Məhkəmə qərarları › İş №2-1(102)-3317/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3317/2025

22.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3317/2025 22.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Tibbi Sosial Ekspert Komissiyasının qərarının ləğv edilməsi, müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI

1. İddiaçı ilk dəfə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ##.##.1989cu il tarixdə 1 il müddətinə üçüncü dərəcə, ##.##.2008-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, ##.##.2009-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, ##.##.2010-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, ##.##.2011-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, ##.##.2012-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, ##.##.2013-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, ##.##.2014-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, ##.##.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, ##.##.2016-cı il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və o, 5 il müddətinə ikinci dərəcə əlil kimi pensiya almışdır.

2. Sonradan, İddiaçı əlillik vəziyyəti bir neçə dəfə qiymətləndirilmiş, müxtəlif səbəblərdən əlillik təyinatından imtina edilmişdir. Sonuncu dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə “xxxx” X1 ##.##.2022-ci il tarixli H********KAT nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti ##.##.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir.

3. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz– S98.2– Ayağın iki və daha artıq barmağının travmatik amputasiyası. Sol ayağın İ, II, III barmaqlarının, ayaq daraq sümüklərinin açıq, yerini dəyişmiş qəlpəli sınığı (##.##.1998); Diaqnoz qeydi: S90.3-Sol ayaq pəncəsinin yumşaq toxumalarının əzniyi. Diaqnoz qeydi: S52.6: Sol said sümüklərinin aşağı 1/3-nin qapalı yerini dəyişmiş sınığı. Yaraların birincili cərrahi işlənməsi (##.##.1998). Yumşaq toxumaların nekroektomu. Ağırlaşma– M25.6– Oynağın başqa rubrikalarda təsnif olunmayan çətin hərəkətliyi. Sol ayağın IV-V barmaqlarının tam hərəkət məhdudluğu; Ağırlaşma- M24.5– Oynaqların kontrakturası. Sol aşıq baldır oynaqlarının açıcıbükücü kontrakturası; Ağırlaşma- R52.2– Digər daimi ağrı, sol ayağın İ, II, III barmaqlarının amputasion güdüllərində, sol aşıq-baldır oynağında daimi ağrı sindromu, Ağırlaşma- R26.2– Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, Hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması; Ağırlaşma- Z73.6- Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması; Ağırlaşma- Z96.6- digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, appendektomiya əməliyyatından sonrakı vəziyyət.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində birinci icraat

4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X6-sosial ekspert komissiyasının ##.##.2022-ci il tarixli, *********** nömrəli qərarının ləğv edilməsi və ona ##.##.2016-cı il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1968-ci ildə anadan olmuşdur. 1986-cı ildən başlayaraq 2006-cı ilədək 17 il ərzində III qrup müddətsiz hərbi əlillik almışdır. 2006-cı ildə şikayəti əsasında əlillik dərəcəsi dəyişdirilərək ona II qrup əlillik təyin edilmişdir. 2006-cı ildən 2021-ci ilin may ayınadək o, II qrup əlillik pensiyası almışdır. Lakin 2021-ci ilin may ayında əlilliyini ləğv etmişlər. Indiyədək üç dəfə Dövlət Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etsə də və hər dəfə də canlı (onlayn) müayinədən keçsə də, ##.##.2022-ci ildə onun barəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi” və “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir ki, o, da bunu cavabdehin qanunsuz və əsassız hərəkətləri hesab edir. Belə ki, müayinə və müalicə dövründə həkimlər əsas diaqnoz kimi “Ayağın iki və daha artıq barmağının travmatik amputasiyası, sol ayağın 1/3 barmaqlarının, ayaq daraq sümüklərinin açıq, yerini dəyişmiş, qəlpəli sınığı. Sol ayağın III, IV, V barmaqlarının qapalı yerini dəyişmiş sınığı (##.##.1988). Sol ayaq pəncəsinin yumşaq toxumalarınin əziyi. Sol said sümüklərinin aşağı 1/3-nin qapalı yerini dəyişmiş sınığı. Yaraların birincili cərrahi işlənməsi (##.##.1988)” göstərmişdir. Bu diaqnoz ilə ona 1986-cı ildən əlillik təyin edilmiş və həmin vaxtdan da indiyədək əlillik pensiyası almışdır.

6. Gəncə Inzibati Məhkəməsinin (hakim: F.C.Hüseynov) ## #### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X6-sosial ekspert komissiyasının ##.##.2022-ci il tarixli, *********** nömrəli qərarı İddiaçı aid hissədə ləğv edilmiş, ona ##.##.2016-cı il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

7. Həmin qərardan cavabdeh apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmamasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

8. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.Isgəndərova) ## ###### 2024-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Gəncə Inzibati Məhkəməsinə göndərilmişdir.

c) birinci instansiya məhkəməsində ikinci icraat

9. Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ## ###### 2022-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

10. Iddiaçı ##.##.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “##.##.2022-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

11. Gəncə Inzibati Məhkəməsinin (hakim: G.T.Əliyeva) ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsinin əsaslandırması: 12.1. Iddiaçının xəstəlikləri onun əlilliyinin qiymətləndirildiyi zaman qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş hər hansı bəndə uyğun gəlmədiyi üçün cavabdeh orqanın ona əlillik təyin etməkdən imtina barədə qərarı (hərəkətləri) qanuni olmuşdur. Belə ki, iddiaçının əsas xəstəliyi olan S98.2 – Ayağın iki və daha artıq barmağının travmatik amputasiyası. Sol ayağın İ, II, III barmaqlarının əsas falanqadan posttravmatik amputasiyasından sonrakı vəziyyət (əsas diaqnozu) Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin 13.4-cü bəndində təsbit olunsa da, həmin xəstəliyin ağırlaşma hallarına yalnız ayağın bud və baldır hissədən amputasiyası və protezləşmə, güdülün amputasiyası, pəncənin amputasiyası və güdülü, bud-çanaq oynaqlarının hərəkət məhdudluğu və ankilozu, budun displaziyası, ayağın qısalması, büd sümüyünün psevdoartrozu və diz oynağının ankilozu halları aid edilmişdir və yalnız həmin ağırlaşma hallarının mövcudluğu şəxsə əlillik təyinatına əsas verir. Iddiaçının göndərişində onun xəstəliyinin ağırlaşması kimi qeyd edilən xəstəliklər isə nəinki həmin bəndin (S.98 XBT kodunun əks olunduğu 13.4-cü bənd) alt yarımbəndlərində, ümumiyyətlə yuxarıda adıçəkilən Meyarlara Əlavədə öz əksini tapmamışdır. Iddiaçıda yalnız sol aşağı ətrafda l-II-Ill barmaqların amputasiyasından sonrakı güdülü mövcuddur ki, həmin xəstəlik səbəbindən iddiaçıda hərəkət məhdudluğunun və s. bu kimi halların olması iş materiallarında olan tibbi sənədlərdə öz təsdiqini tapmamışdır. 12.2. Məhkəmə tərəfindən əldə edilmiş sənədlərlə iddiaçıya hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ardıcıl və fasiləsiz olaraq 10 il müddətinə (##.##.2008-ci il tarixdən etibarən ##.##.2021-ci il tarixədək) ikinci dərəcə əlillik təyin edilməsinin müəyyən olunmasına baxmayaraq, təkcə həmin hal iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin edilməsinin əsası kimi çıxış edə bilməz. Həmin halla yanaşı, iddiaçının həmin əlilliklərin təyininə əsas olmuş xəstəliklərinin hazırda da onun səhhətində mövcud olması və əlilliyin təyininə əsas verən həcmdə olması tələb olunur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə araşdırması ilə ikinci şərtin ödənilməsi öz təsdiqini tapmamışdır.

13. Iddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

14. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: R.Z.Mamedov /sədrlik edən və məruzəçi/, A.V.Isgəndərova və A.V.Bayramov) ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Cavabdehn İddiaçı barəsində ##.##.2022-ci il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı ləğv edilmiş, İddiaçı ##.##.2022-ci il tarixdən 40 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

15. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya ilk dəfə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ##.##.1989-cu il tarixdə 1 il müddətinə üçüncü dərəcə, ##.##.2008-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, ##.##.2009-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, ##.##.2010-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, ##.##.2011-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, ##.##.2012-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, ##.##.2013-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, ##.##.2014-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, ##.##.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, ##.##.2016-cı il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və o, ümumilikdə 14 il əlil statusunda olmuşdur. Iddiaçıya sonuncu dəfə ##.##.2016-cı il tarixdə 5 il müddətinə əlillik təyin edilərkən “X5: XIX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri = S90-S99– Aşıq-baldır oynağı və ayaq nahiyələrinin travmaları = S98- Aşıq-baldır oynağı və ayaq səviyyə.; Diaqnozun mətni: Sol pəncənin İ-II III barmağın dırnaq falanqasından travmatik amputasiyası 4-cü, 5-ci barmaqların açıq sınığından sonrakı kəskin hərəkət məhdudluğu. Said sümüklərin qapalı sınığından sonrakı vəziyyət. Ü.İ.X gərginlik stenokardiyası II-fs bronxial astma qarışıq forma TÇ II-dərəcə.” kimi təsbit edilmişdir. Göründüyü kimi, iddiaçıya əvvəllər də əlilliyin təyin edilməsinə əsas olmuş diaqnozlar ümumilikdə eyni olmuş, həmçinin ##.##.2022-ci il tarixli məlumat qrafikində xəstəliyin başlanma tarixi kimi ##.##.1989-cu il tarix, xəstəliyin gedişi xroniki və ağırlıq dərəcəsi: ağır qeyd edilmişdir. Bu isə həmin travmatik pozuntuların uzunmüddətli və dəyişməz xarakter daşıdığını, xəstənin funksional imkanlarının bərpa olunmaması səbəbindən vəziyyətinin qüsurluluqla müşayiət olunduğunu göstərir. Beləliklə də, iddiaçının əlilliyi iş materialları ilə öz təsdiqini tapdığından və həmin diaqnoz 40 faiz, müddətsiz əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan, cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur.

16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra– altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra– Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra– göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

22. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: Həmin əlavənin 13.4.– Aşıq-baldır oynağı və ayaq səviyyəsində travmatik amputasiya– X5 S98 kodu ilə müəyyən edilmişdir. Həmin əlavənin 13.4.22.– pəncənin Lisfrank oynağı səviyyəsində amputasiyası və ya Şarp üsulu ilə ayaq daraq sümüklərinin amputasiyası, pəncənin birtərəfli qüsurlu vəziyyəti ilə 40 faiz olmaqla müddətsiz müəyyən edilmişdir.

23. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

24. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından ##.##.2022-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

34. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

35. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

36. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

37. Bu mənada, kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

38. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar