Məhkəmə qərarları › İş №2-1(102)-3208/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3208/2025

23.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3208/2025 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunu kimi mənzillə təmin olunma, fasiləsiz və təxirəsalınmaz sosial ehtiyac Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI

1. ##.##.1995-ci il təvəllüdlü İddiaçı ##.##.2002-ci il tarixində yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün * nömrəli Internat tipli xüsusi ümumtəhsil məktəbinə qəbul edilmiş, ##.##.2012-ci il tarixdə həmin məktəbin 10-cu sinfini bitirmişdir.

2. Iddiaçı valideyn himayəsindən məhrum uşaq kimi mənzillə təmin olunması barədə cavabdehə müraciət etmiş, cavabdeh ##.##.2024-cü il tarixli məktubu ilə müraciətin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2021-ci il tarixli ***s nömrəli Sərəncamına əsasən, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış qeyd edilən Sərəncama uyğun kateqoriyadan olan 2020-ci ildə uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Elm və Təhsil Nazirliyinin ## ######## 2019-cu il tarixli məktubuna əsasən o, 2002-ci il tarixdə Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Respublika yardımçı internat məktəbinin (indiki sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün * nömrəli Respublika xüsusi internat məktəbi) 1-ci sinfinə qəbul edilmiş və 2011-ci ildə internat məktəbindən anasına təhvil verilmişdir. Onun internat məktəbindən valideyninə təhvil verilməsi səbəbindən yuxarıda qeyd edilən Sərəncama əsasən mənzillə təmin edilməsi nəzərdə tutulmur.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki Inzibati Məhkəməsinə müraciət edərək, onun növbəlilik qaydasında mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1995-ci ildə anadan olmuş və ##.##.2002-ci il tarixli, *** nömrəli əmrlə yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün Respublika Yardımçı Internat Məktəbinin (hazırda * saylı Internat tipli xüsusi ümumtəhsil məktəbi) 1-ci sinfinə qəbul edilmiş, 2012-ci ildə isə həmin məktəbin 10-cu sinfini məzun kimi bitirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ***s saylı Sərəncamına əsasən, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış, bu kateqoriyaya aid edilən və 2020-ci ildə uçota götürülmüş şəxslər, eləcə də sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslər və sosial xidmət müəssisələrinin, eləcə də təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməlidirlər. O, valideyn himayəsindən məhrum olmuş uşaq kimi bu kateqoriyaya aid olduğunu əsas gətirərək, növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməli olduğunu bildirir. Lakin cavabdeh orqan ## ##### 2024-cü il tarixli məktubla onun növbəlilik qaydasında mənzillə təmin olunmasından imtina etmişdir. Imtinanın səbəbi kimi onun 2011ci ildə, yəni yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün Respublika Yardımçı Internat Məktəbini məzun kimi bitirmədən əvvəl anasının himayəsinə verildiyi göstərilmiş və bu əsasla onun növbəlilik qaydasında mənzillə təmin olunmaq hüququnun olmadığı bildirilmişdir. Halbuki, o, internat məktəbini 2012-ci ildə məzun kimi bitirmiş və bunu təsdiq edən müvafiq sübutları – * saylı internat tipli xüsusi ümumtəhsil məktəbinin məzunu olmasına dair şəhadətnamənin surətini və internat məktəbinin arayışını iddia ərizəsinə əlavə etmişdir. Odur ki, cavabdehin imtinasının əsassız sayılması və üzərinə Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ***s saylı Sərəncamına uyğun olaraq, onun növbəlilik qaydasında mənzillə təmin olunması öhdəliyinin qoyulmasını xahiş edir.

5. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, əvvəllər valideyn himayəsindən məhrum olmuş məzunlara mənzil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il # ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “xxxx” Sosial Müəssisəsinin Nizamnaməsi əsasında verilirdi. Adıçəkilən Nizamnamənin 4.2-ci bəndinə uyğun olaraq, Elm və Təhsil Nazirliyi tərəfindən hər tədris ilinin sonunda dövlət uşaq müəssisələrindən həmin il üzrə məzun olmuş şəxslər arasından valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan məzunlar barədə siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunurdu. Azərbaycan Respublikasının ## #### 1999-cu il tarixli “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanununa əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqlar dedikdə, hər iki valideyni aşağıdakı kateqoriyaların hər hansı birinə aid olan şəxslər başa düşülür: məlum olmayan, valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan), ölmüş elan edilən, cəzaçəkmə müəssisələrində cəzasını çəkən, uşaqlarının tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən, qanunla nəzərdə tutulmuş digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslər. Bundan əlavə, bir valideyni vəfat etmiş və digər valideyni orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və ya bu Qanunun birinci hissəsinin dördüncü-onuncu abzaslarında nəzərdə tutulan kateqoriyaların hər hansı birinə aid olan valideyni olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobıl AESdə qəzanın

6. ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ***s nömrəli Sərəncamına əsasən mənzillərin verilməsi nəzərdə tutulmuşdur.

7. Sosial Xidmətlər Agentliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ünvanladığı müraciətə cavab olaraq, Elm və Təhsil Nazirliyinin ## ######## 2019-cu il tarixli, **-**-****/** nömrəli məktubunda iddiaçının 2002-ci ildə Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Respublika Yardımçı Internat Məktəbinin (hazırda Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün * nömrəli Respublika Xüsusi Internat Məktəbi) 1-ci sinfinə qəbul olunduğu, internat məktəbində təlim-tərbiyə aldığı müddətdə müəssisədə gecələdiyi, anası tərəfindən ziyarət edildiyi və 2011-ci ildə valideyninə təhvil verildiyi göstərilmişdir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun tələblərinə əsasən, şəxs valideyni və ya valideynləri tərəfindən sosial xidmət müəssisəsindən götürüldüyü halda, o, artıq valideyn himayəsindən məhrum olmuş uşaq statusundan çıxır. Odur ki, iddiaçının valideyn himayəsindən məhrum edilmiş şəxs statusu artıq mövcud olmadığı üçün, həmçinin Nazirlər Kabinetinin yuxarıda qeyd olunan ## ###### 2021-ci il tarixli ***s nömrəli Sərəncamı ilə əhatə olunmadığından onun əmlak və yaxud yaşayış sahəsi ilə təmin edilməsi qanunvericiliyin tələblərinə ziddir.

8. Şəki Inzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) ## #### 2025-ci il tarixli 2 *(***)- ****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı növbəlilik qaydasında (2019-cu ildə tərtib edilmiş 47 nəfərlik siyahıda müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla) mənzillə təmin edilməsi öhdəliyinin cavabdeh Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsinin əsaslandırması: 9.1. Qanunun məqsədi hüquqi formalizmdən daha çox, mövcud vəziyyətin real faktlar əsasında qiymətləndirilməsinə yönəlmişdir. Belə ki, iddiaçı faktiki olaraq valideyn himayəsindən məhrum olmuş şəxs kimi böyümüşdür (valideyn himayəsindən məhrum olunmuş uşaq kimi internat məktəbində təhsil almış və orada gecələmiş, təhsil aldığı müddət ərzində valideynləri tərəfindən ziyarət edilməmişdir). Valideynlərinin onun tərbiyəsi və hüquqlarının müdafiəsi ilə maraqlanmadığı halda, bu faktın zamanında rəsmi qaydada rəsmiləşdirilməməsi onun hüquqlarını məhdudlaşdırmamalıdır. Yəni uşağın taleyi ilə maraqlanmayan valideynlərə münasibətdə internat məktəbinin rəhbərliyinin və qəyyumluqhimayə orqanlarının hərəkətsizliyi uşaq üçün mənfi hüquqi nəticələr doğurmamalı, dövlətin müdafiə öhdəliyi valideynlərin və ya digər vəzifəli şəxslərin passivliyindən asılı olmamalıdır. Məhkəmə, uşağın mənafeyinin üstünlüyü prinsipini və dövlətin müdafiə öhdəliyini nəzərə alaraq qeyd etmişdir ki, hər bir halda iddiaçının hüquqi statusunu vaxtında, düzgün müəyyən etmək dövlət qurumlarının və internat məktəbi rəhbərliyinin üzərinə düşən öhdəlik olmuşdur. Hazırkı mübahisə ilə bağlı müəyyən edilmiş işin faktiki halları iddiaçının “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun tələblərinə uyğun olaraq “valideyn himayəsindən məhrum olmuş uşaq” statusunda tanınmasını zəruri edir. Faktiki olaraq ##.##.2019-cu il tarixdə iddiaçının adının yer aldığı 47 nəfərlik siyahı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş, bununla da, onun valideyn himayəsindən məhrum olmuş məzun kimi mənzillə təmin olunmaq hüququ 2019-cu ildə tanınmışdır (həmin vaxt “xxxx” Sosial Müəssisəsinin nizamnaməsi qüvvədə idi). Məhkəmə hesab etmişdir ki, iddiaçı, cavabdeh orqandan növbəlilik qaydasında mənzillə təmin olunmasını tələb etməkdə haqlı olmuşdur.

10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: T.H.Həsənov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və Ə.V.Kərimov) ## #### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 12.1. Cavabdeh apellyasiya şikayətində iddiaçının internatda təhsil aldığı müddətdə anası tərəfindən ziyarət edildiyini və 2011-ci ildə valideyninə təhvil verildiyini əsas gətirmişdir. Lakin iş materiallarında olan ##.##.2024-cü il və ##.##.2025-ci il tarixli məktublardan müəyyən edilir ki, iddiaçı 2002-2012-ci illərdə internatda gecələmiş, valideynləri barədə məlumat olmamış, valideynlərinin onu ziyarət etməsi və ya valideyninə təhvil verilməsi barədə hər hansı sənəd mövcud deyil, 2019-cu il tarixli məktubdakı bu məlumatlar isə yalnız müəllimlərin şifahi izahatlarına əsaslanmışdır. Buna görə də cavabdehin dəlilləri mötəbər sübutlarla təsdiq olunmur və iddiaçının valideyni tərəfindən internatdan götürüldüyü sübuta yetirilmir. Internat rəhbərliyinin valideynlik hüququndan məhrumetmə məsələsini qaldırmaması da iddiaçının valideyn himayəsinə qaytarılması kimi qiymətləndirilə bilməz. Belə olan halda, iddiaçı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna uyğun olaraq valideyn himayəsindən məhrum olmuş şəxs statusunu saxlayır və Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ***s nömrəli Sərəncamına əsasən yaşayış sahəsi ilə təmin olunmaq hüququna malikdir.

13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə əsassız olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin * nömrəli internat tipli xüsusi ümumi təhsil məktəbi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli cavab məktubunu Azərbaycan Respublikası Təhsil Nazirliyinin (Elm və Təhsil Nazirliyindən) ##.##.2019-cu il tarixli məktubundan daha mötəbər hesab etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin (Elm və Təhsil Nazirliyindən) sözügedən cavab məktubunda üst qurum olaraq obyektiv araşdırma aparılaraq, səhih məlumatlar toplanmış və cavablandırılmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin * nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinin ##.##.2025ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyindən ünvanlanmış məktub (## ######## 2019-cu il tarixli **-**-****/** nömrəli) müəllimlərin şifahi məlumatına əsasən tərtib edilmişdir. Lakin qeyd olunmalıdır ki, Əsasnaməyə görə, ümumtəhsil internat məktəblərini bitirən uşaqların valideynlərinə təhvil verilməsinin aktlaşdırılması qaydası nəzərdə tutulmamışdır. Baş vermiş struktur dəyişikliyindən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ***s nömrəli Sərəncamının qəbul edilməsindən sonra uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları valideynləri ilə birlikdə yaşasalar belə, süni surətdə bu faktın inkar edilməsinə cəhd etmişlər. Sözügedən tendensiya hazırkı mübahisə üzrə iddiaçıya da şamil edilir. Belə ki, həmin dövrlərdə, yəni 2019-cu ilə qədər həmin müəssisələrdə valideynlərlə görüşlərin qeydiyyatı aparılmamış və arxivləşdirilməmişdir. 2019-cu ildən sonra isə artıq valideynlərlə görüş saatları təyin edilmiş və görüşlər qeydiyyat kitabında əks olunmağa başlanmışdır. Yuxarıda adıçəkilən ***s nömrəli Sərəncamda göstərilən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun tələblərinə əsasən şəxs valideyni və yaxud valideynləri tərəfindən sosial xidmət müəssisəsindən götürüldüyü halda, o, artıq valideyn himayəsindən məhrum olmuş uşaq statusundan çıxması səbəbindən, cavabdeh tərəfindən iddiaçının mənzil təminatının həyata keçirilməsi qanunvericiliyə uyğun deyildir. (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı). Lakin işin qeyd olunan halları apellyasiya məhkəməsi tərəfindən hərtərəfli araşdırılmamış, ##.##.2019-cu il tarixli, **-**-****/** nömrəli məktubun şifahi məlumatlar əsasında tərtib olunduğuna istinad edilərək, həmin sübutun mötəbər olmadığı nəticəsinə gəlinmişdir. Halbuki, 2019-cu ildən əvvəl müvafiq qeydiyyatın aparılmadığını nəzərə alsaq, həmin tarixdən əvvəl ümumtəhsil internat məktəblərini bitirən uşaqların valideynlərinə təhvil verilməsinin təsdiq olunması, yalnız səlahiyyətli orqan (Elm və Təhsil Nazirliyi) tərəfindən aparılan araşdırmalar nəticəsində mümkündür. ##.##.2019-cu il tarixli, **-**-****/** nömrəli məktub üzrə Nazirlik tərəfindən araşdırma aparılmış, müəllimlərin verdiyi məlumatlar əsasında iddiaçının valideynlərinə təhvil verildiyi müəyyən edilmişdir. Həmin dövrdə müvafiq aktlaşdırmanın həyata keçirilmədiyi üçün sözügedən halın yalnız belə məlumatlar əsasında müəyyənləşdirilə bilindiyi halda, məhkəmənin ##.##.2019-cu il tarixli, **-**-****/** nömrəli məktubu, məhz belə qeydiyyat sənədinin mövcud olmamasına istinad edərək mötəbər hesab etməməsi absurddur.

15. Məhkəmə qərarının 35-ci bəndində qeyd olunmuşdur ki: “2019-cu ilə qədər həmin müəssisələrdə valideynlərlə görüşlərin qeydiyyatının aparılmaması və arxivləşdirilməməsi” iddiaçının ziyanına şərh oluna bilməz və bu hal, nəticədə onun hüquqlarını məhdudlaşdırmamalıdır.” Bununla bağlı qeyd olunmalıdır ki, cavabdeh tərəfindən mənzillə təmin edilmə tələbinə münasibətdə imtinanın verilmə səbəbi qeydiyyatın aparılmaması ilə bağlı deyildir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq araşdırma həyata keçirilərək şəxsin valideynlərinə təhvil verilməsi müəyyən olunduğundan, inzibati orqan tərəfindən imtina məktubu göndərilmişdir. Belə ki, şəxslərin məzun evləri ilə təmin edilməsinin dövlətin maliyyə imkanları ilə əlaqədar olduğu nəzərə alınsa, hər bir halda, 2019-cu ilə qədər həmin müəssisələrdə valideynlərlə görüşlərin qeydiyyatının aparılmaması vətəndaşlar tərəfindən sui-istifadə halına çevrilməməlidir. Əks təqdirdə, yalnız qeydiyyat sisteminin mövcud olmamasından sui-istifadə etməklə, faktiki olaraq valideyn himayəsində böyümüş və dövlətin himayəsi ilə təmin olunmasına əsas olmayan şəxslərin bu imkandan yararlanması, nəticə etibarilə sosial ədalət prinsipinin pozulmasına, dövlət resurslarının düzgün istifadə olunmamasına və həqiqətən, ehtiyacı olan şəxslərin hüquqlarının pozulmasına səbəb ola bilər. Dövlətin sosial müdafiə siyasətinin məqsədi real ehtiyacı olan və həqiqətən, valideyn himayəsindən məhrum olmuş şəxslərin dəstəklənməsi olduğundan, bu siyasət formal meyarlarla deyil, obyektiv faktlara əsaslanan hüquqi qiymətləndirmə ilə həyata keçirilməlidir. Məhz bu səbəbdən, iddiaçının valideynləri tərəfindən götürüldüyü faktı Elm və Təhsil Nazirliyinin rəsmi mövqeyi ilə təsdiq olunduğundan və bu fakt qanunvericiliyə əsasən onun “valideyn himayəsindən məhrum olunmuş şəxs” statusunu istisna etdiyindən, mənzillə təmin olunma tələbinin rədd olunması inzibati orqan tərəfindən qanunvericiliyin məqsədi və sosial müdafiə sisteminin prinsiplərinə uyğun şəkildə həyata keçirilmişdir.

16. “xxxx” sosial proqramı yalnız qanunvericiliklə konkret müəyyən edilmiş hüquqi statusa malik şəxslər üçün nəzərdə tutulmuşdur. Bu status isə subyektiv iddialarla deyil, rəsmi sübutlarla təsdiq olunmalıdır. Iddiaçının isə bu statusa malik olduğunu təsdiq edən hər hansı sənəd təqdim olunmamışdır. Mötəbər sübutlarla təsdiqini tapmayan əsaslardan çıxış edərək şəxsin mənzillə təmin olunması dövlət büdcəsinin səmərəli istifadəsinə zidd olmaqla bərabər, eyni zamanda subyektiv hüququ olan digər şəxslərin təminatlarının pozulmasına gətirib çıxarar. Odur ki, Agentlik inzibati orqan olaraq, inzibati icraatın əsas şərtlərinə və prinsiplərindən olan bərabərlik prinsipinə əməl etmiş, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan ## ######## 2019-cu il tarixli **-**-****/** nömrəli məktubuna əsasən müraciətin təmin olunmasından imtina etmişdir. Bütün bunlara baxmayaraq, məhkəmə yuxarıda qeyd olunan hüquq normalarını, iş üzrə faktiki halları və sübutları yetərincə araşdırmadan, normativ aktların məqsəd və funksional mahiyyətinə zidd olaraq, hüquqazidd qərar qəbul etmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

18. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir; valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər; ...

19. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il ## ###### tarixli ***s nömrəli Sərəncamı

20. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir.... ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bununla əlaqədar mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.

24. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən iddiaçının valideyni tərəfindən internatdan götürüldüyü sübuta yetirilmədiyindən, onun valideyn himayəsindən məhrum olmuş şəxs statusu saxlanılır və bu səbəbdən yaşayış sahəsi ilə təmin olunmaq hüququ mövcuddur.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qərarın ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

26. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunu kimi mənzillə təmin olunmasına nail olmaqdan ibarətdir.

27. Cavabdehin imtinasının, iddiaya qarşı etirazının, apellyasiya və kassasiya şikayətlərinin əsasını, iddiaçının internat məktəbində təhsil aldığı müddət ərzində - 2011-ci ildə anasının himayəsinə verildiyindən, artıq valideyn himayəsindən məhrum edilmiş şəxs statusunun mövcud olmadığı və belə şəxs kimi mənzillə təmin edilmək üçün Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ***s nömrəli Sərəncamının əhatə dairəsinə düşmədiyi barədə dəlillər təşkil edir.

28. Cavabdehin qeyd olunan dəlillərinin qanuniliyinə qiymət verilməzdən əvvəl məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməyə əsasən, dövlət proqramları əsasında müəyyən kateqoriyadan olan şəxslərin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək cavabdehin vəzifələrinə aid edilmişdir. Cavabdeh həmin vəzifələrin həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə bağlıdır və yalnız qanunvericiliklə müəyyən olunmuş şərtlər çərçivəsində bu kateqoriyadan olan şəxsləri yaşayış sahəsi ilə təmin etməyə məsuldur.

29. Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının yaşayış sahəsi ilə təmin olunması qaydası və şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il ## ###### tarixli ***s nömrəli Sərəncamı ilə müəyyən olunur.

30. Qeyd olunan Sərəncamla müəyyən edilmiş qayda və şərtlərin tətbiqi zamanı bu qəbildən olan mübahisələr üzrə yaşayış sahəsi ilə təminetmə institutunun məqsədi və təyinatı xüsusi olaraq nəzərə alınmalıdır. Sosial təminat xarakteri daşıyan bu institutun funksional məqsədi valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, müvafiq müəssisəni bitirdikdən sonra ailə dəstəyi və yaşayış sahəsi olmayan məzunun müstəqil həyata keçid mərhələsində üzləşdiyi sosial riski aradan qaldırmaqdır. Buna görə də, tətbiq edilən normalar şəxsin yalnız tarixən müəyyən statusa malik olub-olmaması baxımından deyil, tələb edilən təminatla həmin sosial risk arasında zaman və səbəb əlaqəsinin mövcudluğu nəzərə alınmaqla təfsir edilməlidir.

31. Bu sosial müdafiə tədbiri keçmişdə müvafiq təhsil müəssisəsinin məzunu olmuş hər bir şəxsin istənilən vaxt həyata keçirə biləcəyi müddətsiz əmlak tələbi deyil. Tədbirin hədəfi, məzunun müəssisədən ayrıldığı dövrdə ailə himayəsinin və yaşayış imkanının olmaması nəticəsində yaranan təxirəsalınmaz sosial ehtiyacın aradan qaldırılmasıdır. Buna görə də, hüququn həyata keçirilməsinin onun yaranma məqsədi ilə zaman baxımından əlaqəsi saxlanılmalıdır. Əks yanaşma, xüsusi sosial dəstək vasitəsini qeyri-müəyyən müddət ərzində irəli sürülə bilən ümumi mənzil tələbinə çevirərdi.

32. Məhkəmə kollegiyası, bununla yanaşı qeyd edir ki, tətbiq edilən hüquqi aktlarda belə tələbin irəli sürülməsi üçün ayrıca kəsici müddət nəzərdə tutulmadığından, təkcə müəyyən zamanın keçməsi şəxsin hüququnun avtomatik xitamı və ya iddianın rədd edilməsi üçün formal müddət əsası kimi qəbul edilə bilməz. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmayan müddət məhdudiyyəti yarada bilməz. Lakin bu hal, keçən müddətin - zamanın mübahisənin maddi-hüquqi qiymətləndirilməsi üçün əhəmiyyətsiz olması demək deyildir.

33. Hüquqi müəyyənlik, vicdanlı davranış, hüququn verilmə məqsədinə uyğun həyata keçirilməsi, bərabərlik və məhdud ictimai resursların ədalətli bölüşdürülməsi prinsipləri tələb edir ki, sosial təminat hüququnun uzun müddətdən sonra həyata keçirilməsi zamanı gecikmənin səbəbləri, şəxsin həmin dövr ərzində davranışı, yaşayış sahəsinə ehtiyacın fasiləsizliyi və tələbin ilkin sosial risklə əlaqəsinin qorunub-qorunmadığı araşdırılsın. Zaman keçdikcə keçmiş hadisələrə dair sübutların itməsi və ya mötəbərliyinin zəifləməsi də nəzərə alınmalı olan hüquqi müəyyənlik amilidir.

34. Uzun müddət ərzində hüququn həyata keçirilməsi istiqamətində tədbir görülməməsi, xüsusilə, məqsədi məzunun müstəqil həyata keçid dövründə təxirəsalınmaz dəstək göstərmək olan sosial təminat üzrə adi həyat təcrübəsi baxımından həmin ehtiyacın təcili və davamlı xarakter daşıyıb-daşımadığını şübhə altına alan faktiki göstəricidir. Bununla belə, uzunmüddətli hərəkətsizlik ehtiyacın olmamasına dair təkzibedilməz prezumpsiya yaratmır. Şəxs gecikməni məlumatlandırılmama, sağlamlıq vəziyyəti, asılılıq, hüquqi yardım imkanının olmaması, inzibati maneələr və ya digər obyektiv səbəblərlə izah edə, həmçinin yaşayış ehtiyacının bütün dövr ərzində davam etdiyini sübut edə bilər. Belə izah və sübutlar olmadıqda isə uzun zaman kəsiyi tələbin sosial təminat institutunun məqsədindən uzaqlaşdığını göstərən digər hallarla birlikdə qiymətləndirilə bilər.

35. Hazırkı işdə iddiaçı müvafiq internat məktəbini 2012-ci ildə bitirdiyi halda, yaşayış sahəsi ilə təmin olunması barədə konkret tələbini 2024-cü ildə, yəni məzun olduğu tarixdən təxminən 12 il sonra irəli sürmüşdür. Iş materiallarında olan ##.##.2019-cu il tarixli 47 nəfərlik siyahı iddiaçının adının aidiyyəti orqana təqdim edildiyini göstərsə də, həmin siyahının hansı fərdi müraciət və prosedur əsasında tərtib edildiyi, iddiaçının 2012-ci ildən etibarən yaşayış sahəsinə fasiləsiz və təxirəsalınmaz ehtiyacının mövcudluğu, tələbin daha əvvəl irəli sürülməməsinin səbəbləri və bu müddət ərzində onun yaşayış şəraitinin necə olduğu barədə sübutlar təqdim edilməmişdir. Buna görə də, məhkəmə kollegiyası 12 illik zaman kəsiyində iddiaçının heç bir hərəkət etməməsini (iddiaçı bunun əksinə dair sübut təqdim etməmiş və dəlil irəli sürməmişdir) onun hazırkı məzmunda tələbinin təmin olunması üçün zəruri olan yaşayış sahəsinə fasiləsiz və təxirəsalınmaz ehtiyacın mövcudluğunun sübuta yetirilməməsi kimi qiymətləndirir.

36. Beləliklə, keçən müddət hazırkı işdə hüququ avtomatik aradan qaldıran müstəqil kəsici müddət kimi deyil, iddiaçının tələb etdiyi təminatın sosial məqsədlə zaman və səbəb əlaqəsinin mövcudluğunu qiymətləndirən mühüm hal kimi nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının uzun gecikməni əsaslandıran obyektiv səbəbləri və yaşayış ehtiyacının fasiləsizliyini təsdiq edən sübutları təqdim etməməsi, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məzun statusunun mövcudluğuna dair iş üzrə mübahisəli hallar birlikdə götürüldükdə cavabdehin üzərinə iddiaçının növbəlilik qaydasında mənzillə təmin edilməsi barədə birbaşa öhdəlik qoyulması üçün əsas olmadığı müəyyən edilir.

37. Nəticə etibarilə, yuxarıda göstərilən halların məcmusu baxımından iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun sayılmalı, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir.

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Iddia təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar