Məhkəmə qərarları › İş №2-1(102)-3338/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3338/2025

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3338/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatının əsasları, üçüncü şəxslərin icraata cəlb edilməsi mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 52,15 ha torpaq sahəsinə dair sənədlər:

1. Quba rayonu Vladimirovka Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarına əsasən iddiaçı İddiaçı bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən 52,15 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.

2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin arayışına əsasən Vladimirovka Bələdiyyəsinin mülkiyyətinə aid 52,15 ha torpaq sahəsi bonitet balı 29 bal olmaqla, 4-cü keyfiyyət qrupuna aid kənd təsərrüfatına yararsız torpaq sahəsidir.

3. Vladimirovka Bələdiyyəsinin nümayəndəsi ilə iddiaçı arasında “Torpaqların alqı-satqısına dair” akt imzalanmış, həmçinin, ##.##.2004-cü il tarixdə ayrılan 52,15 ha torpaq sahəsi bələdiyyənin yerquruluşu planından çıxarışında (1:10000 miqyası) göstərilmişdir.

12,00 ha torpaq sahəsinə dair sənədlər:

4. Daha sonra iddiaçı ərizə ilə Quba rayonu Zizik Bələdiyyəsinə müraciət edərək, ona kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə torpaq sahəsinin ayrılmasını xahiş etmişdir.

5. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin rəyinə əsasən Zizik Bələdiyyəsinin mülkiyyətinə aid 12,0 ha torpaq sahəsinin iddiaçıya satılmasına etiraz edilməmişdir.

6. Torpaq sahəsinin dəyəri olaraq iddiaçı tərəfindən Zizik Bələdiyyəsinin hesabına 2470 (iki min dörd yüz yetmiş) manat məbləğində pul ödənilmişdir.

7. Quba rayonu Zizik Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarına əsasən iddiaçıya kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədi üçün bələdiyyə ərazisindən 12,0 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Zizik bələdiyyəsinin nümayəndəsi ilə iddiaçı arasında “Torpaqların alqısatqısına

8. dair” akt imzalanmış, həmçinin, ##.##.2006-cı il tarixdə ayrılan 12,0 ha torpaq sahəsi bələdiyyənin yerquruluşu planından çıxarışında (1:10000 miqyası) göstərilmişdir.

20,80 ha torpaq sahəsinə dair sənədlər:

9. DTXK-nin Quba rayon şöbəsinin rəyinə əsasən Zizik Bələdiyyəsinin mülkiyyətinə aid 20,80 ha torpaq sahəsinin iddiaçıya satılmasına etiraz edilməmişdir.

10. Torpaq sahəsinin dəyəri olaraq iddiaçı tərəfindən Zizik Bələdiyyəsinin hesabına 11.000 (on bir min) manat məbləğində pul ödənilmişdir.

11. Quba rayonu Zizik Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarına əsasən iddiaçıya bələdiyyənin ümumi istifadəsinə aid alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədi üçün 20,80 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Zizik Bələdiyyəsinin nümayəndəsi ilə iddiaçı arasında “Torpaqların alqısatqısına 12.dair” akt imzalanmışdır.

13. Zizik Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarına əsasən iddiaçıya ayrılmış 10 ha, 5 ha, və 5,8 ha torpaq sahələrinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən ##.##.2011-ci il tarixdə AN seriyalı, ****** nömrəli, ****** nömrəli, ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir.

Cavabdehin imtinası:

14. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, Vladimirovka Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarına, Zizik Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli və ##.##.2007-ci il tarixli, ** nömrəli qərarlarına əsasən ona ayrılmış 52,15 ha, 12,0 ha və 20,80 ha torpaq sahələri üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

15. 52,15 ha torpaq sahəsinə münasibətdə cavabdeh ##.##.2024-cü il tarixli, *- **-*-**/*-A-****-*/**** nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, torpaq sahəsi ərazi idarəsinin elektron məlumat bazasında olan xəritə (DWJ) üzərində çay yatağı kimi, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) isə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi göstərilmişdir. Torpaq Məcəlləsinin 56.3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Həmin torpaq sahəsi alqısatqı predmeti deyildir.

16. 12,0 ha torpaq sahəsinə münasibətdə cavabdeh ##.##.2024-cü il tarixli, *- **-*-**/*-A-****-*/**** nömrəli məktubu ilə müraciətin icrasından imtina edərək qeyd etmişdir ki, torpaq sahəsi ərazi idarəsinin elektron məlumat bazasında olan xəritə (DWJ) üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi göstərilmişdir. Həmin torpaq sahəsi alqı-satqı predmeti deyildir. Bundan başqa, torpaq sahəsinə dair Timirzayev bələdiyyəsi tərəfindən tərtib edilmiş 1:10000 miqyaslı yerquruluşu planından çıxarış DTXK-nin Quba rayon şöbəsi və Quba RİH-nin memarlıq tikinti şöbəsi tərəfindən təsdiq edilməmişdir.

17. 20,80 ha torpaq sahəsinin 5 ha və 5,8 ha hissəsinə münasibətdə cavabdeh ##.##.2024-cü il tarixli, 3-21-3-34/2A-0338-8/2024 və *-**-*-**/*A-****-*/**** nömrəli məktubları ilə müraciətin icrasından imtina edərək qeyd etmişdir ki, 5 ha və 5,8 ha torpaq sahələrinin cizgisi ərazi idarəsinin elektron məlumat bazasında olan xəritə (DWJ) üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) isə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi göstərilmişdir. Həmin torpaq sahələri alqı-satqı predmeti deyildir.

18. 20,80 ha torpaq sahəsinin 10 ha hissəsinə münasibətdə cavabdeh ##.##.2024-cü il tarixli, *-**-*-**/*-A-****-*/**** nömrəli məktubu ilə müraciətin müraciətin icrasından imtina edərək qeyd etmişdir ki, 10 ha torpaq sahəsinin cizgisi ərazi idarəsinin elektron məlumat bazasında olan xəritə (DWJ) üzərində çay yatağı və örüş kimi, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) isə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi göstərilmişdir. Həmin torpaq sahəsi alqı-satqı predmeti deyildir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

19. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonu Zizik Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli və ##.##.2006-cı il tarixli, ** nömrəli qərarları ilə ona ayrılmış müvafiq olaraq 20,80 ha və 12 ha, Quba rayonu Vladimirovka Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarı ilə ona ayrılmış 52,15 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

20. İddia tələbi hazırkı qərarın işin halları hissəsində göstərilənlərlə eyni məzmunda əsaslandırılmışdır.

21. Cavabdehin iddiaya dair yazılı etirazının dəlilləri imtina məktublarının dəlilləri ilə eynilik təşkil edir.

22. Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim R.Həsənov) iddia təmin edilmiş, Quba rayonu Zizik Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya ayrılmış 20.80 ha, Quba rayonu Zizik Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya ayrılmış 12 ha, Quba rayonu Vladimirovka Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya ayrılmış 52.15 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilmişdir.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Quba rayonu Zizik Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə 20.80 ha, Quba rayonu Zizik Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı ilə 12 ha, Quba rayonu Vladimirovka Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarı ilə 52.15 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına köçürülmüşdür. Torpaq sahəsinin qanunamüvafiq qaydada ayrılmasında dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən rəylər verilmişdir. Hal-hazırda həmin torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. İddiaçı ona ayrılmış qeyd olunan torpaq sahələri üzrə yaranmış mülkiyyət hüquqlarını DƏDKR-də qeydə alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın imtinasında gətirdiyi yeganə arqument iddiaçıya ayrılan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmasıdır. Bu dəlilə münasibətdə bildirilmişdir ki, DT və XK-nın Quba rayon şöbəsinin rəyləri, DT və XK-nın Quba rayon şöbəsi və Zizik Bələdiyyəsi tərəfindən verilmiş alqı-satqı aktının, Bələdiyyə qərarlarının surətindən müəyyən olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün ayrılmışdır. Nəzərə alınmalıdır ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən kənd təsərrüfatına az yararlı torpaq sahəsi olmuşdur. Zizik, Vladimirovka Bələdiyyələrinin qərarlarında müvafiq qeyd edilmiş, bu səbəbdən alqı-satqı predmeti olmuş və həmin qərarların preyudisiallığı şübhə doğurmamalıdır. Nəzərə alınmalıdır ki, məhkəməyə təqdim edilmiş Quba rayon Timiryazev Bələdiyyəsinin məktublarından müəyyən olunur ki, Zizik və Valdimirovka Bələdiyyələri birləşdirilərək Timiryazev Bələdiyyəsi yaradılmış və iddiaçıya torpaq sahələrinin ayılmasına dair bələdiyyə qərarları qüvvədədir və çıxarış alınmasına etiraz etmədikləri bildirilmişdir.

24. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

25. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (həcminin azaldılması) barədə ərizə təqdim edərək, Zizik Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarına əsasən iddiaçıya ayrılmış 12,0 torpaq sahəsinin örüş torpaqlarına aid 4 ha hissəsindən imtina etdiklərini bildirmiş və 80,95 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

26. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər H.Babayeva – məruzəçi, T.Axundov və V.Hacıyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmiş, Quba rayonu Vladimirovka Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarına əsasən iddiaçıya ayrılmış 52,15 ha torpaq sahəsi, Zizik Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarına əsasən ayrılmış 8,0 ha torpaq sahəsi, Zizik Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarına əsasən ayrılmış 20,80 ha torpaq sahəsi olmaqla, ümumilikdə 80,95 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmənin sorğusu əsasında iddia olunan torpaq sahələrinə cavabdeh tərəfindən yerində müayinə edilmiş və bununla bağlı məhkəməyə müayinə aktı təqdim edilmişdir. Müayinə aktından görünür ki: - 52,15 ha torpaq sahəsi DWJ xəritələrində mülkiyyət növü dövlət olmaqla “su obyektləri - çay yatağı” kimi göstərilmiş, sonradan quruduğu üçün yararlı hala salınmış və istifadə olunmuşdur, TEKUİS-ə də əvvəllər “su obyektləri – çay yatağı” kimi işlənilmiş, daha sonra Timirzayev bələdiyyəsinin ##.##.2024-cü il tarixli müraciəti əsasında “xxxx” MMC tərəfindən torpaq tədqiqatı aparılaraq TEKUİS-ə “kənd təsərrüfatı təyinatlı torpaqlar”, “çoxillik əkmələr” uqodiya olaraq düzəlişlər edilmişdir, faktiki olaraq meyvə bağlarıdır; 12 ha torpaq sahəsi DWJ xəritələrində mülkiyyət növü bələdiyyə olmaqla “kənd təsərrüfatı təyinatlı örüş” kimi, TEKUİS-də bir neçə hissəyə bölünməklə, 4,0 ha hissəsi örüş, 8,0 ha hissəsi çoxillik əkmələr – meyvə bağları kimi qeyd edilmişdir, faktiki olaraq meyvə bağlarıdır, üzərində təsərrüfat təyinatlı (anbar/ofis) tikililər vardır; 20,80 ha torpaq sahəsi 5,0 ha, 10,0 ha və 5,8 ha olmaqla, 3 hissədən ibarətdir, DWJ xəritələrində mülkiyyət növü bələdiyyə olmaqla “kənd təsərrüfatı təyinatlı örüş” kimi, TEKUİS-də kənd təsərrüfatı təyinatlı əkin (çoxillik əkmələr – meyvə bağları) kimi qeyd edilmişdir, faktiki olaraq meyvə bağlarıdır.

28. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1.2-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. İşdən görünür ki, Vladimirovka Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** nömrəli, Zizik Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli və ##.##.2006-cı il tarixli, ** nömrəli qərarlarının qəbulu üzrə icraat çərçivəsində torpaq sahəsinin alqı-satqı qaydasında iddiaçıya satılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən rəylər verilmişdir. Həmin rəylərə əsasən, bələdiyyələr tərəfindən ayrılması nəzərdə tutulmuş 52,15 ha, 20,80 ha 12,0 ha torpaq sahələrinin kənd təsərrüfatına yararsız olması nəzərə alınaraq iddiaçıya satılması məqsədəmüvafiq hesab edilmişdir. Cavabdeh hazırda həmin torpaq sahəsinin TEKUİS-ə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğunu qeyd etsə də, iddiaçıya həmin torpaq sahələri ayrılan zaman qüvvədə olan qanunvericiliyin tələbinə müvafiq qaydada Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi torpaqayırma qaydasında müsbət rəylər vermiş və həmin səlahiyyətli qurum ayrılması nəzərdə tutulan torpaq sahələrini kənd təsərrüfatına yararsız sahələr kimi qiymətləndirmişdir.

29. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

30. Kassasiya şikayətinin dəlilləri imtina məktublarının və iddia tələbinə etirazın, habelə, müayinə aktının dəlilləri ilə eynilik təşkil edir.

31. Kassator əlavə olaraq göstərmişdir ki, keçirilmiş müayinə zamanı torpaq sahəsinin daxilindən 110 kv-luq və 10 kv-luq yüksək gərginlikli elektrik xəttləri keçir və həmin torpaq sahəsi mühafizə zonasında yerləşir.

32. Kassasiya şikayətində Torpaq Məcəlləsinin 56.3-cü maddəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 9.1.2-ci maddələrinə, Nazirlər Kabinetinin## #### 2005-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci bəndinin “a” yarımbəndinə istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. ... Maddə 16. Dövlət reyestrində düzəlişlər ... 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

36. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır.

39. Belə ki, hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyatının aparılmasının iddia olunduğu torpaq sahələri müxtəlif bələdiyyə qərarları əsasında üç ayrı yerdə ayrılmışdır: 1) Quba rayonu Vladimirovka Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarına əsasən iddiaçıya ayrılmış 52,15 ha torpaq sahəsi; 2) Quba rayonu Zizik Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarına əsasən iddiaçıya ayrılmış 12,0 ha torpaq sahəsi (dəqiqləşmiş iddia tələbi üzrə 8,0 ha); 3) Quba rayonu Zizik Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarına əsasən iddiaçıya ayrılmış 20,80 ha torpaq sahəsi.

52,15 ha və 8,0 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyatı

40. İlk olaraq, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri iddia tələbinin Quba rayonu Vladimirovka Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarı və Quba rayonu Zizik Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı əsasında iki ayrı yerdə ayrılmış 52,15 ha və 8,0 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı hissəsinə münasibətdə əsassızdır. Həmin hissə ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının 52,15 ha və 8,0 ha torpaq sahələrinə aid hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

42. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbinin 52,15 ha və 8,0 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı hissəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında 52,15 ha və 8,0 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

43. Apellyasiya instansiyası məhkəməsi mübahisənin 52,15 ha və 8,0 ha torpaq sahələrinə münasibətdə müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin 52,15 ha və 8,0 ha torpaq sahələrinə münasibətdə hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

20,80 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı

44. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya instansiyası məhkəməsinə təqdim edilmiş sənədləri araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı 20,80 ha torpaq sahəsinə münasibətdə ləğv edilməli, qeyd edilən 20,80 ha torpaq sahəsinə dair əhəmiyyətli sayda və geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan iş həmin hissədə təkrar apellyasiya baxışına göndərilməlidir.

45. Belə ki, Quba rayonu Zizik Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarına əsasən iddiaçıya bələdiyyənin ümumi istifadəsinə aid alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədi üçün 20,80 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin qərara əsasən iddiaçıya ayrılmış 10 ha, 5 ha, və 5,8 ha torpaq sahələrinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən ##.##.2011-ci il tarixdə AN seriyalı, ****** nömrəli, ****** nömrəli, ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir.

46. Kassasiya instansiyası məhkəməsinə iddiaçının qardaşı X1 və onun etibarnamə üzrə nümayəndəsi X2 ünvanlandığı ##.##.2025-ci il və ##.##.2026-cı il tarixli ərizələrdə göstərilmişdir ki, Quba rayonu, Zizik kəndində yerləşən 20,80 ha torpaq sahəsi iddiaçının anası X3 mülkiyyətində olmuşdur və həmin torpaq sahəsi vərəsəlik işinin predmetidir. Ona görə də, iş üzrə üçüncü şəxslərin hüquqlarına toxunulma halının nəzərə alınması xahiş olunmuşdur.

47. İddiaçının qardaşı X1 və onun etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə təqdim etdiyi sənədlərin surətindən müəyyən edilir ki: - DTXK-nin Quba rayon şöbəsinin rəyinə əsasən Zizik Bələdiyyəsinin mülkiyyətinə aid 20,80 ha torpaq sahəsinin X3 etiraz edilməmişdir. - Torpaq sahəsinin dəyəri olaraq ##.##.2008-ci ildə X3 tərəfindən Zizik Bələdiyyəsinin hesabına 11.000 (on bir min) manat məbləğində pul ödənilmişdir. - Quba rayonu Zizik Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarına əsasən X3 bələdiyyənin ümumi istifadəsinə aid alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədi üçün 20,80 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Zizik Bələdiyyəsinin nümayəndəsi ilə X3 arasında ##.##.2008-ci il tarixdə “Torpaqların alqı-satqısına dair” akt imzalanmışdır. - Zizik Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarına əsasən X3 ayrılmış 9,7 ha, 2,04 ha, 3,16 ha, 2,90 ha və 3,00 ha torpaq sahələrinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən ##.##.2008-ci il tarixdə AN seriyalı, ****** nömrəli, ****** nömrəli, ****** nömrəli, ****** nömrəli, ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir.

48. Təqdim edilmiş sənədlərdən görünür ki, Quba rayonu, Zizik kəndində yerləşən 20,80 torpaq sahəsinə dair həm iddiaçının, həm də onun anası X3 adına Zizik Bələdiyyəsinin eyni tarixli, eyni nömrəli – ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı mövcuddur. Bundan başqa, iddiaçının adına tərtib edilən ##.##.2011-ci il tarixdə AN seriyalı, ****** nömrəli, ****** nömrəli, ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində torpaq sahələrinin ölçüsü 10 ha, 5 ha, və 5,8 ha (cəmi 20,80 ha) kimi qeyd edilsə də, X3 adına tərtib edilən ##.##.2008-ci il tarixdə AN seriyalı, ****** nömrəli, ****** nömrəli, ****** nömrəli, ****** nömrəli, ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində torpaq sahələrinin ölçüsü 9,7 ha, 2,04 ha, 3,16 ha, 2,90 ha və 3,00 ha (cəmi 20,80 ha) kimi göstərilmişdir.

49. İş materiallarında mövcud olan və sonradan kassasiya instansiyası məhkəməsinə təqdim edilən sənədlərin arasında uyğunsuzluqların açıq-aşkar olduğunu qeyd edən məhkəmə kollegiyası bildirir ki, iş materiallarında 20,80 ha torpaq sahəsinə dair iddiaçının adına olan sənədlərin arxiv nüsxəsi olsa da, iddiaçının anası X3 adına olan sənədlərin arxiv nüsxəsinin olub-olmamasını, həmin sənədlərin mötəbərliyini hazırkı halda müəyyən etmək mümkün deyildir.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

51. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə ## ####### 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.

52. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə Quba rayonu, Zizik kəndində yerləşən 20,80 torpaq sahəsinə dair həm iddiaçının, həm də X3 adına mövcud olan Quba rayonu, Zizik Bələdiyyəsinin eyni tarixli, eyni nömrəli – ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə bağlı bütün ziddiyyətlər aradan qaldırılmalıdır.

53. Ona görə də, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi həm iddiaçı, həm də X3 barəsində torpaq ayrılması ilə bağlı bələdiyyə tərəfindən aparılmış icraatın və sənədlərin mötəbərliyini yoxlamalı, həm iddiaçının, həm də X3 adına olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərindəki torpaq sahələrinin üst-üstə düşübdüşməməsini müəyyən etməli, torpaq sahələri üst-üstə düşmədiyi təqdirdə hər iki şəxsə bələdiyyənin eyni tarixli və eyni nömrəli qərarı ilə torpaq ayrılmasının əsaslarını araşdırmalıdır.

54. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman zərurət yaranacağı halda iş üzrə üçüncü şəxsin (şəxslərin) cəlb edilməsi ilə bağlı məsələ də həll edilməlidir. Belə ki, iddiaçının qardaşı X1 və onun etibarnamə üzrə nümayəndəsi X2 ##.##.2025-ci il və ##.##.2026-cı il tarixli ərizələrində Quba rayonu, Zizik kəndində yerləşən 20,80 ha torpaq sahəsinin iddiaçının anası X3 mülkiyyətində olduğundan həmin torpaq sahəsinin vərəsəlik işinin predmeti olması göstərilmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsində işə təkrar baxılan zaman X3 üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı xüsusat tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmalı, X3 vəfat etməsi müəyyən edilərsə, onun vərəsələrinin müəyyən edilməsi və vərəsələrin (hüquqi varislərin) işə cəlb edilməsi ilə bağlı məsələ də həll edilməlidir.

55. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir.”

56. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı qismən – Quba rayonu Zizik Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarına əsasən ayrılmış 20,80 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi hissəsində ləğv edilməli, iş ləğv edilən hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı Quba rayonu Vladimirovka Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarına əsasən ayrılmış 52,15 ha torpaq sahəsi və Zizik Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarına əsasən ayrılmış 8,0 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı qismən – Quba rayonu Zizik Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarına əsasən ayrılmış 20,80 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi hissəsində ləğv edilsin. İş ləğv edilən hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı Quba rayonu Vladimirovka Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarına əsasən ayrılmış 52,15 ha torpaq sahəsi və Zizik Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarına əsasən ayrılmış 8,0 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar