Məhkəmə qərarları › İş №2-1(102)-321/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-321/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-321/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: mülkiyyət hüququnun təsdiqi, ləğv edilməmiş inzibati akt, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlə ri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2-1(103)-2843/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi ray onu, 8-ci mkr., C.Xəndan küçəsi, “Bakı” Ticarət Mərkəzinin yanında 300 kv.m torpaq sahəsi üzərində mərhum atası X2 mülkiyyət hüquqlarının qeydə alınması və buna dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2-1(112)-202/2024 nömrəli qərarı ilə (hakim X8) iddia tələbi təmin edilməmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2-1(103)-2843/2024 nömrəli qərarı ilə (hakimlər X4 (məruzəçi), X5 və X7) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 21(112)-202/2024 nömrə li qərarı ləğv edilmiş, iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 20 avqust 2007-ci il tarixli, 195 nömrəli qərarı əsasında satılmış Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., C.Xəndan küçəsi, “Bakı” Ticarət Mərkəzinin yanında 300 kv.m torpaq sahəsi üzərində hüququn ölmüş şəxs X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

5. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

6. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 9 4.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində mü əyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildik də İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

8. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.

10. Belə ki, iş materiallarından görünür ki, mübahisə predmeti B inəqədi Bələdiyyəsinin 20 avqust 2007-ci il tarixli qərarı ilə iddiaçının atasına satılmış torpaq sahəsidir. Cavabdeh bildirir ki, həmin torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən dövlət mülkiyyətinə aiddir, torpaq sahəsi yaşayış binasının yaxınlığında, yol kənarında yerləşir və sənəddəki ölçülərlə faktiki vəziyyət arasında fərq mövcuddur.

11. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

12. Hazırki iş üzrə Binəqədi Bələdiyyəsinin 20 avqust 2007-ci il tarixli qərarı hüquqmüəyyənedici sənəddir və bu və ya digər səbəbdən geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtarmadığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Odur ki, Binəqədi Bələdiyyəsinin 20 avqust 2007-ci il tarixli qərarı öz hüquqi qüvvəsini saxladığından və hüquqi cəhətdən etibarlı olduğundan cavabdehin kassasiya şikayətində əks etdirdiyi arqumentlərin hüquqi əsas yoxdur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-216/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)263/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2- 1(102)-816/2024 nömrəli qərarları, xx.xx.2024cü il tarixli 2-1(102)-3323/2024 nömrəli qərardadı).

13. Eyni zamanda, cavabdeh kassasiya şikayətində həmin torpaq sahəsinin elektron kadastr məlumatlarına əsasən dövlət mülkiyyətinə aid olduğunu, torpaq sahəsinin yaşayış binasının yaxınlığında, yol kənarında yerləşdiyini və sənəddəki ölçülərlə faktiki vəziyyət arasında fərqin mövcudluğunu qeyd etmişdir.

14. Cavabdehin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası bildirir ki, əvvəla iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7589 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 195 nömrəli qərarı ilə X3 ayrılmış Bakı şəhəri, 8 mkr., C.Xəndan küçəsi, “Bakı ” ticarət mərkəzinin yanında olan 300 kvm. torpaq sahəsinin ərazisi müəyyən edilmişdir. Həmin torpaq sahəsinin faktiki vəziyyətdə planlı yerləşməsinin və konfiqurasiyasının "torpaq sahəsinin cizgisi”nə (situasiya planına) uyğundur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 809 saylı sərəncamında və həmin sərəncamın xx.xx.2000-ci il tarixdə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş əlavəsində qeyd olunanları, eyni zamanda baxış zamanı təqdim olunmuş bələdiyyə xəritəsində qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 195 nömrəli qərarı ilə X1 fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış, Bakı şəhəri, 8 mkr., C.Xəndan küçəsi, “Bakı” ticarət mərkəzinin yanında olan 300 kvm. torpaq sahəsinin Bi nəqədi rayonu, Binəqədi bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Baxış zamanı müəyyən olunmuş məlumatlara və “kadastrportali.az” elektron kadastr portalında qeyd olunan məlumatlara əsasən Bakı şəhəri, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 195 nömrəli qərarı ilə X3 ayrılmış Bakı şəhəri, 8 mkr., C.Xəndan küçəsi, “Bakı” ticarət mərkəzinin yanında olan 300 kvm. torpaq sahəsinin digər şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi və həmin torpaq sahəsinin başqa şəxsin adına qeydiyyatdan keçmədiyi müəyyən edilir.

15. Eyni zamanda iş materiallarında olan cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş torpaq sahəsinə dair məlumatda mübahisəli torpaq sahəsinin vahid elektron baza məlum atlarına əsasən koordinatlarla verilmiş sahənin dövlət mülkiyyətində olduğu qeyd edilsə də, cavabdeh bununla bağlı koordinatlar təqdim etməmiş, mövqeyini təsdiq edən hər hansı mötəbər dəlil irəli sürməmişdir.

16. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Normanın məzmunundan göründü yü kimi, məcburetmə haqqında iddialarda inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şə rtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 21(102)-1026/2021 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1713/2023 nömrəli qərarları).

17. Mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tər əflər üçün əlçatan və bəlli olmuşdur.

18. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı b irinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024cü il tarixli, 2-1(103)-2843/2024 saylı qərarından verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar