Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3282/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulmalar; əmək haqqının Əmək müqaviləsi bildirişi bazasındakı əmək müqaviləsi əsasında müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya ##.##.2010-cu il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə, vergi ödəyicisi kimi ** saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır.
2. İddiaçı tərəfindən 2023-cü ilin 3-cü rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi təqdim edilmiş və bəyannamə hesabatında 2023-cü ilin 3cü rübünün 1-ci, 2-ci və 3-cü ayları üzrə işçilərin faktiki iş günlərinin sayı, həmin günlərə müvafiq hesablanmış əmək haqqı, işçinin işləmədiyi günlərin səbəbi (işçinin ödənişsiz məzuniyyətdən istifadə etməsi, əmək müqaviləsinə xitam verilməsi və s.), işçilərinin ümumi sayı ilə yanaşı faktiki işə cəlb olunan işçilərin sayı qeyd edilmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2023-cü il tarixli, **************** saylı uyğunsuzluq məktubu göndərilərək, MMC tərəfindən 2023-cü ilin 3-cü rübü üzrə təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin kameral vergi yoxlaması zamanı 902-ci Gəlirlər sətrinin 1-ci ayı üzrə göstərilmiş 3.716,95 manat gəlirin məbləği Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 10.208,00 manat gəlir məbləğindən 6.491,05 manat az, 2-ci ayı üzrə göstərilmiş 3.229,86 manat gəlirin məbləği Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 9.553,00 manat gəlir məbləğindən 6.723,14 manat az və 3-cü ayı üzrə göstərilmiş 3.446,38 manat gəlirin məbləği Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 9.953,00 manat gəlir məbləğindən 6.506,62 manat az əks etdirildiyi müəyyən edilmişdir.
4. İddiaçı tərəfindən vergi orqanına ünvanlanmış ##.##.2023-cü il tarixli məktubda bildirilmişdir ki, uyğunsuzluq məktubunda qeyd edilən kənarlaşmanın əsas səbəbi müəssisənin fəaliyyətinin məhdudluğu ilə bağlı işə cəlb olunan işçilərin faktiki iş günlərinin az olması və bu səbəbdən onlara hesablanmış əmək haqqı məbləğlərinin də az olması ilə bağlıdır. Bu hallarla bağlı dəfələrlə kameral hesablamalara məruz qaldıqları üçün bütün işçilərlə bağlanmış əmək müqavilələri xitam olunmuş və işçilər işdən azad olunmuşdur. Misal üçün, əmək müqaviləsi ilə işə qəbul olunmuş Fasih Gholamrezanın qeyd edilən dövrdə portalda əmək müqaviləsi aktiv olsa da, onun iş icazəsi 2021-ci ilin sonundan bitdiyi üçün ona heç bir əmək haqqı və əmək haqqından sosial ayırmalar hesablanmır. ƏƏSMN-in Əmək müqaviləsi bildirişi bazasında qeyd edilən vəzifə maaşları ilə sosial ayırmaların hesablanması düzgün deyil. Çünki işçilərin əmək haqqı və ondan hesablanmış sosial ayırmalar faktiki iş günləri üzrə müəyyən olunur. ##.##.2023-cü il tarixdə təqdim edilmiş bəyannamədə qeyd olunan işçi sayı və əmək haqqı məbləği müəssisənin faktiki fəaliyyəti üzrə göstəriciləridir. Odur ki, təqdim edilmiş bəyannamənin nəzərə alınması xahiş edilmişdir.
5. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli, **************** saylı qərarına əsasən iddiaçıya 2023-cü ilin 3-cü rübü üzrə 5.916,25 manat əlavə vergi hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər İdarəsinin rəisinin hərəkətlərinin qeyri-qanuni hesab edilərək, “X1 Kompleksi” MMC barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə” ##.##.2023-cü il tarixli **************** saylı qərarının ləğv edilməsi, Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimlinin qeyri-qanuni hərəkətləri nəticəsində “X1 Kompleksi” MMC-yə dəymiş 4.000.000 (dörd milyon) manat maddi ziyanın “X1 Kompleksi” MMC-yə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Gəncə İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə iddiaçı “X1 Kompleksi” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər İdarəsinə qarşı dəymiş 4.000.000 (dörd milyon) manat maddi ziyanın ödənilməsi tələbinə dair iş iddiaçı “X1 Kompleksi” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə” ##.##.2023-cü il tarixli **************** saylı qərarının ləğv edilməsi tələbinə dair işdən ayrıca icraata ayrılmışdır.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə” ##.##.2023cü il tarixli **************** saylı qərar qəbul etmişdir. Qərara əsasən cavabdeh tərəfindən aparılan kameral yoxlama nəticəsində müəssisənin vergi orqanına təqdim etdiyi bəyannamə üzrə hesablanmış 3.117,97 manat sosial sığorta və işsizlik sığortası əvəzinə, vergi orqanı 9.034,22 manat, yəni 5.916,25 manat əlavə hesablama etmişdir. Dəfələrlə müraciət etmələrinə baxmayaraq hər hansı bir əsas olmadan hesablanmış artıq 5.916,25 manatın ləğv edilməsi həyata keçirilməmişdir. Belə ki, müəssisənin fəaliyyətinin məhdudluğu ilə bağlı işə cəlb olunan işçilərin faktiki iş günlərinin az olması və bu səbəbdən onlara hesablanmış əmək haqqı məbləğlərinin də az olması ilə bağlıdır. Fəaliyyət olmadığı üçün bütün işçilərlə bağlanmış əmək müqavilələri xitam olunmuş və işçilər işdən azad olunmuşdur. Misal olaraq bir faktı qeyd edir ki, əmək müqaviləsi ilə işə qəbul olunmuş Fasıh Gholamrezanın qeyd olunan dövrdə portalda əmək müqaviləsi aktiv olsa da, onun iş icazəsi 2021-ci ilin sonunda bitdiyi üçün ona heç bir əmək haqqı və əmək haqqından olan sosial ayırmalar hesablanmır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasında qeyd olunan vəzifə maaşları ilə sosial ayrılmaların hesablanması təbii ki, düzgün deyil. Çünki işçilərin əmək haqqı və ondan hesablanmış sosial ayırmalar faktiki iş günləri üzrə müəyyən olunur. Tərəflərindən ##.##.2023-cü il tarixdə təqdim edilmiş bəyannamədə qeyd olunan işçi sayı və əmək haqqı məbləği müəssisənin faktiki fəaliyyəti üzrə göstəriciləridir. Hesab edirlər ki, cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulmalı, ##.##.2023-cü il tarixli **************** saylı qərar ləğv edilməli, artıq hesablanmış 5.916,25 manat şəxsi hesab vərəqəsindən silinməlidir.
9. Cavabdeh iddia ərizəsinə yazılı etirazında göstərmişdir ki, uçot-baza məlumatlarına əsasən “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.2010-cu il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, həmin tarixdə əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “Buğdanın becərilməsi”ndən ibarət olduğu, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 164 kv.m. olan “Restoran” adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********-15001), Ağstafa rayonu, Vurğun ŞTQ ünvanda yerləşən ümumi sahəsi 3530.2 kv.m. olan “X1 Kompleksi” adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********- 36001), Ağstafa rayonu, Vurğun ŞTQ ünvanda yerləşən ümumi sahəsi 21703 kv.m. olan “Aqropark Yeməkxana” adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********- 36002) və Ağstafa rayonu, Vurğun ŞTQ, İ.Məmmədov ünvanda yerləşən ümumi sahəsi 70 kv.m. olan “Aqromarket” adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********-36003) uçotda olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2023-cü ilin 3-cü rübü üzrə təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin kameral vergi yoxlaması zamanı 902-ci “Gəlirlər” sətrinin 1-ci ayı üzrə göstərilmiş 3.716,95 manat gəlirin məbləği Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 10.208,00 manat gəlir məbləğindən 6.491,05 manat az, 2ci ayı üzrə göstərilmiş 3.229,86 manat gəlirin məbləği Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 9.953,00 manat gəlir məbləğindən 6.723,14 manat az və 3-cü ayı üzrə göstərilmiş 3.446,38 manat gəlirin məbləği Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 9.953,00 manat gəlir məbləğindən 6.506,62 manat az əks etdirildiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2023-cü il tarixli, *************** saylı məktub göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən kənarlaşmaların səbəbi barədə müvafiq izahat, uyğunsuzluq məktubunda qeyd olunan sənədlər və dəqiqləşdirilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannaməsi müəyyən edilmiş müddətdə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2023-cü ilin 3cü rübü üzrə ümumilikdə 5.916,25 manat əlavə MDSS, işsizlik və İTS məbləğləri hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli, **************** saylı qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakim G.Əliyeva) ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ##.##.2023cü il tarixli **************** nömrəli qərarı ləğv edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Sosial sığorta haqqında” Qanunun 14.2-ci maddəsinə görə, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edildiyinə görə ödənilməyən əmək haqqına görə məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarının hesablanması əsassız sayılmalıdır. Digər tərəfdən, cavabdeh vergi orqanı tərəfindən eyni mühüm faktiki hallara dair rüblər üzrə müxtəlif qərarlar qəbul edilmiş və fərqli yanaşmanın səbəbləri əsaslandırılmamış, o cümlədən “ağlabatan mütənasiblik” meyarına uyğunluğuna dair dəlillər gətirilməmişdir ki, bu da inzibati icraat haqqında qanunvericiliyin tələblərinə zidd olmuşdur.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər A.Bayramov – məruzəçi, R.Mamedov və A.İsgəndərova) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, ƏƏSMN-in Əmək müqaviləsi bildirişi bazasında aktiv əmək müqavilələrinin olması, heç də bütün hallarda həmin işçilərə görə hər ay əmək haqqı ödənildiyi mənasına gəlmir. Belə ki, Əmək Məcəlləsinə görə işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir (Maddə 157.1). İş materiallarında olan əmək müqavilələrindən görünür ki, işçilərlə bağlanmış əmək müqaviləsində əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir. Əmək haqqının vaxtamuzd ödəniş sistemində əmək haqqı işlənilmiş müəyyən vaxtın miqdarına görə ödənilir. Yəni, işçi müvafiq ayda bəzi iş günlərini işləməyibsə, işçiyə hesablanan əmək haqqı müvafiq ayda işlədiyi günlərinin sayına görə hesablanır. Hazırkı işin hallarına münasibətdə də qeyd edilməlidir ki, iddiaçı tərəfindən aktiv əmək müqaviləsi olan işçilərinin hamısına deyil, yalnız faktiki işə cəlb olunan işçilərinə görə və onların işlədiyi günlərin sayına uyğun olaraq əmək haqqı ödənilmişdir. Başqa sözlə, əmək haqqı fondu faktiki işə cəlb olunan işçilərə münasibətdə formalaşdırılmış və müvafiq ödənişlər də faktiki əmək haqqı ödənilən şəxslərə münasibətdə hesablanaraq ödənilmişdir. Buna baxmayaraq vergi orqanı məcburi dövlət sosial sığorta haqlarını iddiaçı tərəfindən faktiki işə cəlb olunan işçilərinə ödənilmiş əmək haqqına uyğun deyil, ƏƏSMN-in Əmək müqaviləsi bildirişi bazasında aktiv əmək müqavilələrinə görə hesablayaraq kənarlaşma olduğunu müəyyən edərək iddiaçı barəsində hazırda mübahisələndirilən qərarı qəbul etmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarına görə, cavabdeh vergi orqanı iddiaçı Cəmiyyət tərəfindən təqdim edilmiş 2023-cü ilin 3-cü rübü üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi” məlumatlarını deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş məlumatları əsas götürmüş, yəni iddiaçının istinad etdiyi halları – faktiki işə cəlb olunan işçilərə cəlb olunduqları günlərə görə ödənilmiş əmək haqqına münasibətdə hesablanmış MDSS, İTS və işsizlikdən sığorta haqlarının məbləği ilə razılaşmamışdır. Lakin eyni hal üzrə iddiaçı Cəmiyyətin təqdim etdiyi 2023-cü ilin 4-cü rübü üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi” məlumatlarını qəbul etmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən eyni mühüm faktiki hallara dair rüblər üzrə müxtəlif qərarlar qəbul edilmiş və fərqli yanaşmanın səbəbləri əsaslandırılmamış, o cümlədən “ağlabatan mütənasiblik” meyarına uyğunluğuna dair dəlillər gətirilməmişdir ki, bu da inzibati icraat haqqında qanunvericiliyin tələblərinə ziddir.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.
18. Kassator əlavə olaraq göstərmişdir ki, məhkəmə kollegiyası hər iclasda iddiaçıdan qeyd olunan işçilərə əmək haqqının ödənilməsi barədə, işçilərin işə gəlmələri və işdən getmələri barədə və hər hansı rəsmi sənədlərin məhkəməyə təqdim edilməsini bildirsə də, iddiaçı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Bu isə onu göstərir ki, iddiaçının hər hansı sübutu yoxdur. “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 901-ci “işçilərin ümumi sayı” sətrinin 2-ci ayı üzrə göstərilmiş 16.00 nəfər işçi sayı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 19 nəfər işçi sayından 3 nəfər az əks etdirildiyinə görə kənarlaşma yaranmışdır. “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 902-ci “Gəlirlər” sətirinin 2-ci ayı üzrə göstərilmiş 3229.86 manat gəlirin məbləği, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 9953.00 manat gəlir məbləğindən 6723.14 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. 6723.14 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 901-ci “işçilərin ümumi sayı” sətirinin 3-cü ayı üzrə göstərilmiş 16 nəfər işçi sayı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 19 nəfər işçi sayından 3 nəfər az əks etdirildiyinə görə kənarlaşma yaranmışdır. “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 902-ci “Gəlirlər” sətirinin 3-cü ayı üzrə göstərilmiş 3446.38 manat gəlirin məbləği, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 9953.00 manat gəlir məbləğindən 6506.62 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır.
19. Kassasiya şikayətində Vergi Məcəlləsinin 16.1.3, 16.1.6, 23.1.1, 24.1, 37, 67, 70.3, 71.2, 83.9, 130.1-ci maddələrinə, Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** saylı Qərarına, İnzibati Prosessual Məcəllənin 1.2, 12, 58.7, 69.4 və 87.8-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 76.1, 88 və 220.4-cü maddələrinə istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 102. İş vaxtının uçotu
1. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.
2. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir.
Maddə 157. Əməyin ödənilməsi sistemi və növləri
1. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. ...
22. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Məcburi dövlət sosial sığorta haqqı ... 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
24. Kassasiya şikayətləri vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquqnormalarının tətbiqində səhvə yol verilmişdir. Ona görə də, şikayətlər təmin olunmalı, apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası buna dair mövqeyini aşağıdakılarla əsaslandırır.
27. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan əmək müqavilələrinə əsasən əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir. Əmək haqqının vaxtamuzd ödəniş sistemində əmək haqqı işlənilmiş müəyyən vaxtın miqdarına görə ödənilir. Yəni, işçi müvafiq ayda bəzi iş günlərini işləməyibsə, işçiyə hesablanan əmək haqqı müvafiq ayda işlədiyi günlərinin sayına görə hesablanır. Hazırkı işin hallarına münasibətdə də qeyd edilməlidir ki, iddiaçı tərəfindən aktiv əmək müqaviləsi olan işçilərinin hamısına deyil, yalnız faktiki işə cəlb olunan işçilərinə görə və onların işlədiyi günlərin sayına uyğun olaraq əmək haqqı ödənilmişdir. Başqa sözlə, əmək haqqı fondu faktiki işə cəlb olunan işçilərə münasibətdə formalaşdırılmış və müvafiq ödənişlər də faktiki əmək haqqı ödənilən şəxslərə münasibətdə hesablanaraq ödənilmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırkı iş üzrə əsas mübahisə predmeti iddiaçının 2023-cü ilin 3-cü rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulmalar üzrə vergi orqanına ödənilməli məbləğin işçilərin faktiki işlədiklərinə görə aldıqları əmək haqqı və ya əmək müqavilələrində göstərilən əmək haqqı məbləği əsasında hesablaması ilə bağlıdır.
29. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, iddiaçı ilə işəgötürülənlər arasında bağlanmış əmək müqavilələrində əməyin ödənilməsi sisteminin vaxtamuzd olduğu qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, əmək haqqının vaxtamuzd ödəniş sistemində əmək haqqı işlənilmiş müəyyən vaxtın miqdarına görə ödənilir. Yəni, işçi müvafiq ayda bəzi iş günlərini işləməyibsə, işçiyə hesablanan əmək haqqı müvafiq ayda işlədiyi günlərinin sayına görə hesablanır.
30. Halbuki, məhkəmə kollegiyası qeyd edir ki, vaxtamuzd əmək haqqı sistemi işçinin əmək funksiyasını yerinə yetirdiyi iş vaxtına görə (saat, gün, ay üzrə) əvvəlcədən müəyyən edilmiş tarif dərəcələri, vəzifə maaşları və ya digər ödəniş normaları əsasında hesablanan əmək haqqı formasıdır. Bu ödəniş formasının əsas xüsusiyyəti ondan ibarətdir ki, əmək haqqının məbləği istehsal olunan məhsulun və ya görülən işin həcmi ilə deyil, işçinin faktiki işlədiyi vaxtla müəyyən edilir. Yəni işçinin gəliri onun iş yerində sərf etdiyi əmək vaxtının miqdarı ilə birbaşa bağlıdır.
31. Belə olan halda, iddiaçı ilə əmək müqaviləsi bağlayan şəxslərin əmək haqları onların faktiki işlərinə və ya işlərin həcminə görə deyil, işlədiklərə vaxta görə müəyyən edilməlidir. Əks yanaşma vaxtamuzd əmək haqqı sisteminin deyil, işəmuzd əmək haqqı sisteminin xarakterik xüsusiyyətinə dəlalət edir.
32. Bundan başqa, iddiaçı öz tələbini müəssisənin fəaliyyətinin məhdudluğu ilə bağlı işə cəlb olunan işçilərin faktiki iş günlərinin az olması və bu səbəbdən onlara hesablanmış əmək haqqı məbləğlərinin az olması ilə əsaslandırmışdır.
33. İddiaçının bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 102-ci maddəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Buna baxmayaraq, iddiaçı nə vergi orqanına, nə də məhkəmələrə işə cəlb olunan və olunmayan işçilərin, habelə işə cəlb olunan işçilərinin iş vaxtı barədə dəqiq, dürüst uçotunu təqdim edə bilməmişdir.
34. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə ilə bağlı kameral yoxlama apararkən iddiaçının əmək müqaviləsi bağladığı işəgötürülənlərlə bağlı əmək haqlarını məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildiriş bazasındakı məlumatlar əsasında hesablamaqda haqlı olmuşdur.
35. Yəni iddiaçı Əmək Məcəlləsinin tələblərinə əsasən vaxtamuzd əmək haqqı sistemi əsasında əmək müqaviləsi bağladığı işçilərin müəssisənin məhdud fəaliyyəti ilə bağlı daha az işləməsini və buna görə də daha az əmək haqqı almasını iddia edirsə, ya faktiki olaraq hər bir işçinin iş vaxtının saatlarının dəqiq, dürüst uçotunu təqdim etməli, ya da işçilərlə bağladığı əmək müqaviləsinə müvafiq dəyişiklik etməli idi. Hazırkı halda iddiaçının işçilərinin əmək haqları ilə bağlı yeganə dəqiq və mötəbər məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildiriş bazasındakı əmək müqavilələri olduğundan cavabdeh vergi orqanın həmin əmək müqavilələrinə istinad etməklə hesablama aparması əsaslı olmuşdur.
36. “Sosial sığorta haqqında” Qanunun 14.2-ci maddəsinə görə məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir. İddiaçının işçilərinin əmək ödənişi (gəliri), yəni əmək haqqı dövlət orqanında qeydə alınmış əmək müqaviləsində müəyyən olunduğundan, həmin əmək müqavilələrində əmək haqqı məbləğinin azaldılması barədə məlumat olmadığından məcburi dövlət sosial sığorta haqqını qeydə alınmış əmək haqqına uyğun faizlə müəyyən etməklə cavabdeh haqlı olmuşdur.
37. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilərək yeni qərar qəbul edilməli, iddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinə qarşı cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinin kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinə qarşı cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.