Məhkəmə qərarları › İş №2-1(102)-3353/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3353/2025

08.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3353/2025 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi (əmək kitabçasının mötəbərliyi); güzəştli arayış; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, 57 yaşının tamam olduğu ## #### 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (## #### 2023-cü il) əvvəlki üç il üçün, yəni ## #### 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1- 1-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun # ###### 2006-cı il tarixə kimi 25 ildən çox əmək stajı olmuş və bunun 12 il 6 ayından çoxu güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajına aid olmuşdur. Cavabdeh inzibati orqan icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan haqqında məlumat öz əksini tapmamışdır.

3. Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Azərikimya” Istehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun onun barəsində ## ###### 2023-cü il tarixli, 199 və *** nömrəli arayışlarında ## ##### 2000-ci il # ###### 2002-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin “X1”ndə Qazanxana və Turbin Generator üzrə böyük maşinist, # ###### 2002-ci il - ## ##### 2003-cü il tarixləri arasındakı dövr ərzində isə maşinist vəzifəsində işlədiyi qeyd olunmuşdur. Iddiaçının işlədiyi “Etilen-Polietilen” zavodunun fəaliyyət sahəsinin sözügedən arayışlarda istinad edilən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda nəzərdə tutulan elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı sahəsinə aid olmadığı müəyyən olunmuşdur. Bu səbəbdən də iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (11 il 7 ay 21 gün (## ##### 1985-ci il - # ###### 1996-cı il tarixləri arasındakı dövr)) təşkil etdiyi müəyyən olunmuşdur.

4. Sumqayıt Inzibati Məhkəməsinin (hakim: K.Ə.Həbibova) ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı 57 yaşının tamam olduğu ## #### 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (## #### 2023-cü il) əvvəlki üç il üçün, yəni ## #### 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının ümumi sığorta stajı mübahisələndirilmir. Etirazın dəlilinə görə, “Azərikimya” Istehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun iddiaçı barəsində ## ###### 2023-cü il tarixli, 199 və *** nömrəli arayışlarında ## ##### 2000-ci il – # ###### 2002-ci il tarixləri arasındakı dövr ərzində maşinist vəzifəsində işlədiyi qeyd olunsa da, işlədiyi müəssisənin fəaliyyət sahəsinin yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı sahəsinə aid deyil. Bu səbəbdən həmin dövr güzəştli iş stajı kimi götürülə bilməz. Halbuki, məhkəmənin sorğusuna əsasən təqdim edilmiş “Azərikimya” Istehsalat Birliyi “Etilen-Polietilen” Zavodunun # ### 2025-ci il tarixli, **-*-*-*/*-***/**** nömrəli məktubu ilə göndərilmiş arayışlardan görünür ki, iddiaçı ## ##### 2000-ci il tarixdən # ###### 2002-ci il tarixə kimi tam iş günü “EP” zavodunun nəzdində “X1” Qazanxana və Turbin Generator” üzrə böyük maşinist peşəsində işləmişdir. Qeyd olunmuşdur ki, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarının 24-cü bölməsinin “a” bəndinə əsasən (qazan turbin sexinin böyük maşinistləri) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Eyni zamanda, iddiaçı # ###### 2002-ci il tarixdən ## ##### 2003-cü il tarixə kimi tam iş günü “Etilen-polietilen” zavodunun X1 istehsalatında qazanxana və turbin generator üzrə maşinist peşəsində işləmiş, həmin peşə qeyd edilən qərarın 24-cü bölməsinin “a” bəndinə əsasən (Buxar turbinlərinin maşinistləri) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Iddiaçı cavabdeh orqana müxtəlif tarixlərdə müraciət etmişdir. Lakin iş materialı ilə müəyyən olunur ki, ilkin müraciətin tarixi ## #### 2023-cü ildir. Bu səbəbdən iddiaçının pensiyası müraciət edilən tarixdən əvvəlki üç il üçün, yəni ## #### 2020-ci il tarixdən (bir ay fərq olduğundan) hesablanmalıdır.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: T.B.Axundov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və V.M.Hacıyev) ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ

9. Məhkəmə kollegiyası hesab edir ki, Inzibati Prosessual Məcəllənin 94.2-ci, 96.2- 96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” ## ###### 2023-cü il tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.

13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardadlarda (##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli; ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür.

14. Bundan əlavə, “Inzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin, işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.

15. Hazırkı iş üzrə iddiaçı ## #### 1963-cü il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (57 yaşa) çatması, ##.##.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı (iddiaçıya məxsus əmək kitabçası; iş yerindən verilmiş güzəştli arayış və məhkəmə sorğularına cavab məktubları) öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, iddiaçı azı ##.##.2006-cı il tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajına malik olduğundan, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir.

16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə Inzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

18. Beləliklə də, iddiaçının hazırkı şikayəti IPM-də kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulan tələblərə cavab vermədiyindən həmin şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz.

19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar