Məhkəmə qərarları › İş №2-1(102)-3303/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3303/2025

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3303/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında bağlanılmış alqı-satqı müqaviləsi ilə əldə olunmuş torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Quba rayonu, Alekseyevka bələdiyyəsinin ## #### 2005-ci il tarixli, ** nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X2 ayrılmış 0,08 ha torpaq sahəsinə dair onun adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən ## ##### 2006-cı il tarixli, JN-1126F KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir.

2. Daha sonra X2 mülkiyyətində olan sözügedən 0,08 ha torpaq sahəsini Quba Rayon Dövlət Notariat Kontorunda bağlanmış ##.##.2006-cı il tarixli, AN-İ ******* nömrəli, 4Ə/*** reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən iddiaçıya satmışdır.

3. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir.

4. Cavabdehin ##.##.2022-ci il tarixli, ************ nömrəli imtina məktubunda qeyd edilmişdir ki, ərizəyə əlavə olunmuş Quba rayon dövlət notariat kontorunun ##.##.2006-cı il tarixli, 4Ə/*** reyestr nömrəli alqı-satqı müqaviləsinin tərtib olunmasına əsas olan JN-****F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmamış, eyni zamanda ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək JN-****F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Quba rayon dövlət notariat kontorunda ##.##.2006-cı il tarixli 4Ə/*** reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında əldə olunmuş 0.0751 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən 0.08 ha olan torpaq sahəsini ##.##.2006-cı il tarixində AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-qatqı müqaviləsi əsasında əldə etmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, ##.##.2022-ci il tarixli ************ nömrəli məktubla müraciətindən imtina edilmişdir.

7. Cavabdehin iddiaya dair yazılı etirazının dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər kommunikasiya xətlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir.

8. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli məktubla təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsinin müayinəsi zamanı heç bir mübahisəli hal qeydə alınmamışdır. Həmin torpaq sahəsinin daxilində fərdi yaşayış evi mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildirilmişdir ki, JN-1126F KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair şəhadətnamə” elektron baza məlumatlarında olan DWJ xəritələrində öz əksini tapmamışdır. 1126 nömrə DBF siyahısında göstərilməmişdir. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi 0.0751 ha təşkil edir. İddia olunan və faktiki istifadə olunan torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. Mübahisəli torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən ehtiyat fondu torpaqları kateqoriyalı olub uqodiyası fərdi yaşayış kimi göstərilmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia təmin edilmiş, JN-****F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Quba rayon dövlət notariat kontorunda ##.##.2006-cı il tarixli 4Ə/*** reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında əldə olunmuş 0.0751 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati iş materiallarına əlavə edilmiş JN 1126F KOD******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsinin aşkar edilməməsi və qeydiyyat kitablarında qeydiyyatdan keçməməsi iddiaçının təqsiri kimi qiymətləndirilib, onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. Məhkəmə həmçinin mübahisə predmeti olan torpaq sahəsinin ilkin mülkiyyətçisi X2 ayrılması barədə hüquqmüəyyənedici sənədlərin arxiv nüsxəsinin mövcud olubolmadığını

10. araşdırmaq məqsədilə müvafiq sorğular ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq sənədlərin arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər H.Babayeva – məruzəçi, T.Axundov və V.Hacıyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisə predmeti olan 0,08 ha torpaq sahəsinin ilkin mülkiyyətçisi olan – X2 adına JN-1126F KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin tərtib edilməsinə əsas olaraq Alekseyevka bələdiyyəsinin ## #### 2005-ci il tarixli, ** nömrəli qərarı göstərilmişdir. Şəhadətnamənin tərtib edilməsinə əsas olan sənədlər “xxxx” MMC-də aşkar edilməsə də, həmin sənədlər birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq X1 Filialı tərəfindən məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin araşdırması ilə ilkin mülkiyyətçinin adına olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin arxiv əsasları aşkar edilmişdir. Həmçinin, qeyd olunan alqı-satqı müqaviləsinin Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivində saxlanılan arxiv nüsxəsi mövcuddur. Belə ki, həmin orqan tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2021-ci il tarixli, **/**-Q-***/** nömrəli məktubdan görünür ki, ##.##.2006-cı il tarixli, 4Ə/*** reyestr nömrəli alqı-satqı müqaviləsinin arxivdə saxlanılan nüsxəsində onun dəyişdirilməsi və ya ləğv edilməsi barədə qeydiyyat aparılmamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən verilmiş müayinə aktından görünür ki, iddia olunan torpaq sahəsi 0,0751 ha təşkil edir, həmin torpaq sahəsinin müayinəsi zamanı heç bir mübahisəli hal qeydə alınmamışdır, torpaq sahəsi heç bir mühafizə zolağında da yerləşmir. Torpaq sahəsi faktiki istifadədə olduğundan birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı tələbinin həcmini azaldaraq, 0,0751 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etmiş, işə baxan məhkəmə də iddiaçının bu həcmdə tələbini təmin etmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.3-cü maddəsi, eləcə də Mülki Məcəllənin 139-1.1, 139-1.1.3-cü maddəsindən irəli gələn hüquqmüəyyənedici sənədə - ##.##.2006-cı il tarixli, AN-İ ******* nömrəli, 4Ə/*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsaslanır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.

16. Kassasiya şikayətində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 9.1.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 33.4 və 68-ci maddələrinə istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ...

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

20. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtinanın, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Məhkəmə kollegiyası eyni zamanda kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasının əsasında Quba Rayon Dövlət Notariat Kontorunda bağlanmış ##.##.2006-cı il tarixli, AN-İ ******* nömrəli, 4Ə/*** reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” dayanır. Lakin cavabdeh həmin alqısatqı müqaviləsinin əsasında dayanan ## ##### 2006-cı il tarixli, JN-1126F KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməni mübahisələndirir.

28. İş materiallarına əlavə edilmiş arxiv sənədləri ilə müəyyən edilmişdir ki, ## ##### 2006-cı il tarixli, JN-1126F KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilən torpaq sahəsi həqiqətən Quba rayonu, Alekseyevka bələdiyyəsinin ## #### 2005-ci il tarixli, ** nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X2 ayrılmış və torpaq sahəsinin dəyəri onun tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. Hazırkı iş üzrə cavabdeh ilkin mülkiyyətçinin adına olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin mötəbərliyini şübhə altına salacaq hər hansı dəlil təqdim edə bilməmişdir.

29. Eyni zamanda, məhkəmə kollegiyası nəzərə alır ki, ilkin mülkiyyətçi X2 torpaq sahəsini ##.##.2006-cı il tarixli, AN-İ ******* nömrəli, 4Ə/*** reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmışdır. Həmin alqı-satqı müqaviləsinin dəyişdirilməsi və ya ləğv edilməsi barədə Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivində qeydiyyat aparılmamışdır.

30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, JN-****F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında Quba rayon dövlət notariat kontorunda ##.##.2006-cı il tarixli 4Ə/*** reyestr nömrəli alqı-satqı müqaviləsi ilə əldə olunmuş 0.0751 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar