Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3235/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İbrahimov Azər Çingiz oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi mübahisəsi; artıq ödəmənin geri qaytarılması; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İbrahimov Azər Çingiz oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “iddiaçıya məxsus şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 50.599,34 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının (VÖEN: 1001735322) ##.##.2021-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizəsinə əsasən əlavə dəyər vergisi üzrə 62128,03 manat artıq ödəmə edilmişdir.
2. İddiaçının ##.##.2022-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizəsinə əsasən əlavə dəyər vergisi üzrə 50000,00 manat artıq ödəmə edilmişdir.
3. Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan “müraciətə baxılması barədə” ##.##.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Vergi Məcəlləsinin müddəaları və Nazirlər Kabinetinin ##.##.2019-cu il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Göstərilən qaydaların tələbinə uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında müraciət etməklə), artıq ödənilmiş məbləğ (artıq ödəmənin yaranma tarixləri və səbəbləri göstərilməklə) səyyar vergi yoxlaması keçirilməklə təsdiq olunduğu və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaların qaytarılması barədə" elektron ərizə formasında artıq ödəmənin yaranma tarixi, artıq ödəmənin ödənilmə tarixi və artıq ödəmənin yaranma səbəbi düzgün qeyd edilməmişdir. Bununla əlaqədar olaraq artıq ödəmənin qaytarılması məsələsinə baxılması mümkün olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 50,599.34 manat pul vəsaitinin geri qaytarılması haqqında rəyin verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi inzibati məhkəmə icraatında birgə cavabdeh qismində nəzərə alınmış, daha sonra məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin cavabdeh qismində iştirakına xitam verilmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İbrahimov Azər Çingiz oğlunun şəxsi hesab vərəqəsinə əsasən fərdi sahibkarın hazırkı tarixə vergilər üzrə 50,599.34 manat artıq ödəməsi mövcuddur. İddiaçı qeyd edilən artıq ödəmənin qaytarılması barədə rəy verilməsi üçün cavabdeh vergi orqanına ##.##.2022-ci, ##.##.2022-ci və ##.##.2022ci il tarixli ərizələrlə müraciət etsə də, cavabdeh vergi orqanı qeyd olunan artıq ödəmənin qaytarılması üçün rəy verməkdən imtina edir. Belə ki, cavabdeh hesab etmişdir ki, iddiaçı ilə vergi orqanı arasında ##.##.2014-cü il tarixli partnyorluq sazişi bağlanmış və təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir. Vergi partnyorluğu sazişi - vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır (Vergi Məcəlləsinin 13.2.49-cu maddəsi) və şəxsi hesab vərəqəsində yaranmış artıq vergi ödəməsinin qaytarılmasından bu əsasla imtina edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin, əgər vergi ödəyicisinin vergi bəyannamələrində hər hansı uyğunsuzluq mövcud olmuşdursa, vergi orqanı bununla bağlı səyyar və ya kameral vergi yoxlaması həyata keçirmək hüququna malik olmuşdur.
7. Cavabdeh iddiaya dair yazılı etirazında qeyd etmişdir ki, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları Vergi Məcəlləsinin 87.4-cü maddəsinin tələbinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddədə müvafiq icra hakimiyyəti qismində Nazirlər Kabineti nəzərdə tutulur. Belə ki, Nazirlər Kabinetinin ## ###### 2001-ci il ** nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Qaydaların 3.1-ci bəndinə görə, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (* nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (* nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (* nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir. Beləliklə, vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməli və ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Yuxarıda qeyd olunanlara uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında müraciət etməklə), artıq ödənilmiş məbləğ (artıq ödəmənin yaranma tarixləri və səbəbləri göstərilməklə) səyyar vergi yoxlaması keçirilməklə təsdiq olunduğu və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunverici müddəti müəyyən edərkən artıq ödənilmiş vergilərin tələb edilməsi ilə əlaqədar 5 illik müddətin axımının başlanmasını artıq ödəmənin yaranma anı ilə şərtləndirir. İddiaçı İbrahimov Azər Çingiz oğlunun şəxsi hesab vərəqəsindən isə görünür ki, iddiaçı barəsində artıq ödəmənin yaranma tarixi ##.##.2014-cü il müəyyən edilmişdir. Bu halda 5 illik tələbetmə müddətinin axımı həmin tarixdən hesablanmalıdır. Lakin iddiaçı “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə" ərizə ilə ilk dəfə ##.##.2021-ci il tarixdə inzibati orqana müraciət etmişdir. Beləliklə artıq ödənilmiş vergilərin tələb edilməsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddət iddiaçı tərəfindən ötürülmüşdür. Həmçinin bildirilir ki, iddiaçının artıq ödəmələrin qaytarılması barədə ##.##.2022-ci il tarixli **************** nömrəli, **************** nömrəli, **************** nömrəli müraciətləri əsasında vergi orqanı tərəfindən araşdırma aparılmış və aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ##.##.2014-cü il tarixində vergi orqanına vergi partnyorluğu sazişinin bağlanması müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı sərbəst iradə ifadə edərək inzibati orqanla qeyd olunan sazişi bağlamış və razılaşdırılmış vergi məbləğini dövlət büdcəsinə ödəməklə vergi risklərini minimuma endirmək niyyətini həyata keçirmişdir. Bu zaman vergi ödəyicisi ödədiyi vergi məbləğinə uyğun vergi hesabatlarını təqdim etməyə borclu olduğu halda buna əməl etməmiş, nəticədə süni şəkildə artıq ödəmə məbləği yaratmağa nail olmuşdur. Bundan əlavə vergi orqanı tərəfindən aparılmış araşdırma zamanı iddiaçı tərəfindən ##.##.2015-ci il tarixində isə vergi partnyorluğu sazişinin uzadılması ilə bağlı ərizə ilə müraciət edildiyi müəyyən edilmişdir. Bu da bir daha sübut edir ki, vergi ödəyicisi könüllü şəkildə sazişdən irəli gələn öhdəliklərin icrasını davam etdirmişdir. Lakin vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə təqdim edilmiş vergi bəyannamələrində göstərilmiş dövriyyə məbləğlərinin vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir. Eyni zamanda, vergi ödəyicisinin müraciətinə əlavə edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması” barədə Ərizədə artıq ödəmənin ödəniş tarixinin, məbləğinin və yaranma səbəbinin düzgün qeyd olunmadığı müəyyən edilmiş və bununla əlaqədar ##.##.2022-ci il tarixdə iddiaçıya məktub göndərilmişdir. Lakin iddiaçı yenə də qeyd olunan məlumatları düzgün şəkildə vergi orqanına təqdim etməmişdir. Vergi Məcəlləsinin 13.2.49-cu maddəsinə əsasən “Vergi partnyorluğu sazişi” vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Vergi Məcəlləsinin 13.2.49-1-ci maddəsinə əsasən vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar, gələcəkdə həyata keçiriləcək vergi tutulan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin vergi orqanı tərəfindən əvvəlcədən müəyyən edilməsini təsdiq edən Vergi Məcəlləsinin 77-1-ci maddəsində nəzərdə tutulan sənəddir. Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsinə əsasən könüllü vergi açıqlaması səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir. Yuxarıda göstərilənlərə əsasən, vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq iddiaçının iddia tələbinin əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
8. Birinci instansiya məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli */**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarında olan şəxsi hesab vərəqəsinə əsasən, 50.599,34 manat məbləğində artıq ödəmə ##.##.2014-cü il tarixindən ##.##.2022-ci il tarixədək (şəxsi hesab vərəqəsinin yazılış qrafasındakı son tarix) olan dövr aralığında aparılan ödənişlər, hesablamalar və azalmalar nəzərə alınmaqla yaranmışdır. Həmçinin qeyd edilir ki, aparılan ödənişlər, hesablamalar və azalmalar ətraflı şəkildə şəxsi hesab vərəqəsində göstərilmişdir. Bundan başqa qeyd edilir ki, şəxsi hesab vərəqəsindən göründüyü kimi, aparılan ödənişlər, hesablamalar və azalmalar nəzərə alınmaqla vergi ödəyicisinin ##.##.2016-cı il tarixdən sonrakı dövr üzrə artıq ödəmə məbləği 17.424,09 (50.599,34 (##.##.2022-ci il tarixə artıq ödəniş) - 33.175,25 (##.##.2016-cı il tarixə artıq ödəniş)) manat artmış, ##.##.2017-ci il tarixdən sonrakı dövr üzrə isə artıq ödəmə məbləği 7.196,81 (57.796,15 (##.##.2017-ci il tarixə artıq ödəniş) – 50.599,34 (##.##.2022-ci il tarixə artıq ödəniş)) manat azaldılmışdır.
9. Birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli, */**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarında olan şəxsi hesab vərəqəsindən göründüyü kimi, 50.599,34 manat məbləğində artıq ödəmə ##.##.2014-cü il tarixindən ##.##.2022-ci il tarixədək (şəxsi hesab vərəqəsinin yazılış qrafasındakı son tarix) olan dövr aralığında aparılan ödənişlər, hesablamalar və azalmalar nəzərə alınmaqla yaranmışdır. Həmçinin qeyd edilir ki, aparılan ödənişlər, hesablamalar və azalmalar ətraflı şəkildə şəxsi hesab vərəqəsində göstərilmişdir. İş materiallarında olan şəxsi hesab vərəqəsindən göründüyü kimi, ##.##.2016-##.##.2021-ci il tarixləri arasında 57,987.43 manat ödəniş,18,374.32 manat azalma, 47,408.97 manat hesablama əməliyyatı həyata keçirilmişdir. Eyni zamanda şəxsi vərəqəyə əsasən ##.##.2016-cı il tarixə vergi ödəyicisinin 33.175,25 manat artıq ödəməsi olmuşdur. Tədqiqatla şəxsi vərəqə üzrə ##.##.2016-cı il tarixə mövcud olan 33.175,25 manat artıq ödəmənin ##.##.2016-cı il tarixdən sonrakı tarixlər üzrə 47,408.97 manat məbləğində aparılmış hesablamalara silindiyi və nəticədə hesablama üzrə ümumilikdə 14,233.72 manat vergi öhdəliyi qaldığı müəyyən edilir. Qeyd edildiyi kimi, şəxsi vərəqə məlumatlarına əsasən vergi ödəyicisinin ##.##.2016- ##.##.2021-ci il tarixləri arasında 57,987.43 manat ödənişi və 18,374.32 manat azalma əməliyyatı olmuşdur. Bildirilir ki, iş materiallarında olan vergi ödəyicisinə məxsus şəxsi hesab vərəqəsində ##.##.2021-ci il tarixə mövcud olmuş 62,128.03 manat artıq ödəmənin ##.##.2016-##.##.2021-ci il tarixləri arasında aparılmış 18,374.32 manat azalma və 57,987.43 manat ödəmələrin cəmindən, dövr ərzində yaranmış 14,233.72 manat vergi öhdəliyi nəzərə alındıqdan sonra yarandığı müəyyən edilir (33.175,25 manat artıq ödəmə - 47.408,97 manat hesablama + 18.374,32 manat azalma + 57.987,43 manat ödəniş = 61.128,03 artıq ödəmə). Əlavə olaraq qeyd edilir ki, şəxsi vərəqə üzrə yaranmış artıq ödəmə, ödəniş və ƏDV üzrə azalma əməliyyatlarının cəmindən formalaşdığı müəyyən edilir.
10. Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, iddiaçı İbrahimov Azər Çingiz oğluna məxsus şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 50.599,34 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı İbrahimov Azər Çingiz oğlu vergi orqanına “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə" ərizə ilə ilk dəfə ##.##.2021-ci il tarixdə müraciət etmişdir (qeyd edilən fakt işin mübahisəsiz halıdır). Hazırkı iddia tələbi üzrə mübahisələndirilən hal isə vergi ödəyicisi tərəfindən tələb olunan artıq ödəmənin yaranma anı və yaranmış artıq ödəmənin məbləği ilə bağlıdır. Məhkəmə iş materiallarına əlavə edilmiş ekspert rəyinə əsasən müəyyən etmişdir ki, vergi ödəyicisi tərəfindən artıq ödənilmiş verginin qaytarılması tələbi ilə vergi orqanına müraciət edildiyi tarixə (##.##.2021-ci il tarixə) mövcud olmuş 62.128,03 manat vergilər üzrə artıq ödəmənin yaranma anı ##.##.2016-cı il tarixidir və həmin artıq ödəmə məbləği ##.##.2016- ##.##.2024-ci il tarixləri arasında baş vermiş əməliyyatlar (ödəniş, hesablama və azalma) nəticəsində yaranmışdır. Belə ki, ##.##.2016-cı il tarix üzrə vergi ödəyicisinin şəxs hesab vərəqəsində 33.175,25 manat vergilər üzrə artıq ödəmə mövcud olmuş; ##.##.2016- ##.##.2021-ci il tarixləri arasında 57.987,43 manat ödəniş, 18.374,31 manat azalma, 47.408,97 manat hesablama əməliyyatı həyata keçirilmişdir (33.175,25 manat artıq ödəmə - 47.408,97 manat hesablama + 18.374,32 manat azalma + 57.987,43 manat ödəniş = 61.128,03 artıq ödəmə). Məhkəmə nəzərə almışdır ki, iddiaçı İbrahimov Azər Çingiz oğluna məxsus şəxsi hesab vərəqəsinə əsasən ##.##.2021-ci il tarixə yaranmış artıq ödəmə məbləği 62.128,03 manat təşkil etsə də, ##.##.2021-ci il tarixdən sonra həyata keçirilmiş azalma, hesablama və ödəniş əməliyyatları nəticəsində hazırda mövcud olan artıq ödəmə məbləği 50.599,34 manat təşkil edir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər N.Nəbizadə – məruzəçi, M.Tağızadə və K.Əkbərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia tələbinə yazılı etirazın dəlilləri ilə eynilik təşkil edir.
17. Kassasiya şikayətində İnzibati Prosessual Məcəllənin 8.1.2, 11, 12, 13, 24 və 47-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 58.7, 69.4 və 220.4-cü maddələrinə, Vergi Məcəlləsinin 87-ci maddəsinə, Nazirlər Kabinetinin “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarına istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: ... 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək; ... Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi ... 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Bu maddənin digər müddəalarından asılı olmayaraq, xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və ya xaricdə əldə olunan gəlirlər üzrə müvafiq məlumatlar daxil olduğu hallarda, kameral vergi yoxlamaları sorğu və ya məlumat daxil olduğu tarixdən, səyyar vergi yoxlamaları isə yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. ... Maddə 87. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması 87.1. Vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. ... 87.3. Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. ... 87.4. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”:
1. Ümumi müddəalar 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü və 87.5-ci maddələrinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-24.1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən, habelə sığortalıdan düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş, rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının, eyni zamanda Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. ...
2. Vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının büdcəyə artıq ödəmələrin qaytarılması üzrə hüquqları 2.1. Vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (Vergi Məcəlləsinin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. ...
3. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün müraciət və tələb olunan sənədlər 3.1. Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (* nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (* nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (* nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (* nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. ...
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Ona görə də, kassasiya şikayəti qismən təmin edilməklə, mübahisələndirilən qərar ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinin göndərilməlidir.
25. Belə ki, hazırkı iş üzrə iddiaçı artıq ödənilmiş 50,599.34 manat pul vəsaitinin geri qaytarılması haqqında rəyin verilməsini tələb edir. Bu tələbin araşdırılması zamanı müəyyən edilməli ən önəmli xüsusatlardan biri də iddia olunan artıq ödəmənin hazırkı qərarın Tətbiq edilən hüquq hissəsində göstərilən normaların tələbləri baxımından 5 illik müddətdə yaranıb-yaranmamasını müəyyən etməkdir.
26. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına əsasən iddiaçı ilk dəfə vergi orqanına artıq ödənilmiş vergilərin qaytarılması barədə ərizə ilə ##.##.2021-ci il tarixdə müraciət etmiş və artıq ödənilmiş vergi məbləğinin 62128,03 manat olduğunu bildirmişdir. ##.##.2021-ci il tarixdən sonra həyata keçirilmiş azalma, hesablama və ödəniş əməliyyatları nəticəsində hazırda mövcud olan artıq ödəmə məbləği 50.599,34 manat təşkil edir.
27. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının şəxsi hesab vərəqəsində mövcud olan 50.599,34 manat artıq ödəmənin hansı tarixdən yaranmasının, ##.##.2016cı il tarixdən sonrakı dövr üzrə artıq ödəmə məbləğinin nə qədər olmasının, iddiaçının şəxsi hesab vərəqəsində ##.##.2021-ci il tarixə mövcud olan 62,128.03 manat artıq ödəmənin hansı tarixdən yaranmasının, iddiaçının şəxsi hesab vərəqəsinə əsasən ##.##.2016-cı il tarixə mövcud olmuş 33,175.25 manat artıq ödəmə məbləğinin ##.##.2016-cı il tarixdən sonra baş tutmuş hesablama əməliyyatlarına silinibsilinməməsinin müəyyən edilməsi məqsədilə iki dəfə ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş sonuncu ##.##.2024cü il tarixli,
28. */**** nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarında olan şəxsi hesab vərəqəsindən göründüyü kimi, 50.599,34 manat məbləğində artıq ödəmə ##.##.2014-cü il tarixindən ##.##.2022-ci il tarixədək (şəxsi hesab vərəqəsinin yazılış qrafasındakı son tarix) olan dövr aralığında aparılan ödənişlər, hesablamalar və azalmalar nəzərə alınmaqla yaranmışdır. Həmçinin qeyd edilir ki, aparılan ödənişlər, hesablamalar və azalmalar ətraflı şəkildə şəxsi hesab vərəqəsində göstərilmişdir. İş materiallarında olan şəxsi hesab vərəqəsindən göründüyü kimi, ##.##.2016-##.##.2021-ci il tarixləri arasında 57,987.43 manat ödəniş,18,374.32 manat azalma, 47,408.97 manat hesablama əməliyyatı həyata keçirilmişdir. Eyni zamanda şəxsi vərəqəyə əsasən ##.##.2016-cı il tarixə vergi ödəyicisinin 33.175,25 manat artıq ödəməsi olmuşdur. Tədqiqatla şəxsi vərəqə üzrə ##.##.2016-cı il tarixə mövcud olan 33.175,25 manat artıq ödəmənin ##.##.2016-cı il tarixdən sonrakı tarixlər üzrə 47,408.97 manat məbləğində aparılmış hesablamalara silindiyi və nəticədə hesablama üzrə ümumilikdə 14,233.72 manat vergi öhdəliyi qaldığı müəyyən edilir. Qeyd edildiyi kimi, şəxsi vərəqə məlumatlarına əsasən vergi ödəyicisinin ##.##.2016-##.##.2021-ci il tarixləri arasında 57,987.43 manat ödənişi və 18,374.32 manat azalma əməliyyatı olmuşdur. Bildirilir ki, iş materiallarında olan vergi ödəyicisinə məxsus şəxsi hesab vərəqəsində ##.##.2021-ci il tarixə mövcud olmuş 62,128.03 manat artıq ödəmənin ##.##.2016-##.##.2021-ci il tarixləri arasında aparılmış 18,374.32 manat azalma və 57,987.43 manat ödəmələrin cəmindən, dövr ərzində yaranmış 14,233.72 manat vergi öhdəliyi nəzərə alındıqdan sonra yarandığı müəyyən edilir (33.175,25 manat artıq ödəmə - 47.408,97 manat hesablama + 18.374,32 manat azalma + 57.987,43 manat ödəniş = 61.128,03 artıq ödəmə). Əlavə olaraq qeyd edilir ki, şəxsi vərəqə üzrə yaranmış artıq ödəmə, ödəniş və ƏDV üzrə azalma əməliyyatlarının cəmindən formalaşdığı müəyyən edilir.
29. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən yuxarıda qeyd edilən ekspert rəyini mötəbər sübut kimi qəbul etmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsi ekspert rəyini mötəbər hesab edərkən işin faktiki hallarına uyğun müqayisəli təhlil aparmamış, ekspert rəyində aydın olmayan xüsusatları (konkret olaraq qaytarılması xahiş olunan artıq ödəmənin hansı tarixdən yaranmasını) tam və hərtərəfli araşdırmadan iş üzrə keçirilmiş ekspert rəyini əsassız şəkildə hüquqi dəlil kimi qəbul etmişdir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə ## ####### 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.
33. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi ekspert rəyində 50.599,34 manat məbləğində artıq ödəmənin ##.##.2014-cü il tarixindən ##.##.2022-ci il tarixədək olan dövr aralığında aparılan ödənişlər, hesablamalar və azalmalar nəzərə alınmaqla yarandığı qeyd edilmişdir.
34. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə və Nazirlər Kabinetinin 2019-cu il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 2.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödəməni 5 (beş) il müddətində tələb etmək hüququna malikdir.
35. İddiaçının artıq ödəmə ilə bağlı cavabdehə ilk dəfə ##.##.2021-ci il tarixdə müraciət etməsi işin mübahisəsiz halıdır. Belə olan təqdirdə iddiaçı ##.##.2016-cı il tarixdən sonra yaranmış artıq ödəməni tələb etmək hüququna malik olur. Aşağı instansiya məhkəmələri ilə 50.599,34 manat məbləğində artıq ödəmənin qaytarılması barədə tələbi təmin edərkən iş üzrə əldə edilmiş ekspert rəylərini mötəbər hesab etmişlər. Halbuki, yuxarıda da qeyd edildiyi kimi ekspert rəyində 50.599,34 manat məbləğində artıq ödəmənin ##.##.2014-cü il tarixindən ##.##.2022-ci il tarixədək olan dövr aralığında yarandığı qeyd edilmişdir.
36. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman yuxarıda qeyd edilən ekspert rəylərindəki ziddiyyətli hallar aradan qaldırılmalı, iddiaçının artıq ödəməni tələb etmək hüququna malik olduğu dövr üzrə, yəni ##.##.2016-cı ildən sonra yaranmış artıq ödəmə məbləği müəyyən edilməli, yalnız bundan sonra iş üzrə yekun qərara gəlinməlidir.
37. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməməsi hissəsində şikayət təmin olunmamalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.