Məhkəmə qərarları › İş №2-1(102)-3233/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3233/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3233/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı2 firması cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apelyasiya şikayəti verilməsi müddətinin üzrsüz səbəbdən ötürülməsi; şikayət üzrə apelyasiyanın mümkünsüzlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı2 firmasının cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi” tələbinə dair iş üzrə Ba kı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 sentyabr 2024-cü il tarixli, 21(103)-3488/2024 nömrəli qərardadından Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Yerli İqtisad Məhkəməsinə müraciət edərək, “torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2. 1 saylı Yerli İqtisad Məhkəməsinin (hakim: M.Ə.Ələkbərov) 24 may 2007-ci il tarixli, 1053/4-222 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Qaradağ rayonu Lök-Batan qəsəbəsinin cənubunda Bakı-Astara yolunun şimal-qərbində asfalt-beton qurğusunun layihələşdirilməsi və tikintisi üçün İddiaçı2 firmasına ayrılmış 0.98 ha və ona bitişik olan 2 ha torpaq sahəsi üzərində İddiaçı2 firmasının daimi istifadə hüququ tanınaraq, İddiaçı2 firmasının adına 2.98 ha torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin üzərinə qoyulması qət edilmişdir.

3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin dərhal icra olunmasını xahiş etmiş, 1 saylı Yerli İqtisad Məhkəməsinin (hakim: M.Ə.Ələkbərov) 05 iyun 2007-ci il tarixli, 1053/4-222 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir.

4. İddiaçı 06 iyun 2007-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin icra edildiyini bildirmiş və icraya yönəldilməməsini xahiş etmişdir.

5. Əmlak Məsələləri Dövlət Xidməti həmin qətnamədən apelly asiya şikayəti verərək (şikayət 29 iyul 2024-cü il tarixdə daxil olmuşdur) qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) apellyasiya instansiyası məhkəməsində icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.R.Səlimova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə, M.C.Qarayeva) 04 sentyabr 2024-cü il tarixli, 21(103)-3488/2024 nömrəli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilərək, şikayətin qəbulundan imtina edilmişdir.

7. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin 1053/4-222 nömrəli işinin sənədlərindən müəyyən olunur ki, qəbul olunmuş məhkəmə aktları rəsmi qaydada tərəflərə təqdim olunmuş və qanuni qüvvəsini alan məhkəmə aktı icraya yönəldilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən, İddiaçı2 MMC-nin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin cənubunda Bakı-Astara yolunun şimal-qərbində 2.98 ha torpaq sahəsinə dair daimi istifadə hüququ DƏDR-də 71 nömrəli reyestr kitabının 6894 nömrəli vərəqində **********72 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.

8. Daha sonra apellyasiya şikayətinə əlavə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən PX seriya lı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, İddiaçı2 MMC-nin Bakı şəhəri Qaradağ rayonu Salyan şossesi, 15-ci km, 2T ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair mülkiyyət hüquqları qeydə alınarkən MMC-nin istifadəsində olan 2.98 ha torpaq sahəsi barədə də təkrar çıxarış verilmişdir. Beləliklə araşdırma zamanı müəyyən olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti İddiaçı2 MMC-yə xx.xx.2007-ci il tarixli, ******* nömrəli çıxarışı verərkən İddiaçı2 MMC-nin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin cənubu Bakı-Astara yolunun şimal-qərbində 2.98 ha torpaq sahəsinə dair daimi istifadə hüququnun qeydə alınmasını bilmiş, lakin 17 il ərzində bu halı mübahisələndirməmişdir.

9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, prosessual normaların tələblərinə əsasən, prosessual müddətlər yalnız maraqlarına toxunulmuş proses iştirakçılarının ərizəsinə əsasən bərpa oluna bilər. Ərizədə tərəfin müddəti nə üçün buraxdığı əsaslandırılmalıdır. Başqa sözlə, tərəf müddət buraxılmasının nəyə görə ondan asılı olmadığını əsaslandırılmış şəkildə izah etməli, bu barədə ərizəsini və sübutlarını məhkəməyə təqdim etməlidir. Hazırkı iş üzrə ərizəçi şikayət vermək üçün müddəti ötürsə də, prosessual müddətin bərpasına dair ərizəsini və müddətin buraxılmasının üzrlü səbəblərdən baş verməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Baxmayaraq ki, məhkəmə tərəfindən ərizəçiyə bu barədə hüquqi yardım göstərilmişdir.

10. Əmlak Məsələləri Dövlət Xidməti həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv olunması və iddiaya mahiyyəti üzrə baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qeyd olunan mülahizəsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından, həmçinin istinad etdiyi faktlarla əlaqədar inzibati orqanların tabelilik münasibətləri düzgün araşdırılmadığından əsassız sayılmalıdır. Belə ki, mübahisələndirilən qətnamənin qanunsuz olması, həmçinin Xidmətin maraqlarına toxunması ilə bağlı halların nədən ibarət olması apellyasiya şikayətində əsaslandırılmışdır. Hazırkı iddia tələbi dövlətin konstitusiya ilə müəyyən edilmiş mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəldiyindən, dövlət əmlakının idarə edilməsi, onun barəsində sərəncam vermək səlahiyyətinə malik qurum olan Əmlak Məsələləri Dövlət Xidmətinin iş üzrə tərəf qismində məhkəmə icraatına cəlb olunmalı olduğu halda, işə birinci instansiya məhkəməsində baxılan zaman bununla bağlı hər hansı tədbir görülməmişdir. Prosessual qanunvericiliyin tələbinə əsasən, məhkəmə qərarlarından şikayət verilməsi ilə əlaqədar prosessual müddətlərin başlanğıcı, qəbul edilmiş qərarın məhkəmə tərəfindən proses iştirakçılarına və ya maraqlı şəxsə təqdim edildiyi andan hesablanır. Belə ki, mövcud iş materialları əsasında Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin qətnaməsinin Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim olunması sübut olunmur. Əmlak Məsələləri Dövlət Xidməti hazırkı qətnamədən yalnız Bakı Kommersiya Məhkəməsində baxılan iddianın predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 15-ci km, 2T ünvanında yerləşən 30784.3 kv.m torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması öhdəliyinin İddiaçı2 üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra xəbərdar olmuşdur. Bundan dərhal sonra Xidmətin müraciəti əsasında mübahisələndirilən qətnamə Xidmətə daxil olduqdan sonra prosessual müddətlər daxilində qətnamədən apellyasiya şikayəti verilmişdir. Apellyasiya məhkəməsinin mübahisələndirilən məhkəmə qərarının Əmlak Məsələləri Dövlət Xidmətinə tabeliyi olmayan digər dövlət orqanlarına təqdim olunmasını, dolayı yolla Xidmətin qeyd olunan qətnamədən məlumatlı olması ilə əlaqələndirilməsi ilə bağlı mövqeyi Əmlak Məsələləri Dövlət X idmətinin konstitusiya ilə təsbit olunmuş məhkəmə müdafiəsindən istifadə etmək hüququndan məhrum etdiyindən əsassız sayılmalıdır. Bu səbəbdən, iş materiallarında qeyd olunan qətnamənin Xidmətə təqdim olunması barədə hər hansı sübut mövcud olmadığından, apellyasiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin qeyd olunan tələblərinə uyğun qətnamədən şikayət verilmə müddəti qətnamənin alınma tarixindən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı idi. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək, şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

81. Apellyasiya şikay əti vermək hüququ... 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.... Maddə

85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ş ikayətə baxılan zaman hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkün sayılmaması və qəbulundan imtina edilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, İPM-in 85.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində verilir.

19. Hazırkı iş materialları ilə müəyyən olunur ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra kassasiya dəlilində qeyd edildiyi kimi, digər dövlət orqanına deyil, məhz Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı2 MMC-nin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış hazırlanmışdır.

20. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin mübahisə predmeti olan torpaq sahəsi (kimin istifadəsində olması, hansı sənədlərin hazırlanması və s.) ilə bağlı 17 il ərzində məlumatsız olması hə qiqətə uyğun gəlmir.

21. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 sentyabr 2024-cü il tarixli, 2-1(103)-3488/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar