Məhkəmə qərarları › İş №2-1(102)-334/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-334/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-334/2021 09.02.2021 ALİ MƏHKƏMƏ İddiaçının Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə (Açar sözlər: qaçqın statusu verilmədindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçının cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi, qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.11.2020-ci il tarixli, 2-1(103)-1818/2020 nömrəli qərarından iddiaçı tərəfi ndən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI 1. xx.xx.1991-ci ildə Əfqanıstan İslam Respublikasının Qəzni vilayətinin Cağori ulusvaliliyinin Çəharşonbiye Davud kəndində doğulmuş və hazırda da həmin ölkənin vətəndaşı olan iddiaçı 15.01.2020-ci il tarixdə ona arvadı ilə birlikdə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə Xidmətə müraciət etmişdir.

2. İddiaçının vəsatətinə Xidmət tərəfindən təşkil olunmuş Komissiya tərəfindən baxılmış və 20.04.2020-ci il tarixli, *** nömrəli qərarla ona və ailə üzvünə (arvadı) qaçqın statusunun verilməsindən imtina edilmişdir.

3. Cavabdeh orqan imtinanı belə əsaslandırmışdır ki, iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini baxışlarına görə təqib olunmadığı, iddiaçının və ailə üzvünün vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadıqları müəyyən edilmişdir. İddiaçının qaçqın statusu alınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulmuş və hər hansı bir mötəbər sübut Xidmətə təqdim olunmamışdır. İddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ona qaçqın statusu verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xidmətin *** №-li, 20.04.2020-cu il tarixli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarının qanunsuz hesab edilərək ləğ v edilməsi, cavabdehin üzərinə 15 yanvar 2020-ci il tarixli vəsatətini təmin edərək ona və arvadına qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Əfqanıstan İslam Respublikası vətəndaşı və etnik olaraq həzara, dini mənsubiyyətinə görə şiə müsəlmandır. xx.xx.1991-ci ildə Əfqanıstan İslam Respublikasının Qəzni vilayətinin Cağori ulusvaliliyinin Çəharşonbiye Davud kəndində anadan olub. Orta məktəbi yaşadığı kənddə bitirmişdir. 2011-2012-ci illərdə Kabildə X1 adlı peşə məktəbində mühəndis köməkçisi ixtisasında təhsil almış, sonradan Maarif Nazirliyində mühəndis müavini, 01.06.2012-ci ildən 15.09.2015-ci ilədək X2 şirkətində, 2018-ci ildən isə müstəqil seçki komissiyasında təxminən 9 ay çalışmışdır. “X2” şirkətində Amerika lılarla birlikdə işlədiyi üçün, eləcə də seçki komissiyasında işlədiyi üçün taliban tərəfindən ittiham edilmiş və axtarışa verilmişdir. Bu barədə yaşadığı Çəharşonbiye Davud kəndinin ağsaqqalı ona məlumat vermişdir. Həyatı təhlükədə olduğu üçün ölkəsini tərk edərək arvadı ilə birlikdə 22.12.2019-cu ildə viza əsasında Özbəkistana, 25.12.2019-cu ildə isə Özbəkistandan Azərbaycan Respubliksına gəlmişdir. Bundan əlavə, o, həzara olduğuna görə anti-həzara silahlı qruplaşmaları tərəfindən təqib riski altındadır. O, 25 dekabr 2019-cu ildə Azərbaycana gəlib. 15 yanvar 2020-ci ildə sığınacaq vəsatəti ilə müraciət edib. Xidmət onun vəsatətini 13-2020 saylı iş nömrəsi ilə qeydiyyata alıb və ona müsahibə aparıb. O, bildirmişdir ki, dini-etnik məsubiyyətinə və “X2” şirkətində amerikalılarla və seçki komissiyasında işlədiyi üçün Taliban tərəfindən təhdid edildiyi və axtarıldığı üçün Əfqanıstana geri qayıtmaq istəmir. Xidmətin qərarları ilə vəsatəti təmin edilməmişdir. Hesab edir ki, Xidmətin qərarları qanuni və əsaslı deyildir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4642/2020 saylı 21 avqust 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin olunmaması qərara alınmışdır.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçı özünün fərdi təqib qorxusu ilə bağlı hər hansı əsaslı iddia irəli sürmür, irqi əlamətinə, milliyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusundan ehtiyat etmir. İddiaçının istinad etdiyi ümumi narahatlıq isə özü-özlüyündə qaçqın statusunun verilməsi üçün əsas təşkil etmir. İddiaçı onun barəsində sözügedən haldan irəl i gələn irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsində görə mövcud olan əsaslı təqib qorxusunun mövcudluğunu dəstəkləyən hər hansı inandırıcı və mötəbər sübut da təqdim etməmişdir. Bundan başqa, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən də təqibə məruz qalmamışdır.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.11.2020-ci il tarixli, 21(103)-1818 /2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – V.M.Ağayev, hakimlər – A.B.Nuriyeva və A.Ə.Hüseyn) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4642/2020 saylı 21 avqust 2020-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Məhkəmə qərarının iddiaçıya nə vaxt təqdim edildiyi göstərən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir.

12. Məhkəmə qərarından iddiaçı 08.12.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.11.2020-ci il tarixli, 21(103)-1818/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xa hiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt iddiaçnın etnik-dini mənsubiyyətinə və müəyyən sosial qrupa mənsubiyyətinə görə təqib edilməsi riskidir. Cavabdeh iddiaçının əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Bundan başqa, cavabdeh iddia üçün əsas ola bilən halları - ərizəçinin və ailə üzvlərinin etnik m ənsubiyyətinə görə taliblər tərəfindən təqibə məruz qaldıqları üçün həyatlarına təhlükənin yarandığını müəyyən və təhlil etməmiş, bununla da “İnzibati icraat haqqında” Qanunun 10, 19, 21, 26, 45-ci maddələrində göstərilən tələbləri pozmuşdur. Məhkəmə isə göstərilən hallara qiymət vermədən qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və y a qayıtmaq istəməyən şəxsdir.

17. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkədaxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.

18. Azərbaycan Respublikası Prezidentinin 13.11.2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən “Qaçqın” statusu verilməsi bar ədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.

19. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin on un yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. 20. “Qaçqınların statusu haqqında” 1951-ci il Konvensiyasının 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün “qaçqın” anlayışı: irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə təqib ediləcəyinə dair əsaslı qorxunun olması səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və həmin qorxunun ucbatından bu ölkənin müdafiəsindən yararlanmaq istəməyən, yaxud vətəndaşlığı olmayan və yuxarıdakı səbəblərlə bağlı hadisələr nəticəsində adətən əvvəllər yaşadığı ölkədən kənarda olan və ya həmin səbəblərlə bağlı qorxu ucbatından oraya qayıda b ilməyən və ya qayıtmaq istəməyən istənilən şəxsə şamil olunur.

21. Həmin Konvensiyanın 3-cü maddəsinə görə razılığa gələn dövlətlər bu Konvensiyanın müddəalarını qaçqınlara irqi, dini əlamətə və ya mənşəcə mənsub olduğu ölkəyə görə heç bir ayrı-seçkilik qoymadan tətbiq edəcəklər. 22. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur

23. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

24. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzi bati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

25. İnzibati Prosessual Məcəllənin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

26. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtın da verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İddiaçının əsas dəlili cavabdeh tərəfindən inzibati icraatın qanunauyğun aparılmaması, iddiaçının Əfqanıstanı tərk etməsinə və ora qayıda bilməməsinə dair dəlillərinin cavabdeh orqan tərəfindən tam, hərtərəfli araşdırılmamasıdır. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi də qərar qəbul edərkən bu hallara qiymət verməmişdir.

31. Kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 16-21-ci bəndlərində “qaçqın” statusunun anlayışı, həmin statusun verilməsi əsasları və proseduru göstərilmişdir.

32. İşin mübahisəsiz hallarına görə, iddiaçı müvafiq vəsatətlə cavabdeh orqana müraciət etdikdən sonra həmin orqan tərəfindən vəsatətin araşdırılması üçün şəxsi iş açılmış, iddiaçının təqdim etdiyi sənədlərin kserosurəti şəxsi işə əlavə edilmiş, iddiaçı və onun arvadı ilə müsahibə keçirilmiş, nəticədə iddiaçıya “qaçqın” statusunun verilməsi üçün əsasların olmadığı qənaətinə gəlinmişdir. 33 Göründüyü kimi, cavabdeh orqan həm “İnzibati icraat haqqında” Qanunun, həm də ““Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun tələblərinə əməl etmiş, həmin Qanunlarda nəzərdə tutulan prosedur qaydalara riayət etmişdir.

34. İddiaçı ölkəsini tərk etməsini Əfqanıstanda qarşılaşdığı mənəvi və fiziki təzyiqlərlə əlaqələndisə də, nə cavabdeh tərəfindən inzibati icraat aparılan zaman, nə də işə məhkəmələr tərəfindən baxılarkən dini mənsubiyyətinə görə, məhz həzarə olduğuna görə hər hansı cinayət təqibinə məruz qalmasını (polisdə saxlanılma, tavandan asma, zorlama ilə hədələmə, elektroşokun tətbiqi, başını suya salınması, döymə və bəndəni siqaretlə yandırma – bütün bunlar, şübhəsiz ki, 3-cü maddənin tələb etdiyi qəddarlıq səviyyəsinə çatan cəza praktikalarıdır, işgəncə və qəddar rəftar iddialarının səlahiyyətli orqanlar tərəfindən araşdırılmaması, şikayətlərinə baxmaqdan imtina edilməsi və məcburiyyət altında ittiham hökmlərini təmin etmək üçün alınmış etiraflardan istifadə edilməsi) təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

35. Hazırkı qərarın 25-ci bəndində göstərilən normanın tələbindən də göründüyü kimi, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

36. Hazırkı iş üzrə iddiaçı ona “qaçqın” statusunun verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, yəni iddiaçının Əfqanıstan İslam Respublikasına qayıdacağı təqdirdə işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala biləcəyinə dair real riskin mövcud olmasını sübut edə bilməmişdir.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız olduğundan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkməsinin qərarını dəyişdirmədən saxlamışdır.

38. Odur ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti rədd edilməlidir.

39. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.11.2020-ci il tarixli, 21(10 3)-1818/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar