Məhkəmə qərarları › İş №2-1(102)-3233/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3233/2025

10.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3233/2025 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müddətsiz əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.1987-ci il tarixli *** nömrəli qərarına əsasən İddiaçı “Sağ qamış sümüyünün içəri kondilusunun oynaqdaxili hissələrinin yerdəyişməsi ilə sınığından sonra sağ diz oynağının kombinə olunmuş kontrakturası. Konsolidə olunmuş sınıq. Ətraf funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir.

2. Ambulator, stasionar xəstənin tibb kartasından ****/**** nömrəli və ****/*** nömrəli çıxarışlardan görünür ki, İddiaçı “Sağ qamış sümüyünün travmatik sınığından sonra diz oynağının kontrakturası, ağrılar və yerişin pozulması” diaqnozu ilə ##.##.2019-cu il tarixdən ##.##.2019-cu il tarixədək və ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Akademik Z.Məmmədov adına X1 Xəstəxanasında stanionar müalicədə olmuşdur.

3. DSMF-nin Arxiv və Sosial Ödəniş Işlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli *-**-*/*-A-*****/**** nömrəli məktubuna əlavə edilmiş TSEK-in müayinə aktlarından çıxarışları ilə müəyyən olunur ki, İddiaçı ilkin olaraq Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar ##.##.2008 ci il tarixdə 1 il müddətinə üçüncü, daha sonra eyni səbəbli əlaqə ilə ##.##.2009-cu il tarixdən ##.##.2014-cü il tarixədək 1 il müddətinə, ##.##.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

4. İddiaçı əlillik vəziyyətinə X3 Məmmədov adına Xəstəxanasının poliklinika şöbəsinin ##.##.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X4: XIII Sinif– Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25- Artropatiyalar => M20- M25 Oynaqların digər zədələnmələri => M24– Oynaqların digər spesifik zədələnmələri; Diaqnozun mətni: Oynaqların kontrakturası, Sağ-qamış sümüyünün travmatik sınığından sonrakı diz oynağının kontrakturası. Sağ ayağın kəskin funksiya pozulması. Ağrılar və yerişin pozulması; Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması- Səbəb: Mütəxəssis rəyləri, xəstənin hazırki vəziyyəti, əsas xəstəliyin ağırlaşmalarını təsdiq edən müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun” səbəbi ilə imtina verilmişdir.

5. X3 Məmmədov adına Xəstəxanasının poliklinika şöbəsinin ##.##.2021-ci il tarixli göndərişində (Forma 88) İddiaçı barəsində əsas diaqnoz:- “M24.5 Oynaqların kontrakturası, Sağ-qamış sümüyünün travmatik sınığından sonrakı diz oynağının kontrakturası. Sağ ayağın kəskin funksiya pozulması. Ağrılar və yerişin pozulması”, Ağırlaşmalar:- “R26 Hərəkətin və yerişin pozulmaları, Sağ ayağın kəksin funksiya pozulması yeriş funksiyasının pozulması ilə” və “R52.1 Müalicəyə tabe olmayan daimi ağrı sindromu”, Yanaşı xəstəliklər:- “F48.0 Nevrasteniya” kimi müəyyənləşdirilmişdir. Göndərişdə Rengenoqrafiyanın nəticəsi “null, Döş qəfəsinin R/skopiyasında– Ağ ciyərin bronx şəkili güclənib. Ağ ciyər kökü sərtləşib. Sinuslar sərbəstdir. Sağ diz oynağının R/qrammasında-sümük tamlığı pozulmuşdur, böyük qamış sümüyünün metaepifizinin köhnə bitişmiş sınığı, oynaq səthinin sklerozlaşması, oynaq yarığının daralması qeyd olunur, oynaq arası hündürlük qalınlaşıb. Nəticə: sağ qamış sümüyünün yuxarı 1/3-nin köhnə bitişmiş sınığı, sağ diz oynağının kontrakturası və artrozu” kimi qeyd edilmişdir.

6. İddiaçı Lətif oğlunun hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh etdiyi müraciətə sonuncunun ##.##.2023-cü il tarixli *- **-*/*-A****/**** nömrəli məktubu ilə bildirilmişdir ki, əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müraciəti əsasında ##.##.2022-ci il tarixdə Agentlikdə komissiyada əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlər və ətraflı əyani müayinənin nəticəsi olaraq barəsində "Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı qəbul edilmişdir. Belə ki, onun hazırkı vəziyyətinin obyektiv müayinəsi zamanı göndərişdə qeyd edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ## ###### 2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq əlillik təyininə əsas verməmişdir. Hazırda səhhətidə ağırlaşma əmələ gəlibsə, dövlət tibb müəssisəsi tərəfindən ətraflı müayinə olunub, sağlamlıq vəziyyətini tam şəkildə əks etdirən göndəriş rəsmiləşdirildikdən sonra əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndirilə bilər.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyinə qarşı ##.##.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, ikinci qrup əlil olaraq ona Prezident təqaüdünün verilməsinin dayandırılmasının qanunsuz hesab edilməsi, 2-ci qrup əlilliyinin və Prezident təqaüdünün verilməsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “İddiaçı müddətsiz 2-ci dərəcə əlilliyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmiş, daha sonra iddiaçı ##.##.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ##.##.2022-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

Iddiaçının əsaslandırması:

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1967-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuşdur. Hal-hazırda Gəncə şəhərində məskunlaşmışdır, ailəlidir, 3 övladı var. O, 1985-ci ildə Daşkəsən Rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə yollanmış, X5 şəhərində 6 ay hərbi təlim keçdikdən sonra 1986-cı ildə Əfqanistana yollanılaraq, 1 il 2 ay gedən döyüşlərdə iştirak etmiş, terror hücumu zamanı təcili yerdəyişmə edərkən yüksək qayalıqlardan yıxılmış, həmin zaman ağır bədən xəsarətləri alaraq "sağ qamış sümüyünün travmatik sınığı, diz oynaqlarının kontrakturası və yerişin pozulması", həmçinin sinir əsəb dioqnostikası ilə hərbi xidmətə yararsız hesab olunaraq hərbi xidmətdən təxris olunmuşdur. Onun ambulator, stasionar tibbi kitabçasından çıxarışdan da görmək olar ki, bu günə kimi müayinə və müaliəsi ardıcıl olaraq davam etdirilir. Sonuncu dəfə sinir pozuntusu ilə əlaqədar olaraq ##.##.2023-cü il tarixdə X2 Xəstəxanasında müayinə olunan zaman "sol alın pay sentrum semiovaldə 5x4 mm ölçüdə yarımkəskin dövr işemik insult sahəsi" aşkarlanmışdır. Komissiya tərəfindən hərbi xidmətə yararsız, əmək qabiliyyətsiz olmağı haqqında qərar verilmiş və o, 2008-ci ildən 2ci qrup əlili kimi pensiya çıxarılmışdır. Lakin ona pensiya verilişi 2021-ci ilin fevral ayından əsassız olaraq dayandırılmışdır. Bununla əlaqədar olaraq o, aidiyyatı üzrə müraciəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinə olunduqdan sonra ##.##.2022-ci il tarixli diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas verməməsi haqqında qərar yanlış qəbul olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair imtinası ##.##.2023-cü il tarixdə ona rəsmi qaydada təqdim olunmuşdur. Ailəsi çox kasıb yaşayır, ailəsinin yeganə gəlir mənbəyi onun aldığı pensiyadır. Az təminatlı ailə olaraq onların başqa yerdən gəlir mənbələri yoxdur. Halhazırda özü isə sinir və psixotrap dərmanlardan mütəmadi olaraq istifadə edir. Təkrar müayinəsi üçün dəfələrlə rəsmi qaydada aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etsə də, onun yenidən təkrar müayinə olunmağından dolayı yollarla imtina edilmişdir.

Cavabdehin etirazı:

10. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Etiraz onunla əsaslandırılmışdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) ##.##.2022-ci il tarixdə aşağıda adı göstərilən 37 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Gəncə şəhər sakini ##.##.1967-ci il təvəllüdlü İddiaçı (FIN:*******) əlillik vəziyyəti tibb müəssisəsinin *******AAMSV nömrəli göndərişi qiymətləndirilmiş və Göndəriş natamam doldurulduğundan Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı SSRI Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.1987-ci il tarixli *** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Sağ qamış sümüyünün içəri kondilusunun oynaq daxili, hissələrinin yerdəyişməsi ilə sınığından sonra sağ diz oynağının kombinə olunmuş kontrakturası. Konsolidə olunmuş sınıq. Ətraf funksiyasının mülayim dərəcədə pozulması ilə" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ dizindəki hərəki məhdudluqdan şiakyətlənmiş, aşağı ətraflarda reflekslər canlı, əzələ gücü ~4,5 bal və tonusu dəyişiksiz, diz oynağında hərəkətlər aktiv, tam müəyyən edilmişdir. Eyni zamanda paravertebral nöqtələr ağrılı, Lassek və Neri simptomları müsbət, radikulopatiya əlamətləri izlənilmişdir. Hazırda əlillik təyinatına əsas verən hərəki məhdudluq və əzələ atrofiyası müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Gəncə Inzibati Məhkəməsinin (hakim: G.T.Əliyeva) 2024-cü il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ##.##.2022-cü il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya ##.##.2008-ci il tarixdən etibarən fasiləsiz olaraq 13 il ikinci dərəcə əlilliyin təyin olunması iş materialları ilə təsdiq olunur. Həmçinin ona sonuncu göndərişdə qoyulmuş diaqnozun əvvəllər əlillik təyinatı üçün əsas olmuş diaqnozla eyni olması, hətta ağırlaşma hallarının olması müəyyən edilir.

14. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Gəncə Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının (hakimlər: A.V.Isgəndərova /sədrlik edən və məruzəçi/, İ.T.Həsənov və A.V.Bayramov) 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Gəncə Inzibati Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *-*(***)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

16. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş diaqnozlar tam nəzərə alınmadan əlillik təyinatından imtina edilmişdir. Belə ki, ##.##.2021-ci il tarixli müayinə nəticəsində iddiaçıya ağırlaşma olaraq təyin edilmiş diaqnoz “R26 – Hərəkətin və yerişin pozulmaları, sağ ayağın kəskin funksiya pozulması yeriş funksiyasının pozulması ilə” qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.10-cu bəndinə əsasən, “Sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr (R25- R29)” əlillik təyinatına əsas verən diaqnoz kimi nəzərdə tutulmuşdur. Adı çəkilən Meyarların 6.1.10. Sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr - R25-R29 6.1.10.2. başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları – 65-80% - 2 il. Əlillik vəziyyətinin müayinə nəticələrinə əsasən iddiaçıya ağırlaşma olaraq təyin edilmiş diaqnoz “R26 – Hərəkətin və yerişin pozulmaları, Sağ ayağın kəskin funksiya pozulması yeriş funksiyasının pozulması ilə” qeyd edilmişdir. Gönründüyü kimi, iddiaçının müayinəsi zamanı onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan diaqnozlarla üstü-üstə düşür.

17. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, qərarda qeyd olunan normaların məzmununa əsasən ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən olunması üçün əlilliyin mövcudluğu labüddür. Belə ki norma, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən olunmasının göstərişini verir. 46. Iş materiallarında olan sənədlərə əsasən cavabdeh orqan tərəfindən iddiaçıya ##.##.2008-ci il tarixdən etibarən 1 il müddətinə üçüncü dərəcə, ##.##.2009-cu il tarixdən etibarən isə fasiləsiz olaraq 13 il müddətinə ikinci dərəcə əlillik təyin olunması təsdiq edilir. Belə olan halda “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əsasən ona müddətsiz əlillik təyin edilməsi qanuni və əsaslıdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayəti iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyasıməhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: Bənd 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 6.1.10. Sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr - R25- R29 Bənd 6.1.10.2. başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları – 65-80% - 2 il;

23. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası, xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, iddiaçıya ##.##.2022-cü il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi üçün əsasların olub-olmaması bağlı məsələ apellyasiya instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılmışdır.

30. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də Kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının 2025-ci il ## #### tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar