Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3323/2025 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatının əsasları; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakim Məmmədov Xəqani Səyyad oğlunun məruzəsi ilə, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Üçüncü şəxs) qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və planölçünün verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2003-cü il tarixli, *** saylı Sərəncamı ilə İddiaçı ərizəsi əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinə gedən yolun sağ kənarında yerləşən 1.38 ha torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2003-cü il tarixli, *** saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində gedən yolun sağ kənarında qabaqcadan abadlaşdırılıb istifadə etdiyi əlavə cizgi əsasında 1.38 ha torpaq sahəsi üzərində iddiaçı İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu ərazisində olan Badamdar qəsəbəsinə gedən yolun sağ kənarında qabaqcadan abadlaşdırılıb istifadə etdiyi 1.38 ha torpaq sahəsi iddiaçı tərəfindən uzun müddətdir ki, istifadə olunur. İstifadə müddətində müvafiq əmlakla bağlı tələb olunan bütün dövlət rüsumlarını və kommunal xərcləri ödəmişdir. Ona məxsus 1,38 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin sonuncu sənədlərdə çatışmazlıq olduğunu bildirərək sənədləri qəbul etməkdən imtina etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2023-cü il ## ###### tarixli, *-*(***)-*****/**** saylı qərardadı ilə Bakı şəhəri Səbail Bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpaqları olmaqla bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinadlar, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin ##.##.1997ci il tarixli, *** nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmişdir. Bundan əlavə, Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2003-cü il tarixli, *** saylı sərəncamı ilə torpaq sahəsi qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq ayrılmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən, xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək bələdiyyələr tərəfindən müəyyən edilir. İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, faktiki göstərilən 13800 kv.m. torpaq sahəsinin 11880 kv.m. hissəsi hər tərəfdən mişar daşla sərhədlənmiş, qalan 1920 kv.m. hissəsi isə hasardan kənar yerləşir. Həmçinin torpaq sahəsi iki tərəfdən yeni çəkilmiş daş hasarla hasarlanmış, digər tərəfi şərti göstərilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş və ## #### 2014-cü il tarixədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı Qaydaları”na əsasən, rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən, dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarixli, *** nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur.
6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin ##.##.2024-cü il tarixli, *-**-*/*-***/**** saylı cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, yolun sağ kənar hissəsində yerləşən 1.38 ha torpaq sahəsinin İddiaçı adına ayrılmamışdan əvvəl həmin torpaq sahəsinin ayrılması ilə bağlı rəyin alınması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilib-edilməməsi, edilmişdirsə, bununla bağlı rəyin verilib-verilməməsinə dair məlumatın müvafiq təsdiqedici sənədlərlə birlikdə verilməsi barədə məhkəmənin ##.##.2023-cü il tarixli, *- *(***)-*****/**** nömrəli müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir.
7. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin ##.##.2024-cü il tarixli, ************ saylı məktubu ilə təqdim edilmiş ##.##.2024-cü il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunmuşdur ki, Bakı şəhəri Səbail rayonunda yerləşən torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə və faktiki olaraq 13800,0 kv.m. təşkil edir. Göstərilən faktiki 13800,0 kv.m. t/s-i relyefi hündür ərazidə yerləşməklə sahənin 11880.0 kv.m. hissəsi hər tərəfdən mişar daş hasarla sərhədlənib, digər 1920,0 kv. metr hissə isə hasar çölündən iki tərəfi yeni çəkilmiş daş hasarla digər tərəfi şərti olaraq göstərilir. Torpaq sahəsi üzərində bir mərtəbəli zirzəmili yaşayış evi və həyət tikilisi vardır. Torpaq sahəsinin şimal-şərq tərəfi üzərindən 6 KV-luq elektrik hava xətti keçir. Yerləşmə cizgisində perimetrik ölçüləri qeyd olunmamışdır.
8. İddiaçı tərəfindən təqdim olunan “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2003-cü il tarixli, *** saylı Sərəncamına əsasən alqı-satqı qaydasında İddiaçı satılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinə gedən yolun sağ kənarında yerləşən faktiki istifadədə olan torpaq sahəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş fərdi yaşayış evləri və torpaq sahələri yoxdur. Faktiki istifadədə olan torpaq sahəsi Səbail Bələdiyyəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin sxemi və yerləşmə planı ilə üst-üstə düşür. Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2003-cü il tarixli, *** saylı Sərəncamına əsasən alqı-satqı qaydasında İddiaçı satılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinə gedən yolun sağ kənarında yerləşən faktiki istifadədə olan torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsi zonasında yerləşmir.
9. “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli, **-**/*-*/**-*-E-****-*/**** saylı arayışında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ilin ## ### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair” Tələblərin 2.* saylı bəndinə əsasən ona məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinə gedən yolun sağ kənarında yerləşən 1.38 ha torpaq sahəsi “xxxx” ASC-yə məxsus elektrik şəbəkəsinin mühafizə zonasında yerləşmir.
10. Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2024-cü il tarixli, **-***-***-** saylı məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2003-cü il tarixli *** saylı sərəncamı ilə Badamdar qəsəbəsinə gedən yolun sağ kənarında yerləşən 1.38 ha torpaq sahəsi Bakı şəhəri Səbail bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində yerləşməklə İddiaçı istifadəsinə verilmiş, bu barədə Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2003-cü il tarixli, *** saylı iclas protokolu da mövcuddur. Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2003-cü il tarixli *** saylı sərəncamı üçün əsas olmuş sənədlər üzrə qeydiyyata alınmışdır.
11. Cavabdehin ##.##.2024-cü il tarixli, ************ saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, göstərilən faktiki 13800.0 kv. m. torpaq sahəsi relyefi hündür ərazidə yerləşməklə sahənin 11880.0 kv.m hissəsi hər tərəfdən mişar daş hasarla sərhədlənib. Digər 1920.0 kv.m hissə isə hasar çölündən iki tərəfi yeni çəkilmiş, faktiki bir hissəsi uçurulmuş daş hasar qalıqları ilə, digər tərəfi şərti olaraq göstərilir. Torpaq sahəsi üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Sahəyə dair sənədlər təqdim edilməyib. Sahənin sərhədindən 0.3-2.5 metr aralı məsafəsindən bir hissəsi sonradan yeraltı kabel olan (yeraltı olduğundan istiqamətini təyin etmək mümkün olmamışdır) 6 kVt-lıq elektrik hava xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Sahəyə digər fiziki şəxsin müraciəti barədə məlumat yoxdur. Torpaq sahəsinin cənub- qərb hasarboyu hissədən (diametri 108.0 mm-lik,25.0 mm-lik) orta təzyiqli açıq qaz xətti keçir. Qeyd olunan qaz xəttinin mühafizəsi barədə məlumat yoxdur.
12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin *-**-**/*-**/**** saylı ##.##.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspert aşağıda qeyd olunan nəticəyə gəlmişdir: - Azərbaycan Respublikasını Torpaq Məcəlləsini, “Bələdiyyənin statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, 19-cu maddəsinin 4-cü bəndini, 33-cü maddəsinin 3-cü bəndini, “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq tələblərini Bakı şəhəri Üçüncü şəxs tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisini, nəzərə alaraq, iddiaçı İddiaçı faktiki istifadəsində olan 13800 kv. metr torpaq sahəsinin Bakı şəhər Səbail Bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinə gedən yolun sağ kənarında yerləşən və hazırda iddiaçının istifadəsində olan torpaq sahəsinin faktiki ölçüsü 13800,0 kv. metr olmaqla, 11880,0 kv.metr hissəsi hər tərəfdən mişar daşı hasarla sərhədlənib, digər 1920,0 kv. metr hissə isə hasar çölündən iki tərəfi yeni çəkilmiş daş hasarla əhatəyə alınmışdır. Torpaq sahəsinin faktiki olaraq digər torpaq sahələri ilə üstüstə düşmədiyi müəyyən edilmişdir. - Təqdim olunan torpaq sahəsinin baxış zamanı əldə olunan texniki parametrləri ilə Bakı şəhəri, Səbail bələdiyyəsi tərəfindən tərtib olunmuş cizginin göstəriciləri müqayisə edilərkən, həmin torpaq sahəsinin cizgiyə uyğun olaraq 13800 kv. metr torpaq sahəsi olduğu müəyyən edilmişdir. - Əvvəllər ərazidən keçən yüksək gərginlikli elektrik xəttinin sökülərək yerinin dəyişdirilməsini nəzərə alaraq, iddiaçının istifadəsində olan torpaq sahəsinin “Elektrik qurğularının quraşdırılması Qaydası” və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2005-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən elektrik qurğularının mühafizə zonasına düşmədiyi müəyyənləşdirilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2003-cü il tarixli *** saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinə gedən yolun sağ kənarında (ünvanda) İddiaçı ayrılmış 1,38 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ həmin torpaq sahəsinin ayrılması (icarəyə, istifadəyə, mülkiyyətə) barədə hüquq müəyyənedici sənəd əsasında yaranır. Hüquq müəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Bələdiyyə qərarından da göründüyü ki, torpaq sahəsi iddiaçıya bələdiyyə tərəfindən müvafiq qərar əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmiş torpaq sahəsi ilə bağlı zəruri parametrlər ölçüsü göstərilmişdir. ... Torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə Bakı şəhəri Səbail Bələdiyyəsinin müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin qərar “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. ... Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin bələdiyyə orqanı tərəfindən rəy alınmadan ayrılması iddiaçının etimad hüququnun mövcudluğuna xələl gətirə bilməz, bu səbəbdəndir ki, qüvvədə olan inzibati akt əsasında hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün də əsas ola bilməz. İddiaçı da torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmamasını müəyyən edən konkret sübut məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunmalıdır ki, torpaq sahəsinin ayrıldığı zaman bələdiyyənin hüdudları daxilində yerləşməsi müvafiq ekspert rəyi ilə təsdiq edilmişdir. ... Oxşar işlər üzrə məhkəmə təcrübəsində Bakı şəhəri üzrə Bələdiyyə xəritələrinin təsdiqi prosesi səlahiyyəti orqan tərəfindən başa çatdırılmadığına istinad olunur. Məhkəmə hesab etmişdir ki, nə qədər ki bələdiyyə xəritələrinin təsdiqi prosesi başa çatdırılmadığına istinad edilir, ümumiyyətlə hazırkı torpaq sahəsinin bələdiyyə hüdudlarından kənarda olmasına dair konkret hala da istinad edilməsi yolverilməz hesab edilməlidir. Çünki iş materiallarından da göründüyü kimi, Səbail Bələdiyyəsinə Bakı şəhər İcra Hakimiyyətinin ##.##.2000-ci il tarixli sərəncamı ilə torpaq sahələri ayrılmışdır və mübahisəli torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması müvafiq ekspert rəyi ilə təsdiq olunur ki, həmin ekspert rəyində göstərilən halları təkzib edən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmamasını isə təsdiq edən dəlillər təqdim olunmamışdır. Göstərilən bütün halları nəzərə alınmaqla torpaq sahəsinin bələdiyyə mülkiyyətində hesab edilməlidir. Cavabdehin digər dəlilinə (torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir) gəldikdə isə məhkəmə qeyd etmişdir ki, göstərilən halın məhkəmə araşdırması dövründə aradan qaldırılması həm “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli, № **-**/*-*/**-*-E-****-*/**** saylı arayışı, həm də iş üzrə verilmiş ekspert rəyi ilə təsdiq olunmuşdur. Bakı şəhəri Səbail Bələdiyyəsinin *** saylı, ##.##.2003-cü il tarixli sərəncamı ilə torpaq sahəsinin qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq ayrılmasına gəldikdə isə məhkəmə qeyd etmişdir ki, bələdiyyə tərəfindən həmin torpaq sahəsi iddiaçıya ayrılmamışdan əvvəl qeyd olunan məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış müraciətinə cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bələdiyyəyə ünvanlanmış ## ###### 2004-cü il tarixli məktubda İddiaçı Səbail rayonu, Badamdar qəsəbəsinə gedən yolun sağ kənarında 1,38 ha torpaq sahəsinin ayrılması barədə qaldırdıqları məsələnin qanun çərçivəsində həll edilməsinə etiraz etmədikləri bildirilmişdir. Bu baxımdan iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
15. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər N.Nəbizadə /sədrlik edən və məruzəçi/, M.Tağızadə və K.Əkbərov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətinin dəlillərinə görə, torpaq sahəsinə dair yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə texniki baxış zamanı məlum olmuşdur ki, faktiki göstərilən 13800 kv.m torpaq sahəsinin 11880 kv.m hissəsi hər tərəfdən mişar daşla sərhədlənmiş, qalan 1920 kv.m hissəsi isə hasardan kənar yerləşir. Həmçinin torpaq sahəsi iki tərəfdən yeni çəkilmiş daş hasarla hasarlanmış, digər tərəfi şərti göstərilmişdir.
20. İddiaçı tərəfindən göstərilən torpaq sahəsi dövlət mülkiyyətidir. Elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Belə ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 9-cu abzasına əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.
21. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir.
22. Bakı Apellyasiya Məhkəməsi tərəfindən torpaq sahəsinin dəqiq yerləşməsi müəyyən edilməmiş və torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı tam araşdırma aparılmamışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. ...
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
26. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12 və 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
29. Hazırkı işin hallarından görünür ki, iddiaçının iddia tələbini irəli sürməkdə çatmaq istədiyi hüquqi nəticə Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2003-cü il tarixli, *** saylı Sərəncamı əsasında ona ayrılmış 1.38 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması və plan-ölçü sənədinin verilməsinə nail olmaqdan ibarətdir.
30. İş üzrə cavabdeh qurumun imtinasının dəlilləri ondan ibarət olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpaqları olmaqla bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsi zonasında yerləşir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinadlar, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin ##.##.1997ci il tarixli, *** nömrəli Fərmanın həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmişdir. Bundan əlavə, Bakı şəhəri Səbail Bələdiyyəsinin *** saylı, ##.##.2003-cü il tarixli sərəncamı ilə torpaq sahəsi qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq ayrılmışdır.
31. İş üzrə aşağı instansiya məhkəmələri iddia tələbini əsaslı hesab edərək təmin etmiş, Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2003-cü il tarixli *** saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinə gedən yolun sağ kənarında (ünvanda) iddiaçıya ayrılmış 1,38 ha torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və planölçünün verilməsi öhdəliyini cavabdehə həvalə etmişdir.
32. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini əsaslı hesab edərək təmin edərkən işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
33. Belə ki, ilkin olaraq müəyyən olunur ki, torpaqayırma sənədinin özü və yerləşmə cizgisi yalnız kserosurət formasında iş materiallarına əlavə edilmişdir. Məhkəməyə təqdim olunmuş həmin sənədlərin notarial qaydada təsdiqi də fotosurətin düzgünlüyünün təsdiqi olmuşdur. Bundan başqa, Səbail Bələdiyyəsi əvvəlcə ##.##.2024cü il tarixli məktubunda Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2003-cü il tarixli *** saylı sərəncamın və ona əsas olan sənədlərin bələdiyyənin arxiv bazasında aşkar edilmədiyini bildirmişdir. Daha sonra isə Səbail Bələdiyyəsi ##.##.2024-cü il tarixli, **-***-***-** saylı məktubunda qeyd etmişdir ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2003-cü il tarixli *** saylı sərəncamı ilə Badamdar qəsəbəsinə gedən yolun sağ kənarında yerləşən 1.38 ha torpaq sahəsi Bakı şəhəri Səbail bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində yerləşməklə İddiaçı istifadəsinə verilmiş, bu barədə Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2003-cü il tarixli, *** saylı iclas protokolu da mövcuddur. Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2003-cü il tarixli *** saylı sərəncamı üçün əsas olmuş sənədlər üzrə qeydiyyata alınmışdır. Bununla belə, sonuncu məktuba istinad olunan sənəd - Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2003-cü il tarixli, *** saylı iclas protokolu əlavə edilməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ## ###### 2024cü il tarixli məktubunda Səbail Bələdiyyəsinin ##.##.2003-cü il tarixli *** saylı sərəncamının dövlət arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Odur ki, təkrar apelyasiya baxışında ilk növbədə, iddiaçının istinad etdiyi torpaqayırma sənədinin özünün və yerləşmə cizgisinin mövcudluğu və mötəbərliyi ilə bağlı məsələ müvafiq qaydada araşdırılmaqla qiymətləndirilməlidir.
34. Bundan əlavə, yerləşmə cizgisində torpaq sahəsinin koordinatlarını və sərhədlərini müəyyən etməyə imkan verən istinad nöqtələrinin mövcud olmaması ilə bağlı dəlillər də lazımi qaydada araşdırılmamışdır. Bununla əlaqədar ekspert rəyində də dəqiq məlumat göstərilməmişdir. Halbuki, bu hal ayrılmış torpaq sahəsinin faktiki yerləşdiyi ərazinin dəqiq müəyyən edilməsinə, həmin sahənin hansı inzibati vahidə aid olmasının müəyyənləşdirilməsinə və ekspert rəyinin düzgünlüyünün qiymətləndirilməsinə birbaşa təsir göstərən mühüm haldır.
35. İş üzrə normadan artıq torpaq sahəsinin ayrılması ilə bağlı məsələ də tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, əvvəlcə mübahisəli torpaq sahəsinin iddiaçıya hansı məqsədlə ayrıldığı müəyyən edilməli idi. Lakin torpaq sahəsinin ayrılması barədə qərarda ayrılmanın məqsədi göstərilməmiş, məhkəmələr isə torpaq sahəsinin hansı məqsədlə ayrıldığını, həmin məqsəd üzrə qüvvədə olan norma həddinin nə qədər təşkil etdiyini, ayrılmış sahənin həmin normaya uyğun olub-olmadığını aydınlaşdırmamışdır.
36. Ekspert rəyində mübahisəli sahənin bələdiyyə ərazisinin hüdudları daxilində yerləşdiyi göstərilsə də, ekspert həmin nəticəyə torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsinə dair sənədləri (iş v. 123-125, 134-135) araşdırmaqla gəlməmişdir. Halbuki, sahənin cavabdehin bildirdiyi kimi dövlət mülkiyyəti torpaqlarından deyil, bələdiyyə mülkiyyəti torpaqlarından ayrıldığı ilə bağlı mötəbər nəticəyə gəlinməsi məhz sözügedən sənədlərin də tədqiq olunmasından sonra mümkün ola bilərdi.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.