Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3290/2025 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı Cavabdeh Dövlət Sosial X2 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi (əmək kitabçasının mötəbərliyi); güzəştli arayış; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial X2 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddiaçıya 60 yaşdan, yəni ## ##### 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun işlədiyi illər nəzərə alındıqda iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. Iddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. Iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin güzəştli iş stajının az olması səbəbi ilə ona pensiyanın təyin olunmasından imtina edilmişdir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində 10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndi (10.2) və yeyinti sənayesi bölməsinin (27) sintetik ətirli maddələrin istehsalı (xlorlu üzvi birləşmələr; sadə, mürəkkəb aromatik, alifatik sıralı efirlər; üzvü yağlı, aromatik geterosiklik xammal, aldehidlər, ketonlar, spirtlər, onların törəmələri, sintetik yağlı turşular əsasında məhsullar yarımbölməsinin (27.10) fəhlələr (a) bəndində təmirçi-çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim olunan “xxxx” ASC-nin iddiaçıya dair ## #### 2024-cü il tarixli ** nömrəli arayışında ##.##.1995-##.##.1997-ci il, ##.##.1997-##.##.2001-ci il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisədə çilingər vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, işlədiyi vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan təmirçi çilingər vəzifəsinə uyğun deyil. Bundan başqa, X3 Kəmərləri sahəsinin arayışında isə ##.##.2010-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində adı çəkilən sahənin * saylı xətti istismar xidmətində qazpaylayıcı stansiyanın operatoru vəzifəsində işlədiyi qeyd olunub. Belə ki, işlədiyi sahə neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsinə aid deyil. Bu səbəblərdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 11 ay 8 gün (##.##.2001 - ##.##.2009-cu il tarixləri arasındakı dövr)) təşkil edir.
4. Bakı Inzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) ## ##### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı 60 yaşdan, yəni ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X2 hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: N.X.Nəbizadə /sədrlik edən və məruzəçi/, M.Vəkil və K.H.Əkbərov) ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya şikayətində, eyni zamanda məhkəmə iclasında verdiyi izahatda cavabdeh (onun nümayəndəsi) ona istinad etmişdir ki, iddiaçının ## #### 1995-## #### 1997-ci il və ## #### 1997-## #### 2001-ci il tarixlərdə işlədiyi çilingər vəzifəsi Siyahıda nəzərdə tutulan təmirçi-çilingər vəzifəsinə uyğun deyil, həmçinin ## #### 2010-## ####### 2022ci il tarixlərdə qaz paylayıcı stansiyası operator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsinə aid deyil. Halbuki, iddiaçının işlədiyi həmin vəzifələrin müvafiq Siyahıda nəzərdə tutulmuş vəzifələrə uyğunluğu “SOCAR” və “xxxx” ASC tərəfindən təqdim olunmuş sorğuya cavab məktublarında öz təsdiqi tapmışdır. Belə ki, “SOCAR” iddiaçının “qaz paylayıcı stansiyası operator” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bölməsinin 1.2.1.1.4-cü bəndində nəzərdə tutulan qaz paylayıcı stansiyası operatorları vəzifəsi ilə; “xxxx” ASC isə iddiaçının “təmirçi çilingər” vəzifəsinin Siyahıda 27.10 kod altında göstərilən 27.10. Sintetik ətirli maddələrin istehsalı (xlorlu üzvi birləşmələr; sadə, mürəkkəb aromatik, alifatik sıralı efirlər; üzvü yağlı, aromatik geterosiklik xammal, aldehidlər, ketonlar, spirtlər, onların törəmələri, sintetik yağlı turşular əsasında məhsullar) vəzifələr ilə funksional fəaliyyət baxımından eynilik təşkil etdiyini qəbul etmişdir.
7. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ
8. Məhkəmə kollegiyası hesab edir ki, Inzibati Prosessual Məcəllənin 94.2-ci, 96.2- 96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” ## ###### 2023-cü il tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.
12. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardadlarda (##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli; ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür.
13. Bundan əlavə, “Inzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin, işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
14. Hazırkı iş üzrə iddiaçı ## ##### 1963-cü il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (60 yaşa) çatması, 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı (iddiaçıya məxsus əmək kitabçası; iş yerindən verilmiş güzəştli arayış və məhkəmə sorğularına cavab məktubları) öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, iddiaçı azı 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajına malik olduğundan, 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir.
15. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə Inzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
17. Beləliklə də, iddiaçının hazırkı şikayəti IPM-də kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulan tələblərə cavab vermədiyindən həmin şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz.
18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.