Məhkəmə qərarları › İş №2-1(102)-3225/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3225/2025

02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3225/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması; ayrılmış torpaq sahəsinin yerdə (naturada) müəyyən edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayon Dövlət Arxivindən arxiv çıxarışı ilə verilmiş * №-li Zığ-zeytun sovxozu üzrə ##.##.1988-ci il tarixli ** nömrəli əmrindən çıxarışdan görünür ki, iddiaçıya fərdi evin tikintisi üçün 0.06 hektar torpaq sahəsi ayrılmışdır.

2. İddiaçı qeyd edilən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair ərizə ilə cavabdehə müraciət etmişdir.

3. Cavabdeh ##.##.2022-ci il tarixli, ************ nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsinin coğrafi mövqeyi göstərilən razılaşdırılmış yerləşmə cizgisi və sovxozun direktorunun əmrinin əsli sənədlər toplusuna əlavə edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona * nömrəli Zığ-Zeytun sovxozunun ** nömrəli, ##.##.1988-ci il tarixli əmri ilə ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon X1 İcraiyyə Komitəsinin * nömrəli Zığ-Zeytun sovxozunun ərazisindəki kənd təsərrüfatına yararsız olan 6 hektar torpaq sahəsinin 100 yaşayış evinin, klubunun və uşaq bağçasının tikilməsi üçün ayrılması haqqındakı 140,* nömrəli ##.##.1986-cı il tarixli qərarına əsasən sovxozun komissiya heyətinə tapşırılaraq, sovxozda işləyən X2 ev şəraitinin olmamasını nəzərə alaraq təsdiq edilmiş genplana uyğun bir tipli proyektlə ev tikmək üçün 0.06 ha torpaq sahəsi ayrılmış, sərhədləri müəyyən edilmişdir. Bununla bağlı ##.##.1988-ci il tarixli ** nömrəli əmr verilmişdir. Həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməklə çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin tələbinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın qanunsuz olduğunu hesab etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazında göstərmişdir ki, * nömrəli Zığ- Zeytunçuluq

6. sovxozu rəhbərinin əmrinin əsli və qanuna uyğun yerləşmə sxemi təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilən ##.##.2022-ci il tarixli, F**** saylı arxiv çıxarışında iddiaçının soyadı Bəxtiyarova qeyd edilsə də, şəxsiyyət vəsiqəsində Quliyeva qeyd edilmiş və soyadın dəyişdirilməsi haqqında sənəd təqdim edilməmişdir. Əlavə olaraq, torpaq sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa ##.##.2022-ci il tarixli, ************ nömrəli cavab məktubu ünvanlanmışdır.

7. Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmiş, iddiaçı İddiaçı * nömrəli Zığ-Zeytun sovxozunun ** nömrəli, ##.##.1988-ci il tarixli əmri ilə ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, * №-li Zığ-zeytun sovxozu üzrə ##.##.1988-ci il tarixli ** nömrəli əmri ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsindədir. Təqdim etdiyi sənəd isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.8-ci maddəsinə əsasən, eləcə də Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Hazırkı məhkəmə araşdırması zamanı iddiaçının iddia olunan torpaqla bağlı mülkiyyət hüququnun yaranmasını təkzib edən hallar müəyyən edilməmiş və iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyinə xələl gətirən hər-hansı hal aşkar edilməmişdir. Cavabdehin imtinasının əsaslarına gəldikdə isə hazırki iş üzrə torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olan, yaxud digər şəxslərin hüquqlarının pozulduğu hallar mövcud olmadığından, torpaqda hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə yerquruluşu qaydasında aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı qeyd edilmişdir ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3cü bəndinə əsasən, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

10. Apellyasiya instansiyası məhkəməsinin qərardadı əsasında əldə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/*** saylı ekspert rəyində göstərilmişdir ki, cavabdehin ## #### 2025-ci il tarixli, 3-21-3-30/2- 9246/2025 mütəxəssis rəyinə əsasən torpaq sahəsi faktiki olaraq 600.0 kv.m təşkil edir. Torpaq sahəsinin bütün tərəfləri şərtidir. Sahəyə dair yerləşmə cizgisi təqdim edilmədiyindən sahənin naturada mövqeyini təyin etmək mümkün olmamışdır. Sahənin üzərindən və 12.0 metr məsafəsindən yüksək gərginlikli (35 kVt-lıq) elektrik xətti keçir. Bundan əlavə torpaq sahəsinin daxilində zeytun ağacları mövcuddur. Faktiki olaraq göstərilən 600.0 kv.m torpaq sahəsinin koordinatları göstərilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən şərti sərhədlərlə göstərilən sahə keçmiş * nömrəli Zığ Zeytunçuluq sovxozunun ərazisindən Azərbaycan Respublikası Prezidentinin ## #### 2008-ci il tarixli, **** nömrəli müvafiq sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər Ş.Məmmədova – sədrlik edən, C.Məmmədov və P.Hüseynov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi digər sübutlarla yanaşı qiymətləndirilərək rəylə razılaşmamağa əsaslar görülmür. Göründüyü kimi, iddiaçı iddia etdiyi torpaq sahəsinin yerini göstərə bilmir, torpaq sahəsi üzərində tikili yoxdur, hasarlama işləri aparılmamışdır. Bundan əlavə torpaq sahəsinin daxilində zeytun ağacları mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ####### 2015-ci il tarixli № *** nömrəli Fərmanının 2. bəndinə əsasən Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Bu hissənin birinci cümləsində nəzərdə tutulmuş eyniliyin müəyyən olunması məqsədi ilə qeydiyyat orqanının və ya hüquq sahibinin sorğusuna cavab 10 gün müddətində verilməlidir. Yuxarıda qeyd edilən Fərmanın tələbləri baxımından iddiaçının iddia etdiyi torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər mövcud deyil və iddiaçı iddia etdiyi torpaq sahəsinin yerini göstərə bilmir, odur ki, məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrsə və qüvvədə qalacağı təqdirdə icra edilmək keyfiyyətinə malik olmayan qərar qəbul etmiş olar.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri və birinci instansiya məhkəməsinin qərarının əsaslandırma hissəsi ilə eynilik təşkil edir.

15. Kassator əlavə olaraq göstərir ki, iddiaçının göstərdiyi torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düşməsi hallarının olması isə ekspert rəyində öz əksini tapmamışdır.

16. Bundan başqa, kassator məhkəmə kollegiyasının iddianın təmin edilməsi qənaətinə gələrsə və qüvvədə qalacağı təqdirdə icra edilmək keyfiyyətinə malik olmayan qərar qəbul edəcəyi barədə gəldiyi nəticəni də əsassız hesab etmişdir. Belə ki, məhkəmə kollegiyası bununla iddia tələbinin qüvvədə qalacağı halda cavabdehin həmin qərarı icra etməyəcəyini bir növ qanuniləşdirir.

17. Kassasiya şikayətində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 2.5-ci bəndinə, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə, Torpaq Məcəlləsinin 49.2-ci maddəsinə istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ...

20. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: ... 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış;

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından * nömrəli Zığ- Zeytun27.sovxozunun ** nömrəli, ##.##.1988-ci il tarixli əmri ilə ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Məhkəmə kollegiyası eyni zamanda kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbinin hüquqi əsası kimi * nömrəli Zığ-Zeytun sovxozunun ** nömrəli, ##.##.1988-ci il tarixli əmrinə istinad edir. Bununla bağlı, nəzərə alınmalıdır ki, qeyd edilən əmrdə iddiaçıya 0.06 ha torpaq sahəsinin ayrıldığı göstərilsə də, həmin əmrdə ayrılması nəzərdə tutulan torpaq sahəsinin ünvanı, naturada yerləşməsi, koordinatları və ya şərti sərhədləri göstərilməmişdir. Yəni iddiaçının istinad etdiyi * nömrəli Zığ-Zeytun sovxozunun ** nömrəli, ##.##.1988-ci il tarixli əmrində ona 0.06 ha torpaq sahəsinin ayrıldığı göstərilsə də, torpaq sahəsinin sovxozun ərazisinin hansı hissəsində ayrılması göstərilməmiş, bununla da torpaq sahəsinin ayrılmasına dair rəsmiləşdirmə başa çatdırılmamışdır.

30. İşin xüsusi halı ondan ibarətdir ki, iddiaçı ötən uzun müddət – 35 il ərzində bu rəsmiləşməni tamamlamaq, yer quruluşu orqanlarının yerdə (naturada) sahənin hüdudlarını müəyyən etməsi üçün səy göstərməmişdir. Qeyd olunan səbəblərdən inzibati aktın icrası mümkünsüz hala gəlmişdir.

31. Beləliklə, iddiaçının iddiasının əsasını təşkil edən * nömrəli Zığ-Zeytun sovxozunun ** nömrəli, ##.##.1988-ci il tarixli əmrindən iddiaçıya 0.06 ha torpaq sahəsinin konkret harada ayrılması məlum deyil, bu hal hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmamışdır.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar