Məhkəmə qərarları › İş №2-1(102)-3352/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3352/2025

02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3352/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı X1 cavabdeh Abşeron rayon Icra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil növbəsinə götürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, Iddiaçı X1 cavabdeh Abşeron rayon Icra Hakimiyyətinə qarşı “mənzil uçotuna götürülməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı ##.##.1972-ci il təvəllüdlüdür. Birinci Qarabağ müharibəsi iştirakçısıdır, müddətsiz ll dərəcəli müharibə əlilidir. 2.##.##.2024-cü il tarixli, ********** saylı əlillik alt sistemindən çıxarılmış arayışın surətindən görünür ki, X1 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. O, 2023-cü ildən ünvan 1 ünvanında pasport qeydiyyatındadır. 3.Abşeron rayon Icra Hakimiyyəti Başçısının Digah qəsəbə Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ## ###### 2024-cü il tarixli, *** nömrəli arayışından görünür ki, X1 ailəsi ilə birlikdə həqiqətən Abşeron rayon, Digah qəsəbəsi, Ə.Xəqani küçəsində fərdi yaşayış evində 2016-cı ildən qeydiyyatsız yaşayır. 4.Iddiaçı II qrup vətən müharibəsi əlili kimi mənzil növbəsinə götürülməsi ilə bağlı cavabdehə müraciət etmişdir. 5.Cavabdeh ##.##.2024-cü il tarixli məktubla bildirmişdir ki, XDS Icraiyyə Komitəsinin ## ###### 1983-cü il tarixli qərarı ilə "Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları"nın 8-ci bəndinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxslər Abşeron rayon Icra Hakimiyyətində mənzil uçotuna o halda götürülürlər ki, azı son beş il ərzində Abşeron rayonunda yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayış müddəti Abşeron rayonunda pasport qeydiyyatının olması ilə müəyyən edilir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat 6.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mənzil uçotuna götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 7.Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ###### 1972-ci il təvəllüdlüdür, ünvan 2 ünvanında pasport qeydiyyatında olmaqla, Abşeron rayonu, Digah qəsəbəsi, Ə.Xəqani küçəsində yerləşən fərdi evdə faktiki yaşayır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, ikinci dərəcəli əlilliyi vardır. Əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədardır. Mənzil uçotuna götürülməsi ilə bağlı iş üzrə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən ərizənin icrasından imtina edilmişdir. 8.Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ##### 2025-ci il tarixli qərarı ilə (hakim R.Həsənov) iddia təmin edilmişdir. 9.Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, hazırda qüvvədə olan Abşeron Rayon XDS Icraiyyə Komitəsinin ## ###### 1983-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın 8-ci bəndinə əsasən “yaşayış sahəsinə ehtiyacı olan şəxslər Abşeron Rayon Icra Hakimiyyətində o halda mənzil uçotuna götürülürlər ki, azı son 5 (beş) il ərzində Abşeron rayonunda yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsun. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X1 2016-cı ildən Abşeron rayonu, Digah qəsəbəsi, Ə.Xəqani küçəsində yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Həmçinin, iddiaçı ünvan 2 ünvanında pasport qeydiyyatındadır. Belə olan tədqirdə, cavabdehin imtinası əsassız olmuşdur. 10.Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı ilə (hakimlər: V.Əzizova /sədrlik edən və məruzəçi/, G.Cabbarova və İ.Quliyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddiaçı X1 cavabdeh Abşeron rayon Icra Hakimiyyətinə qarşı mənzil uçotuna götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia tələbi təmin edilməmişdir.

15. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı faktiki olaraq 2016-cı ildən Abşeron rayonu ərazisində yaşamasını təsdiq edən sübutlar kimi Abşeron rayon Icra Hakimiyyəti Başçısının Digah qəsəbə IƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş müvafiq arayışı, övladlarının 2016-cı il və 2019-cu illərdə Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən A.Qambayzadə adına *** nömrəli orta məktəbi bitirmələri barədə ümumi orta təhsil haqqında attestatları və 2022-ci ildən Digah qəsəbəsi üzrə poliklinikada uçota alınması barədə tibb kartasını təqdim etmişdir. Məhkəmə kollegiyası iddiaçının övladlarının Abşeron rayonunda Digah qəsəbəsində yaşadıqları halda, Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən orta məktəbdə təhsil almalarını ağlabatan hesab etməmiş və bu halların iddianın təmin edilməsi üçün yetərli olmadığını qeyd etmişdir.

16. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri:

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz növbəsində yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilir. Çünki o, iş materiallarına əlavə olunmuş ##.##.2024-cü il tarixli, ********** saylı əlillik alt sistemindən çıxarılmış arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Yəni, həm müharibə veteranı, həm də əlilliyi olan şəxsdir. Belə hesab etmək olar ki, həmin şəxs bütün əsaslara görə mənzil növbəsində uçota alına bilər.

TƏTBIQ EDILƏN HÜQUQ

18. Mənzil Məcəlləsi: Maddə 4.0 və 4.0.2. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə.

19. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanun 2.1 Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 27.0. Dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir; Maddə 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.

21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə apellyasiya şikayətinin dəlilləri zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Işin hallarına görə, iddiaçı 2016-cı ildən etibarən faktiki olaraq Abşeron rayonu, Digah qəsəbəsi, Ə.Xəqani küçəsində yerləşən fərdi evdə yaşadığını bildirir, lakin o, ünvan 2 ünvanına rəsmi qeydiyyata yalnız 2023-cü ildən götürülmüşdür. Iddiaçı 2016-cı ildən Abşeron rayonu ərazisində faktiki yaşadığını bildirsə də, bu barədə mötəbər sübutları təqdim edə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiası təmin edilməmişdir.

28. Iddiaçı yuxarıda qeyd olunan ünvanda faktiki yaşadığını sübut etmək məqsədilə müxtəlif sənədlər - Digah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin arayışı, övladlarının 2016 və 2019-cu illərdə təhsil aldıqlarını təsdiq edən məktəb sənədləri, həmçinin 2022-ci ildən poliklinik qeydiyyatını göstərən tibbi arayışları təqdim etmişdir.

29. Həmin sənədlərə münasibətdə apelyasiya məhkəməsi göstərmişdir ki, iddiaçının övladlarının Abşeron rayon Dilgah qəsəbəsində yaşadıqları halda Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən orta məktəbdə təhsil almaları ağlabatan hesab olunmur. Həmin sənədlər iddianın təmin edilməsi üçün yetərli deyil. Bununla da məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının tələbi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsində və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 31.1-ci maddəsində nəzərdə tutulan dispozisiya şərtlərinə uyğun deyildir.

30. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, əlavə olaraq onu da qeyd edir ki, “yaşayış sahəsinə ehtiyacı olan şəxs” anlayışı yalnız formal hüquqi vəziyyətlə - yaşayış sahəsi üzrə qeydiyyatla deyil, məhz onun faktiki yaşayış yeri üzrə real yaşayış sahəsinə ehtiyacının mövcudluğu ilə müəyyən edilməlidir. Yəni, şəxsin müvafiq ünvanda qeydiyyatda olması və ya hüquqi statusunun dəyişməsi hələ onun yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilməsi üçün yetərli sayılmamalıdır.

31. Nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

32. Iddiaçının Abşeron rayonunda 2023-cü ildən qeydiyyata düşməsi faktı hələ özüözlüyündə onun faktiki olaraq daimi şəkildə Abşeron rayonunda yaşamasını və həmin ərazi ilə möhkəm, davamlı sosial-məişət və hüquqi bağlılığının mövcud olmasını sübuta yetirmir.

33. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən şəxsin yaşayış yeri anlayışı yalnız inzibati qeydiyyatla məhdudlaşmır, bu hal həm də faktiki yaşama, ailə, əmək fəaliyyəti, sosial münasibətlər və digər obyektiv hallar əsasında müəyyən edilməlidir. Şəxsin müəyyən ünvanda qeydiyyata düşməsi onun həmin ünvanda real olaraq daimi yaşadığını birmənalı şəkildə təsdiqləmir, çünki qeydiyyat formal xarakter daşıya və müxtəlif səbəblərlə, o cümlədən hüquqi, məişət və ya müvəqqəti ehtiyaclarla əlaqədar həyata keçirilə bilər.

17. Odur ki, hazırkı işdə iddiaçının 2023-cü ildən Abşeron rayonunda qeydiyyata alınana qədər faktiki olaraq da həmin ünvanda yaşaması və həmin əraziyə yuxarıda qeyd olunan bağlılığı müəyyən olunmadığı üçün cavabdeh inzibati orqanın iddiaçının mənzil növbəsinə götürülməsi ilə bağlı müraciətini təmin etməkdən imtinası qanuni və əsaslı olmuşdur.

18. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar