Məhkəmə qərarları › İş №2-1(102)-3239/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3239/2025

02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3239/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: taun əleyhinə müəssisələrdə iş müddətinin ikiqat ölçüdə hesablanması; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtinanın qanunsuz hesab edilərək iddiaçının 52 yaşının tamam olduğu ##.##.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, cavabdeh tərəfindən iddiaçıya münasibətdə 55 yaşdan güzəştli şərlərlə pensiya təyinatı ilə əlaqədar qəbul edilmiş “Əmək pensiyasının təyin edilməsi haqqında” ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** saylı qərarın ləğv edilməsi və pensiya fərqinin qanunla müəyyən edilmiş qaydada ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları

1. Iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 52 yaşının tamam olduğu ##.##.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, əvvəlki imtinanın qanunsuz hesab edilməsi, pensiya fərqinin qanunla müəyyən edilmiş qaydada ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və əmək pensiyasının təyin edilməsinə dair ##.##.2024-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakim G.Sevdimalıyeva) ilə iddia təmin edilmiş, ləğv edilmiş DSMF-nin Xüsusi Şərtlərlə Təyinat Idarəsinin ##.##.2019-cu il tarixli *********** nömrəli məktubuna əsasən iddiaçı X2 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina qanunsuz hesab edilmiş, iddiaçı X2 52 yaşının tamam olduğu ##.##.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, iddiaçı X2 ##.##.2019-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmış, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı X2 münasibətdə 55 yaşdan güzəştli şərtlərlə pensiya təyinatı ilə əlaqədar qəbul edilmiş “Əmək pensiyasının təyin edilməsi haqqında” ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarı ləğv edilmiş və ödənilmiş pensiyanın (fərqinin) nəzərə alınması qərara alınmışdır.

3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakimlər N.Nəbizadə – məruzəçi, M.Tağızadə və K.Əkbərov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.1998-ci il tarixdən hazırkı tarixədək (əmək şəraiti zərərli olan işlərdə çalışdığı dövr ##.##.2006-cı il tarixinədək hesablanmalı olduğuna görə 7 il 11 ay 29 gündür) immunoloji laboratoriyanın həkim-immunoloqu peşəsində işləyir. Işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: tauna qarşı idarələrdə məşğul olmaqdan ibarət olmaqla, Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı” üzrə 22600000—1754a vəzifə kodunda müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir. Qeyd edilən hal iş yerindən arayışla da təsdiqlənmişdir. “xxxx” Qanunun 24-cü maddəsi (Sığorta stajının hesablanmasında güzəştlər) əmək pensiyası hüququ verən sığorta stajına müəyyən dövrlərin ikiqat ölçüdə güzəştli şərtlərlə daxil edilməsi eyni zamanda həmin dövrün (cüzam və taun əleyhinə müəssisələrdə iş müddətinin) zərərli əmək şəraiti kimi də nəzərə alınmasını ehtiva etməlidir. Belə ki, zərərli staj artıq şəxsin müəyyən edilmiş sığorta stajına uyğun olaraq nəzərə alınmalıdır. Odur ki, şəxsin stajının ikiqat ölçüdə qismən nəzərə alınması (sığora stajına münasibətdə ikiqat, zərərli staja münasibətdə birqat) qanunun teoloji təfsirinə uyğun hesab edilə bilməz. Belə ki, teoloji təfsir qanunun məqsədini və onun qəbul olunmasının əsas ideyasını nəzərə alaraq edilən təfsirdir. Qanunun məqsədi isə cüzam və taun əleyhinə müəssisələrdə iş müddətinin iki qat ölçüdə nəzərə alınmasıdır.

6. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “xxxx” Qanunun 24-cü maddəsinə əsasən, taun əleyhinə müəssisələrdə iş müddəti əmək pensiyası hüququ verən sığorta stajına, yəni ümumi sığorta stajına ikiqat ölçüdə daxil edilir. Belə hallarda şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından qanunvericiliklə tələb olunan xüsusi (güzəştli) iş stajı sığorta stajının tərkib hissəsi kimi qiymətləndirilməli və nəzərə alınmalıdır. Başqa sözlə ikiqat hesablama qaydası stajın növü deyil, şəxsin işlədiyi fəaliyyət sahəsinin və (və ya) peşənin xüsusiyyətləri nəzərə alınaraq tətbiq olunur. Qanunun göstərilən normasında yalnız ümumi stajın hesablanması barədə birbaşa göstəriş yoxdur. Digər tərəfdən şəxsin bir müəssisədə işlədiyi iş dövrü necə ki, onun həm ümumi, həm xüsusi (güzəştli) stajına hesablanır, eyni ilə burada da iddiaçının işlədiyi dövrün ikiqat ölçüdə hesablanması onun həm ümumi, həm də xüsusi stajına tətbiq olunması zamanı nəzərə alınmalıdır. Yalnız bundan sonra sığorta stajına hesablanmış hansı iş müddətinin güzəştli pensiya hüququ verən fəaliyyət sahəsinə və ya peşəyə aid iş müddəti olduğu müəyyən edilir. Bu baxımdan ikiqat ölçüdə sığorta stajı kimi hesablanan həmin əmək fəaliyyəti müddəti eyni zamanda ikiqat ölçüdə güzəştli iş stajı kimi də nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarları).

11. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

12. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur.

13. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən edilmir.

14. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar