Məhkəmə qərarları › İş №2-1(102)-3212/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3212/2025

03.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3212/2025 03.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İbrahimov Zakir Nağı oğlunun cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı işi üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı İbrahimov Zakir Nağı oğlunun cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “## ######## 2021-ci il tarixli, ** nömrəli qərarın və ## ###### 2023-cü il tarixli, ** nömrəli qərarın ləğv edilməsi, pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-*/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. "xxxx" publik hüquqi şəxsin Ordubad Rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının ## ####### 2021-ci il tarixli, ** nömrəli qərarından məlum olur ki, İbrahimov Zakir Nağı oğluna güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası ləğv edilmişdir.

2. xxxx publik hüquqi şəxsi tərəfindən İbrahimov Zakir Nağı oğluna ünvanlanmış ## ###### 2022-ci il tarixli, **/** nömrəli məktubdan məlum olur ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xüsusi iş stajı (12 il 6 ay) ##.##.2018-ci tarixdə tamam olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq 60 yaşı tamam olduğu ##.##.2020ci il tarixdə aparılmalı idi. Həmin vaxt fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum (200 manat) məbləğindən az olduğu üçün ona ##.##.2020-ci il tarixdən Qanunun 9.1-ci maddəsinə zidd olaraq təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ləğv edilmiş və ödənişi dayandırılmışdır.

3. "xxxx" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında ## ###### 2023-cü il tarixli, ** nömrəli qərarından aydın olur ki, İbrahimov Zakir Nağı oğluna güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən tələb olunan xüsusi əmək stajının ##.##.2006-cı il tarixdən ##.##.2006-cı tarixədək, ##.##.2010-cu il tarixdən ##.##.2011-ci il tarixədək, ##.##.2012-ci il tarixdən ##.##.2012-ci tarixədək olan dövrləri Mərkəzi Elektron İnformasiya Sistemi proqram təminatında öz əksini tapmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İbrahimov Zakir Nağı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ## ###### 2023-cü il tarixli, ** nömrəli qərarın ləğv edilməsi və pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdeh "xxxx" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim: E.H.Hüseynov) 2024-cü il ## ###### tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə iddiaçı İbrahimov Zakir Nağı oğlunun cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “## ######## 2021-ci il tarixli, ** nömrəli qərarın və ## ###### 2023-cü il tarixli, ** nömrəli qərarın ləğv edilməsi, pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Ordubad rayon idarəsinin əmək pensiyası təyin edən komissiyanın ##.##.2021-ci il tarixli, ** nömrəli əmək pensiyasının ləğv edilməsinə dair və ##.##.2023-cü il tarixli, ** nömrəli əmək pensiyasının təyin edilməsindən imtina olunmasına dair qərarları ləğv edilərək pensiya bərpa edilməsidir. Mübahisələndirilən ilkin qərar qəbul edilərkən inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən edilmiş hallarından görünür ki, inzibati icraat aparılmadan cavabdeh tərəfindən ##.##.2021-ci il tarixli, ** nömrəli əmək pensiyasının ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Bu isə “İnzibati icraat haqqında” Qanunun tələblərinə ziddir.

7. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək qərarın ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində birinci icraat

8. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər S.H.Novruzov-məruzəçi, Y.S.Qurbanov və S.M.Qarayev) 2024-cü il ## ### tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ləğv edilmiş, iddia tələbi iddiaçı İbrahimov Zakir Nağı oğlunun cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “## ######## 2021-ci il tarixli, ** nömrəli qərarının ləğv edilməsi hissəsində təmin edilməmiş, iddia tələbi iddiaçı İbrahimov Zakir Nağı oğlunun cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı ## ###### 2023-cü il tarixli, ** nömrəli qərarın ləğv edilməsi hissəsində təmin edilərək ## ###### 2023-cü il tarixli, ** nömrəli qərarın ləğv edilməsi, pensiyanın ##.##.2022-ci il tarixdən hesablanması öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulmuşdur.

9. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ordubad rayon şöbəsi tərəfindən səhvliyə yol verilərək, İbrahimov Zakir Nağı oğluna “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq ona 58 yaş altı ayı tamam olduğu ##.##.2018-ci il tarixdən hüquq yaradılaraq, 60 yaşının tamam olduğu ##.##.2020-ci il tarixdən (##.##.2021-ci il tarixli, ** saylı qərarda isə pensiyanın təyin edilmə vaxtı ##.##.2020-ci il qeyd edilir) güzəştli şərtlərlə pensiya təyin edilmişdir. İddiaçının şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən İbrahimov Zakir Nağı oğlu ##.##.1960-cı il təvəllüdlüdür, onun 57 yaşı ##.##.2017-ci il tarixdə tamam olmuşdur. Beləliklə, iddiaçının pensiya hüququ ##.##.2017-ci il tarixdən yaranmış və ona 57 yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunmalı idi. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya hüququ qazanmış şəxslərə güzəştli şərtlərlə yaşa görə pensiya təyin etmək hüququ 57 və 60 yaş həddi müəyyən edilmişdir. Buna görə də inzibati orqan tərəfindən iddiaçıya yaşının tamam olduğu 58 yaş 6 aya görə güzəştli şərtlərlə pensiya təyin edilməsi qanunsuz olmuşdur.

10. Həm iddiaçı, həm də cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermişdir.

11. İddiaçı iddianın təmin edilməyən hissəsində qərarın ləğv edilib həmin hissədə iddianın təmin edilməsini, cavabdeh iddianın təmin edilən hissəsində qərarın ləğv edilərək həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.

kassasiya instansiyası məhkəməsində birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının (hakimlər: R.S.Nəbizadə /məruzəçi/, N.İ.Rəsulbəyova və S.Ə.Kərimov) 2024-cü il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Naxçıvan Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il ## ### tarixli, *-*(***)-**/***** nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayətlərinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya güzəştli pensiya təyin olunması barədə cavabdehin qərarı və bu qərarın qəbul edilməsini şərtləndirən sənədlər (pensiya işi) işdə mövcud deyildir. Odur ki, iş üzrə obyektiv araşdırma aparılması və qanuni qərar qəbul edilməsi qeyri-mümkündür. Şəxsə güzəştli şərtlə pensiya təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci bəndinin ayrı-ayrı redaksiyaları qüvvədə olan dövrdə və 9.8-ci maddəsinin normalarına uyğun araşdırma aparılmalı və həmin qanunvericiliyin qüvvədə olduğu dövrdə şərtlər iddiaçıya münasibətdə mövcud olduğu halda pensiya təyinatı aparılmalıdır. Yaxud iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yarandığı vaxt hansı norma qüvvədə olmuşsa, həmin normanın tələbinə uyğun hüquqi qiymətləndirmə aparılmalıdır. İşdə pensiya işi olmasa da, belə görünür ki, ## ###### 2018-ci il tarixdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmuşdur. ## ###### 2018-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələbinə görə (## ###### 1960-cı ildə doğulduğundan bu vaxt iddiaçı 58 yaş 5 ay 25 gün yaşda olmuşdur) iddiaçıya pensiya təyin olunması üçün 60 yaş, 25 il ümumi staj, 12 il 6 ay güzəştli staj, habelə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı mövcud olmalı idi. Yaxud iddiaçıya 57 yaşdan (## ###### 2017-ci ildən) güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən 25 il ümumi staj, 12 il 6 ay güzəştli staj tələb olunurdu. Bu halda həm “Əmək pensiyaları haqqında” Qanunun həmin vaxt qüvvədə olmuş 9.1-ci maddəsinin redaksiyasına görə 57 yaşı tamam olan vaxt 25 il ümumi staj, 12 il 6 ay güzəştli staj, yaxud həmin Qanunun 9.8-ci maddəsinə əsasən # ###### 2006-cı ilədək 25 il ümumi staj, 12 il 6 ay güzəştli staj mövcud olmalı idi. Mümkündür ki, iddiaçı 57 yaşında bu şərtlərə malik olsun, lakin pensiya daha sonra, məsələn ## ###### 2018-ci il tarixdə, yaxud daha sonra təyin edilsin. Apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə hər hansı araşdırma aparmamışdır. İddiaçının mübahisə açdığı cavabdehin ## ######## 2021-ci il tarixli qərarından görünür ki, cavabdeh ## ### 2020-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin etmiş, aparılan araşdırma zamanı 2006-cı ilin ######ın #-dək tələb olunan ümumi və güzəştli iş stajı olmadığına görə əmək pensiyası ləğv edilmişdir. Cavabdeh bu qərarını əsaslandırmamış, hər hansı sübuta, işin hallarına və hüquq normasına istinad etməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazında ayrı-ayrı sənədlərə istinad edərək əmək kitabçasındakı qeydlərə və təqdim edilmiş arayışlara görə iddiaçının # ###### 2006-cı ilədək 28 il 22 gün ümumi və 1 il 9 gün xüsusi iş stajının olduğunu, # ###### 2006-cı il tarixdən # ### 2021-ci il tarixədək 15 il 2 ay 9 gün ümumi, 14 il 5 ay 29 gün xüsusi iş stajı olmasına baxmayaraq # ###### 2006-cı il tarixdən Mərkəzi Elektron İnformasiya Sistemi proqram təminatına əsasən 11 il 8 ay ümumi, 10 il 4 ay xüsusi stajının olduğunu, əmək kitabçasına əsasən 43 il 2 ay ümumi iş stajı, 15 il 6 ay 8 gün xüsusi iş stajının olduğunu, lakin təqdim edilmiş arayışlara və Mərkəzi Elektron İnformasiya Sistemi proqram təminatına əsasən 39 il 3 ay 7 gün ümumi, 11 il 4 ay 9 gün xüsusi iş stajının müəyyən olunduğunu bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçı və cavabdehin dəlilləri ilə bağlı araşdırma aparmamış, iddiaçının 57 yaşdan, yaxud cavabdeh tərəfindən təyin edilmiş 58 yaş altı ayın tamam olduğu ##.##.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun olması barədə qiymətləndirmə aparmamış, işdə olan sübutları və maddi hüquq normalarını sadalamaqla kifayətlənmişdir.

14. Apellyasiya instansiyası məhəməsi qeyd edir ki, əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən vətəndaşa güzəştli şərtlərlə pensiya təyin etmək üçün 2 şərt müəyyən edilmişdir. Bu şərtlərdən biri şəxsin ##.##.2006cı il tarixədək 57 yaşının tamam olması, ikinci şərt isə ##.##.2006-cı ilədək azı 25 il ümumi sığorta stajına, bu müddətin azı 12 il 6 ayının xüsusi staja malik olmasıdır. Halbuki iddiaçının işdə olan əmək kitabçasından, digər iş materiallarından və iddiaçıya məxsus pensiya işindən aydın olur ki, İbrahimov Zakir Nağı oğluna ##.##.2020-ci il tarixdə güzəştli şərtlərlə pensiya təyin edilən vaxtı, onun 2006-cı ilədək 25 il ümumi sığorta stajı olmuş, lakin 12 il 6 ay xüsusi stajı olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 57 yaşının # ###### 2006-cı ilədək mövcud olması barədə şərt yoxdur, vacib odur ki, iddiaçının # ###### 2006- cı ilədək hər iki stajı mövcud olmuş olsun, bu şərtlər mövcud olduğu halda, iddiaçı yalnız 57 yaşının tamam olmasını gözləyəcək. Apellyasiya instansiyası məhkəməsi iddiaçının # ###### 2006-cı ilədək 12 il 6 ay xüsusi stajının olmadığını bildirmiş, bununla bağlı hər hansı araşdırma aparmamış, hansı müddətin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verməsi üçün qəbul edilməsi, hansı dövrün bunun üçün əsas olmadığı barədə qərarda münasibət bildirməmişdir. İddiaçı tələbində pensiyanın bərpa olunmasını xahiş etmişdir.

15. Məhkəmə tərəfindən bu tələb iddiaçı ilə dəqiqləşdirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərək pensiyanın ## #### 2022-ci il tarixdən hesablanması öhdəliyini cavabdehə həvalə etmişdir. Məhkəmə iddiaçının belə tələbi olmasını araşdırmamış, İPM-in 13-cü maddəsinin tələbinə uyğun qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında yardım etməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin ## #### 2022-ci ildən qüvvədə olan redaksiyasının şərtləri iddiaçıya münasibətdə mövcud olduğundan, iddiaçının həmin vaxtdan pensiya hüququ yaranmışdır. İlk növbədə iddiaçının hüquqi marağı, hansı yaşdan pensiya təyin olunması istəyi müəyyən edilməlidir. 57 yaşdan, 58 yaş yarımdan, 60 yaşdan, daha sonra isə ## #### 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun mövcudluğu, yaxud ümumiyyətlə pensiya hüququnun hansı vaxtdan yaranması tərəflərin iştirakı ilə müzakirə edilməli, yekunda zərurət olarsa, İPM-in 54-cü maddəsinə əsasən iddia tələbi dəyişdirilməli və dəyişdirilmiş iddia tələbinə uyğun mübahisəyə baxılmalıdır. Bu səbəbdən əvvəlki dövrlərdə pensiya hüququnun yaranmasına aydınlıq gətirilmədən hazırkı halda iddiaçının ## #### 2022-ci ildən pensiya hüququnun mövcud olması barədə apelyasiya instansiyası məhkəməsinin qərarına münasibət bildirmədən bu hissədə də məhkəmə qərarı ləğv edilməli, işə yenidən apellyasiya baxışı zamanı işin hallarından və iddiaçının tələbindən asılı olaraq mübahisə üzrə qərar qəbul edilməlidir.

17. Yeni apellyasiya baxışı zamanı həmçinin iddiaçının # ###### 2006-cı ildən sonrakı dövrlə bağlı sığorta stajının müəyyən edilməsi üçün hansı illərdə əmək haqqı alması, ondan məcburi dövlət sosial sığorta tutulması, tutulan məbləğin aidiyyəti üzrə köçürülməsi, bununla bağlı “Sosial sığorta haqqında” Qanunun tələblərinə əməl edilməsi və iddiaçının məsuliyyət sferası müəyyən edilməlidir.

apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Naxçıvan MR Ali Məhkəməsi İnzibati kollegiyasının (hakimlər: M.K.Həsənov /sədrlik edən və məruzəçi, Z.X.Əliyev və V.K.Quliyev) 2025-ci il ## #### tarixli, 2-1(108)- 7/2025 nömrəli qərarı ilə cavabdeh “xxxx” publik hüquqi şəxsin apellyasiya şikayətinin təmin edilməsi, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *-*(***)-**/**** nömrəli qərarının ləğv edilməsi, iddiaçı İbrahimov Zakir Nağı oğlunun cavabdeh “xxxx” publik hüquqi şəxsə qarşı 2021-ci il ## ####### tarixli, ** nömrəli və 2023-cü il ## ###### tarixli ** nömrəli qərarlarının ləğv edilməsi, pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçının hüquqi marağı əvvəllər təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunmasıdır. Yəni cavabdeh iddiaçının müraciəti əsasında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edir, daha sonra öz qərarını ləğv edərək, iddiaçının ilkin müraciətini yenidən qiymətləndirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edir. Hazırkı iş üzrə mübahisə predmeti iddiaçının güzəştli stajının olmaması, həmçinin hüququnun yarandığı tarixdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsidir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı Zakir İbrahimovun güzəştli iş stajı ##.##.1980-ci il tarixdən ##.##.1981-ci il tarixədək Azərbaycan Dəmir Yolunun Mincivan stansiyasının *** nömrəli Yol maşın stansiyasında, ##.##.2006-cı il tarixdən ##.##.2006-cı il tarixədək və ##.##.2007-ci il tarixdən ##.##.2010-cu il tarixədək Azərbaycan Dövlət Dəmir Yolunun Naxçıvan hissəsinin ** saylı Ordubad yol distansiyasında və ##.##.2010-cu il tarixdən ##.##.2021-ci il tarixədək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti İnfrastruktur İdarəsinin Ordubad Yol sahəsində işlədiyi yol montyoru vəzifəsidir. İddiaçının əmək kitabçası əsasında yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq peşə üzrə güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 15 il 2 ay 25 gün təşkil edir. Lakin, cavabdeh qeyd etmişdir ki, iddiaçının ##.##.2007-ci il tarixdən sonra 2019-cu ilədək güzəştli iş stajı hesab edilən işdə işlədiyi dövrdə hər il müəyyən dövrlərdə sosial sığorta ödənişi həyata keçirilməmiş, bunun da səbəbi iddiaçının həmin dövrlərdə ödənişsiz məzuniyyətdə olması olmuşdur. İddiaçı ödənişsiz məzuniyyətdə olduğunu etiraf edir, lakin qeyd edir ki, işlədiyi qalan dövrləri nəzərə alsaq onun güzəştli iş stajı yetərlidir. İddiaçı güzəştli iş stajının yetərli olduğunu qeyd etsədə, bu halları təsdiq edən mötəbər sübutlar təqdim edə bilmir. İşdə olan arxiv məlumatları (iş materialları: İ cild, vərəq 151) və iddiaçının işlədiyi müəssisənin təqdim etdiyi məlumatlar (iş materialları: İ cild, vərəq 116-120) əsasında iddiaçının ##.##.2007-ci il tarixdən sonra 2019-cu ilədək güzəştli iş stajı hesab edilən işdə işlədiyi dövrdə hər il müəyyən dövrlərdə ödənişsiz məzuniyyətdə olması təsdiqini tapır. Həmçinin işdə olan məcburi dövlət sosial sığorta ödənişləri barədə məlumatlar, o cümlədən təqdim olunan sonuncu çıxarış (iş materialları: III cild, vərəq 178) əsasında iddiaçının işlədiyi müəssisənin məcburi dövlət sosial sığorta ödənişləri ödəmədiyi ayların iddiaçının ödənişsiz məzuniyyətdə olduğu aylarla eynilik təşkil etdiyi müəyyən olunur. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövr güzəştli iş stajına daxil edilməməlidir. Belə ki, iddiaçı həmin dövrdə əmək fəaliyyəti ilə məşğul olmamış, əmək haqqı almamış, məcburi dövlət sosial sığorta ödənişləri həyata keçirilməmişdir. Həmin dövrün nəzərə alınmadığı təqdirdə iddiaçının güzəştli iş stajı kifayət etmir. İddiaçının 60 yaşı tamam olduğu tarixdə qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının 60 yaşı tamam olduğu tarixdə onun güzəştli iş stajı yetərli olmamış, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməmişdir. ##.##.2022-ci il tarixdə qəbul edilmiş, ##.##.2022-ci il tarixdə qüvvəyə minmiş, 530- VIQD qeydiyyat nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə dəyişiklik edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə həmin Qanunun 2.1-ci maddəsində (keçid müddəada) qeyd edilmişdir ki, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Dəyişiklikdən sonra qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə ##.##.2022-ci il tarixdə dəyişiklik edilmiş və həmin dəyişiklik ## #### 2022-ci il tarixdə qüvvəyə minmişdir. Həmin dəyişikliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yetərli pensiya kapitalının olması tələbi aradan qaldırılmışdır. Hazırkı iş üzrə iddiaçı 60 yaş və 58 yaş 6 ayında təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunmasını istəyir. Yəni iddiaçı ## #### 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istəmir. Lakin, iddiaçının 60 yaş və 58 yaş 6 ayında güzəştli iş stajı yetərli olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsi iddiaçının güzəştli staj dövrləri ilə bağlı ətraflı araşdırma aparmamışdır. Apellyasiya icraatı çərçivəsində mübahisəli məqamlara aydınlıq gətirilməsi məqsədilə müvafiq sorğular verilmiş və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən məlumatlar və sübutlar əldə edilmişdir. İşdə olan sübutlarla, həmçinin iddiaçının ödənişsiz məzuniyyətdə olması barədə və məcburi dövlət sosial sığorta ödənişləri barədə məlumatlar əsasında iddiaçının güzəştli iş stajı tam dəqiq hesablanmalı və onun güzəştli iş stajının hansı tarixdə yetərli olması müəyyən edilməlidir. İddiaçının ##.##.1980-ci il tarixdən ##.##.1981-ci il tarixədək 1 il, 9 gün; ##.##.2006-cı il tarixdən ##.##.2006-cı il tarixədək 21 gün güzəştli iş stajı vardır. ##.##.2007-ci il tarixdən ##.##.2021-ci il tarixədək güzəştli iş stajı iddiaçının ödənişsiz məzuniyyətdə olması barədə və məcburi dövlət sosial sığorta ödənişləri barədə məlumatlar əsasında hər il ayrıca müəyyən edilməlidir. 2007-ci ildə iddiaçı noyabr ayında 1 ay ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 8 ay, 19 gün güzəştli iş stajı vardır. 2008-ci ildə məcburi dövlət sosial sığorta ödənişləri əsasında 1 il güzəştli iş stajı vardır. 2009-cu ildə iddiaçı oktyabr ayında 1 ay ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 11 ay güzəştli iş stajı vardır. 2010-cu ildə iddiaçı ##.##.2010-cu il tarixdən ##.##.2010-cu il tarixədək və ##.##.2010-cu il tarixdən ##.##.2010-cu il tarixədək 3 ay, 20 gün ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 8 ay, 10 gün güzəştli iş stajı vardır. 2011-ci ildə iddiaçı ##.##.2011-ci il tarixdən ##.##.2011-ci il tarixədək və ##.##.2011-ci il tarixdən ##.##.2011-ci il tarixədək 6 ay, 29 gün ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 5 ay, 1 gün güzəştli iş stajı vardır. 2012-ci ildə iddiaçı ##.##.2012-ci il tarixdən ##.##.2012-ci il tarixədək və ##.##.2012-ci il tarixdən ##.##.2012-ci il tarixədək 3 ay, 4 gün ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 7 ay güzəştli iş stajı vardır. 2013-cü ildə iddiaçı ##.##.2013-cü il tarixdən ##.##.2013-cü il tarixədək və ##.##.2013-cü il tarixdən ##.##.2013-cü il tarixədək 7 ay, 21 gün ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 4 ay, 9 gün güzəştli iş stajı vardır. 2014-cü ildə iddiaçı ##.##.2014-cü il tarixdən ##.##.2014-cü il tarixədək və ##.##.2014-cü il tarixdən ##.##.2014-cü il tarixədək 5 ay, 28 gün ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 6 ay güzəştli iş stajı vardır. 2015-ci ildə iddiaçı ##.##.2015-ci il tarixdən ##.##.2015-ci il tarixədək və ##.##.2015-ci il tarixdən ##.##.2015- ci il tarixədək 5 ay, 2 gün ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 6 ay, 28 gün güzəştli iş stajı vardır. 2016-cı ildə iddiaçı aprel ayında 1 ay ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 11 ay güzəştli iş stajı vardır. 2017-ci ildə məcburi dövlət sosial sığorta ödənişləri əsasında 1 il güzəştli iş stajı vardır. 2018-ci ildə iddiaçı iyul, avqust, sentyabr aylarında 3 ay ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 9 ay güzəştli iş stajı vardır. 2019-2020-ci illərdə məcburi dövlət sosial sığorta ödənişləri əsasında 2 il güzəştli iş stajı vardır. 2021-ci ildə məcburi dövlət sosial sığorta ödənişləri əsasında 4 ay, 5 gün güzəştli iş stajı vardır. İddiaçının ##.##.2021-ci il tarixə cəmi 11 il, 10 ay, 12 gün güzəştli iş stajı vardır. Beləliklə, iddiaçının nə 60 yaşda (yəni ##.##.2020-ci il tarixdə), nə də ## #### 2022-ci il tarixdə güzəştli iş stajı yetərli deyildir. Belə olan halda iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı müəyyən olunur.

20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, Naxçıvan MR Ali Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## #### tarixli, 2-1(108)-7/2025 nömrəli nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. kassasiya şikayətinin dəlilləri

21. İddiaçı tərəfindən təqdim edilən kassasiya şikayəti onunla əsaslandırılmışdır məhkəmə təcrübəsində olan kifayət qədər çox pensiya işlərindən görünür ki, 10 il, 15 iləvvəl təyin edilmiş pensiya təyinatını cavabdeh orqan ləğv edərək, artıq mövcüd olmayan inzibati orqan tərəfindən (Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi) qanunsuz olaraq pensiya təyinatına və əvvəl vətandaş təqdim edilən sənədlərin yoxlanılması mümkün olmamasına (elektron sistemin mövcüd olmaması və s.) istinad edərək pensiya təyinatını ləğv edir. Hal-hazırda məhkəmənin icraatında olan inzibati işin materiallarından görünür ki, pensiya təyinatı ##.##.2020-ci il tarixində baş vermişdir və iddiaçı tərəfindən təqdim edilmiş və inzibati orqan tərəfindən yoxlanılmış sənədlər əsasında təyinat aparılmışdır. İnzibati orqanın hal-hazırda mövqeyi onunla bağlıdır ki, iddiaçının zərərli iş stajı 12 il 06 aydan azdır və pensiya təyin edilməsinə kifayət etmir. İddiaçıya pensiya təyin edilən zaman iddiaçının təqdim edilən sənədlər əsasında qeyd olunan staj kifayət edirdirsə necə ola bilər ki, hal-hazırda kifayət etmir. AR Ali Məhkəməsinin mövqəyindən görünür ki, inzibati orqan iddiaçıya 2020-ci il tarixində pensiya təyinatı apararkən inzibati icraatı və araşdırmanı aparmadan təyin edib. Bununla bağlı AR AliMəhkəmənin mövqəyinə əsasən AR Naxçivan Muxtar Respublikasının Ali Məhkəməsi qərardad qəbul edərək inzibati icraatın aparılması öhdəliyini cavabdehin üzərinə qoymuşdur. AR Naxçivan Muxtar Respublikasının Ali Məhkəməsinin yenidən inzibati icraat aparılması ilə bağlı aralıq qərardadın qəbul edilməsi mövqəyi ilə razılaşmayaraq qeyd edilməlidir ki, məhz inzibati orqanın öhdəliyidir ki, inzibati icraat apararaq pensiya təyin edilsin və əgər inzibati orqan inzibati icraat aparmadan pensiya təyin edibsə, bu hərəkət iddiaçının ziyanına qiymətləndirilə bilməz və cavabdehin hərəkətlərin leqalaşdırmaq məqsədilə inzibati icraat aparılması imkanı verilməməlidir. Cavabdeh orqana iddiaçının ilk müraciəti zamanı bütün sənədlər təqdim edilmişdir və inzibati orqan zəruri olan sənədləri əldə edilməsi və ətraflı araşdırma aparılması üçün sorğular vermək və sənədlər ədlə etmək imkanı var idi. Cavabdeh orqan ##.##.2021-ci iltarxində qərar qəbul edərək iddiaçının pensiya təyinatını ləğv edir və məhz bu hərəkətdən sonra iddiaçının cavabdehlə mübahisəsi yaranıb. AR Naxçivan Muxtar Respublikasının Ali Məhkəməsi öz qərarında işin hallarını sadalayaraq inzibati orqan tərəfindən orqan ##.##.2021-ci il tarxli qərarı qeyd edir, lakin qeyd olunan qərarı qəbul edilməsi üçün prosessual və maddi normalar riyaət edilib-edilməməsini və inzibati icraatı aparıb-aparılmamasını araşdırılmamışdır. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, ilkin olaraq mövcüd iş üzrə araşdırma aparıldığı halda, cavabdeh tərəfindən qəbul edilən əlverişsiz qərarın prosessual və maddi normalara uyğun olub-olmaması yoxlanılmalıdır. Araşdırma zamanı inzibati icraat haqqında qanunun normalarına riayət edərək cavabdeh tərəfindən qərarın qəbul edilib-edilməməsi mütləq şəkildə araşdırılmalıdır. Əgər cavabdeh inzibati icraat haqqında qanuna riayət edərək qərər qəbul edilməsi barədə qənayətinə gələndən sonra, iddiaçının pensiya stajını birbir araşdırılmalıdır, əks halda qanunsuz inzibati orqanın qərarı əsasında və nəticəsində yaranmış mübahisənin araşdırması faktiki olaraq inzibati incraat haqqında qanunun prinsiplərinə ziddir. AR Naxçivan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən cavabdeh orqanın ##.##.2021-ci il tarixli qərarını inzibati icraat haqqında qanuna uyğun olaraq qəbul edilibedilməməsni araşdırmadan, cavabdeh orqanın staj məsələsini araşdırmağa başlamışdır. Cavabdeh orqan ##.##.2021-ci il tarixli qərarını qəbul etməkdən öncə inzibati icraat aparmamışdır.

b. kassasiya şikayətinə etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... 1.0.2. sosial sığorta stajı (bundan sonra -sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər . 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (##.##.2022-ci il tarixədək qüvvədə olan redaksiya). 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (hazırda qüvvədə olan redaksiya). 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. ## #### 2017-ci il tarixli ***- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, # ### 2017-ci il, № **, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № *, maddə 676) ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir.

24. İnzibati Prosessual Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya ##.##.2020-ci il tarixdə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş, daha sonra cavabdeh iddiaçının xüsusi stajının qanunvericiliklə tələb olunan müddətdən az olması əsası ilə öz qərarını ləğv etmişdir.

31. Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçının ##.##.2021-ci il tarixə cəmi 11 il, 10 ay, 12 gün güzəştli iş stajı vardır. Beləliklə, iddiaçının nə 60 yaşda (yəni ##.##.2020-ci il tarixdə), nə də ## #### 2022-ci il tarixdə güzəştli iş stajı yetərli deyildir.

32. Belə ki, iş materiallarında olan iş stajı iddiaçının ödənişsiz məzuniyyətdə olması barədə və məcburi dövlət sosial sığorta ödənişləri barədə məlumatlardan müəyyən edilmişdir ki, 2007-ci ildə iddiaçı noyabr ayında 1 ay ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 8 ay, 19 gün güzəştli iş stajı vardır. 2008ci ildə məcburi dövlət sosial sığorta ödənişləri əsasında 1 il güzəştli iş stajı vardır. 2009cu ildə iddiaçı oktyabr ayında 1 ay ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 11 ay güzəştli iş stajı vardır. 2010-cu ildə iddiaçı ##.##.2010cu il tarixdən ##.##.2010-cu il tarixədək və ##.##.2010-cu il tarixdən ##.##.2010-cu il tarixədək 3 ay, 20 gün ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 8 ay, 10 gün güzəştli iş stajı vardır. 2011-ci ildə iddiaçı ##.##.2011-ci il tarixdən ##.##.2011-ci il tarixədək və ##.##.2011-ci il tarixdən ##.##.2011-ci il tarixədək 6 ay, 29 gün ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 5 ay, 1 gün güzəştli iş stajı vardır. 2012-ci ildə iddiaçı ##.##.2012-ci il tarixdən ##.##.2012-ci il tarixədək və ##.##.2012-ci il tarixdən ##.##.2012-ci il tarixədək 3 ay, 4 gün ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 7 ay güzəştli iş stajı vardır. 2013-cü ildə iddiaçı ##.##.2013-cü il tarixdən ##.##.2013-cü il tarixədək və ##.##.2013-cü il tarixdən ##.##.2013-cü il tarixədək 7 ay, 21 gün ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 4 ay, 9 gün güzəştli iş stajı vardır. 2014-cü ildə iddiaçı ##.##.2014-cü il tarixdən ##.##.2014-cü il tarixədək və ##.##.2014-cü il tarixdən ##.##.2014-cü il tarixədək 5 ay, 28 gün ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 6 ay güzəştli iş stajı vardır. 2015-ci ildə iddiaçı ##.##.2015-ci il tarixdən ##.##.2015-ci il tarixədək və ##.##.2015-ci il tarixdən ##.##.2015- ci il tarixədək 5 ay, 2 gün ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 6 ay, 28 gün güzəştli iş stajı vardır. 2016-cı ildə iddiaçı aprel ayında 1 ay ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 11 ay güzəştli iş stajı vardır. 2017-ci ildə məcburi dövlət sosial sığorta ödənişləri əsasında 1 il güzəştli iş stajı vardır. 2018-ci ildə iddiaçı iyul, avqust, sentyabr aylarında 3 ay ödənişsiz məzuniyyətdə olmuş, məcburi dövlət sosial sığorta ödənişləri əsasında 9 ay güzəştli iş stajı vardır. 2019-2020-ci illərdə məcburi dövlət sosial sığorta ödənişləri əsasında 2 il güzəştli iş stajı vardır. 2021-ci ildə məcburi dövlət sosial sığorta ödənişləri əsasında 4 ay, 5 gün güzəştli iş stajı vardır.

33. Göründüyü kimi, iddiaçının qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəştli iş stajı tamamlanmır. Bu səbəbdən də apellyasiya instansiya məhkəməsi iddianın təmin ediilməməsi barədə qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir.

34. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-*/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar