Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3278/2025 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə qarşı “fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçının Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Babək qəsəbəsi, Qoşadizə məhəlləsində yerləşən 0,04 hektar torpaq sahəsinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. İddiaçı cavabdehə müraciət edərək, sözügedən torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
3. Cavabdeh iddiaçının inşa etdiyi fərdi yaşayış evinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyini əsas gətirərək, onun müraciətinin təmin olunmasından imtina etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Babək qəsəbəsi, Qoşadizə məhəlləsində 0,04 hektar torpaq sahəsində inşa etdiyi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən 0,04 hektar torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı həmin ərazidə inşa etdiyi fərdi yaşayış evini sənədləşdirə bilmir. O, həmin evə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə cavabdehə müraciət etsə də, evin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi əsas gətirilərək, onun müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçı həmin imtinanı qanunsuz hesab edir.
6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində xətlərin gərginliyi Un, kV 1-20-dək olduqda 10 metr, Un, kV 35-dək olduqda isə 15 metr mühafizə zonaları saxlanılmalıdır. İddiaçının inşa etdiyi fərdi yaşayış evi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyindən onun həmin evə hüququnun qeydiyyatının aparılması qanunvericiliyin tələbinə zidd olduğu üçün iddiaçının müraciəti təmin edilməmişdir.
7. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin (hakim: Elnur Hüseynov) ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müvafiq təşkilatlardan alınmış cavablardan müəyyən edildiyi kimi, sözügedən tikilidə su, işıq, qaz və orada yaşayan şəxsin adına qeydiyyatdan keçmiş sayğaclar vardır. Başqa sözlə, bələdiyyə, Mənzil Kommunal və Texniki Xidmət Sahələri bu yaşayış sahəsinin iddiaçıya aid olduğunu qəbul edib onun adına rəsmi arayışlar verir. Dövlət təşkilatlarının həmin tikiliyə xidmət göstərməsi dolayı yolla dövlətin iddiaçının bu evdə yaşamaq hüququnun tanıması anlamına gəlir. Göründüyü kimi, dövlət bu kateqoriyadan olan vətəndaşların mülkiyyət hüququnu “defakto” olaraq tanımışdır. Yerdə qalan məsələ isə həmin hüquqların “de-yure” olaraq tanınmasıdır. Əgər dövlət həmin şəxsləri dövlət təşkilatları vasitəsilə kommunal xidmətlərlə təmin edirsə və bunun əvəzində vəsait əldə edirsə, həmin şəxslərin də tikililərini qeydiyyatdan keçirmək hüququ yaranır. Bununla yanaşı, “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli qərarının 1.4-cü bəndində müəyyən edilmişdir ki, bu tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş tələblər qüvvəyə minənədək iddiaçı özünə məxsus torpaq sahəsində təyinatına uyğun olaraq yaşayış evi inşa etmiş, lakin həmin dövrdə dövlət reyestrində qeydiyyat üçün müraciət etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Cavabdehin imtinası ədalətli tarazlıq prinsipi ilə ziddiyyət təşkil edir, çünki həmin prinsipə əsasən, ictimai mənafelər naminə görülmüş tədbirlərin nəticəsi kimi ayrı-ayrı fərdlərin üzərinə ayrıca və həddindən artıq yük qoyulmamalıdır.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
10. Apellyasiya instansiyası məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçının müraciəti üzrə yenidən inzibati icraat aparılması cavabdehə həvalə olunmuşdur.
11. Həmin qərardadın icrasının nəticəsinə dair cavabdehin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi müayinə olunaraq akt tərtib olunmuşdur. Təsdiq edilmiş qaydalara əsasən, hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində xətlərin gərginliyi Un, kV 1-20-dək olduqda 10 metr, Un, kV 35-dək olduqda isə 15 metr mühafizə zonaları saxlanılmalıdır. İddiaçının inşa etdiyi fərdi yaşayış evi 35 kV-luq elektrik xəttinin altında yerləşdiyi üçün onun hüququnun qeydiyyatının aparılmasından imtina edilmişdir. Fərdi yaşayış evi Babək rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş layihəyə uyğun tikilməmiş, fərdi yaşayış evinin hansı tarixdə tikildiyi barədə bazada heç bir məlumat olmamış, yüksək gərginlikli elektrik xətti yaşayış evinin sağ orta hissəsindən keçərək arxa orta hissəsindən davam edir. Qərardadın icrası ilə bağlı Naxçıvan MR Dövlət Energetika Xidmətinə ünvanlanmış məktuba cavab olaraq bildirilmişdir ki, sözügedən elektrik verilişi xətti 1977-ci ildə tikilmiş (35 kV-luq Quşçuluq hava elektrik xətti), gərginlik pilləsi (əmsalı) 35 kV-dur, xəttin növü hava elektrik verilişi xəttidir, hava verilişi xətti izolyasiyasız naqildir (çılpaq alüminium–polad məftil AS-120), sözügedən 35 kV-luq hava elektrik verilişi xəttinin izolyasiya olunması hazırda mümkün deyildir. Həyətyanı torpaq sahəsinə birləşik ətraf qonşu mülkiyyətçilər X2, X3 və X1 məxsus torpaq sahələri və fərdi yaşayış evlərinə texniki pasport və çıxarış verilməmişdir, yalnız torpaq sahəsi kimi qeydiyyatları mövcuddur. Yenidən aparılmış inzibati icraat bir daha təsdiq edir ki, iddiaçının inşa etdiyi fərdi yaşayış evi yüksək gərkinlikli elektrik xəttinin mühafizə zolağında yerləşir, bu səbəbdən də onun həmin evə hüququnun qeydiyyatının aparılması qanunvericiliyə uyğun deyildir.
12. Apellyasiya instansiyası məhkəməsinin ##.##.2025-ci il tarixli sorğusuna Naxçıvan MR Dövlət Energetika Xidmətinin ##.##.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, böyük enerji tutumuna malik, ötürücü və paylayıcı yarımstansiyaları qidalandıran, orta və yüksək gərginlikli elektrik verilişi xətlərində yenidənqurma işlərinin aparılması, xəttin trassasının dəyişdirilməsi, köçürülməsi və bu kimi digər işlərin həyata keçirilməsi digər aid qurumlarla razılaşdırılmış şəkildə, texniki əsaslandırmalar aparılmaqla və əvvəlcədən hansısa xüsusi proqrama və ya tədbirlər planına daxil edilməklə həyata keçirilə bilər. “Elektrik qurğularının texniki istismar Qaydaları”nın 8.2-ci bəndinə əsasən yeni tikilmiş və yenidən qurulan hava xəttinin və cərəyan daşıyıcıların quraşdırılması “Elektrik qurğularının texniki istismar Qaydaları”nın, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nın, “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın və tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq yerinə yetirilməlidir. Nəzərə alsaq ki, mövcud 35 kV-luq elektrik verilişi xətti ötən əsrin 70-ci illərində tikilib istismara verilmişdir, lakin hər bir halda elektrik enerjisinin ötürülməsi zamanı istismar, eyni zamanda təhlükəsizlik qaydaları mövcud olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələb”lər daha öncəki dövrə aid müvafiq qanunvericiliyin tələblərini özündə ehtiva edir. Bu tələblərin 2-ci hissəsi ilə müəyyən edilmiş mühafizə zonalarının altındakı torpaq sahələrində sistem operatoru ilə əvvəlcədən razılaşdırılmaqla müəyyən təsərrüfat işləri aparıla bilər. Həmin tələblərin 3.5-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında təsərrüfat işlərinin aparılması məqsədilə sistem operatorundan razılıq almaq üçün ərizəçi “İnzibati icraat haqqında” Qanunun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, sistem operatoruna ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir. Ərizənin qəbul edilməsi, qeydiyyata alınması, habelə əlavə sənədlərin və ya məlumatların tələb olunması “İnzibati icraat haqqında” Qanunun 31-ci və 32-ci maddələrinə uyğun olaraq həyata keçirilir. Tələblərin 3.6-cı bəndinə uyğun olaraq, sistem operatoru təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə və ya məlumatlara Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini, Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının ##.##.2024-cü il tarixli, *-**/*-*-*/**** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydalar”ının və bu Tələblərin 3.5-ci bəndinin tələblərini nəzərə almaqla, ərizənin qeydiyyata alındığı tarixdən 3 (üç) iş gününden gec olmayaraq elektrik şəbəkələrinin mühafizə zonalarında təsərrüfat işlərinin aparılmasına razılıq verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir. Vətəndaşın fərdi yaşayış evinin yerləşdiyi ərazidə mühafizə zonasına düşən digər sakinlərin tikililərinin mövcud olması hüquqi əsas yaratmır, həmin ərazidə yeni tikinti işlərinin aparılmasına əsas vermir və sistem operatorundan təhlükəsizlik tələblərinə zidd şəkildə bu razılığın verilməsi məcburi sayıla bilməz Digər şəxslərin obyektlərinin mövcudluğu əvvəlki dövrlərdə müvafiq qurumların nəzarətsizliyinə və ya digər istisna hallara əsaslana bilər və bu presedent sayıla bilməz. Yəni, onların enerji ilə təmin olunması, vətəndaşın mülkiyyətinin eyni şərtlərə malik olduğu anlamına gəlmir. Hər bir müraciət fərdi qaydada, mövcud texniki və hüquqi tələblərə uyğun qiymətləndirilir. Vətəndaşın mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi ilə bağlı hər hansı razılaşdırma sənədləri (memarlıq-planlaşdırma tapşırığı, tikintiyə icazə, texniki şərtlər və s.) Naxçıvan MR Dövlət Energetika Xidmətinə və onun aidiyyəti qurumlarına təqdim olunmamışdır. Mülkiyyət hüququnun sənədləşdirilməsi məsələsi aidiyyəti üzrə müvafiq qurumların səlahiyyətinə aiddir. Sistem operatoru (və ya Energetika Xidməti) enerji təchizatı ilə bağlı texniki təhlükəsizlik mühafizə zonaları və şəbəkəyə qoşulma şərtləri barədə qərarlar verir. Fərdi yaşayış evinin elektrik şəbəkəsinə qoşulması üçün əvvəlcədən texniki şərt alınması və tikinti işlərinin enerji obyektlərinin mühafizə zonası nəzərə alınmaqla həyata keçirilməsi vacibdir. Əks halda, həmin tikintiyə enerji verilməsi mümkün olmaya bilər. Bir tikiliyə mülkiyyət hüququ tanınsa da, əgər o, təhlükəli zonada yerləşirsə, sistem operatoru enerji verməkdən imtina edə bilər, bu, təhlükəsizlik və normativ əsaslara görə qanunidir.
13. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Müşfiq Həsənov /sədrlik edən və məruzəçi/, Yusifəli Qurbanov və Vüqar Quliyev) ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia təmin edilməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”indən aydın olur ki, 35 kV-luq elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri yalnız sistem operatoru ilə əvvəlcədən razılaşdırılmaqla aparıla bilər. Eyni məzmunlu norma iddiaçı tərəfindən fərdi yaşayış evi tikilərkən qüvvədə olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq olunmuş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nda (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli, *** nömrəli qərarı ilə ləğv olunmuşdur) da öz əksini tapmışdır. Yuxarıda qeyd olunan Qaydaların tələblərindən aydın olur ki, elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri yalnız sistem operatoru ilə əvvəlcədən razılaşdırılmaqla aparıla bilər. Buna baxmayaraq, iddiaçının mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi ilə bağlı hər hansı razılaşdırma sənədləri məhkəməyə təqdim olunmamış və iş materiallarına əlavə edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəfindən sözügedən torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi üçün Babək rayon İcra Hakimiyyətinə müraciət edilmiş, icra hakimiyyəti tərəfindən fərdi yaşayış evinin layihəsi təsdiq edilmişdir. Bu zaman icra hakimiyyəti tərəfindən qanunvericiliklə, o cümlədən adları çəkilən Qaydalarla elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrində fərdi yaşayış evinin tikilməsi qaydaları ilə bağlı prosedurlara riayət edilməmiş, icra hakimiyyəti tərəfindən fərdi yaşayış evinin layihəsi təsdiq edilərkən fərdi yaşayış evinin 35 kV-luq elektrik verilişi xəttinin altında (nəinki mühafizə zolağında) tikiləcəyi aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyası iddiaçıya münasibətdə qeyd edir ki, qanunu bilməmək, onun doğurduğu məsuliyyətdən heç kəsin azad edilməsi üçün əsas ola bilməz. Belə ki, torpaq sahəsinin və tikilinin yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasında yerləşməsi iddiaçı tərəfindən mübahisələndirilmir. İddiaçı özü də qeyd edir ki, 35 kV-luq elektrik verilişi xətti onun fərdi yaşayış evinin üzərindən keçir. Bu hal iddiaçıya torpaq sahəsi ayrılarkən və həmin sahədə yaşayış evi tikilərkən məlum idi. Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri xüsusi mülkiyyətdə və ya istifadədə ola bilər. Lakin həmin torpaq sahələrində binaların layihələndirilməsi və tikintisi zamanı qeyd olunan Qaydaların tələbləri gözlənilməli, həmçinin elektrik təhlükəsizliyi qaydalarının məqsədləri (elektrik şəbəkələrinin qorunmasını təmin etmək, qəzaların, bədbəxt hadisələrin, sağlamlığa vurula biləcək zərərlərin baş verməsinin qarşısını almaq və digər) nəzərə alınmalı idi. Beləliklə, cavabdeh iddiaçının torpaq sahəsində inşa etdiyi yaşayış evini onun yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi səbəbindən dövlət qeydiyyatına almaqdan imtina etməkdə haqlı olmuşdur.
15. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı Babək rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş layihəyə əsasən həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. İddiaçı sözügedən evin inşası zamanı dövlət orqanlarının razılığı və təsdiqləri əsasında hərəkət etmişdir. Tikinti aparılan ərazidən keçən yüksək gərginlikli elektrik xətti 1970-ci ildən mövcuddur və bu, yeni salınmış bir kommunikasiya xətti deyil. Həmin xəttin mövcud şəraitində, dövlət orqanları tərəfindən yaşayış evinin tikintisinə icazə verilmişdir, həmçinin həmin evdə su, işıq, qaz və iddiaçının adına qeydiyyatdan keçmiş sayğaclar vardır. Başqa sözlə, dövlət təşkilatlarının həmin evə xidmət göstərməsi, dolayı yolla dövlətin iddiaçının həmin evdə yaşamaq hüququnu tanıması anlamına gəlir. Əgər dövlət iddiaçını dövlət təşkilatları vasitəsilə kommunal xidmətlərlə təmin edirsə və bunun əvəzində vəsait əldə edirsə, onun da həmin evə mülkiyyət hüququnun əldə edilməsi üçün hüquqi gözləntisi yaranır. Cavabdeh həmin ev üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etməklə, iddiaçının qanuni inamını (“legitimate expectations”) pozmuşdur. İddiaçı sözügedən torpaq sahəsi üzərində 2007-ci ildə mülkiyyət hüququ əldə etmişdir. Həmin torpaq sahəsinə dair çıxarışdan göründüyü kimi, torpağın təyinatı yaşayış təyinatlıdır, yəni həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnu tanıyan, həmin torpağa yaşayış kateqoriyalı torpaq statusu verən müvafiq dövlət qurumları onu nəzərə almalı idilər ki, bu torpaq üzərində mülkiyyət hüququ əldə edən şəxs həmin torpaq sahəsi üzərində yaşayış evi inşa edəcəkdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Babək qəsəbəsi, Qoşadizə məhəlləsində 0,04 hektar torpaq sahəsində inşa etdiyi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.