyyətin rəhbəri tərəfindən ##.##.2022-ci il tarixdə təqdim edilmiş iltizama əsasən cəmiyyətin sahibliyində ##.##.2024-cü il tarixə ünvan 1 ünvanında yerləşən anbarda alış dəyəri ilə 236.214,71 manat (iki yüz otuz altı min iki yüz on dörd manat yetmiş bir qəpik) məbləğində satışa yararlı, 26.546,24 manat (iyirmi altı min beş yüz qırx altı min manat iyirmi dörd qəpik) məbləğində xarab olmuş, 22.706,4 manat (iyirmi iki min yeddi yüz altı min manat qırx qəpik) məbləğində istifadə müddəti ötmüş mal qalığı olmuşdur. Səyyar vergi yoxlaması zamanı keçirilmiş inventarizasiyanın nəticələri təhlil edilmiş, vergi ödəyicisi tərəfindən ##.##.2024-cü il tarixli **************** nömrəli, ##.##.2024-cü il tarixli **************** nömrəli və ##.##.2024-cü il tarixli **************** nömrəli məktublarla səyyar vergi yoxlamasına təqdim edilən mal hərəkəti cədvəllərinə əsasən ##.##.2020-ci il tarixə müəssisənin sahibliyində cəmi 220.543,54 manat mal qalığı olmuşdur. Yoxlama dövründə elektron qaimə-faktura ilə alınmış və təqdim edilmiş mallar, yoxlama dövrünün sonundan inventarizasiya zamanı aşkar edilmiş malların siyahısının tarixinədək olan dövr üzrə elektron qaimə-faktura ilə alınmış və təqdim edilmiş mallar nəzərə alınmaqla, ümumilikdə 345.760,94 manat məbləğində malların əskik gəldiyi müəyyən edildmişdir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə, əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə, vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Səyyar vergi yoxlaması ilə keçirilmiş inventarizasiya zamanı malların əskik gəlməsi kimi müəyyən edilən 345.760,94 manat məbləğ, yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü, yəni 2023-cü ilin noyabr ayına əlavə edilməklə hesablama aparılmışdır. Eyni zamanda, vergi ödəyicisi tərəfindən yoxlanılan dövrdə Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə düzgün əməl olunmaması səbəbindən, yoxlanılan dövrün ayları üzrə kənarlaşmalar müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş bəyannamələr bank hesablarından daxil olmuş məlumatlar və yoxlama zamanı təqdim edilmiş sənədlərlə yoxlanılmış və yoxlanılan dövr üzrə ümümilikdə ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan dövriyyənin 214.404,45 manat (ƏDV-siz) çox, 1.158.448,9 manat az hesablandığı müəyyən edilmişdir. Bundan başqa, yoxlanılan dövr üzrə Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə uyğun olaraq, 2021-ci il üzrə 15.299,51 manat, 2022-ci il üzrə 8.758,13 manat, 2023-cü ilin yanvar ayından noyabr ayınadək 286.736,92 manat, ümumilikdə 310.794,56 manat ƏDV məbləğinin əvəzləşdirilmədiyi müəyyən olunaraq aylar üzrə müvafiq düzəlişlər aparılmışdır. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən həyata keçirilmiş əvəzləşmələrin Vergi Məcəlləsinin tələblərinə uyğunluğu araşdırılmış və vergi qanunvericiliyinin tələblərinə müvafiq olaraq dürüstləşdirilməsi təmin edilmişdir.

65. Həmçinin, mübahisələndirilən qərarla MÖMV, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə də 0,14 manat əlavə vergi hesablamışdır.

66. Lakin qeyd olunan hallara dair də apellyasiya instansiyası məhkəməsi hər hansı araşdırma və qiymətləndirmə aparmamışdır.

67. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, onun xidməti vəzifəsindən irəli gəlir.

68. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçılara aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.

69. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən qərar ləğv edilməli, IPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş təkrar apellyasiya baxışına qaytarılmalı, əlavə araşdırmaya zərurət olduğundan iddianın rədd edilməsi hissəsində şikayət təmin edilməməlidir.

71. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar