Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3309/2025 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərbi qulluqçunun ehtiyatda olduğu müddətin hərbi xidmət müddətinə daxil edilməsi və həmin dövr üçün kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI
1. 1-ci Ordu Korpusu komandirinin ##.##.2017-ci il tarixli, ****əç nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluq) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
2. N nömrəli hərbi hissə komandirinin ##.##.2017-ci il tarixli *** nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı ##.##.2017-ci il tarixli ****əç nömrəli əmrə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluq) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifələrini təhvil vermiş hesab edilmiş, ## #### 2017-ci il tarixdən etibarən həmin hərbi hissənin şəxsi heyət siyahısından və bütün növ təminatlardan çıxarılmışdır.
3. İddiaçı tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış ## #### 2023-cü il tarixli ərizədən görünür ki, o, yenidən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunması və tabeçilikdə olan hərbi hissələrin birində müvafiq vəzifəyə təyin olunmasına köməklik göstərilməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında ## #### 2023-cü il tarixli bağlaşmadan görünür ki, N nömrəli hərbi hissə komandiri və əsgər İddiaçı arasında “Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri rəhbər tutularaq bağlaşma bağlanmışdır. İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrə bağlaşma üzrə könüllü şəkildə hərbi xidmətə daxil olarkən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə 3 (üç) il müddətində N nömrəli hərbi hissədə əsgər-R vəzifəsində xidmət etmək və digər öhdəliklər götürmüşdür.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2017-ci il tarixdən ##.##.2023-cü il tarixə qədər olan altmış doqquz aylıq dövr üzrə hərbi xidmət müddətinin onun xidmət illərinə əlavə edilməsi və həmin dövr üçün vurulmuş maddi ziyana görə müvafiq pul kompensasiyasının hesablanaraq (müvafiq əlavələr daxil olmaqla) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ilin may-iyun aylarında baş vermiş şərti adı (“Tərtər işi”) kimi tanınan hadisələr zamanı N saylı hərbi hissənin həmlə taborunda xidmətdə olduğu müddətdə N saylı hərbi hissə komandirinin ##.##.2017-ci il tarixli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluq) əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi xidmətdən ehtiyata buraxıldığından sonra ordu sıralarından qanunsuz və əsassız olaraq ehtiyata buraxılmağını bildirməklə Müdafiə Nazirliyinə və N saylı hərbi hissəyə çoxsaylı müraciətlər edərək yenidən hərbi xidmətə qəbul olunmasını xahiş etmiş, lakin hər müraciətinə cavab olaraq Müdafiə Nazirliyi və N saylı hərbi hissə komandanlığı tərəfindən ona bildirilmişdir ki, ordu sıralarından “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluq) əsasən hərbi xidmətdən ehtiyata buraxıldığı üçün hərbi xidmətə qəbul olunması məqsədəuyğun deyil. Qeyd edilən “Tərtər işi” üzrə yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunda istintaq qrupu yaradılaraq araşdırılma yenidən aparılarkən istintaq qrupuna dəvət edilərək izahatları alınmışdır. Araşdırmaların nəticəsi olaraq Baş Prokurorluğun müvafiq qərarına əsasən və N saylı hərbi hissə komandirinin müvafiq qərarı ilə ##.##.2023-cü il tarixdə N saylı hərbi hissəyə müddətdən artıq həqiqi hərbi xidmətə 3 illik bağlaşma əsasında yenidən bərpa edilmişdir. Hərbi xidmətə bərpa olunduğu üçün, yəni 2017-ci ildə qanunsuz hərbi xidmətdən buraxıldığı və ##.##.2023-cü ildə hərbi xidmətə bərpa edildiyi üçün hərbi xidmətdə olmadığı günlərin hərbi xidmət müddətinə əlavə edilməsi və pul kompensasiyasının ödənilməsi üçün cavabdehə müraciət etmiş, lakin məsələ müsbət həllini tapmamışdır.
7. Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, N nömrəli hərbi hissə komandirinin təqdimatında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İddiaçı öz üzərində çalışmadığı və xidmətini nizamnamələrin tələblərinə uyğun şəkildə qurmaqda çətinlik çəkdiyi, tutulan iradlardan nəticə çıxarmağı bacarmadığı və dəfələrlə hərbi hissəni özbaşına tərk etdiyi üçün tutduğu vəzifəyə uyğun olmadığından bağlaşmanın ləğv edilərək ehtiyata buraxılması barədə vəsatət qaldırdığı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin ## ###### 2023-cü il tarixli, *** nömrəli əmrinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı N nömrəli hərbi hissə komandirinin ## ###### 2023-cü il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) və nizamnamənin 50-ci maddəsinin “z” bəndinə müvafiq olaraq ehtiyata buraxıldığına görə ## ###### 2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinə göndərilmişdir. 2023-cü il üçün maddi yardım və məzuniyyət pulunun ödənilməli olması qeyd edilmişdir. Həmçinin, iddiaçının 2017-ci il tarixdən ## #### 2023-cü il tarixədək hərbi xidmətdə olmadığı günlərə görə pul kompensasiyasının ödənilməsinə dair müraciətinə cavab olaraq bildirilmişdir ki, 2023-cü il tarixədək, yəni yenidən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunduğu günədək hərbi xidmətdə olmadığı günlərə görə pul kompensasiyasının verilməsi onun müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmağı üçün əsas olan sənədlərdə qeyd edilmədiyindən, həmin dövr üçün pul kompensasiyasının ödənilməsi mümkün hesab edilmir.
8. N nömrəli hərbi hissə tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış ##.##.2024-cü il tarixli, **** nömrəli məktubda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluçusu əsgər İddiaçı Şəxsi Heyət Baş Idarəsindən daxil olan məktuba əsasən öz razılığı əsasında yenidən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilmişdir.
9. Şirvan Inzibati Məhkəməsinin (hakim: A.A.Hüseynova) ## ##### 2025-ci il tarixli *- *(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsinin əsaslandırması: 10.1. Iddiaçı barəsində qəbul edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılma barədə 1-ci Ordu Korpusu komandirinin ##.##.2017-ci il tarixli, ****əç nömrəli əmrinin ləğv edilərək, onun əvvəlki vəzifəsinə və ya ona bərabər vəzifəyə təyin edilməsinə dair hər hansı sübut aşkar olunmamışdır. 10.2. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının ##.##.2017-ci il tarixdən ##.##.2023cü il tarixə qədər olan altmış doqquz aylıq dövr üzrə hərbi xidmət müddətinin onun xidmət illərinə əlavə edilməsi və həmin dövr üçün vurulmuş maddi ziyana görə müvafiq pul kompensasiyasının (müvafiq əlavələr daxil olmaqla) hesablanaraq iddiaçıya ödənilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanunazidd sayıla bilməz. Odur ki, cavabdehin hərəkətləri qanunsuz olmadığından iddiaçının ondan maddi və mənəvi ziyanın tutulması tələbi də əsassızdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin olunmasından qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün imtina etmişdir.
11. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: C.Ə.Quliyev /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və Q.V.Əliyev) ## #### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 13.1. Kollegiya apellyasiya şikayətinin dəlili olan “xidmətə uyğunsuz olsa idi, yenidən hərbi xidmətə qəbul oluna bilməməsi ilə bağlı mövqeyə” münasibətdə bildirir ki, iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidmətə uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı inzibati akt (1-ci Ordu Korpusu komandirinin ##.##.2017-ci il tarixli, ****əç nömrəli əmri) qüvvədədir. Həmin inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş və ya başqa səbəbə görə qüvvədən düşməmişdir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu müəyyən şərtlər daxilində inzibati aktın hüquqi qüvvəsini və etibarlılığını tanıyır. Belə ki, Qanunun 64.1-ci və 64.2-ci maddələrinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmçinin nəzərə alınmalıdır ki, həmin aktın mübahisələndirilməsi ilə bağlı prosessual müddət də ötürülmüşdür. Belə ki, IPM-in 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə kollegiyası ikinci tələbin (kompensasiya ilə bağlı) ilkin tələbdən asılı olması nəzərə alaraq, bu səbəbdən həmin məsələyə hüquqi qiymət verilməsinə lüzum görməmişdir.
14. Iddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın ##.##.2017-ci il tarixli qərarı ləğv etməyə dair ayrıca bir qərar qəbul etməməsi hazırkı iddianın əsassız olmasına dəlalət edə bilməz. Belə ki, həmin qərarı ləğv etmək cavabdeh orqanın işidir. Belə ki, həmin qərardan sonra iddiaçı ## #### 2023-cü il tarixdə yenidən hərbi qulluqçu olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2024-cü il tarixli məktuba əlavə olunmuş iddiaçı İddiaçı məxsus xidmət dəftərçəsindən görünür ki, ##.##.2017-ci il tarixli, ****əç nömrəli əmrlə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. ## #### 2023-cü il tarixli, 013 əç nömrəli əmrlə isə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü mexanikiləşdirilmiş taborunun 7-ci mexanikiləşdirilmiş bölüyünün 3-cü mexanikiləşdirilmiş taqımının 3-cü mexanikiləşdirilmiş manqasının pulemyotçusu vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyindən daxil olmuş və tərəflərindən iş materiallarına əlavə edilməsi üçün elektron məhkəmə sisteminə yüklənmiş ##.##.2025-ci il tarixli məktubda da təsdiq edildiyi kimi “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərin hərbi xidmətə bərpası ehtiyata buraxılmasına əsas olmuş əmrin ləğv edilməklə, həmin vəzifəyə və ya ona bərabər vəzifəyə təyin edilməsini özündə ehtiva edir. Əlverişsiz inzibati aktın (əmrin) ləğv edilməsi isə yalnız inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyi halda mümkündür. Göründüyü kimi, iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması əmri həmin əmrin əsassızlığına görə ləğv edildiyindən iddiaçının yenidən həqiqi hərbi xidmətə bərpası mümkün olmuşdur. Məhkəmə bu hallara qiymət verməyərək, “Inzibati icraat haqqında” Qanunun 67.1-ci, 67.3-cü və etimad hüququnun qorunması prinsipini özündə ehtiva edən 13-cü maddənin tələblərini pozmuşdur. Belə ki, işdə olan, cavabdeh orqan tərəfindən verilən məktubdan görünür ki, ##.##.2017-ci il tarixli əmr əlverişsiz inzibati aktdır. “Inzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Əgər qanunsuz əlverişsiz inzibati akt sayılmasaydı, inzibati orqan “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən xidmətdən ehtiyata buraxılan iddiaçını yenidən ## #### 2023-cü il tarixli, 013 əç nömrəli əmrlə xidmətə qəbul etməzdi. Bu halı, cavabdeh orqan öz məktubunda və cavabdeh orqanın rəsmi saytında göstərilən hal da təsdiqləyir.
16. Həmçinin iddianın əsassız sayılma səbəblərindən biri kimi iddiaçının ##.##.2017ci il tarixli əmri mübahisələndirməsi üçün iddia müddətini ötürməsi göstərilmişdir. Bu halın göstərilməsi, ümumiyyətlə, ədalət mühakiməsinin obyektiv, qərəzsiz aparılması prinsiplərinə zidd olmaqla yanaşı, Azərbaycan Respublikası IPM-in 13-cü və 15-ci maddələrinin pozulmasıdır. Belə ki, IPM-nin 13-cü maddəsində göstərilir ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bu maddənin məzmunundan da göründüyü kimi, iddia müddətini aşmaqla bağlı qarşı tərəfə xatırlatma etmək məhkəmənin vəzifəsi deyil. Bu əsası yazmaqla məhkəmə gələcəkdə iddiaçının olacaqsa, həmin aktın ləğvinə dair iddiasını da mümkünsüz edir. Belə ki, məhkəmə cavabdeh orqana iddiaçının iddia müddətini ötürməsi ilə bağlı xatırlatma edir.
17. Ümumiyyətlə, iddiaçı ##.##.2017-ci il tarixli əmri mübahisələndirməməkdə haqlıdır. Belə ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi etimad hüququnun qorunması prinsipini özündə əks etdirir. Həmin Qanunun 13.1-ci maddəsində göstərilir ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsində göstərilir ki, bu Qanunun 63cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Bu maddənin tələbindən də aydın olur ki, cavabdeh orqanın 2017-ci il tarixli əmri ləğv etməsi barədə ayrıca bir inzibati akt qəbul etməsə belə, iddiaçının etimad hüququ qorunmalıdır. Belə ki, iddiaçı 2017-ci il tarixdə xidməti uyğunsuzluğa görə xidmətdən ehtiyata buraxılmış, daha sonra 2023-cü il tarixdə cavabdeh orqan tərəfindən yeni bir əmrlə xidmətə qəbul edilmişdir. 2023-cü il tarixli əmrə etimad edərək iddiaçı əvvəlki əmrin ləğv edilib-edilməməsini mübahisələndirməmişdir. Belə ki, xidməti uyğunsuzluğa görə xidmətdən ehtiyata buraxılmış heç bir hərbi qulluqçu həmin uyğunsuzluğa dəlalət edən hallar aradan qaldırılmadan yenidən xidmətə qəbul edilmir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBIQ EDILƏN HÜQUQ
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı Maddə 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. ... Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
20. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ...
21. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. ... Maddə 89. Inzibati orqanların məsuliyyəti 89.1. Inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
22. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə ##.##.2017-ci il tarixdən ##.##.2023-cü il tarixə qədər olan altmış doqquz aylıq dövr üzrə hərbi xidmət müddətinin iddiaçının xidmət illərinə əlavə edilməsi və həmin dövr üçün vurulmuş maddi ziyana görə müvafiq pul kompensasiyasının hesablanaraq (müvafiq əlavələr daxil olmaqla) iddiaçıya ödənilməsi ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə mövqeyi ilə razılaşmışdır.
29. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin “##.##.2017-ci il tarixli əmrin qanunsuz əlverişsiz inzibati akt olması ilə bağlı” dəlilinə münasibətdə, ilk növbədə, qeyd edir ki, həmin əmr qanunsuz əlverişsiz deyil, qanuni əlverişsiz inzibati aktdır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Iddiaçı kassasiya şikayətində ##.##.2017-ci il tarixli əmrin qanunsuz əlverişsiz inzibati akt olmasını qeyd etsə də, iş materialları ilə həmin əmrin inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilməsi müəyyən edilmir.
31. “Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 68.1-ci maddəsinə əsasən, qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki, həmin inzibati akt, yəni ##.##.2017-ci il tarixli əmr qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş və ya başqa səbəbə görə qüvvədən düşməmişdir. Beləliklə də, iddiaçı ##.##.2023-cü il tarixli əmrlə hərbi xidmətə, əvvəlki vəzifəsinə bərpa edilmə qaydasında deyil, bağlaşma əsasında yenidən qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr ##.##.2017-ci il tarixdən ##.##.2023-cü il tarixə qədər olan altmış doqquz aylıq dövr üzrə hərbi xidmət müddətinin iddiaçının xidmət illərinə əlavə edilməsi tələbini rədd etməklə düzgün nəticəyə gəlmişlər.
32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının maddi ziyanın (kompensasiyanın) tutulması tələbi əsas tələbdən (##.##.2017-ci il tarixdən ##.##.2023-cü il tarixə qədər olan altmış doqquz aylıq dövr üzrə hərbi xidmət müddətinin iddiaçının xidmət illərinə əlavə edilməsi) asılı olduğundan, yuxarıda qeyd edildiyi kimi, əsas tələbin isə əsassız olması səbəbindən, təmin edilə bilməz.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.