Məhkəmə qərarları › İş №2-1(102)-3200/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3200/2025

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3200/2025 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı İlham oğlunun cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınma tarixinin dəyişdirilməsi üçün əsasın müəyyən olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı İlham oğlunun cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınma tarixinin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçıya ilkin olaraq ##.##.2016-cı il tarixdən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, əlillik müddəti bitdikdən sonra onun əlilliyi yenidən müəyyən edilmədiyindən bununla bağlı məhkəmədə qaldırdığı iddia yekun məhkəmə qərarı ilə təmin edilmişdir.

2. ##.##.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra edilərək iddiaçıya ##.##.2021-ci il tarixdən ##.##.2026-cı il tarixədək ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir.

3. İddiaçı ##.##.2023-cü il tarixdə ərizə ilə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək, onun ikinci dərəcə əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasını xahiş etmişdir.

4. Cavabdehin ##.##.2023-cü il tarixli, **** nömrəli sərəncamına əsasən iddiaçı ümumi xəstəliyə görə ikinci dərəcə əlil kimi 3 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır.

5. Daha sonra iddiaçı cavabdehə yenidən müraciət edərək, mənzil uçotuna alındığı tarixin dəyişdirilərək ona əlillik dərəcəsinin təyin olunduğu ##.##.2021-ci il tarixə keçirilməsini xahiş etmişdir.

6. Cavabdehin ##.##.2024-cü il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina edildiyi bildirilmiş və imtina onunla əsaslandırılmışdır ki, iddiaçının gözdən ikinci dərəcə əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün təqdim etdiyi sənədləri və ##.##.2023-cü il tarixli müraciəti nəzərə alınaraq, o, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının ##.##.2023-cü il tarixli, **** nömrəli sərəncamı ilə yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. Qeyd edilənlərə əsasən mənzil növbəsinin ##.##.2021ci il tarixə keçirilməsi barədə müraciətin müsbət həlli mümkün olmamışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ikinci dərəcə əlil kimi ##.##.2021-ci il tarixdən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təqsiri nəticəsində əlilliyin təyin edilməsi gecikdirilmişdir. Belə olan halda, ona ##.##.2021-ci il tarixdən əlillik təyin edildiyindən, həmin tarixdən də gözdən əlil kimi mənzil növbəsinə götürülməlidir. Hesab edir ki, bununla bağlı müraciətinin təmin olunmasından cavabdehin imtinası əsassız və qanunsuzdur.

9. Cavabdeh iddiaya qarşı etirazında imtinasının dəlillərinə istinad edərək iddianın təmin olunmamasını xahiş etmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Könül Həbibova) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. İddiaçı cavabdehə müraciətinin olmasını bildirsə də, bu hal onun tərəfindən heç bir fakt, sənədlə sübut edilməmiş, məhkəmənin sorğusu əsasında da müvafiq sənədlər aşkar edilməmişdir.

12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Hökümə Babayeva /sədrlik edən və məruzəçi/, Toğrul Axundov və Vahid Hacıyev) ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 51.3-cü maddəsinin tələbindən göründüyü kimi, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların özlərinin könüllü iradə ifadəsinə əsaslanmaqla, onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri ərizələri əsasında həyata keçirilir. Yəni vətəndaş hansı tarixdən mənzil uçotuna alınmaq niyyətindədirsə, həmin tarixdə bununla bağlı iradəsini bəyan edərək icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməlidir. İşdən görünür ki, iddiaçı da bu formada iradə ifadəsini yalnız ##.##.2023cü il tarixdə bəyan edərək cavabdehə müraciət etmiş və qanunvericiliyin tələbinə uyğun qaydada o həmin tarixdən uçota alınmışdır. İddiaçı dəlillərində mənzil uçotuna alınması ilə bağlı ilk dəfə cavabdehə 2017-ci ildə müraciət etdiyini bildirsə də, həmin birinci, həm də apellyasiya instansiya məhkəməsinin bununla bağlı sorğusuna cavab olaraq cavabdehin ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli məktublarından görünür ki, aparılmış araşdırma zamanı iddiaçının 2017-2018-ci illərdə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi tələbi barədə hər hansı məlumat aşkarlanmamışdır. İddiaçı ##.##.2023-cü il tarixdə cavabdehə ünvanlamış olduğu müraciəti və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə əlaqədar qanunvericiliyinə uyğun olaraq toplanmış müvafiq sənədlər əsasında cavabdehin ##.##.2023-cü il tarixli, **** nömrəli sərəncamına əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Göründüyü kimi məhkəmə araşdırması nəticəsində iddiaçının mənzil uçotuna alınmasını tələb etdiyi tarixədək cavabdehə müraciəti aşkar edilməmiş, iddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sənəd və ya sübut təqdim edilməmişdir. Qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 53.1 və 53.1.1-ci maddələri, Məcəllənin 51.4cü maddəsində nəzərdə tutulmuş sənədlərin (o cümlədən, mənzil uçotuna alınması ilə bağlı ərizə) təqdim edilmədiyi halda, vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasından imtinaya yol verir. Nəzərə almaq lazımdır ki, hazırkı iddia növünə görə məcburetmə haqqında iddiadır. Məcburetmə haqqında iddialar üzrə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də, kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamışdır, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri).

15. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

kassasiya şikayətinin dəlilləri

16. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir.

kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Maddə 3.2. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Maddə 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Maddə 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla);

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi onun yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınma tarixinin daha əvvəlki tarixə - ona müvafiq əlillik dərəcəsinin təyin edildiyi ##.##.2021-ci il tarixə dəyişdirilməsinə nail olmaqdan ibarətdir.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.

29. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar