Məhkəmə qərarları › İş №2-1(102)-3339/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3339/2025

15.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3339/2025 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: fövqəladə hallar orqanlarında xidmət etmiş xüsusi rütbəli şəxsə təyin edilmiş əmək pensiyası məbləğinin bərpa edilməsi; “xidmət stajı”; “təqvim üzrə xidmət illəri” və “güzəştli xidmət illəri”; tutulmuş pensiya məbləğinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI

1. Iddiaçı İddiaçı ##.##.1969-cu il təvəllüdlüdür (AA******* nömrəli şəxsiyyət vəsiqəsi).

2. Iddiaçıya ## ##### 2013-cü il tarixdə fövqəladə hallar orqanlarında xidmət etmiş xüsusi rütbəli şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. Daha sonra Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli *-**-*/*-*****/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə iddiaçıya təyin edilmiş 894,80 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanaraq 774,39 manat məbləğinə endirilməsi qərara alınmışdır.

4. Bundan sonra iddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək, əvvəlki pensiya məbləğinin bərpa edilməsini xahiş etmiş, cavabdeh ##.##.2024-cü il tarixli, *-**-*/*-C- ******/**** nömrəli məktubla müraciətin icrasından imtina etmişdir. Imtina onunla əsaslandırılmışdır ki, iddiaçıya dair vaxtilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən son 24 ay üzrə ödənilmiş orta aylıq əməkhaqqı barədə göndərilən məlumatlarda təqvimi xidmət illəri Qanunun 9.7-2-ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən tələb edilən 25 ildən az - 22 il təşkil edir. Qanunun 20.28-ci maddəsinə əsasən, Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin (xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş fövqəladə hallar orqanlarının işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla)) əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, əmək pensiyası təyin edilir. Göründüyü kimi, iddiaçının əmək pensiyasının təyin edildiyi tarixə (# ##### 2013-cü il) qanunla müəyyən edilmiş yaş həddinə (həmin tarixə kişilər üçün yaş həddi 63 yaş idi, lakin iddiaçının həmin dövrə 43 yaşı (təvəllüdü: ##.##.1969-cu il) var idi) çatmadığını və əmək pensiyası hüququnun yarandığı dövrdə tələb olunan 25 il xidmət müddəti olmadığı üçün ona Qanunun sözügedən maddəsinə uyğun əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildi. Lakin yuxarıda qeyd olunan hallar nəzərə alınmadan təqdim olunmuş ## ### 2013-cü il tarixli məktuba və ona əlavə olunmuş son 24 ay üzrə orta aylıq əməkhaqqı barədə sənədlərə əsasən Mərkəzi Filial tərəfindən iddiaçıya # ##### 2013-cü il tarixindən 26 il 7 ay 19 gün (təqvimi xidmət illəri 22 il 3 ay 17 gün, güzəştli xidmət illəri 4 il 4 ay 2 gün) xidmət müddətinə görə təminat xərcliyinin 80 faizi miqdarında yaşa görə əmək pensiyası təyin edilmişdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçıya dair daxil olmuş yeni məlumat vərəqinə əsasən, onun əmək pensiyası Qanunun 20.14.1-ci maddəsinin 2017-ci il # #### tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq təminat xərcliyinin 68 faizi miqdarında müəyyən edilmiş, # #### 2017-ci il tarixindən sonrakı müvafiq artımlar (iddiaçıya münasibətdə # #### 2018-ci il, # #### 2019-cu il, # ### 2019-cu il və # ######## 2019-cu il tarixindən) isə # ###### 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## #### tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun qaydada 63,17 faiz miqdarında hesablanmış, həmin tarixdən əvvəlki təminat xərcliyinin 68 faizi həcmində müəyyən edilmiş əmək pensiyasının üzərinə əlavə olunmaqla, pensiyası 551,95 manat məbləğində müəyyən edilmişdir. Qanunun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya son üç il üzrə 3734,46 manat artıqpul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin 3734,46 manat pul vəsaiti cari ilin aprel ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildirilir ki, Qanunun # ###### 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə cari ilin 1 yanvar tarixindən də indeksləşdirilməsi nəticəsində iddiaçının əmək pensiyası 774,39 manat məbləğində müəyyən edilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarının ləğv edilməsi, yaşa görə əmək pensiyası məbləğinin ## ##### 2024-cü il tarixdən bərpa edilməsi, məhkəmə qərarı qüvvəyə mindiyi tarixədək ondan tutulmuş pensiya məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona cavabdeh orqan tərəfindən 2013-cü ilin aprel ayından Fövqəladə Hallar Nazirliyində 30 il xidmət illəri (25 il 3 ay təqvimi, 4 il 10 ay güzəştli) nəzərə alınmaqla əmək pensiyası təyin edilmişdir. 2024-cü ilin aprel ayında pensiyanın məbləği azalmışdır. Bunun səbəbini bilmək məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqanın ## ### 2024-cü il tarixli məktubunda yenidən araşdırma zamanı pensiyanın məbləğinin azaldılması və artıq ödənilən 3734,46 manat məbləğin bu ilin aprel ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa olunması qeyd edilmişdir. Pensiyası həmin tarixdə qüvvədə olan qanuna əsasən hesablanmışdır. Sonradan qanuna dəyişiklik edilməsi onun pensiyasının məbləğinin azalmasına səbəb ola bilməz. Hesab edir ki, cavabdehin bu hərəkəti qanunun tələblərinə ziddir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmiş, etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır.

8. Sumqayıt Inzibati Məhkəməsinin (hakim: R.T.Həsənov) ## ### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin iddiaçı barəsində qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” ## ##### 2024-cü il tarixli, 3- 17-1/3 *-****/**** nömrəli qərarı ləğv edilmiş, yaşa görə əmək pensiyası məbləğinin ## ##### 2024-cü il tarixdən bərpa edilməsi, məhkəmə qərarı qüvvəyə mindiyi tarixədək iddiaçıdan tutulmuş pensiya məbləğinin ona geri qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati orqan ilk dəfə iddiaçıya ##.##.2013-cü ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdir. Cavabdeh inzibati orqan hazırda mübahisələndirilən ## ##### 2024-cü il tarixli, *-**- */*-*-****/**** nömrəli qərarı qəbul edərkən “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, imtina məktubunda, iddiaya etirazında və şikayətində hansı hallara görə ##.##.2013-cü il tarixdə qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz ##.##.2024-cü il tarixli qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamış, ümumiyyətlə, pensiya məbləğinin dəyişdirilməsinin səbəblərini qərarda bildirməmişdir. Cavabdehin istinad etdiyi əmək pensiyasının təyin edilməsinin düzgün olmadığını bilməli olduğu vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv təyin edilməyə səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “Inzibati icraat haqqında” Qanunun 67.6.1ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, T.B.Axundov və V.M.Hacıyev) ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 12.1. Cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 9.7-2-ci maddəsində göstərilən “xidmət stajı” ifadəsini təqvim üzrə xidmət illəri olaraq qəbul edir, bu səbəbdən, iddiaçının təqvimi xidmət illərini həmin normada göstərilən 25 ildən az - 22 il olduğunu hesab edir. Bu baxımdan, məhkəmə kollegiyası həmin normada göstərilən, ümumiyyətlə, “xidmət stajı”, “təqvim üzrə xidmət illəri” və “güzəştli xidmət illəri” anlayışlarına aydınlıq gətirilməsini zəruri hesab edir. Belə ki, məhz qeyd olunan anlayışların dəqiq təhlil edilməsi, “xidmət stajı”na təqvimi və güzəştli xidmət illərinin daxil olub-olmamasının araşdırılması hazırkı halda iddiaçının Qanunun 9.7-2-ci maddəsinə əsasən pensiya hüququnun olub-olmamasının müəyyən edilməsi baxımından vacibdir. Bununla bağlı kollegiya, ilk növbədə, qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun özündə təqvim üzrə xidmət illəri və xidmət stajı anlayışları ayrı-ayrı anlayışlar olaraq göstərilmişdir. Belə ki, Qanunun yuxarıda istinad edilən 9.5.1-ci maddəsində hərbi qulluqçunun pensiya hüququnun yaranması üçün tələb - 25 təqvim ili, 9.7-2-ci maddəsində isə fövqəladə hallar orqanlarında xidmət etmiş xüsusi rütbəli şəxsin pensiya hüququnun yaranması üçün tələb olaraq isə 25 il xidmət stajı göstərilmişdir. 12.2. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair ## ### 2020-ci il tarixli qərarında qeyd olunan anlayışlara izah verilərək qeyd edilmişdir ki, xidmət müddəti (qulluq illəri) fasiləsiz xidmət illəri ilə yanaşı, güzəştli illəri də əhatə edir. Nazirlər Kabinetinin 2004-cü il ## #### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 6-cı bəndinə görə, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar daxili işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanmasında nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsi ilə hərbi xidmətdə olan şəxslərin əmək pensiyasına əlavələrin hesablanması zamanı xidmətin güzəştli sayılan hissəsinin nəzərə alınması müəyyən edilmişdir. Yəni, xidmət illərinə güzəştli xidmət illəri daxil edilir. Bununla bağlı qeyd edilməlidir ki, Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na Əlavədə əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan Məlumat Vərəqəsinin 7-ci və 8-ci bəndlərində hərbi qulluqçuların həm təqvim üzrə xidmət illəri, həm də güzəştli xidmət illərinə dair məlumatın göstərilməsi müəyyən edilmişdir. Həmçinin, təminat xərcliyinin hesablanmasını nəzərdə tutan 14-cü bənddə qeyd edilən pul təminatından pensiya hesablanarkən faiz dərəcələri şəxsin ümumi (təqvimi və güzəştlinin cəmi) xidmət illərinə münasibətdə hesablanır. 12.3. Eləcə də, NK-nın 2007-ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na * nömrəli əlavə - “Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan “Məlumat vərəqi”nin 2-ci bəndində xidmət illəri və sığorta stajı ilə bağlı məlumatlar: 2.3. Təqvim üzrə xidmət illəri (il, ay, gün) 2.4. Güzəştli xidmət illəri (il, ay, gün) 2.5. Cəmi iş stajı və xidmət illəri (iş stajı və xidmət illəri, güzəştli xidmət illəri / il, ay, gün) göstərilmişdir. Həm Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən, həm də “Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan məlumat vərəqi”nin məlumatlarından müəyyən edilir ki, xidmət illəri geniş anlayış olmaqla, özündə həm təqvimi, həm də güzəştli xidmət illərini ehtiva edir. Iddiaçı da xüsusi rütbəli şəxs olmaqla, onun barəsində xidmət etdiyi orqan tərəfindən verilmiş məlumat vərəqində yuxarıda qeyd edildiyi kimi, təqvim üzrə xidmət illəri– 22 il 03 ay 17 gün, güzəştli xidmət illəri 04 il 04 ay 02 gün, cəmi iş stajı və xidmət illəri – 26 il 07 ay 19 gün qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.7-2-ci maddəsində göstərilən “xidmət stajı” ifadəsi də müvafiq olaraq özündə xüsusi rütbəli şəxsin həm təqvimi, həm də güzəştli xidmət illərini birləşdirir. Belə olan halda, müəyyən edilir ki, iddiaçının Qanunun 9.7-2-ci maddəsində göstərilən anlamda 25 ildən artıq xidmət stajı vardır. Odur ki, iddiaçıya ##.##.2013-cü il tarixdən 25 ildən artıq xidmət stajı nəzərə alınaraq xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilməsi qanuni və əsaslı olmuşdur. 12.4. Bu baxımdan, cavabdeh tərəfindən iddiaçının xüsusi rütbəli şəxs kimi həmin əmək pensiyasının sonradan hərbi qulluqçu kimi pensiyaya əlavələr qaydasında yenidən hesablanmasına dair qəbul edilmiş qərar qanunsuz və əlverişsiz inzibati aktdır. Belə inzibati akt isə “Inzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinin tələbinə görə ləğv edilməlidir. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçıya ##.##.2013-cü il tarixdə əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın şərti olaraq qanunsuz inzibati akt olduğu qəbul edilsə belə, bu aktın dəyişdirilməsi üçün Qanunda nəzərdə tutulmuş 1 illik müddət ötürülmüşdür. Hazırkı işin hallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə ##.##.2024-cü il tarixli, *-**-*/*-*****/**** nömrəli qərarı qəbul edərkən “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, iddiaya etirazında və apellyasiya şikayətində hansı hallara görə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə 2013-cü ildə qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların bundan 11 ilə yaxın müddət keçdikdən sonra - məhz ##.##.2024-cü il tarixli qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmamasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. Iddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Bundan başqa, cavabdehin pensiya alt sistemi məlumatlarından görünür ki, iddiaçının pensiyasından qeyd edilən qanunsuz inzibati akt əsasında 2024-cü ilin aprel ayından dekabr ayınadək olan dövr ərzində hər ay 77,43 manat məbləğində tutulmalar aparılmışdır. Kollegiya hesab edir ki, cavabdehin iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə qərarı, eləcə də, tutulmaların aparılması ilə bağlı hərəkətləri qanunsuz və əlverişsizdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir.

13. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayəti iddiaya etiraz və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

16. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un # dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.7-2. Fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il xidmət stajı olan işçilərin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; ... Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; ... 20.1.20. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş fövqəladə hallar orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla); 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə- 3 faizi) miqdarında əlavə olunmaqla ............... məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. ... 20.28. Bu Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.28.1. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.28.2. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı xidmət stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.

17. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu (##.##.2017-ci il tarixədək qüvvədə olan redaksiyası): Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; ... 9.7-2. Fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il xidmət stajı olan işçilərin yaşa görə əmək pensiyası hüququ vardır; ... Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; ... 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin– 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin- 3 faizi miqdarında əlavə olunmaqla ............... məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər.

18. Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. ... 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. ... 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. ...

19. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında ## ##### 2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarının ləğv edilməsi, yaşa görə əmək pensiyası məbləğinin ## ##### 2024-cü il tarixdən bərpa edilməsi, məhkəmə qərarı qüvvəyə mindiyi tarixədək ondan tutulmuş pensiya məbləğinin geri qaytarılması ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə mövqeyi ilə razılaşmışdır.

26. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar