Məhkəmə qərarları › İş №2-1(102)-3301/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3301/2025

20.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3301/2025 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əkin subsidiyasının ödənilməsi üçün əsasın müəyyən olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “subsidiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. “xxxx” ASC tərəfindən JN-456 (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən mülkiyyətində olan 170,78 ha torpaq sahəsi ##.##.2019-cu il tarixli, *M-** nömrəli və ##.##.2020-ci il tarixli, *M-*** nömrəli müqavilələrə müvafiq olaraq ##.##.2025-ci il tarixədək iddiaçıya icarəyə verilmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək, 2022-2023-cü əkin ili üzrə icarəsində olan həmin torpaq sahəsində apardığı əkinlərə görə əkin subsidiyasının ödənilməsini xahiş etmişdir.

3. Cavabdeh ##.##.2023-cü il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, 2022-2023cü əkin il üzrə əkin subsidiyasının ödənilməsi üçün müəyyən edilən bəyan dövründə EKTİSə daxil edilən 169,36 ha torpaq yazlıq buğda və arpa əkinləri qanunvericiliklə müəyyən edilmiş qaydada sığortalanmadığı və torpaq sahəsinin aqrokimyəvi analizləri verilmədiyi üçün həmin əkinlərə görə subsidiya ödənilməsi mümkün olmamışdır. 2023-2024-cü əkin ili üzrə əkin subsidiyasından yararlanmaq üçün sığorta predmeti olan əkinlərin qanunvericiliklə müəyyən edilmiş qaydada sığortalanması, torpaq sahəsinin aqrokimyəvi analizlərinin verilməsi, eyni zamanda torpaq sahəsinə dair hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə edilərək EKTİS-ə daxil edilməsi tövsiyə edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 2022- 2023-cü 4. əkin ilinə görə subsidiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı icarə müqaviləsinə əsasən istifadəsində olan torpaq sahəsində müxtəlif dənli bitkilərin əkilib-becərilməsi ilə məşğul olur. Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cu il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydaları”na görə fermerlərə istifadələrində olan 10 ha və daha artıq torpaq sahələrində əkilən taxıl məhsullarına görə müvafiq subsidiyalar verilir. İddiaçı da müvafiq subsidiyanın alınması üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh tərəfindən həmin subsidiyanın ödənilməsindən imtina edilmişdir. Cavabdehin imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, iddiaçı həmin əkin sahəsinin sığortalanması ilə əlaqədar tələb olunan bütün məlumatları cavabdehin yerli regional nümayəndəliyinə təqdim etmişdir. Lakin onlar həmin məlumatları elektron sistemə gec yükləmişdirlər. Bu da, iddiaçının təqsiri səbəbindən baş verməmişdir. Ona görə də iddiaçı hesab edir ki, cavabdehdən müvafiq subsidiyanın alınaraq ona ödənilməsi təmin edilməlidir.

6. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli iclasında iddiaçı izahat verərək iddia tələbini müdafiə etmiş və qeyd etmişdir ki, onun tərəfindən əkin sahəsinin sığortalanması ilə bağlı tələb olunan bütün sənədlər cavabdehin yerli regional nümayəndəliyinə təqdim edilmişdir. O, 2023-2024-cü əkin ili üçün subsidiya almışdır, 2022- 2023-cü əkin ili üçün isə ona subsidiya verilməmişdir. 2022-ci ildən əvvəl də iddiaçıya subsidiya ödənilmişdir. O, əvvəlki kimi eyni qaydada müraciət etmiş, lakin eyni sənədlərin təqdim edilməsinə baxmayaraq, subsidiya ödənilməmişdir. Onun tərəfindən regional şöbəyə bəyannamə təqdim edilməsinə baxmayaraq, şöbə tərəfindən təsdiq barədə xəbərdarlıq (mesaj) gəlməmiş, bu səbəbdən də sığortanın onun tərəfindən ödənilməsi mümkün olmamışdır. Cavabdeh orqan tərəfindən yoxlamalar aparılmalıdır, lakin monitorinq keçirilməmişdir. Monitorinqin keçirilməsi də bəyannamənin təsdiq edilməsi ilə əlaqədardır. Analizlərin verilməsi ilə bağlı isə bildirmişdir ki, həmin analizlər iki ildən bir verilir, sonuncu dəfə isə 2021-ci ildə verilmişdir.

7. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, 2022-2023-cü əkin ili üzrə iddiaçının əkin subsidiyasından yararlanması üçün 169,36 ha yazlıq buğda və arpa əkinləri qanunvericiliklə müəyyən edilmiş qaydada sığortalanmadığı və torpaq sahəsinin aqrokimyəvi analizləri verilmədiyi üçün, həmin əkinlərə görə ona subsidiya ödənilməsi mümkün olmamış və təqvim ili üzrə ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır. Bundan əlavə, iddiaçının EKTİS-ə daxil edilən torpaq sahəsindən istifadə hüququna dair sənəd barədə məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya edilmiş məlumat bazaları ilə müvafiq Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq aparılan yoxlamalar nəticəsində təsdiqlənməmişdir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmaması xahiş edilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Könül Həbibova) ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 2022-2023-cü illər üzrə subsidiyanın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Hökumət subsidiyalarının uçotu və dövlət yardımı haqqında məlumatın açıqlanması üzrə Kommersiya Təşkilatları üçün ** №-li Milli Mühasibat Uçotu Standartı” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ##.##.2007-ci il tarixli, i-*** nömrəli əmri ilə təsdiq edilmişdir. Qeyd olunan sənədin müddəalarının məzmunundan müəyyən olunur ki, subsidiyanın alınması özlüyündə son olaraq onu sübut etmir ki, bütün şərtlər yerinə yetirilmiş və yaxud yerinə yetiriləcəkdir. Burada əsas məsələ ağlabatan inamın olmasıdır ki, yalnız bu halda dövlət tərəfindən təqdim edilmiş şərti - geriqaytarılmayan borc olan dövlət subsidiyası verilir. Bu səbəbdən məhkəmə tələb üzrə öz araşdırmasını “ağlabatan inam” çərçivəsində aparmışdır. İddiaçı tərəfin mövqeyinə görə cavabdeh orqan tərəfindən monitorinq keçirilmədiyi üçün, bəyannamə təsdiq edilməmişdir. Bəyannamə təsdiq edilmədiyi üçün, sığortanın onun tərəfindən ödənilməsi mümkün olmamışdır. Torpaq sahəsinin aqrokimyəvi analizləri 2 ildən bir verilir ki, 2021-ci ildə vermişdir və həmin il üçün subsidiya da almışdır. O cümlədən 2023- 2024-cü əkin ili üçün də subsidiya almışdır. Cavabdeh orqan tərəfindən iddiaçının izahatına münasibətdə, monitorinqin keçirilməsi məsələsinə dair heç bir sübut təqdim edilməmiş, hər hansı bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cu il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-2.8-ci və 2.11-ci bəndlərinə əsasən, fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsini), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra – DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir. Agentlik fermerin razılığı və kredit təşkilatlarına müraciəti əsasında ona veriləcək subsidiya vəsaitinin fermerin kənd təsərrüfatı təyinatlı kredit (lizinq) borclarının təminatı kimi rəsmiləşdirilməsi və ya həmin borcların ödənilməsinə yönəldilməsi ilə bağlı kredit təşkilatlarının fermerin formalaşan elektron bəyannaməsi və ya subsidiya vəsaiti barədə məlumatlara çıxışını təmin edir. DAİM subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin SİS-ə daxil edilməsini həyata keçirir; subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. SİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ######## tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir. İddiaçının EKTİS-ə daxil edilən torpaq sahəsindən istifadə hüququna dair sənəd barədə məlumatların təsdiqlənməməsi və torpaq sahəsinə dair hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın əldə olunaraq EKTİS-ə daxil edilməsi barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, işin mübahisəsiz hallarına görə JN 456 (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən icarə müqaviləsi ilə ayrılan 170,78 ha torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir və torpaq sahəsinin koordinatları müəyyəndir. “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda 2025-ci il ######ın #-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tələb olunmuşdur. Hazırkı tələb isə 2022-2023-cü illərə görə ödənilməmiş subsidiyanın iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Yuxarıda sadalanan halları məhkəmə ümumilikdə qiymətləndirərək hesab edir ki, hazırkı mübahisə üzrə iddiaçıya münasibətdə ağlabatan inam mövcud olduğundan, iddia tələbi təmin edilməlidir.

10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

11. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatın məzmununa uyğun izahat verərək, cavabdeh tərəfindən monitorinqin keçirilməsi məsələsinə dair heç bir sübutun təqdim edilmədiyini, hər hansı bir məlumat verilmədiyini bildirmiş və cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Vahid Hacıyev /sədrlik edən və məruzəçi/, Toğrul Axundov və Zaur Məmmədov) ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir.

kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## #### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”

1. Ümumi müddəalar 1.1. Bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir. 1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. subsidiya - dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti; 1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra SİS) - kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (bundan sonra EKTİS) altsistemi; 1.2.9. əkin subsidiyası – fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, aqrotexniki xidmətlərdən istifadə edilməsinə, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiya;

2. Subsidiyaların verilməsinin təşkili 2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra Agentlik) həyata keçirir. 2.7. Agentlik fermerin razılığı və kredit təşkilatlarına müraciəti əsasında ona veriləcək subsidiya vəsaitinin fermerin kənd təsərrüfatı təyinatlı kredit (lizinq) borclarının təminatı kimi rəsmiləşdirilməsi və ya həmin borcların ödənilməsinə yönəldilməsi ilə bağlı kredit təşkilatlarının fermerin formalaşan elektron bəyannaməsi və ya subsidiya vəsaiti barədə məlumatlara çıxışını təmin edir.

3. Bitkiçilik sahəsi üzrə subsidiyaların verilməsi 3.8. Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr, habelə dincə qoyulmuş torpaqlar barədə elektron bəyannaməni (müraciəti); 3.8.2. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən, EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025 ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı); 3.8.2-1. kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri; 3.8.3. əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini; 3.8.4. məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri; 3.8.5. kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri. 3.12 (##.##.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). Əkin subsidiyası ilə bağlı fermer hər il apardığı əkin, o cümlədən mövcud və yeni salınacaq çoxillik əkmələr barədə informasiyanı SİS-ə daxil edərək, avtomatlaşdırılmış qaydada formalaşan elektron bəyannaməni təsdiq edir və subsidiya almaq üçün müraciət edir. Bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən xidmət reqlamentlərinə və 5-ci hissəsinə uyğun olaraq 30 (otuz) iş günü müddətində aparılan monitorinqin nəticələri nəzərə alınmaqla təsdiq edilən subsidiyanın məbləği 30 (otuz) iş günü müddətində fermerin kart hesabına köçürülür və bu barədə fermerə məlumat (SMS, elektron poçt və ya bilavasitə SİS vasitəsilə) verilir. Fermer müvafiq ödəniş xətti üzrə kart hesabında olan əkin subsidiyası balansından bu Qaydanın 3.13-cü bəndinə uyğun olaraq istifadə etdikcə həmin vəsait kart hesabından avtomatlaşdırılmış qaydada təchizatçıların, aqrokimya laboratoriyalarının və ya müvəkkil kredit təşkilatlarının hesabına köçürülür. 3.16. Bu Qaydanın 3.8-ci bəndində müəyyən edilən şərtlərə uyğun məlumatlar Nazirliyin təsdiq etdiyi reqlamentlərə əsasən SİS-də təsdiqləndikdən sonra bitkiçilik sahəsi üzrə fermerin subsidiya ödənişi həmin ayın sonunda onun hesabına köçürülür.

5. Monitorinq və qiymətləndirmə 5.1. Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən aşağıdakı ardıcıllıqla monitorinqlər aparılır: 5.1.1. çarpaz – elektron bəyannamə məlumatlarının SİS-də olan digər məlumatlarla üzləşdirilməsi; 5.1.2. yerüstü müşahidə – peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin, habelə dincə qoyulmuş torpaq sahələrinin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi; 5.1.3. yerində müşahidə – seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, dincə qoyulmuş torpaq sahələrində, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.

22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

23. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi 2022-2023cü əkin ili üzrə icarəsində olan torpaq sahəsində apardığı əkinlərə görə əkin subsidiyasının ödənilməsinə nail olmaqdan ibarətdir.

24. İddiaçının bununla bağlı etdiyi müraciətin təmin olunmasından imtinasında, cavabdeh imtinasının əsası kimi həm də iddiaçı tərəfindən 169,36 ha torpaq sahəsində aparılmış yazlıq buğda və arpa əkinlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada sığortalanmadığına istinad etmişdir.

25. İddiaçı isə birinci və apellyasiya instansiyası məhkəmələrində verdiyi izahatlarında cavabdeh tərəfindən monitorinq keçirilmədiyi üçün, onun təqdim etdiyi bəyannamənin təsdiqi barədə xəbərdarlıq (mesaj) gəlmədiyini, bu səbəbdən də sığortanın onun tərəfindən ödənilməsinin mümkün olmadığını bildirmişdir.

26. Bu qərarın 17-ci bəndində istinad edilən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## #### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.8-ci bəndində fermerlər tərəfindən bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün həmin Qayda ilə müəyyənləşdirilən müddətlərdə SİS-ə daxil edilməli sənədlərin və məlumatların dairəsi təsbit edilmişdir. Bunun üçün fermer, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr, habelə dincə qoyulmuş torpaqlar barədə elektron bəyannamə (müraciət) ilə yanaşı, həm də sığortalanmalı olan bitkilərə münasibətdə sığorta müqaviləsinin nömrəsini SİS-ə daxil etməlidir (həmin Qaydanın 3.8.3-cü bəndi).

27. Həmin Qaydanın 5-ci bəndində isə subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə Agentlik tərəfindən monitorinqlərin aparılmalı olduğu hallar müvafiq ardıcıllıqla müəyyən edilmişdir: subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə.

28. İstinad olunan Qaydanın məzmunundan görünür ki, fermer, sığortalanmalı olan bitkilərə münasibətdə sığortalama vəzifəsini həyata keçirməli, bununla bağlı sığorta müqaviləsi bağlamalı və həmin müqaviləsinin nömrəsinin də qeyd edildiyi elektron bəyannaməni (müraciəti) SİS-ə daxil etməlidir. Yalnız bundan sonra onun müraciəti üzrə Agentlik tərəfindən müvafiq ardıcıllıqla monitorinqlər keçirilməli və həmin monitorinqlərin nəticələri nəzərə alınmaqla daxil edilən məlumatların təsdiqləndiyi təqdirdə, subsidiyanın verilməsi təmin edilməlidir.

29. Nəzərə almaq lazımdır ki, X1 qərarına əsasən, arpa və buğda sığortalanmalı olan bitkilərə aiddir. Həmin bitki növlərinin 10 hektardan artıq əkin sahəsi üçün subsidiyaların sığorta müqaviləsi bağlanılması şərtilə ayrılması nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, sözügedən bitkilər ölkənin ərzaq təhlükəsizliyi və qida təminatında mühüm rola malikdir. Eyni zamanda, həmin bitkilərin əkin sahələrinin sığortalanması ölkənin ərzaq təhlükəsizliyi ilə yanaşı, bu sahədə təhlükəsiz biznes mühiti yaradılması, fermerlərin gəlirlərinin və qazancının qorunması məqsədlərinə xidmət edir.

30. Hazırkı mübahisəyə münasibətdə, iddiaçı cavabdeh tərəfindən monitorinq keçirilmədiyi üçün, onun təqdim etdiyi bəyannamənin təsdiqi barədə xəbərdarlıq bildirişi (mesaj) gəlmədiyinə istinadən sığortanın ödənilməsinin mümkün olmadığını bildirir. Başqa sözlə, iddiaçı 2022-2023-cü əkin ili üzrə icarəsində olan torpaq sahəsində apardığı yazlıq buğda və arpa əkinlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada sığortalanmadığını özü də etiraf və təsdiq edir. Belə olan halda isə, iddiaçı tərəfindən sözügedən Qaydanın sığortalanma ilə bağlı dispozisiya şərti yerinə yetirmədiyi üçün, hazırkı tələbində iddiaçı haqlı sayıla bilməz.

31. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qeyd edilən xüsusatları nəzərə almamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

32. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının müraciətinin təmin olunmasından imtina etməkdə cavabdeh haqlı sayılmalıdır.

33. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia rədd edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar