Məhkəmə qərarları › İş №2-1(102)-3295/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3295/2025

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3295/2025 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın mübahisələndirilməsi; xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri əsasında vergilərin hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehin ##.##.2022-ci il tarixli ************** nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması” barədə qərarına əsasən iddiaçının Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, 2-ci Quşçuluq yaşayış massivində yerləşən obyektində ##.##.2022-ci il tarixdən 15 iş günündən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidə aparılması qərara alınmışdır. Həmin müşahidə aparılmış, nəticəsi müvafiq aktlarla yekunlaşdırılmış, iddiaçının nümayəndəsi də həmin aktları imzalamışdır.

2. Cavabdeh tərəfindən iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından iddiaçı barəsində kameral qaydada qərarlar qəbul olunmuşdur.

3. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli qərarı ilə ƏDV iyul/2022 dövrü üzrə 363.381,15 manat, ##.##.2023-cü il tarixli **************** nömrəli qərarı ilə avqust/2022 dövrü üzrə 450.063,62 manat və ##.##.2024-cü il tarixli **************** nömrəli qərarı ilə iyun/2024 dövrü üzrə 412.049,70 manat əlavə vergi borcu hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023cü il tarixli **************** nömrəli, ##.##.2023-cü il tarixli **************** nömrəli və ##.##.2024-cü il tarixli **************** nömrəli qərarların ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya aşağıdakı qərarlar əsasında kameral vergi yoxlaması ilə ƏDV hesablanmışdır: ƏDV iyul/2022 dövrü üzrə ##.##.2023-cü il tarixli **************** nömrəli qərar əsasında 363381,15 manat, ƏDV avqust/2022 dövrü üzrə ##.##.2023-cü il tarixli **************** nömrəli qərar əsasında 450063,62 manat. Kameral vergi yoxlaması ilə hesablamaya əsas isə xronometraj metodu ilə keçirilən müşahidələrin nəticəsi əsas götürülmüşdür. Hesablama əsassızdır. İlk olaraq qeyd olunmalıdır ki, kameral vergi yoxlaması ilə əlavə vergi məbləğinin hesablanmasına əsas olan xronometraj metodu ilə müşahidənin nəticəsi Vergi Məcəlləsinin 50.1-1-cimaddəsinin tələbinə zidd olduğuna görə qanunsuzdur. Belə ki, vergi orqanı tərəfindən müəssisədə ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixədək 24 dəfə xronometraj metodu ilə müşahidənin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarlarda xronometraj metodu ilə müşahidənin keçirilməsinə Vergi Məcəlləsinin 50-1.1-ci maddəsində göstərilən 3 bənd üzrə heç bir əsas yoxdur. Birinci bənd üzrə vergi orqanı 15 günlük müddətdən sonra dərhal 1-2 gün müddətində yeni qərar qəbul etmişdir. Yəni Cəmiyyətin fəaliyyətində birinci bənddə qeyd olunan (vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda) əsas yoxdur. İkinci bənddə (əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda) və üçüncü bənddə (vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə) göstərilən heç bir əsas olmamışdır. Xronometraj metodu ilə müşahidənin keçirilməsi barədə bütün qərarlarda əsas olaraq Vergi Məcəlləsinin 23 və 50-1cimaddələrinə istinad olunmuşdur. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 37.5-ci maddəsinə görə bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Müəssisə tərəfindən istənilən sənəd vergi orqanına təqdim edilmişdir. Vergi orqanı tərəfindən digər məlumat mənbələri əsas götürülə bilərdi. Yuxarıda sadalanan 37.5-ci maddə imperativ maddə deyil. Yəni vergi orqanı həmin maddəni tətbiq etməzdən əvvəl araşdırma aparmalı, bir neçə məlumata əlaqəli baxmalıdır. Bunlardan əlavə müəssisənin faktiki fəaliyyətinin olmasını istifadə etdiyi elektrik enerjisi ilə də müəyyən etmək olar. Müəssisənin fəaliyyəti metal pəstah istehsalıdır və burda elektrik enerjisindən istifadə olunur. Belə ki, enerji sərfiyyatı ##.##.2022-ci il tarixli iki faktura üzrə ay ərzində ƏDV-li 261112,2 manat, ##.##.2022-ci il tarixli fakturalar üzrə ay ərzində 275577,40 manat təşkil etdiyi halda 2022-ci ilin iyun ayında bu göstərici 124233,41 manat, yəni xronometraj keçirilən dövrlərdən iki dəfədən də az, 2022-ci ilin iyul ayında bu göstərici 65945,0 manat, yəni xronometraj keçirilən dövrlərdən dörd dəfədən də az, 2022-ci ilin avqust ayında bu göstərici 144518,9 manat, yəni əvvəlki dövrlərdən iki dəfədən də az, 2022-ci ilin sentyabr ayında bu göstərici 2797,70 manat təşkil etmişdir. İstehsal olmadığından müvafiq olaraq satış da ola bilməz. Vergi orqanı tərəfindən qərar əsasında müəssisədə uzun müddətli, təxminən 1 ilə yaxın davamlı olaraq xronometraj metodu ilə müşahidə keçirilmişdir. Qərar olmayan 2022-ci ilin iyun-avqust aylarında vergi orqanının əməkdaşı daimi istehsala və satışa nəzarət etmişdir. Ali Məhkəmənin oxşar iş üzrə iki qərarında xronometraj metodu ilə müşahidənin nəticələrinin birbaşa götürülməsi əsassız hesab edilmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, vergilərin hesablanması üçün digər məlumat mənbələrinə də istinad olunmalıdır. Lakin vergi orqanı təqdim etdiyi enerji sərfinə dair məlumatları, işçi sayının azalmasına dair məlumatları nəzərə almamışdır. Cəmiyyət tərəfindən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)” məlumatlarına əsasən Cəmiyyətin 2022-ci ilin iyun ayı ərzində 233 nəfər, iyul ayı ərzində 217 nəfər, avqust ayı ərzində 211 nəfər, sentyabr ayı ərzində isə 106 nəfər faktiki işçi sayı olmuşdur ki, həmin işçilərində ay ərzində olan iş günləri və iş saatları 2022ci ilin yanvar-may aylarında olan iş günlərindən və iş saatlarından kəskin fərqlidir. Hər halda dövlətin də marağındadır ki, 300 nəfərə yaxın işçisi olan istehsal müəssisəsi fəaliyyətini dayandırmasın. Vergi orqanına da bəllidir ki, onların istehsalı elektrik enerjisindən asılıdır. Elektrik enerjisi olmadan istehsal mümkün deyildir. Bunu isə xronometraj olmayan dövrün enerjisini, xronometraj olan dövrlə müqayisə etməklə müəyyən etmək və nəzərə almaq vacibdir. Cavabdehin qərarları əsassız olduğundan ləğv edilməlidir.

6. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, vergi ödəyicisinin fəaliyyətinin araşdırılması zamanı 2021-ci ilin iyun ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsinin 301.1 “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan məbləğin rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş məbləğdən az olduğu müəyyən edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə ##.##.2024-cü il tarixli **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi qeyd edilən məktuba əsaslı izahat vermədiyi və dəqiqləşdirilmiş hesabat təqdim etmədiyi üçün kameral vergi yoxlaması ilə 2022-ci ilin iyun ayına 412049,70 manat ƏDV hesablanılmış və vergi ödəyicisinə vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli **************** nömrəli qərarları göndərilmişdir. Həmçinin, 2022-ci ilin iyul ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin araşdırılması zamanı bəyannamənin 301.1 “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan məbləğin rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş məbləğdən az olduğu və əvəzləşdirilməyə daxil edilmiş bəzi elektron qaimə-fakturaların ƏDV məbləği ödənilmədiyi müəyyən edilmişdir.Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə ##.##.2023-cü il tarixli **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi qeyd edilən məktuba əsaslı izahat vermədiyi və dəqiqləşdirilmiş hesabat təqdim etmədiyi üçün kameral vergi yoxlaması ilə 2022-ci ilin iyul ayına 363381,15 manat ƏDV hesablanılmış və vergi ödəyicisinə vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli qərarı göndərilmişdir. Həmçinin, 2022-ci ilin avqust ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin araşdırılması zamanı bəyannamənin 301.1 “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan məbləğin rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş məbləğdən az olduğu müəyyən edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə ##.##.2023-cü il tarixli **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi qeyd edilən məktuba əsaslı izahat vermədiyi və dəqiqləşdirilmiş hesabat təqdim etmədiyi üçün kameral vergi yoxlaması ilə 2022-ci ilin avqust ayına 450063,62 manat ƏDV hesablanılmış və vergi ödəyicisinə vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli qərarı göndərilmişdir. Qəbul edilmiş qərarlar qanunvericiliyə uyğun şəkildə tərtib edilmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim R.Həsənov) iddia təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli, ##.##.2023-cü il tarixli **************** nömrəli və ##.##.2024-cü il tarixli **************** nömrəli qərarları ləğv edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 37.5-ci maddəsi vergi orqanının üzərinə vergilərin hesablanması zamanı xronometraj metodu ilə sonuncu müşahidənin nəticələrinin əsas götürülməsini vəzifə kimi deyil, hüququ kimi qeyd etmişdir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd olunan Məcəllənin 83.2-ci maddəsinə əsasən 1) vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumatlara; 2) bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumatlara; 3) vergi yoxlaması materiallarına; 4) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara-yəni idxal-ixrac əməliyyatları barədə rəsmi məlumata əsaslanaraq vergi orqanının vergi ödəyicisinin vergi öhdəliklərini qeyd olunan məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır. Göründüyü kimi Vergi Məcəlləsi vergi ödəyicisinin vergi öhdəliklərini hesablayarkən yoxlama materiallarına istinad etməkdən əlavə idxal-ixrac əməliyyatları barədə rəsmi məlumata istinad etmək hüququndan da istifadə edə bilərdi. Lakin hazırkı, inzibati mübahisə üzrə vergi orqanı tərəfindən keçirilmiş xronometraj müşahidənin göstəricilərini rəhbər tutmaqla vergi ödəyicisi tərəfindən satılmayan məhsula görə MMC-ni əlavə dəyər vergisinə cəlb etmişdir. İnzibati orqan ona qanun ilə verilmiş hüquqlardan sui-istifadə etmişdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər V.Əzizova – məruzəçi, İ.Quliyev və G.Cabbarova) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli, ##.##.2023-cü il tarixli **************** nömrəli və ##.##.2024-cü il tarixli **************** nömrəli qərarlarının ləğv edilməsinə dair iddiası təmin edilməmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh qanunvericiliklə müəyyən edilmiş hüquqlardan istifadə edərək yoxlama aparmış, xronometraj metodu ilə aparılan müşahidə Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və cavabdeh tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Həmçinin cavabdeh tərəfindən xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük və yekun aktlar, fiskal hesabatlar iş materiallarına əlavə edilmişdir. Xronometraj metodu ilə müşahidənin nəticələri əsasında kameral vergi yoxlaması aparmaq vergi orqanının hüququdur. Odur ki, qeyd edilən halda məhkəmənin səlahiyyətləri müşahidənin aparılması zamanı vergi orqanın prosedur öhdəliklərinə riayət etməsini və müşahidə müddətində müəyyən edilmiş satış dövriyyəsinin müəyyən edilmiş həcminin rəsmiləşdirilməsini yoxlamaqla məhdudlaşır. Cavabdeh tərəfindən xronometraj metodu ilə müşahidə barədə qəbul edilmiş qərarı barədə məlumat sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmış, yoxlamanın nəticələri həmin dövrdə aparılmış xronometraj müşahidələrinə əsaslanmış, məhkəməyə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış təqdim edilmişdir. Müşahidə aparılan dövrdə satış dövriyyəsinin həcmi ilə bağlı hər hansı mübahisə yoxdur. Belə ki, cavabdeh tərəfindən yoxlama aparılan dövrləri əks etdirən xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktlar təqdim edilmişdir. Həmin aktların məzmunu (dövriyyənin həcmi) iddiaçı tərəfindən mübahisələndirilməmişdir. ##.##.2022-ci il tarixli DVX seriyalı ****** nömrəli “Xronometraj metodu ilə müşahidənin nəticəsi barədə tərtib edilmiş yekun aktında iddiaçıya aid təsərrüfat subyektində ##.##.2022-ci il - ##.##.2022-ci il tarixədək aparılmış xronometraj metodu ilə müşahidənin nəticəsinə əsasən istehsalın həcmi 106173.38 manat, tam satış dövriyyəsi isə 1303467,33 /10 = 130346,74 manat orta günlük dövriyyə (ƏDV daxil) müəyyən edilmiş və həmin akt iddiaçı müəssisənin direktoru tərəfindən imzalanmışdır. Mübahisə xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinin tətbiq edilməsi ilə bağlıdır. İddiaçı yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi sonuncu xronometraj metodu ilə müşahidədən 1 ay keçdikdən sonra irəli sürmək hüququ olsa da, bu hüququndan istifadə etməmiş, yəni xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə ərizə ilə vergi orqanına müraciət etməmişdir, həmin aktların məzmunu (dövriyyənin həcmi) iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 15.1.13-ci maddəsinə əsasən xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla (yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər) istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək vergi ödəyicisinin hüquqlarına aid edilmişdir.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri və birinci instansiya məhkəməsinin qərarının əsaslandırma hissəsi ilə eynilik təşkil edir.

14. Kassasiya şikayətində Vergi Məcəlləsinin 15, 37.5, 50-1, 67.1 və 83.2-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 15.1 və 16-cı maddələrinə istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: ... 15.1.13. Xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək. ...

Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.3. vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq; ...

Maddə 37. Kameral vergi yoxlaması ... 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. ...

Maddə 50-1. Xronometraj metodu ilə müşahidə aparılması 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda ; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.2. Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir. 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. 50-1.4. Müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. 50-1.5. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. 50-1.6. Xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

18. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən kameral vergi qərarlarının əsaslı olması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hazırkı iş üzrə əsas mübahisə predmeti xronometraj metodu ilə aparılan müşahidələrin nəticələrinin əsassızlığı deyil, məhz xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinin tətbiq edilməsi ilə bağlıdır.

26. İddiaçı dəlillərində qeyd edir ki, xronometraj metodu ilə müşahidənin aparıldığı dövrdən fərqli olaraq mübahisələndirilən məsuliyyət qərarlarının qəbul edildiyi dövrdə müəssisənin istehsal həcmi əhəmiyyətli dərəcədə azalmış, vergi orqanı təqdim edilən enerji sərfinin və işçi sayının azalmasına dair məlumatları nəzərə almamışdır.

27. Vergi Məcəlləsinin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisinin xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək hüququ vardır.

28. İddiaçı istehsal həcminin azalmasına dair dəlillər irəli sürsə də, Vergi Məcəlləsinin 15.1.13-cü maddəsində nəzərdə tutulan hüququndan istifadə etməmiş, istehsal həcminin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanından tələb etməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.

29. Belə olan halda, cavabdeh Vergi Məcəlləsinin 37.5-ci maddəsinə istinad etməklə hazırkı iş üzrə mübahisələndirilən qərarları qəbul etməkdə heç bir hüquq pozuntusuna yol verməmişdir.

30. Belə ki, Vergi Məcəlləsinin 37.5-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar