Məhkəmə qərarları › İş №2-1(102)-3234/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3234/2025

02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3234/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bina, tikili, qurğu və ya digər daşınmaz əşyaların yerləşdikləri torpaq sahəsi ilə birlikdə ipotekaya qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondu) qarşı “qeydin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2011-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.0396 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmışdır.

2. ## ###### 2011-ci il tarixli, İP2-310/7-USD nömrəli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı kimi İddiaçı məxsus ünvan 3-də mülkiyyətində olan 0,0396 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 41 kv.metr yaşayış, 78.2 kv.metr yardımçı, 119,2 kv.metr ümumi sahədən ibarət olan fərdi yaşayış evi ipoteka qoyulmuşdur.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2011-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

4. “Hərracın yekunları barədə” ##.##.2016-cı il tarixli, **/** nömrəli protokoldan görünür ki, İddiaçı məxsus ünvan 3-də mülkiyyətində olan 0.0396 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 41 kv.m yaşayış, 78.2 kv.m yardımçı, 119.2 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evin 117937.50 (yüz on yeddi min doqquz yüz otuz yeddi manat əlli qəpik) manat olmaqla ipoteka saxlayan və əldə etmək hüququna malik olan “xxxx” ASC-nin nümayəndəsi X1 əldə etməsi qərara alınmışdır.

5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2016-cı il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında “xxxx” ASC-nin adına dövlət qeydiyyatına alınmışdır.

6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir.

7. Cavabdeh ##.##.2023-cü il tarixli, *-**-*-**/*-R-****-**/**** nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, əmlak üzərində hüquqların ləğv edilməsi üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində birinci icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 2011-ci il tarixli İP2- 310/7-USD nömrəli ipoteka müqaviləsinə əsasən Əliyeva Mənsurə İsa qızının kredit öhdəliyinin təminatı kimi özünə məxsus olan ünvan 1 ünvanda mülkiyyətində olan 0, 0396 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı, 41 kv.m yaşayış, 78.2 kv.m yardımçı, 119.2 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Bundan sonra Mənsurə Əliyeva öz öhdəliyini təmin etmədiyindən məhkəmə qətnamələrinə əsasən kredit borcu ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəlmişdir. Həmçinin bildirmişdir ki, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi kimi həmin evin fəaliyyətini təmin etdiyi torpaq sahəsi və ipoteka ilə yüklü edilməyən tikililər ipoteka predmetini təşkil etmir və bununla bağlı onun bankla heç bir müqaviləsi olmamışdır. Fərdi yaşayış evinin və onun yeni tikililərin altında yerləşən torpaq sahəsi ilə fərdi yaşayış evinin həyətyani sahəsinin bir çıxarışla hüququn dövlət qeydiyyatına alınması həyətyanı torpaq sahəsinin, həmi torpaq sahəsində inşa edilmiş əlavə tikililərin və əlavə olaraq inşa edilmiş tikililər ipoteka predmetinin tərkibini təşkil edə bilməz. Hazırda həm evin, həm də torpaq sahəsinin və üzərində inşa edilmiş əlavə tikililər üzərində bankın mülkiyyət hüququ qeydə alınmış, lakin nə torpaq sahəsi, nə də üzərində inşa edilmiş əlavə tikililər bankda ipoteka ilə yüklü edilməmişdir. Bu səbəbdən cavabdeh tərəfindən aparılmış qeyd qanunsuz və əsassızdır. Qeydin ləğvi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir.

10. Cavabdeh iddiaya dair yazılı etirazını imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır.

11. Gəncə İnzibati Məhkəməsinin ## ######## 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim E.Axundov) iddia mümkün sayılmamışdır.

12. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində birinci icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı (hakimlər A.İsgəndərova – sədrlik edən, T.Muxtarov və A.Bayramov) ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin ## ######## 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.

c) birinci instansiya məhkəməsində ikinci icraat

14. Gəncə İnzibati Məhkəməsinin ## ### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə mübahisəli ünvan 3 ünvanındakı 2 mərtəbəli 2 otaqlı, 41 kv.m yaşayış, 78.2 kv.m yardımçı, 119.2 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi “xxxx” ASCnin xeyrinə ipoteka yüklü edildiyi vaxt “İpoteka haqqında” Qanununun tələbinə əsasən mülkün yerləşdiyi 0.0396 ha ölçüdə olan torpaq sahəsi də həmin bankın xeyrinə yüklü edilmişdir. Beləliklə, bina onun yerləşdiyi, yaxud fəaliyyətinin təmin olunduğu torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Odur ki, inzibati orqanın hərəkəti qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. ç) apellyasiya instansiya məhkəməsində ikinci icraat

17. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı (hakimlər R.Mamedov – sədrlik edən, A.İsgəndərova və A.Bayramov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin ## ### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə bina onun yerləşdiyi, yaxud fəaliyyətinin təmin olunduğu torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur və binaya tutma yönəldildikdə üçüncü şəxs binanın yerləşdiyi torpaq sahəsi üzərinə mənsub olan hüququ əldə edir.

19. Bundan əlavə, iddiaçı “xxxx” ASC ilə aralarında bağlanmış ##.##.2011-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməsi və həmin sahələrin, sərhədlərinin və tikililərin natural qaydada bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı tərəfdən həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarından göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmış hüquqa *** nömrəli 2 otaqlı, 41 kv.m yaşayış, 78.2 kv.m yardımçı, 119.2 kv.m ümumi sahədən ibarət iki mərtəbəli fərdi yaşayış evinin 0.0396 ha torpaq sahəsində yerləşdiyi qeyd edilmişdir. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas həm də qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol hesab olunur.

20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

22. Kassasiya şikayətində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1, 2.1, 6, 8, 9-cu maddələrinə istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Üçüncü şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; ...

25. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır: 1.0.1. ipoteka – öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; ... Maddə 7. İpotekanın xüsusiyyətləri ... 7.2. Bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. ...

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

27. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Məhkəmə kollegiyası eyni zamanda kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

35. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində “xxxx” ASC-nin mülkiyyət hüququ cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2-ci maddəsində hüquqmüəyyənedici sənəd qismində nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol əsasında dövlət qeydiyyatına alınmış və bu barədə ona müvafiq çıxarış verilmişdir.

36. “İpoteka haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar