Məhkəmə qərarları › İş №2-1(102)-3320/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3320/2025

02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3320/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əlilliyin müəyyən edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları

1. Iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh orqanın ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən iddiaçıya orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Gəncə Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı (hakim R.Tağıyeva) ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin X1 əlilliyin təyin edilməsindən imtina barədə ##.##.2024-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçı X1 ##.##.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir.

3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər R.Mamedov – məruzəçi, İ.Həsənov və A.Isgəndərova) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ##.##.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür ki, iddiaçıya TSEK-ə göndəriş zamanı qoyulan diaqnoz: Əsas diaqnoz F62, Baş beyin zədələnməsi və ya xəstəliyi ilə əlaqədar olmayan, Baş beyin zədələnməsi və ya xəstəliyi ilə əlaqədar olmayan şəxsiyyətin davamlı dəyişiklikləri; Ağırlaşma F62.0, Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət ( II Qarabağ müharibəsi) keçirdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət pozuntusu kimi müəyyən edilmişdir. Həmin Forma-88 haqqında məlumat qrafikində iddiaçının həkim müayinəsinin nəticəsi olaraq qeyd edilmişdir: “F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, danışıq əlaqəsinə əsəbi qoşulur, verilən suallara acıqlı cavablar verir. Söhbət zamanı daha da qəzəblənir, səbəbsiz mübahisə edir. Emosional dayanıqsızıdır. Ətrafdakılarla yola getmir, daima münaqişələr, konfliktlər yaradır. Hövsələsiz, aqressivdir. Əhval ruhiyyə fonu enikdir, ruh düşkünlüyü müşahidə edilir. Həyatdan bezdiyini, yaşamaq istəmədiyini deyir. Depressivdir. Meyl və maraq dairəsi sıxılıb, ətrafda baş verənlərlə maraqlanmır, ailəsinə qarşı laqeyd, biganədir. Diqqəti öz daxili həyəcanlarına yönəlib. Özünə qapanıqdır, günlərlə çarpayıdan durmur, bəzən öz özünə danışır. Yaddaşı zəifləyib, yeni məlumatları yadında saxlamaqda çətinlik çəkir. Yuxusu pozulub, gecələr yatmır” (müayinə tarixi ##.##.2024). Bundan əlavə, “Respublika Psixiatrik Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının ##.##.2023-cü il tarixli **** nömrəli rəyində X1 diaqnozu “Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı, kəskin şəxsiyyət dəyişikliyi. Üzvi patologiyanı təsdiq etmək məqsədilə ətraflı müayinə tövsiyyə olunur. F62.0” kimi qeyd olunmuşdur. Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 7.7.1-ci bəndinə əsasən xəstəliyin xüsusiyyəti kimi “fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” XBT-10 kodu “F62.0” kimi təsbit olunmuş və həmin Əlavənin 7.7.1-ci bəndinin 7.7.1.2. yarımbəndinə əsasən “bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması” ilə orqanizminin funksiyalarının pozulması faizi 65-80 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətə təyin olunmalı olduğu göstərilmişdir. Həmçinin ##.##.2024-cü il tarixli **** nömrəli Xəstəlik haqqında şəhadətnaməyə əsasən X1 qoyulmuş diaqnozun səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən olunmuşdur.

6. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.

11. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapırsa və həmin diaqnoz şəxsə müvafiq əlillik dərəcəsinin təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundursa, cavabdeh inzibati orqan tərəfindən müvafiq əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olacaq və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmayacaqdır. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir.

12. Həmçinin qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh, eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Bundan əlavə, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *- *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları).

13. Göründüyü kimi, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

14. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

15. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən edilmir.

16. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar