Məhkəmə qərarları › İş №2-1(102)-3257/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3257/2025

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3257/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fövqəladə hallar orqanlarından xaric edilmə barədə əmrin ləğvi və işə bərpa edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı “əmrin ləğvi, vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı, cavabdehin ## ### 2006-cı il tarixli, ***/Ş nömrəli əmri ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin sərəncamına qəbul edilmişdir.

2. Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin # ###### 2020-ci il tarixli, ****/Ş nömrəli əmrindən görünür ki, xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə X2 yanğın nəzarəti idarəsinin X3 şöbəsinin böyük inspektoru, daxili xidmət R İddiaçı “Xəbərdarlıq” elan edilmişdir.

3. Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin ## #### 2021-ci il tarixli, ****/Ş nömrəli əmrindən görünür ki, xidməti fəaliyyətində yol verdiyi nöqsana görə X2 yanğın nəzarəti idarəsinin X3 şöbəsinin böyük inspektoru, R İddiaçı “Xəbərdarlıq” elan edilmişdir.

4. Azərbaycan Respublikasının Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinin ## ###### 2024-cü il tarixli, *-*-**/**/*-******/**** nömrəli təqdimatından görünür ki, Qusar rayon sakinləri Vəkilov Zakim Balaca oğlu, X4, X10, Qusar rayon Hil kənd körpələr evinin müdiri X6, Qusar RMX-nın məntəqə müdiri X1 və rayon ərazisində fəaliyyət göstərən çox sayda digər dövlət müəssisə və iaşə obyektlərinin rəhbərlərinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Şimal X7 idarəsinin inspektoru İddiaçı barəsində müraciətləri əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır.

5. Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin # ###### 2024-cü il tarixli, ****/Ş nömrəli əmrindən görünür ki, xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Xidmətin X2 yanğın nəzarəti idarəsinin X3 şöbəsinin böyük inspektoru, R İddiaçı “Töhmət” elan edilmişdir.

6. İddiaçının ## ### 2024-cü il tarixli təqririndən görünür ki, o, Fövqəladə hallar orqanlarında xidmət keçməyinə xitam verilməsini xahiş etmişdir.

7. Fövqəladə Hallar Nazirliyinin ## ### 2024-cü il tarixli, ****/ş nömrəli əmrindən görünür ki, Nazirliyin X3 Xidmətinin X2 yanğın nəzarəti idarəsinin X3 şöbəsinin böyük inspektoru R İddiaçı öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. Əsas İddiaçı təqriri olaraq qeyd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin ## ### 2024-cü il tarixli, ****/Ş saylı əmrinin ləğv edilməsi, İddiaçı X2 Yanğın Nəzarəti İdarəsinin X3 şöbəsinin böyük inspektor vəzifəsinə xidmətkeçməyə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadına əsasən iddiaçı İddiaçı cavabdeh Fövqəladə Hallar Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ildən yanğından mühafizə orqanlarında xidmət etmişdir. 2017-ci ilin fevral ayından X2 Yanğın Nəzarəti İdarəsinin X3 şöbəsinin böyük inspektor vəzifəsinə təyin edilmişdir. Xidmət etdiyi müddət ərzində özünü intizamlı və nümunəvi işçi kimi göstərmiş və üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmişdir. Xidməti iş fəaliyyəti zamanı yaranmış kritik vəziyyətlərdə həyatını təhlükə altına atıb insanların həyatını xilas edərək göstərdiyi fədakar və cəsarətli fəaliyyətinə görə X5 tərəfindən “Xidmətə görə” və “X3 nümunəvi əməkdaşı” döş nişanları, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı tərəfindən “Fəxri fərman”, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri tərəfindən “Təşəkkürnamə” ilə təltif edilmişdir. Lakin onun fəaliyyətinə DYNX-nin Şimal Regional DYNİ-də idarənin rəhbərliyi tərəfindən qəsdən maneələr yaradılmışdır və ona qarşı bir çox təzyiq və haqsızlıqlar edilmişdir. İddiaçının məruz qaldığı haqsızlıqlar iddia ərizəsinə əlavə edilmiş FHN-nə ünvanlanmış məktublarda ətraflı şəkildə göstərilmişdir. İddiaçı məruz qaldığı təzyiq və haqsızlıqlarla bağlı Şimal Regional DYNİ-nin rəisinə X5 Kəmaləddin Heydərovun qəbuluna getmək üçün # ### 2024-cü il tarixli, X3 Xidmətinin rəisi general R Aqşin Kazımovun qəbuluna getmək üçün # ### 2024-cü il tarixli təqrirlər ünvanlasa da, ona bu icazələr verilməmişdir. İddiaçının Şimal Regional DYNİ rəhbərliyinin qanunsuz fəaliyyətindən verdiyi şikayətlər nəticəsində rəhbərlik tərəfindən çağırılaraq işdən çıxma barədə ərizəyə imza etməsi tələb edilmiş və belə bir ərizə yazmadığı halda, onu xidməti fəaliyyətinə xələl gətirilməsi əsası ilə işdən azad ediləcəyi bildirilmişdir. İddiaçı məcburiyyət qarşısında və böyük təzyiq altından illərlə nümunəvi işçi olduğu halda, xidməti fəaliyyətinə xələl gəlməməsi üçün ## ### 2024-cü il tarixdə xidmətkeçmə fəaliyyətinə xitam verilməsi barədə ərizə yazmışdır. Lakin iddiaçı ## ### 2024-cü il tarixdə işdən çıxarılma barədə ərizəni yazdıqdan sonra ## ### 2024-cü il, ## ### 2024cü il, ## ### 2024-cü il və ## ### 2024-cü il tarixdə cavabdehə teleqram və məktublar göndərərək, işdən çıxarılma barədə ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı bildirmişdir ki, o işdən çıxmaq istəmir və işdən çıxarılma barədə ərizəsini təzyiq altında yazmışdır. İddiaçının qeyd edilən ərizələrinə baxmayaraq, cavabdeh ## ### 2024-cü il tarixli, ****/Ş saylı əmrlə iddiaçını “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə xidmətkeçməsinə xitam verilmişdir. İddiaçının öz arzusu ilə xidmətkeçmədən azad edilməsi barədə ərizələrinin etibarsız sayılması ilə bağlı müraciətlərinə FHN-nin 2# ### 2024-cü il tarixli, 3-18/2-N-1868/3-42/2024 və *-**/*-N-****-**/**** saylı məktubları FHN tərəfindən heç bir araşdırma aparmayaraq, iddiaçıya sadəcə cavab vermişdir ki, o, öz xahişi ilə işdən azad edilmişdir. İddiaçının işdən azad edilməsi əsassız olduğundan, FHN-nin ## ### 2024-cü il tarixli, ****/Ş saylı əmri ləğv edilməli və iddiaçı xidmətkeçməyə bərpa edilməklə, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. İddiaçının teleqramlardan görünür ki, ona təzyiq altında, hədə-qorxu gələrək yazdırdıqları işdənçıxma ərizəsindən dərhal sonra ## ### 2024-cü il, ## ### 2024-cü il, ## ### 2024-cü il və ## ### 2024-cü il tarixdə iddiaçı cavabdehə 4 teleqram və məktub göndərərək işdən azad olunması barədə ## ### 2024-cü il tarixli ərizəsini təzyiq altında yazdığını, onu geri götürməsini, işə davam etməsini bildirmiş və bu teleqramlar, məktublar cavabdehə çatdırılmışdır. Lakin cavabdeh bu müraciətlərə məhəl qoymayaraq, onlar üzrə araşdırma aparmayaraq ## ### 2024-cü il tarixdə iddiaçının xidmətkeçməsinə öz xahişinə istinad edərək xitam vermişdir. Daha sonra cavabdehin iddiaçının müraciətlərinə cavab olaraq göndərdiyi 2# ### 2024-cü il tarixli, 3-18/2-N-1868/3-42/2024 və *-**/*-N-****-**/**** saylı məktubları heç bir araşdırılma aparılmadan sadəcə olaraq iddiaçıya ona öz xahişi ilə işdən azad edildiyi bildirilmişdir. Cavabdeh əsassız olaraq iddiaçının işdən azad olunması barədə cavabdehə ## ### 2024-cü il tarixli işdən çıxma barədə ərizəsinin geri götürülməsi barədə yazılı məktubları, teleqramları ilə bağlı hər hansı araşdırma aparmamış, iddiaçıya işlədiyi vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə rəsmi qaydada yazılı xəbərdarlıq etməmişdir.

11. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

12. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim K.Həbibova) iddia təmin edilməmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ərizəsində xidmətinə xitam verilməsi arzusunda olmadığını göstərsə də, cavabdeh orqana ünvanlanmış və özü tərəfindən imzalanmış ## ### 2024-cü il tarixli təqririnə əsasən xidmətkeçməsinə xitam verilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində böyük təzyiq altında xidmətkeçməsinə xitam verilməsi ilə bağlı ərizəni yazdığını bildirməsinə baxmayaraq, buna dair sübutları iddia ərizəsinə əlavə etməmişdir. Cavabdehin iddiaçı tərəfindən mübahisələndirilən əmri qəbul edilərkən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmiş, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından mübahisələndirilən əmri qəbul edən inzibati orqan tərəfindən onun qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, iddiaçının “əmrin ləğvi” tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən, iddia tələbi digər hissəsində də təmin edilməməlidir.

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər T.Axundov – məruzəçi, H.Babayeva və V.Hacıyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının ## ### 2024-cü il tarixli ərizə ilə Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə öz arzusunu bildirərək xidmət keçməsinə xitam verilməsini xahiş etməsi işin mübahisəsiz halıdır. İşin bir digər mübahisəsiz halı isə iddiaçının müraciətinin nəzərə alınmaqla onun ****/ş nömrəli ## ### 2024-cü il tarixli əmrə əsasən fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilməsidir. İşin mübahisəli halı, yəni məhkəmə üçün araşdırılmalı əsas məqam İddiaçı adından ##.##.2024-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinə ünvanlanan AZ****/********** №-li teleqramın (göndərən Qusar MPŞ) hansı tarixdə qəbul edilməsi ilə bağlı olmuşdur ki, bununla əlaqədar məhkəmə tərəfindən cavabdehə sorğu ünvanlanmışdır. Cavabdehin ## #### 2025 tarixli, *-**/*-****/**** saylı cavab məktubu, həmçinin həmin məktuba əlavə edilmiş teleqram (üzərində daxil olma tarixi vardır) ilə müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı adından ## ### 2024-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinə ünvanlanmış AZ****/********** nömrəli teleqram ## ### 2024-cü il tarixdə Nazirliyə daxil olmuşdur. Cavabdehin mövqeyinə görə iddiaçının teleqramı daxil olana kimi artıq eyni tarixdə müvafiq əmr qəbul edilmişdir. İddiaçı daha sonra məktublarında, ərizələrində, apellyasiya şikayətində xidmətinə xitam verilməsi arzusunda olmadığını göstərsə də, cavabdeh orqana ünvanlanmış və özü tərəfindən imzalanmış ## ### 2024-cü il tarixli təqrirə əsasən xidmətkeçməsinə xitam verilməsini xahiş etmişdir. İddiaçı şikayətində böyük təzyiq altında xidmətkeçməsinə xitam verilməsi ilə bağlı ərizəni yazdığını bildirməsinə baxmayaraq, buna dair sübutları nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir.

17. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdeh tərəfindən ona təzyiq edilərək ərizəsinin yazdırılmasına və onun qərəzli olaraq işdən çıxardılmasına dair mülahizələrini inandırıcı və ağla batan hesab etməmişdir. Belə ki, iddiaçının yuxarıda qeyd olunan mənfi qiymətləndirilə biləcək hərəkətləri uzun müddət davam etmişdir. Bu müddət ərzində cavabdeh orqanın hərəkətsiz olması, yalnız sonradan işdən çıxarmaq istəyini bildirməsi inandırıcı görünmür. Yəni cavabdeh orqanın onu işdən çıxartmaq kimi bir niyyəti olsaydı bunu iddiaçıya töhmət verdiyi fevral ayında da edə bilərdi.

18. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı şikayətində həmçinin təkcə ## ### 2024-cü il tarixlərdə deyil, müxtəlif vaxtlarda cavabdeh orqana teleqramla müraciət etdiyini qeyd etsə də, nəzərə alınmalıdır ki, həmin müraciətlər iddiaçı tərəfindən deyil, onun atası Nurmətov Nurmət Hacımət oğlu tərəfindən göndərilmişdir. Ona görə də məhkəmə həmin müraciətlərin cavabdeh orqana hansı tarixdə çatması ilə bağlı araşdırma aparmağa lüzum görməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinə istinad edərək, işdən çıxma barədə verilmiş əmrin məhz həmin maddədə nəzərdə tutulmuş əsaslar əsasında qəbul edilməli olduğunu və cavabdeh orqanın bu tələblərə riayət etmədiyinə bildirmişdir. Cavabdeh orqan, yəni Fövqəladə Hallar Nazirliyi və onun strukturları dövlət qulluğunun xüsusi növünə aid olan qurum olduğundan, ümumi əmək qanunvericiliyi, o cümlədən Əmək Məcəlləsinin həmin maddəsi birbaşa tətbiq edilməməlidir. Çünki dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) münasibətləri “Dövlət qulluğu haqqında” Qanun və ona uyğun qəbul edilmiş qanunvericilik aktları nəzərə alınmaqla tənzimlənir. Buna görə də, əgər “Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda bu məsələlər ayrıca normativ qaydada tənzimlənməsəydi, o zaman “Dövlət qulluğu haqqında” Qanunun 34-cü maddəsinə əsasən bu hallar Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənər və belə olduqda Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad etmək mümkün olardı. Lakin hazırda mövcud olan xüsusi qanunvericilik aktları işçilərin statusunu və işdən çıxma qaydalarını daha spesifik və fərqli qaydada nizama saldığı üçün, iddiaçının işdən çıxma barədə müraciəti və onun hüquqi nəticələri məhz bu xüsusi hüquqi normativlərə uyğun qiymətləndirilməlidir. Ona görə də ümumi əmək qanunvericiliyinə istinadla işin həllinə yanaşmaq düzgün olmazdı.

20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

22. Kassator əlavə olaraq qeyd etmişdir ki, Əmək Məcəlləsinin 69-cu maddəsi tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir. Apellyasiya məhkəməsi qərarında göstərmişdir ki, iddiaçının tələbi üzrə Əmək Məcəlləsinin 69-cu maddəsi birbaşa tətbiq edilməməlidir. Lakin qeyd edilən arqumentə istinad edən məhkəmə ümumi sözlər yazaraq, iddiaçının tələbinə hansı maddənin konkret olaraq tətbiq edilməli olduğunu yazmamışdır. İddiaçının tələbinə Əmək Məcəlləsinin 69-cu maddəsi tətbiq edilməli olduğundan məhkəmə bunun əksini əsaslandıra bilməmişdir.

23. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Həmin Qanunun 33.1.1-ci maddəsinə görə öz arzusu ilə xidmətdən azad olunması barədə yazılı ərizə verdikdə fövqəladə hallar orqanları əməkdaşının xidmətkeçməsinə xitam verilir.

24. Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Əmək Məcəlləsinin 69.5-ci maddəsinə görə işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Əmək Məcəlləsinin 69.5-ci maddəsinin məzmununa görə ərizədə işçi əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək ərizəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Xəbərdarlıq müddəti göstərildiyi halda, xəbərdarlıq müddəti bitənədək ərizəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə yol verilir.

25. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə işçinin işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv etmək üçün xəbərdarlıq müddəti bir aydır. Faktiki hallarda qeyd edildiyi kimi, iddiaçı məcburi olaraq təzyiq altında ## ### 2024-cü il tarixində cavabdehə ərizə ünvanlayaraq işdən azad olunması barədə əmr verilməsini xahiş etmişdir. Lakin bu ərizəni yazdıqdan sonra 12-17 may tarixlərində cavabdehə dəfələrlə ərizələr ünvanlayaraq, işdən çıxma barədə ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin iddiaçının göndərmiş olduğu ərizələr nəzərə alınmayaraq, ## ### 2024-cü il tarixli əmr ilə iddiaçının fəaliyyətinə xitam vermişdir. İddiaçının barəsində fəaliyyətinə xitam vermə barədə əmr xəbərdarlıq müddəti bitmədən verilmişdir.

26. Məhkəmədə iş materiallarında olan ərizədən göründüyü kimi, iddiaçı ərizəsini 10 may tarixdə verib və hansı gün işdən azad edilməsini yazmamışdır. Odur ki, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, FHN Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbinə uyğun olaraq, iddiaçını ## #### 2024-cü il tarixdən tez işdən azad edə bilməzdi. O halda azad edə bilərdi ki, iddiaçıya həmin vəzifəyə yeni işçi götürüldüyü barədə yazılı şəkildə rəsmi xəbərdarlıq verilmiş olsun. İddiaçıya belə bir xəbərdarlıq verilməmiş və verilə də bilməzdi. Çünki, iddiaçı iki gün sonra ərizəsinin geri götürülməsi barədə FHN bir neçə teleqram ünvanlamış və onun işdən azad edilməsi barədə əmr ## ### 2024-cü il tarixdə baş vermişdir. Bu tarixə kimi isə iddiaçı artıq ərizəsini geri götürməsi barədə FHN-nə rəsmi teleqramlar ünvanlamışdı.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

28. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Fövqəladə hallar orqanlarında xidmətkeçmə 1.1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 1.2. Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər.

Maddə 2. Fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsasları 2.1. Fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlar təşkil edir. 2.2. Fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. 2.3. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.

Maddə 33. Fövqəladə hallar orqanlarında xidmətkeçməyə xitam verilmənin əsasları 33.1. Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir: 33.1.1. öz arzusu ilə xidmətdən azad olunması barədə yazılı ərizə verdikdə; ...

29. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 6. Bu Məcəllənin şamil edilmədiyi şəxslər Aşağıdakı şəxslərə bu Məcəllə şamil edilmir: a) hərbi qulluqçulara; ...

Maddə 69. Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. ...

4. Əmək müqaviləsinə xitam vermək barədə ərizə vermiş və ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyən işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsinə xitam verilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsinə bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla xitam verildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

31. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

35. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

36. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, kassatorun Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinin tətbiq edilməli olması ilə bağlı dəlili əsassızdır. Belə ki, iddiaçı qeyd edilən normaya istinad etməklə göstərir ki, əmək müqaviləsinə xitam vermək barədə ərizə vermiş və ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyən işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər, yəni onun ## ### 2024-cü il tarixli təqrirində müddət göstərilmədiyindən cavabdeh iddiaçını ## #### 2024-cü il tarixdən tez işdən azad edə bilməzdi.

38. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 2-ci maddəsində fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsasları göstərilmişdir (maddənin tam məzmunu yuxarıda qeyd edilmişdir). Həmin normaya əsasən əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Yəni qeyd edilən Qanundan göründüyü kimi Əmək Məcəlləsinin tələbləri fövqəladə hallar orqanlarında xidmət keçənlərə birbaşa tətbiq oluna bilməz.

39. Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən bu Məcəllə hərbi qulluqçulara şamil edilmir.

40. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı mübahisəyə Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinin tətbiqi ilə bağlı dəlili həm “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun müəyyən etdiyi normalar baxımından, həm də Əmək Məcəlləsinin 6-cı maddəsinin tələbləri baxımından əsassızdır.

41. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, iddiaçının ## ### 2024-cü il tarixli müraciətinin etibarsız sayılması barədə ## ### 2024-cü il tarixli teleqramının mübahisə olunan ## ### 2024-cü il tarixli əmr verilənə qədər cavabdehə məlum olması işdəki sübutlarla təsdiqini tapmamışdır. İddiaçının sonrakı iradə ifadəsi yalnız barəsində fəaliyyətinə xitam verilməsi barədə əmrdən sonra cavabdehə məlum olmuşdur.

42. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmrin ləğvi və işə bərpa tələbinə dair iddiasının təmin edilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar