Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3330/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müəyyən edilməsi; səbəbli əlaqə ilə bağlı şəhadətləndirmədə, habelə göndərişdə olan diaqnozun Meyarlarda qiymətləndirmədə mövcudluğu; Meyarlarda qiymətləndirmədə əlilliyə əsas olan xəstəliyin iddiaçıda aşkar olunması; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “##.##.2023-cü il tarixindən iddiaçıya əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ##.##.1994-cü ildə döyüş zonasında hərbi xidmət zamanı sağ qalçasağrı nahiyəsinin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanması almış, bu yaralanma Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2011-ci il tarixli, *** saylı qərarı ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təsdiqlənmişdir.
2. İddiaçıya ##.##.2012-##.##.2013, ##.##.2014-##.##.2015, ##.##.2015- ##.##.2016-cı illərdə 1 il müddətinə, ##.##.2016-##.##.2021-ci illərdə 5 il müddətinə “başın səthi travmalarının nəticələri, sağ sağrının, qalça nahiyyəsinin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət” diaqnozu ilə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar 3-cü dərəcəli əlillik təyin edilmişdir.
3. ##.##.2023-cü il tarixdə iddiaçıya tibbi göndəriş tərtib etmiş səhiyyə müəssisəsi (Qəbələ RMX) ona aşağıdakı diaqnozları qoymuşdur: - Əsas diaqnoz: G57.0 – oturaq sinirin zədələnməsi, sağ oturaq sinirin posttravmatik neyropatiyası; - Ağırlaşma: G83.1 – aşağı ətrafların monoplegiyası, sağ aşağı ətrafın monoparezi; - Yanaşı xəstəliklər: M16.5 – digər posttravmatik koksartrozlar; Odlu silah yaralanması, sağ bud sümüyünü dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət; Sağ bud-çanaq oynağının deformasiyaedici koksartrozu, sağ bud-çanaq oynağının kontrakturası; Sağ budun yuxarı 1/3 hissəsində posttravmatik çapıq; Sağ aşağı ətrafın dayaq-hərəkət funksiyasının pozulması.
4. Cavabdeh orqan iddiaçıya sonuncu dəfə ##.##.2023-cü il tarixdə “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina cavabı vermişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində birinci icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, əlilliyin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Şəki İnzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı (hakim F.Hacızadə) ilə iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya təyin olunmuş əlillik müddəti 2021-ci il tarixdə bitdikdən sonra müvafiq göndərişlər əsasında ##.##.2022-ci il və son olaraq ##.##.2023-cü il tarixdə əlilliyi qiymətləndirildiyindən əlilliyinin 2021-ci ildən müəyyən olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyil və belə olduğu halda, iddia mümkünlük şərtlərinə cavab verməmiş olur.
8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində ikinci icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə (hakimlər T.Həsənov – məruzəçi, R.Rəfiyev və V.Məlikov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmış, apellyasiya şikayəti “iddianın tələbinin təmin edilməsi” hissəsində təmin edilməmişdir.
c) birinci instansiya məhkəməsində ikinci icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2023-cü il tarixindən iddiaçıya əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildə Qəbələ rayon komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissənin tərkibində döyüşə başlamışdır. Orada gedən bütün döyüşlərdə yaxından iştirak etmiş, 1994-cü ilin aprel ayının 13-də döyüş zamanı düşmən tərəfindən atılan güllədən sağ qıçından 2 güllə yarası almışdır. Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ##.##.2011-ci ildən ##.##.2021-ci il tarixədək ona 3-cü qrup əlillik təyin edilərək pensiya almışdır. Sonra ona təyin edilən pensiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dayandırılmışdır.
12. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Qəbələ Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Oturaq sinirinin zədələnməsi, Sağ oturaq sinirinin neyropatiyası. Odlu silah yaralanması, sağ bud yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sağ budun yuxarı 1/3-nin postravmatik çapığı. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İddiaçının əlillik vəziyyəti DTSERA-da ##.##.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir (ESDAS 22420283678). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, P.Əliquliyevə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2011-ci il tarixli *** nömrəli qərar verilmişdir. Həmin qərarda “Sağ qalça-sağrı nahiyəsinin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd olunmuşdur ki, vətəndaş ##.##.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Baxış zamanı sağ aşağı ətrafda budun yuxarı 1/3-də çapıq qeyd olunmuş, hər iki aşağı ətraflarda əzələ gücü, tonusu normal olmuş, reflekslər canlı çağrılmış, iflic, parez müəyyən olunmamış, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir” kimi qeyd olunmuş, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, aşağı ətraflarda olan hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sağ sağrı və qalça nahiyələrində çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji statusunda aşağı ətraflarda əzələ gücü və tonus norma daxilində, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. X2 və Ortopediya İnstitutunun ##.##.2021-ci il tarixli ********** nömrəli Tibbi Rəyində diaqnoz “Odlu silah yaralanması, sağ budun orta 1/3-nin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sağ bud-çanaq oynağının deformasiyaedici koksartrozu, ağrı sindromu və kontrakturası, ağrılı kelloid çapıq” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X1 Bərpa İnstitutunun ##.##.2023-##.##.2023-cü il tarixli Çıxarışında diaqnoz “Sağ oturaq sinirinin neyropatiyası. Sağ aşağı ətrafın parezi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X1 Bərpa İnstitutunun ##.##.2023-cü il tarixli EMQ müayinəsinin nəticəsi “Neyromotor aparatda nevral tipli pozulma, sağ oturaq sinirinin neyropatiyası” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Referans Klinikasının ##.##.2023-cü il tarixli MRT müayinəsinin nəticəsi “Paranazal sinuslarda selikli qişa qalınlaşmaları qeyd edilir. III və yan mədəciklər yaşa bağlı mülayim genişdir. Beyin şırımları yaşa bağlı mülayim genişdir. Hər iki frontal paya qonşu ekstraaksial likvor məsafəsi mülayim genişdir. Beyin parenximasında diffuziyanı restriksiya edən sahə, sol id və ya kistik lezyon izlənilmədi” kimi qeyd olunmuşdur. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
13. Birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı əsasında əldə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli T**/**** saylı ekspert rəyindən görünür ki, iddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Oturaq sinirinin zədələnməsi, sağ oturaq sinirin neyropatiyası, odlu silah yaralanması, sağ budun yumşaq toxumalarının dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət, sağ budun yuxarı 1/3nin posttravmatik çapığı” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edildiyindən onu nkar etmək olmaz. Qeyd edilən diaqnozun aldığı travma ilə səbəbli əlaqəsi vardır (Mərkəzi HHK-nin ##.##.2011-ci il tarixli, *** nömrəli qərarı). Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik səviyyəsində olmadığından əlillik dərəcəsinin təyini zamanı ona istər Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də, ##.##.2022-ci il tarixli, *** saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndinə aid etmək mümkün olmamışdır. İddiaçının ##.##.2024-cü il tarixdə “Şəki mərkəzi rayon xəstəxanası” phş-nə müraciət etmiş və ona XBT-10 üzrə kod “Əsas xəstəlik: M16.4-Hər iki bud-çanaq oynağının posttravmatik koksoartrozu, R52.0-Kəskin ağrı sindromu, M24.5-oynaqların kontrakturası, R26.8-yerişin pozulması ilə” diaqnozu qoyulmuşdur.
14. Şəki İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakim F.Hacızadə) ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı ## ###### 2023-cü il tarixindən 2 il müddətində “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” III dərəcə əlilliyinin (orqanizm funksiyalarının pozulmasının 50-60 faiz) müəyyən edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya ## ###### 2015-ci ildən etibarən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilmiş, həmin vaxt qoyulmuş diaqnoz “Başın səthi travmalarının nəticələri, sağ sağrının və qalça nahiyəsinin dəlib-keçən güllə yarasından sonrakı vəziyyət” olmuşdur. Bu diaqnoz sonrakı qiymətləndirmələr zamanı da təsdiqlənərək 2021-ci ilədək qüvvədə qalmışdır. Lakin ## ###### 2023-cü il tarixli göndəriş əsasında cavabdeh inzibati orqan iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin etmişdir. xxxxnin rəyində göstərilmişdir ki, ## ###### 2024-cü ildə Şəki Mərkəzi Rayon Xəstəxanasının PHŞ-nə müraciət etmiş iddiaçıya XBT-10 üzrə “M16.4 – hər iki bud-çanaq oynaqlarının posttravmatik koksartrozu, R52.0 – kəskin ağrı sindromu, M24.5 – oynaqların kontrakturası və R26.8 – yerişin pozulması ilə” diaqnozu qoyulmuşdur. Ekspert rəyinə əsasən bu diaqnoz təsdiqlənmişdir. Cavabdehin imtinası isə məhz bu diaqnozun əlillik təyinatına əsas verməməsi ilə izah edilmişdir. Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarının 6.8.2-ci bəndində orta dərəcəli əzələ zəifliyi, neyropatik ağrılar, mülayim statodinamik pozuntular, həmçinin əzələ gücünün azalması, əzələ hipotrofiyası, aktiv hərəkətlərin amplitudasının orta dərəcəli məhdudlaşması və yerişin çətinləşməsi hallarında orqanizmin funksiyalarının pozulması faizinin (OFP) 50-60 faiz müəyyən edilməsi və əlilliyin 2 il müddətinə təyin olunması nəzərdə tutulur. Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarının 1.10-cu bəndinə əsasən isə OFP faiz göstəriciləri 5 faiz aralığı ilə qiymətləndirilməlidir. İddiaçının OFP-nin 50-60 faiz aralığında konkret hansı faiz dərəcəsinə aid olmasının müəyyən edilməsi inzibati orqanın qiymətləndirmə səlahiyyətinə daxildir. Bununla belə, işin hallarına və göstərilən normativ tələblərə əsaslanaraq məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, ## ###### 2023cü il tarixindən (J********RHJ nömrəli forma 88 göndərişi əsasında) iddiaçıya 2 il müddətində III dərəcə əlilliyin (orqanizm funksiyalarının pozulmasının 50-60 faiz müəyyən edilməsi) təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
ç) apellyasiya instansiya məhkəməsində icraat
17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər V.Musayev – məruzəçi, R.Rəfiyev və T.Həsənov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilərək iddia təmin edilmiş, iddiaçı İddiaçı ## ###### 2023-cü il tarixdən müddətsiz “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” orqanizm funksiyalarının İ dərəcə məhdudlaşması halının (40%) müəyyən edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
18. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki: - cavabdeh orqanın “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina cavabı, diaqnozun mövcudluğunu inkar etmir, lakin həmin diaqnozun səbəb olduğu funksional pozuntuların və həyat fəaliyyətinə təsirin əlilliyin müəyyən edilməsi üçün tələb olunan həddə çatmadığını ifadə edir. Belə ki, şəxsə diaqnoz düzgün qoyulsa da, əgər xəstəlik nəticəsində orqanizmin funksiyalarında əlilliyin təyin edilməsi üçün zəruri olan dərəcədə pozuntu müəyyən edilmirsə və bu səbəbdən hərəkət, ünsiyyət, özünə qulluq və digər əsas həyat fəaliyyətləri sahələrində daimi və əhəmiyyətli məhdudiyyətlər yaranmamışdırsa, həmin diaqnoz əlillik əlaməti hesab edilə bilməz. Başqa sözlə, cavabdeh orqan bu əsasla imtina cavabı verərkən diaqnozu qəbul etdiyini, lakin onun həyat fəaliyyətinə təsirinin əlillik meyarlarına uyğun olmadığını bildirmiş olur. Bu halda funksional məhdudiyyətlərin normativ həddə çatmaması aydın və konkret meyarlarla əsaslandırılmalıdır. Hazırkı iş üzrə cavabdeh orqan mövcud diaqnozların iddiaçının əsas həyat fəaliyyətlərinə təsir etməməsi ilə bağlı qənaətini, eləcə də funksional pozuntuların əlillik üçün tələb olunan həddə çatıb-çatmamasını əsaslandırmamışdır. - Apellyasiya məhkəməsi onu da qeyd etmişdir ki, iş materiallarında olan tibbi göndərişlərdəki status localis məlumatları iddiaçının sağlamlıq vəziyyətində əsas həyat fəaliyyətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdıran funksional pozuntuların olduğunu təsdiq edir. Status localisdə iddiaçı barəsində “sağ ayaqda zəiflik, keylik, yerinəyəndə çətinlik çəkməsi, yerişinin pozulması (yara nahiyyəsində ağrılardandır), yerişinin sağ tərəfli monoparetik olması, baldır və pəncənin bükücü əzələlərində gücün 3 bala enməsi, hipotoniya əlamətlərinin mövcudluğu, bud və baldırın arxa səthinin hipesteziyalı olması, xəstənin axsayaraq gəzməsi, sağ bud çanaq oynağında, budda ağrı, çapıqlar, hərəkət məhdudluğu funksiya pozgunluğu” kimi tibbi göstəricilər öz əksini tapmışdır. Cavabdeh orqan iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı diaqnozların “klinik olaraq öz təsdiqini tapmadığını” qeyd etsə də, özünün də nümayəndəsinin iştirakı ilə aparılmış ekspert tədqiqatında diaqnozların düzgünlüyü müəyyən edilmişdir. - İddiaçı barəsində tibbi göndəriş tərtib etmiş səhiyyə müəssisəsi ona “Əsas diaqnoz - G57.0 oturaq sinirin zədələnməsi, sağ oturaq sinirin posttravmatik neyropatiyası, ağırlaşma G83.1 – aşağı ətrafların monoplegiyası, sağ aşağı ətrafın monoparezi, yanaşı xəstəliklər – M16.5 - digər posttravmatik koksartrozlar, odlu silah yaralanması, sağ bud sümüyünü dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət, sağ bud çanaq oynağının deformasiyaedici koksartrozu, sağ bud çanaq oynağının kontrakturası, sağ budun yuxarı 1/3 hissəsində posttravmatik çapıq, sağ aşağı ətrafın dayaq hərəkət funksiyasının pozulması” diaqnozlarını qoymuşdur. M16 XBT kodu istinad olunan Əlavənin 13.4-cü bəndində qeyd edilmişdir. Eyni müəssisə ##.##.2025 tarixli məktubunda bu diaqnozların “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.25-ci yarımbəndinə uyğun olduğunu təsdiqləmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və həmin diaqnozun alınan travma ilə səbəbli əlaqəsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası sözügedən rəyi “diaqnozun düzgünlüyü və səbəbli əlaqənin təsdiq edilməsi” hissəsində işdə mövcud olan digər sübutlarla (iddiaçının xəstəliyini əks etdirən tibbi sənədlərlə) kompleks şəkildə qiymətləndirərək mötəbər sübut olaraq qəbul edir. Həmin rəydə göstərilmiş “iddiaçının əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində hesab edilməməsi” və “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bəndi tətbiq edilməsinin mümkünsüzlüyü” ilə bağlı qeydlərə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, ekspert aşkar edilmiş patofunksional dəyişikliklərin əlillik səviyyəsində hesab edilmədiyini qeyd etsə də, bununla bağlı hər hansı tədqiqat aparmamışdır. Ekspertiza cavabdeh orqanın nümayəndəsinin iştirakı və onun təsiri altında aparıldığından gəlinən nəticə ümumi xarakterli sözlərlə cavabdeh orqanın mövqeyinə uyğun ifadə edilmiş, iddiaçının sağlamlıq vəziyyətində mövcud olan funksional məhdudiyyətlərin normativ həddə çatmaması, mövcud diaqnozların iddiaçının əsas həyat fəaliyyətlərinə təsir etməməsi aydın və konkret meyarlarla əsaslandırılmamışdır. Odur ki, sözügedən hissədə ekspert rəyi əsassız hesab edilmişdir. - Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçıya qoyulmuş diaqnozun “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”na Əlavənin 6.8.2-ci bəndinə uyğun olmasını və bunun OFP-nin 2 il müddətinə 50-60 faiz müəyyən edilməsinə əsas olmasını qeyd etsə də, müvafiq uyğunluğun hansı tibbi sənədə əsasən müəyyən edilməsi aydın deyil. İddiaçıya qoyulmuş diaqnoz “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 13.4.25-ci yarımbəndində nəzərdə tutulduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək ona “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” müddətsiz OFP-nın 1-ci dərəcəli məhdudlaşması halının (40%) təyin edilməsi cavabdeh orqanın üzərinə qoyulmalıdır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.
21. Kassator əlavə olaraq göstərir ki, birinci instansiya məhkəməsi, eləcə də apellyasiya məhkəməsi işi yetərincə araşdırmayaraq, zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Eləcə də, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
22. Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Birinci instansiya məhkəməsi heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmiş, apellyasiya məhkəməsi isə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməmişdir. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsin əlilliyini təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş prosedurlar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz.
23. Kassasiya şikayətində Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarına, Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na, Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. ... 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. ...
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur (bu Qaydanın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla). Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir.[10] 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”:
6.8.2. orta dərəcəli əzələ zəifliyi (əzələ gücünün 3 bala 50-60 2 il qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraflarda aktiv hərəkətlərin amplitudasının orta dərəcəli məhdudlaşması, yerişin çətinləşməsi, xırda əşyaların tutulmasının çətinləşməsi); orta dərəcəli hissi pozulmalar; neyropatik tipli ağrılar; mülayim statodinamik pozuntular 13.4.25 hər iki bud-çanaq oynağının hərəkətinin orta 40 müddətsiz . dərəcə məhdudlaşması
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
29. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
32. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.
Göndərişdə qeyd olunan xəstəliklərin ağırlaşmalarının mövcudluğu
33. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, ##.##.2023-cü il tarixdə iddiaçıya tibbi göndəriş tərtib etmiş səhiyyə müəssisəsi (Qəbələ RMX) ona aşağıdakı diaqnozları qoymuşdur: - Əsas diaqnoz: G57.0 – oturaq sinirin zədələnməsi, sağ oturaq sinirin posttravmatik neyropatiyası; - Ağırlaşma: G83.1 – aşağı ətrafların monoplegiyası, sağ aşağı ətrafın monoparezi; - Yanaşı xəstəliklər: M16.5 – digər posttravmatik koksartrozlar; Odlu silah yaralanması, sağ bud sümüyünü dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət; Sağ bud-çanaq oynağının deformasiyaedici koksartrozu, sağ bud-çanaq oynağının kontrakturası; Sağ budun yuxarı 1/3 hissəsində posttravmatik çapıq; Sağ aşağı ətrafın dayaq-hərəkət funksiyasının pozulması.
34. İddianı təmin edən birinci instansiya məhkəməsi iddiaçıya qoyulmuş diaqnozun “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.8.2-ci bəndinə, apellyasiya instansiyası məhkəməsi isə həmin diaqnozun “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 13.4.25-ci bəndinə uyğun olması barədə nəticəyə gəlmişlər.
35. Yuxarıda qeyd edildiyi kimi “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.8.2-ci bəndi özündə “orta dərəcəli əzələ zəifliyi (əzələ gücünün 3 bala qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraflarda aktiv hərəkətlərin amplitudasının orta dərəcəli məhdudlaşması, yerişin çətinləşməsi, xırda əşyaların tutulmasının çətinləşməsi); orta dərəcəli hissi pozulmalar; neyropatik tipli ağrılar; mülayim statodinamik pozuntular” diaqnozunu, həmin Əlavənin 13.4.25-ci bəndi isə “hər iki bud-çanaq oynağının hərəkətinin orta dərəcə məhdudlaşması” diaqnozunu ehtiva edir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.8.2 və 13.4.25-ci bəndlərində qeyd edilən diaqnozların iddiaçı barəsində tərtib edilmiş göndərişdə göstərilib-göstərilməməsi ilə bağlı məsələ tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmamışdır.
37. Belə ki, məhkəmələr tərəfindən əlilliyin müəyyən edilməsinə dair iddia tələblərinə baxılarkən, göndərişdə (Forma 88) qeyd olunan diaqnozun əlilliyi qiymətləndirilən şəxsdə formal olaraq mövcudluğunun müəyyən edilməsi ilə kifayətlənilməməli, eyni zamanda, göndərişdə göstərilmiş həmin pozuntu, çatışmazlıq və xəstəliyin Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda öz əksini tapmış qiymətləndirmə göstəricilərinin şəxsdə mövcudluğu da müəyyən edilməlidir. Müvafiq olaraq “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavədə təsbit olunmuş hər bir xəstəlik üzrə qiymətləndirmə göstəricilərindən hər hansı biri ilə uyğunluq müəyyən olunmadan şəxsə əlillik təyinatı aparıla bilməz.
Məhkəmə-tibbi ekspertizasının keçirilməsi
38. Qiymətləndirmə meyarlarının hər hansı birinin mövcudluğu ilə bağlı yaranmış mübahisənin həlli üçün ekspertiza keçirilməsinə zərurət yarandığı hallarda, ilk növbədə nəzərə alınmalıdır ki, ekspert qarşısında hüquqi deyil, yalnız şəxsin sağlamlıq vəziyyətinin müəyyən olunmasına dair suallar qoyula bilər. Belə suallar yalnız göndərişdə göstərilmiş xəstəliyin özünün mövcudluğunun deyil, həm də həmin xəstəliyin “Əlilliyin müəyyən olunması Meyarları”nda öz əskini tapmış müvafiq ağırlaşmalara uyğunluğunun yoxlanılmasını da əhatə etməlidir. Bu zaman, göndərişdə göstərilmiş xəstəliklərlə bağlı ekspert qarşısında qoyulmuş suallar şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirmə meyarlarına uyğun olaraq bütün bəndlər üzrə yoxlanılmasına imkan verəcək qaydada tərtib edilməlidir. Ekspert rəyində isə şəxsin sağlamlıq vəziyyətinin həmin bəndlərdə sadalanan hallardan hər hansı birinə (və ya bir neçəsinə) uyğun gəlib-gəlmədiyi barədə dəqiq mövqe bildirilməlidir.
39. Hazırkı iş üzrə birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Səhiyyə Nazirliyi “xxxx” ilə yanaşı, cavabdeh inzibati orqanın da ekspertlərinə həvalə edilmişdir.
40. Bu baxımdan, ekspertiza tədqiqatı təkcə “xxxx” publik hüquqi şəxsinin məhkəmə-tibb eksperti tərəfindən deyil, həmçinin cavabdehin tibbi-sosial ekspertinin iştirakı ilə həyata keçirilərək rəy verilmişdir.
41. Bununla da, rəyin verilməsində işin nəticəsində maraqlı olan şəxsin mövqeyi nümayiş etdirilmişdir. Beləliklə də, ekspertiza aparılmasında cavabdehin nümayəndəsinin iştirakı və rəyi imzalaması prosessual qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnmişdir.
42. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 6-cı maddəsinə əsasən, məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
43. Həmin Qanunun 18-ci maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyrimötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır. Əvvəlki ekspertizanı aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər.
44. Qeyd olunan normalardan göründüyü kimi, təkrar ekspertiza aparılması üçün əsasların dairəsinə ekspertiza aparılmasının prosessual qaydaları da aid edilmişdir. Ekspertin müstəqilliyi, onun məhkəmə ekspertizasını təyin etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığının olmaması ekspertiza aparılmasının mühüm prinsiplərinə aiddir.
45. Cavabdehin nümayəndəsinin mübahisənin həlli üçün əhəmiyyət kəsb edən halın müəyyən edilməsi məqsədilə təyin edilmiş ekspertizada ekspert qismində iştirakı ekspertin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran əsas hesab edilməklə, prosessual qanunvericilikdə ekspertə etirazın əsaslarından biri kimi göstərilmişdir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə əldə edilmiş ekspert rəyini qismən əsaslı hesab etsə də, ümumilikdə, əldə edilmiş ekspert rəyi şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirmə meyarlarına uyğun olaraq bütün bəndlər üzrə yoxlanılmasına imkan verəcək qaydada tərtib edilməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, növbəti apellyasiya baxışı zamanı təyin ediləcək məhkəmə-tibbi ekspertizası cavabdeh inzibati orqanın ekspertləri cəlb edilmədən aparılmalı və ekspert qarşısında şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirmə meyarlarına uyğun olaraq bütün bəndlər üzrə yoxlanılmasına imkan verəcək suallar qoyulmalıdır.
Əlilliyin səbəb əlaqəsinin müəyyən edilməsi
47. Əlilliyin xüsusi səbəblərdən müəyyən oluna bilməsi üçün xəstəlik hərbi-həkim komissiyaları tərəfindən verilmiş şəhadətnamədə göstərilməli, eyni zamanda, həmin xəstəlik göndərişdə əks olunmalı (və ya yuxarıda 2-ci bənddə qeyd olunduğu kimi səbəbli əlaqəsi təsdiqlənməli) və diaqnoz “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavədə təsbit olunmuş sözügedən xəstəlik üzrə qiymətləndirmə göstəriciləri ilə uyğunluq təşkil etməlidir.
48. Bir sıra hallarda xəstəlik haqqında şəhadətnamədə diaqnozun səbəbli əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” göstərildiyi halda, həmin xəstəlik göndərişdə “yanaşı xəstəlik” kimi qeyd edilir.
49. Bununla bağlı nəzərə alınmalıdır ki, həmin “yanaşı xəstəlik” əlillik təyinatına əsas verdiyi hallarda şəxsə əlillik xüsusi səbəblərdən təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.14-cü bəndində göstərilmişdir ki, peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir.
50. Hazırkı işin hallarından görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2011-ci il tarixli, *** saylı qərarı ilə iddiaçının dönüş zonasında hərbi xidmət keçərkən ##.##.1994-cü ildə aldığı və ##.##.1994-cü ildən ##.##.1994-cü ilə kimi birləşmiş neft kəşfiyyatçıları xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: “sağ qalça-sağrı nahiyəsinin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanması” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təsdiqlənmişdir.
51. Lakin bu diaqnoz ilə olan xəstəliyin Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda öz əksini tapıb-tapmaması ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı araşdırma aparılmamışdır.
52. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri ümumiləşdirərək və vahid məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, işə təkrar baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda sadalanan hallar araşdırılmalı, iddiaçı barəsində tərtib edilmiş göndərişdə (Forma 88) qeyd edilən diaqnozların Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğunluğu yoxlanılmalı, əlilliyin xüsusi səbəb əlaqəsinin təsdiqlənməsi üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2011ci il tarixli, *** saylı qərarı ilə iddiaçıda müəyyən edilmiş diaqnozun əlilliyin müəyyən olunmasına imkan verib-vermədiyi araşdırılmalı, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirmə meyarlarına uyğunluğu barədə cavabdeh inzibati orqanın ekspertləri cəlb edilmədən iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilməli, ekspertiza tədqiqatının nəticəsindən asılı olaraq iddia tələbinə hüquqi qiymət verilməlidir.
53. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməməsi hissəsində şikayət təmin olunmamalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.