Məhkəmə qərarları › İş №2-1(102)-3276/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3276/2025

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3276/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Suraxanı rayonu Yeni Suraxanı Bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** saylı qərarından görünür ki, Yeni Suraxanı Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq 0.04 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir.

2. ##.##.2005-ci il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, İddiaçı Yeni Suraxanı Bələdiyyəsinə ##.##.2004-cü il tarixdə torpaq sahəsini almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyənin ümumi iclasında baxılmış və Yeni Suraxanı Bələdiyyəsi ərazisində 0,04 ha torpaq sahəsinin satılması barədə ##.##.2005-ci il tarixli *** nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı Yeni Suraxanı Bələdiyyəsinin bank hesabına 3.520.000 manat haqq ödəmişdir.

3. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ##.##.2023-cü il tarixli, 3-48-2F/2-04027/2023 məktubundan görünür ki, Suraxanı rayon Yeni Suraxanı Bələdiyyəsinin arxiv sənədləri, o cümlədən ##.##.2005-ci il tarixli, *** saylı qərarı Dövlət Arxivinin Bakı filialında saxlanılmır. Məktubda Suraxanı rayon Yeni Suraxanı Bələdiyyəsinə müraciət etmək tövsiyə olunmuşdur.

4. Bakı şəhəri Suraxanı Rayonu Yeni-Suraxanı Bələdiyyəsinin ** saylı, ##.##.2023-cü il tarixli məktubundan görünür ki, Yeni Suraxanı bələdiyyəsinin ##.##.2005ci il tarixli, *** saylı qərarı ilə Suraxanı rayon, Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun şimal-şərq hissəsində fərdi yaşayış evinin tikintisi üçün 400 kv.m. torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı verilmişdir.

5. ##.##.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 400.0 kv.m, faktiki olaraq 400.0 kv.m müəyyən olunmuşdur. Torpaq sahəsi dörd tərəfdən şərtidir, fiziki sərhədləri yoxdur. İcazəsiz tikili yoxdur. Torpaq sahəsinin koordinatları əlavə olunmuşdur.

6. İddiaçı qeyd edilən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair ərizə ilə cavabdehə müraciət etmişdir.

7. Cavabdeh ##.##.2022-ci il tarixli, ************ nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim olunan “Torpaqların alqı-satqısına dair akt” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınsa da, həmin qurum tərəfindən verilən torpaq sahəsinə dair kadastr planı sənədlərin toplusuna əlavə edilməmişdir. Həmçinin torpaq sahəsinə texniki baxış keçirmək və çöl-ölçmə işlərini aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı Bələdiyyəsinin ərazisində yerləşən 0,04 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon Yeni Suraxanı Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli *** saylı qərarı ilə ona Yeni Suraxanı Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgi əsasında 0,04 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciət etsə də, cavabdeh ##.##.2023-cü il tarixli məktubla müraciətinə mənfi cavab vermiş və qeyd olunan torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtina etmişdir.

10. Cavabdeh iddiaya dair yazılı etirazında göstərmişdir ki, təqdim olunan “Torpaqların alqı-satqısına dair akt” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilsə də, həmin qurum tərəfindən verilən torpaq sahəsinə dair kadastr planı sənədlərin toplusuna əlavə edilməmişdir. Həmçinin, iddia edilən torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmaqla, dövlət mülkiyyətindədir. İdarənin elektron kadastr məlumatlarında sözügedən torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə məlumat mövcud deyil. Bundan əlavə, təqdim edilmiş yerləşmə cizgisi faktiki göstərilən sahəyə uyğun deyil. Belə ki, yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir.

11. Bakı İnzibati Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunverici bələdiyyəyə məxsus əmlakın istifadəsinə verilməsinə dair aktı daşınmaz əmlaka hüququn dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən etmişdir. Lakin iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici əsas qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bələdiyyə iddiaçıya torpaq sahəsi ayırarkən qanunvericiliklə tələb olunan normalara əməl etməmiş, səlahiyyətli orqanların rəyini almamışdır. Lakin bu rəylər olmasa belə, iddiaçıya torpaq sahəsinin ayrılması barədə inzibati akt səlahiyyətli orqan tərəfindən qəbul olunduqda, onun qəbul olunmuş inzibati akta etimadı qorunur. Lakin işdən görünür ki, mübahisəli torpaq sahəsi ümumiyyətlə bələdiyyə torpaqlarına aid olmamışdır.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı əsasında əldə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2025-ci il tarixli, **** nömrəli ekspert rəyində göstərilmişdir ki, cavabdehin ##.##.2025-ci il tarixli, *-**-*-**/*- *****/**** saylı mütəxəssis rəyinə əsasən torpaq sahəsi sənəd üzrə və faktiki olaraq 400 kv.m təşkil edir. Torpaq sahəsi üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən 400.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin qərb tərəfindən açıq orta təzyiqli (159.0 mmlik) qaz xətti keçir. Sahə “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər R.Səmədov – sədrlik edən, X.Cəmilova və O.İsmayılov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyi ilə mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmadığı müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, rəyin mötəbərliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ### 2025-ci il tarixli, **** nömrəli ekspert rəyi sübut növü kimi qiymətləndirilməli və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin dövlət mülkiyyətində olması faktı ilə bağlı rəyə istinad edilməlidir.

17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

19. Kassator əlavə olaraq göstərir ki, ## ###### 2005-ci il tarixli torpaqların alqısatqısına dair aktla Yeni Suraxanı Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli *** saylı qərarı ilə iddiaçıya Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun şimal-şərq hissəsində fərdi yaşayış evinin tikintisi üçün 0,04 ha (400 kv.m) torpaq sahəsi ayrılmışdır. İddiaçı Yeni Suraxanı Bələdiyyəsinin bank hesabına 3.520.000 manat haqq ödəmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası maddi hüquq normalarını pozmuş, onları düzgün tətbiq etməmişdir. Məhkəmə tərəfindən araşdırma natamam, səthi və birtərəfli aparılmışdır. İşə birtərəfli qaydada baxan apellyasiya instansiyası məhkəməsi cavabdeh inzibati orqanın mövqeyindən çıxış edərək onun tərəfindən təqdim edilmiş məlumatları əsas götürmüş, iddiaçının izahatlarını və dəlillərini isə düzgün qiymətləndirməmişdir. Məhkəmə qərarını cavabdeh inzibati orqanın əməkdaşı olan mütəxəssisin verdiyi rəy əsasında tərtib edilmiş ekspertiza rəyi əsasında mübahisəli torpaq sahəsinin bələdiyyə torpaqlarına aid olmaması və buna görə bələdiyyənin qeyd edilən torpağı ayırma səlahiyyətinin olmaması ilə əsaslandırmışdır. Halbuki, torpaq sahəsinin ayrılmasına dair müvafiq qərar (inzibati akt) ləğv edilməmiş, geri çağırılmamış, etibarsız hesab edilməmiş, bunun üçün ümumiyyətlə iddia belə qaldırılmamışdır. Eyni zamanda torpaq sahəsinin bələdiyyə tərəfindən qanunsuz ayrılmasına dair hər hansı bir təhqiqatın aparılması və ya cinayət işinin açılması ilə bağlı dəlillər iş materiallarında mövcud deyil.

21. Kassasiya şikayətində İnzibati Prosessual Məcəllənin 90.3-cü maddəsinə, Mülki Prosessual Məcəllənin 418.1.1-ci maddəsinə, Mülki Məcəllənin 139.1 və 152-ci maddələrinə, Torpaq Məcəlləsinin 50.1-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1, 8.0.5, 10.2.1 və 15.1-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.9-cu maddəsinə istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

25. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından Suraxanı rayonu Yeni Suraxanı Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, *** saylı qərarı ilə ayrılmış 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

34. Qanunun mənasından da göründüyü kimi icra hakimiyyəti və ya bələdiyyə orqanları müstəsna olaraq özlərinə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qərarlar qəbul edə bilərlər.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş ekspert rəyində Suraxanı rayonu Yeni Suraxanı Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, *** saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayılmış torpaq sahəsinin dövlət mülkiyyətinə aid olan torpaq sahəsi olduğu göstərilmişdir. Başqa sözlə, bələdiyyə öz mülkiyyətinə aid olmayan torpaq sahəsi barəsində qərar qəbul etmişdir.

36. Odur ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan və bələdiyyənin dövlət mülkiyyətində olan torpaq sahəsinə sərəncam vermək hüququ olmadığından, bələdiyyənin həmin qərarı iddia olunan torpaq sahəsinə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edə bilməz.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi qeyd olunanları, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmasını nəzərə alaraq, cavabdehin imtinasının qanuna uyğun olması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar