Məhkəmə qərarları › İş №2-1(102)-3202/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3202/2025

10.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3202/2025 10.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (“qərarın ləğv edilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ## ### 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı MMC-ə 18.571,55 manat 2019-cu ilin mənfəət vergi üzrə vergi borcu hesablanmışdır.

2. Cavabdehin ## #### 2023-cü il tarixli qərarından görünür ki, əvvəlki qərar ləğv edilmiş, iddiaçı barəsində 2.832,19 manat məbləğində vergi borcunun hesablanması qərara alınmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ## ### 2022-ci il tarixli **************** saylı qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ## #### 2023-cü il tarixli **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 18571,55 manat vergi borcu hesablanmışdır. 2015-ci il üzrə iddiaçının zərəri sonrakı dövrlər ərzində Cəmiyyətin əldə etdiyi mənfəət hesabına VM-nin 121.1-ci maddəsinə əsasən kompensasiya edilmişdir. Vergi orqanı tərəfindən aparılan hesablamaya əsasən 2020-ci il üçün 2015-ci il fəaliyyəti üzrə kompensasiya edilməyən məbləğ 64.661,00 manat və 2016-cı il üzrə 141.632,49 manatlıq kompensasiya edilməyən məbləğin Cəmiyyətin 2015 və 2016-cı illərdə baş vermiş olan devalvasiyası nəticəsində yaranmış olduğunu, həmin məbləğin də bilavasitə cəmiyyətin fəaliyyəti ilə bağlı olmadığı və VM-nin tələbinə əsasən növbəti illərin kompensasiya edilməli olduğunu bildirsək də, vergi orqanı tərəfindən buna məhəl qoyulmamışdır. Bu isə, qeyd edilən 206.632,49 manat məbləğin vergi orqanı tərəfindən hesablanması zamanı vergitutma obyektinin nə olduğu sualını haqlı olaraq ortaya çıxarmaqdadır. 2019-cu ildə 2015 və 2016-cı il tarixlərində yaranmış olan zərərin məbləğinin 2017-2019-cu illərdə əldə edilmiş mənfəət hesabına edilə bilməməsi, 2020-ci ildə vergi ilinin mənfəət ilə həmin zərər məbləğinin kompensasiya edilməsi və 2020-ci ildə əldə edilən mənfəətdən sahibkarlara edilmiş 75 faiz güzəştlə vergi borcu Cəmiyyət tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Hesab edir ki, vergi orqanı tərəfindən 2019-cu il üçün Cəmiyyət tərəfindən zərərlə başa vurulduğu halda kameral vergi yoxlaması aparılaraq vergi borcunun hesablanması barədə qərar qəbul edilməsinin əsası yoxdur.

6. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş 2019-cu il cari mənfəət vergisi bəyannaməsinin 240-cı sətrdinə 2015-ci il ürə zərər məbləği 618911,15 manat, 2016-cı il üzrə 141971,49 manat qeyd edildiyi, lakin vergi ödəyicisi tərəfindən 2015-ci ilə aid zərərin 216513,53 manat hissəsi 2017-ci il üçün təqdim edilmiş mənfəət vergi bəyannaməsindəedilən mənfəətin məbləği isə 124.631,13 manat olduğu müəyyən edilir.. Beləliklə müəssisənin 2015-ci və 2016-cı illər üzrə məruz qaldığı zərərin ümumi məbləği 760,882,64 manat, 2017-2019-cu illər üçün mənfəəti isə ümumilikdə 554.250,16 manat təşkil edir. Həmçinin, vergi ödəyicisinin dövriyyəsinin 2.125,634,05 manat göstərilməklə vergi orqanına hər hansı bir sənəd təqdim edilmədiyi göstərilsə də, dövriyyəni təşkil edən e-qaimələr və fiskal çeklər üzrə ümumi dövriyyə məbləğinin vergi ödəyicisinin bəyannamədə göstərilən dövriyyəsi ilə eynilik təşkil etdiyi müəyyən edildi. Eyni zamanda nəzərə alınmalıdır ki, iş üzrə ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə vergi hesablamasının düzgün olmaması müəyyən edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə hesab edir ki, ekspert rəyin nəticəsinə görə iddiaçıya cavabdeh vergi orqanı tərəfindən hesablanmış mənfəət vergisinin düzgün hesablanması halı öz təsdiqini tapmamışdır. Həmin rəyin mötəbərliyinə də hər hansı şübhə mövcud deyildir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) 2025-ci il ## ###### tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2023-cü il tarixli **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarın ləğv edilməsi, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində prosessual xərcin X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE00000000000002088501 hesaba ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 2015-ci il üzrə müəssisənin zərərini sonrakı dövrlər üzrə (2017,2018,2019) cəmiyyətin mənfəəti hesabına VM-nin 121.1-ci maddəsinə əsasən kompensasiya etmişdir. Belə ki, müəssisənin fəaliyyəti nəticəsində 2015-ci və 2016-cı illər üzrə məruz qaldığı zərərin ümumi məbləği 760.882,64 manat təşkil edir. Zərərin məbləğinin 618.911,15 manatlıq məbləği 2015-ci ilin zərəri kimi, 141.971,49 manatlıq məbləği isə 2016-cı ilin zərəri kimi hesablanmaqdadır. 2017-ci il tarixində müəssisəninn fəaliyyəti nəticəsində əldə etdiyi mənfəətin məbləği 206.513,53 manat, 2018-ci il üçün əldə edilən mənfəətin məbləği isə 124.631,13 manat olduğu müəyyən edilir.. Beləliklə müəssisənin 2015-ci və 2016-cı illər üzrə məruz qaldığı zərərin ümumi məbləği 760,882,64 manat, 2017-2019-cu illər üçün mənfəəti isə ümumilikdə 554.250,16 manat təşkil edir. Həmçinin, vergi ödəyicisinin dövriyyəsinin 2.125,634,05 manat göstərilməklə vergi orqanına hər hansı bir sənəd təqdim edilmədiyi göstərilsə də, dövriyyəni təşkil edən e-qaimələr və fiskal çeklər üzrə ümumi dövriyyə məbləğinin vergi ödəyicisinin bəyannamədə göstərilən dövriyyəsi ilə eynilik təşkil etdiyi müəyyən edildi. Eyni zamanda nəzərə alınmalıdır ki, iş üzrə ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə vergi hesablamasının düzgün olmaması müəyyən edilmişdir.

9. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və C.B.Məmmədov) 2025-ci il ## #### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçı əvvəlki illər üzrə zərərini sonrakı dövrlər üzrə mənfəəti hesabına Azərbaycan Respublikası Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən kompensasiya etmişdir. Belə ki, iddiaçının fəaliyyəti nəticəsində məruz qaldığı zərərin məbləği 2015-ci il üzrə 618.911,15 manat, 2016-cı il üzrə isə 141.971,49 manat olmaqla, ümumilikdə 760.882,64 manat təşkil edir. 2017-ci il üzrə iddiaçının fəaliyyəti nəticəsində əldə etdiyi mənfəətin məbləği 206.513,53 manat, 2018-ci il üzrə 223.105,50 manat, 2019-cu il üzrə isə 124.631,13 manat olmaqla, ümumilikdə 554.250,16 manat təşkil edir. Göründüyü kimi, əvvəlki illər üzrə (2015-2016-cı illər) zərərin məbləği mübahisələndirilən vergi məbləğinin hesablandığı dövr (2019-cu il) də daxil olmaqla, 2017-2019-cu illər üzrə mənfəətin məbləğindən çox olmuşdur.

12. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş və qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a) kassasiya şikayətlərinin dəlilləri

13. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda olub, apellyasiya şikayətinə uyğun şəkildə əsaslandırılmışdır.

b) kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri

14. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 23.1.1. Vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Maddə 121.1. Müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir.

16. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

21. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

22. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ## ### 2022-ci il tarixli qərarla İddiaçı MMC-ə 18.571,55 manat 2019-cu ilin mənfəət vergi üzrə vergi borcu hesablanmışdır. Cavabdehin ## #### 2023-cü il tarixli qərarından görünür ki, əvvəlki qərar ləğv edilmiş, iddiaçı barəsində 2.832,19 manat məbləğində vergi borcunun hesablanması qərara alınmışdır. İddiaçının hüquqi marağı qeyd olunan qərarın ləğv edilməsindən ibarətdir.

24. Apellyasiya instansiya məhkəməsi tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı əvvəlki illər üzrə zərərini sonrakı dövrlər üzrə mənfəəti hesabına Azərbaycan Respublikası Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən kompensasiya etmişdir. Belə ki, iddiaçının fəaliyyəti nəticəsində məruz qaldığı zərərin məbləği 2015-ci il üzrə 618.911,15 manat, 2016-cı il üzrə isə 141.971,49 manat olmaqla, ümumilikdə 760.882,64 manat təşkil edir. 2017-ci il üzrə iddiaçının fəaliyyəti nəticəsində əldə etdiyi mənfəətin məbləği 206.513,53 manat, 2018-ci il üzrə 223.105,50 manat, 2019cu il üzrə isə 124.631,13 manat olmaqla, ümumilikdə 554.250,16 manat təşkil edir.

25. Göründüyü kimi, əvvəlki illər üzrə (2015-2016-cı illər) zərərin məbləği mübahisələndirilən vergi məbləğinin hesablandığı dövr (2019-cu il) də daxil olmaqla, 2017-2019-cu illər üzrə mənfəətin məbləğindən çox olmuşdur.

26. Həmçinin iş materiallarında olan məhkəmə mühasibatlıq ekspertizasının rəyində də qeyd olunmuşdur ki, cavabdeh tərəfindən vergi ödəyicisinin dövriyyə məbləğinin 2.125,634,05 manat göstərilməklə bağlı vergi orqanına hər hansı bir sənəd təqdim edilmədiyi göstərilsə də, dövriyyəni təşkil edən e-qaimələr və fiskal çeklər üzrə ümumi dövriyyə məbləği vergi ödəyicisinin bəyannamədə göstərilən dövriyyəsi ilə eynilik təşkil edir. Vergi ödəyicisinin tərtib etdiyi bəyannamə məlumatlarına, e-qaimələr, fiskal çek məlumatlarına əsasən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə cavabdeh tərəfindən ## #### 2023-cü il tarixli **************** saylı qərar ilə əlavə hesablanmış mənfəət vergisinin düzgünlüyü müəyyən olunmamışdır.

27. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## #### tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar