Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3329/2025 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Qərarın müvafiq səlahiyyəti olmayan şəxs tərəfindən qəbul edilməsinin hüquqi nəticələri. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI
1. Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsi tərəfindən İddiaçı göndərilmiş vergi borcunun ödənilməsinə dair ## ##### 2024-cü il tarixli, *********** nömrəli bildirişdən görünür ki, İddiaçı ## ##### 2024-cü il tarixinə ümumilikdə 8933,23 manat borcunun olduğu göstərilmiş və göstərilən borcun 5 gün müddətində ödənilməsi tələb olunmuşdur.
2. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ## ##### 2024-cü il tarixli, **************** nömrəli qərardan görünür ki, İddiaçı 9940,46 manat məbləğində gəlir vergisi hesablanmışdır.
3. Vergi ödəyicisinin fəaliyyət növü barədə ## #### 2024-cü il tarixli, **************** nömrəli arayışdan görünür ki, İddiaçı ##.##.2007-ci il tarixdən ********* saylı VÖEN-lə Naxçıvan MR-in Iqtisadiyyat Naziliyinin yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsində qeydiyyatdan keçmiş və “4719201- Qızılın pərakəndə satışı” fəaliyyət növü ilə məşğul olur.
4. “X1” MMC tərəfindən verilmiş ## ### 2024-cü il tarixli, ** nömrəli arayışdan məlum olur ki, İddiaçı (VÖEN **********) ##.##.2023-cü il tarixindən ##.##.2024-cü il tarixinədək 200362,62 AZN dəyərində “X1” MMC-dən mal alışı etmişdir.
5. Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə ## ##### 2024-cü il tarixli, **************** nömrəli qərardan görünür ki, İddiaçı tərəfindən 2023-cü il Gəlir vergisi hesabat(lar) və arayış(lar) əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 40,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
6. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə ## ##### 2024-cü il tarixli, **************** nömrəli qərardan aydın olur ki, Vergi ödəyicisi İddiaçı (0300196252) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
7. ## ##### 2023-cü il tarixli, MNAX** nömrəli satıcı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun şəxsində X2 ilə alıcı İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən satıcı alıcıya əvvəlcədən razılaşdırılmış şəkildə pərakəndə satış həyata keçirməsi üçün müxtəlif çeşiddə ərzaq və qeyri-ərzaq məhsulları (bundan sonra “mal” adlandırılacaq) satır, alıcı isə həmin malı alır və özünə məxsus ticarət obyektində müvafiq düzülüşlə rəflərdə yerləşdirərək satışını həyata keçirir.
8. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, **** nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş ## ##### 2023-cü il tarixli, MNAX** nömrəli alqı-satqı müqaviləsinin sonunda “ALICI” qrafasında “IMZA:” sözü önündəki imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Naxçıvan MR Inzibati Məhkəməsinə müraciət edərək, Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Iqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin ## ##### 2024-cü il tarixli, **************** nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir.
10. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, sahibkardır və sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Fəaliyyəti dövründə indiyə qədər heç bir hüquq pozuntusuna yol verməmişdir. Bütün fəaliyyəti dövründə qanunun tələblərinə cavab verəcək şəkildə öz fəaliyyətini davam etdirmiş və vergi borclarını da davamlı olaraq vaxtlı-vaxtında ödəmişdir. ## ##### 2024-cü il tarixdə Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Iqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin vergilərin, sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **************** nömrəli qərarında 9940,46 (doqquz min doqquz yüz qırx manat qırx altı qəpik) manat borcu olduğu bildirilib. Qeyd olunan mədaxil edilən mallar “X1” MMC-dən alınmışdır. Həmin mallar satış müəssisəsi tərəfindən vergiyə cəlb olunmuş və müvafiq vergilər ödənilmişdir. Təkrarən həmin mallara vergilərin tutulmasını qanun nəzərdə tutmur. Odur ki, məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur.
11. Cavabdehin iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı öz ərizəsində mədaxil olunan malların “X1” MMC-dən (VÖEN **********) alındığını, malların həmin müəssisə tərəfindən vergiyə cəlb olunaraq, müvafiq vergilərin ödənildiyini, həmin mallara təkrar vergilərin hesablanmasının qanunda nəzərdə tutmadığını qeyd etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi mühasibat uçotu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini Vergi Məcəlləsini 67-ci maddəsinə əsasən əlaqəli məlumatlara, analoji vergi ödəyicisinin məlumatlarına, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # #### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq hesablamaq hüququ vardır. Belə ki, vergi orqanı tərəfindən aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, vergi ödəyicisi İddiaçı (VÖEN **********) 2023-cü il ərzində ümumilikdə 218511,42 manat məbləğində elektron qaimə-faktura ilə “X1” MMC-dən müxtəlif növ ərzaq məhsulları (malları) əldə etmiş, lakin həmin malların təqdim edilməsi (satışı) barədə vergi orqanının uçot-baza sistemində məlumat daxil olmamışdır. Əlavə olaraq bildirilir ki, həmin malların saxlanılması üçün vergi ödəyicisinin vergi orqanında təsərrüfat subyekti (obyekti) qeydiyyatda olmadığı aşkar edilmişdir. Aşkar edilmiş uyğunsuzluqlarla bağlı kameral vergi yoxlaması aparmaq üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi barədə vergi ödəyicisi İddiaçı ##.##.2024-cü il tarixli, **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub ünvanlanmış, buna baxmayaraq vergi ödəyicisi tərəfindən vergi orqanına hər hansı məlumat verilməmiş və ya müvafiq bəyannamə təqdim edilməmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # #### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının 6-cı maddəsinə əsasən, şərti rentabellik norması 20 faiz olmaqla vergi ödəyicisi İddiaçı elektron qaimə-faktura ilə əldə etdiyi malın üzərinə əlavə olunaraq, ##.##.2024-cü il tarixdə analoji hesablama aparılmaqla, 9080,46 manat kameral qaydada vergi hesablanmış və müvafiq qərar vergi ödəyicisinin onlayn kargüzarlığına göndərilmişdir.
12. Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ## #### 2024-cü il tarixli, **************** nömrəli məktubla İddiaçı tərəfindən ##.##.2020-##.##.2024-cü illər ərzində elektron qaimə-faktura ilə əldə edilən ərzaq malları barədə məlumat məhkəməyə göndərilmişdir.
13. Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş ## ######## 2024-cü il tarixli, **************** nömrəli məktubda göstərilmişdir ki, vergi ödəyicisi mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq əlaqəli məlumatlar, analoji vergi ödəyicisinin məlumatları, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # #### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq hesablaya bilər. İddiaçı 2023-cü il üzrə gəlir vergisi bəyannaməsini təqdim etməmişdir. Eyni zamanda, 2023-cü ildə “X1” MMC şirkətindən elektron qaimə-faktura ilə əldə etdiyi ərzaq mallarının satışını elektron qaimə-faktura və ya nəzarət kassa aparatı vasitəsilə deyil, sənədsiz qaydada həyata keçirdiyindən, malların hansı təsərrüfat subyektindən (obyektdən) satdığını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # #### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq ona vergi hesablanmışdır. Vergi ödəyicisinin vergi orqanlarında qeydiyyatda olan obyektləri barədə məlumatlar və 2024-cü ilin yanvar ayından aprel ayınadək vergi orqanları tərəfindən ödəyici barədə verilən qərar və bəyannamə məktuba əlavə olunmuşdur.
14. Naxçıvan MR Inzibati Məhkəməsinin (hakim: T.Y.Əliyev) ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Iqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin ## ##### 2024-cü il tarixli, **************** nömrəli qərarı ləğv edilmişdir.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən qərar səlahiyyəti olmayan şəxs tərəfindən qəbul edilmişdir. Həmçinin qərar, həmin qərarı imzalamaq səlahiyyəti olan vəzifəli şəxsə məxsus gücləndirilmiş elektron imza vasitəsilə imzalanmamış, başqa sözlə, elektron sənəd kimi tərtib edilməmişdir. Eyni zamanda, qərar gücləndirilmiş elektron imza vasitələrindən istifadə edilməklə imzalanmadığından, həmçinin kriptoqrafik kod olmadığından, qərarın həqiqiliyinin müəyyən edilməsi mümkün olmamışdır.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
17. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: Y.S.Qurbanov /sədrlik edən və məruzəçi/, M.K.Həsənov və M.Ə.Əliyev) ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 18.1. Inzibati icraatla bağlı maddi hüquq normalarının tələbinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Kollegiya apellyasiya şikayətində göstərilən qeyd olunan sənədin imzalanması üçün imza sahibi ilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən Rəqəmsal ID kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında *********** nömrəli (VÖEN:**********) müqavilə bağlanmasını, Rəqəmsal ID kartın “Elektron sənəd və elektron imza haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına tam uyğun olması və elektron imza vasitəsi olması dəlilinə münasibətdə qeyd edir ki, göstərilən dəlil əsassızdır. Belə ki, bu, həmin rəqəmsal ID kartdan istifadə edilməklə mübahisələndirilən qərarın məhz gücləndirilmiş elektron imza ilə imzalanmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmçinin, müvafiq qərar kriptoqrafik təsdiqləmə elementi ilə də təmin olunmadığı üçün onun autentikliyinin və mənbəyinin müəyyənləşdirilməsi mümkün olmamışdır. 18.2. Həmçinin, apellyasiya şikayətində göstərilən Naxçıvan MR Inzibati Məkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarında, ümumiyyətlə, məsələyə aidiyyəti üzrə toxunulmaması dəlilini müzakirə edərək əsassız hesab edən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarın səlahiyyəti olmayan şəxs tərəfindən qəbul edilməsi nəticəsinə gəldiyindən, həmin qərarın mahiyyətinə aid məsələlərin araşdırılmasına zərurət olmamışdır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayətində apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 1.4-cü maddəsinə əsasən vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 10.0-10.0.3-cü maddələrinə əsasən bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər, Məcəlləyə uyğun olaraq vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər, Azərbaycan Respublikasının dövlət vergi orqanları vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarıdırlar. 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 65.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. 70.2-ci vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 77.1-ci maddəsinə görə vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən, cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə görə vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
23. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilmişdir: ... 1.1.5. Gücləndirilmiş elektron imza (bundan sonra- gücləndirilmiş imza) imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza; 21.1-ci maddəsinə əsasən elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir: 21.1.1. texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; 21.1.2. bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; 21.1.3.identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır; 21.1.4.texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır. 21.2-ci maddəsinə əsasən elektron sənədin identikləşdirilməsi, həqiqiliyinin müəyyənləşdirilməsi üçün zəruri olan rekvizitlərin siyahısı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.
24. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Iqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin ## ##### 2024-cü il tarixli, **************** nömrəli qərarının ləğv edilməsi ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə mövqeyi ilə razılaşmışdır.
31. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Belə ki, aşağı instansiya məhkəmələrində araşdırma zamanı mübahisələndirilən inzibati aktı qəbul etmək səlahiyyətinin Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid olmasına baxmayaraq, həmin inzibati aktın Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Iqtisadi təhlil və bəyannəmələrə və büdcə proqnozlarına nəzarət idarəsinin rəisi tərəfindən qəbul edilməsi müəyyən edilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Iqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinə dair Əsasnamənin 4.0.1-ci bəndinə görə, idarənin daxil olmalara təsir edən vergi hesabatlarının təhrif olunması halları aşkar edildikdə, vergi ödəyicilərinin uçotda olduqları vergi orqanlarına nöqsanların aradan qaldırılması barədə göstərişlərin verilməsi və onların yerinə yetirilməsinin tələb edilməsi barədə rəhbərlik qarşısında məsələ qaldırmaq, 4.0.10-cu bəndinə görə aparılmış təhlillərin nəticəsi olaraq aşkar edilmiş riskli vergi ödəyicilərinin fəaliyyətinin araşdırılması və nəticələrinə uyğun tədbirlər görülməsi məqsədilə Dövlət vergi xidmətinin aidiyyəti strukturlarına məlumat ötürmək, 4.0.19-cu bəndinə əsasən vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasının tələb edilməsi üçün təkliflər hazırlamaq, 4.0.34-cü bəndinə əsasən vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasının tələb edilməsi üçün təkliflər hazırlamaq və s. kimi hüquqları nəzərdə tutulmuşdur. X4 MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Iqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin vergi ödəyicilərinin barəsində vergilərin, sosial sığorta və işsizlik sığortası haqları barədə ödənilməmiş vergi hesablanmasına dair qərar qəbul etmək səlahiyyəti müəyyən edilməmişdir. Başqa sözlə, Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Iqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinə belə səlahiyyət bu və ya digər formada verilməmişdir. Beləliklə də, mübahisələndirilən qərarın səlahiyyəti olmayan şəxs tərəfindən qəbul edilməsi tam sübuta yetirildiyindən həmin qərar qanunsuzdur və heç bir hüquqi nəticə doğura bilməz. Odur ki, həmin qərar əsasında vergi hesablanması da qanunsuz hesab edilməlidir.
33. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən bu hal iddianın təmin edilməsi üçün yetərli əsas sayıldığından, kassasiya şikayətinin digər dəlillərinə hüquqi qiymət verilməsinə lüzum qalmır. Belə ki, həmin dəlillər əsaslı olduğu halda belə, bu, vəziyyəti cavabdehin xeyrinə dəyişmir.
34. Odur ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.