Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3360/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, peşənin üst-üstə düşməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-1(103)-1585/2019 saylı, 21 avqust 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə İddiaçı xx.xx.1954-cü ildə Lənkəran rayonunun Gərmətük kəndində anadan olmuş, hazırda Bakı şəhəri, Binə qəsəbəsi, A.Bakıxanov küçəsində qeydiyyatdadır. İddiaçıya məxsus 06.05.1975-ci il tarixli əmək kitabçasında onun 01.01.1973-cü ildən 13.06.2018-ci ilədək əmək fəaliyyəti ilə məşğul olması qeyd edilmişdir. İddiaçıya 18.05.2018-ci il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 18.11.2011-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(82)-555/2019 saylı iş) 27 fevral 2019-cu il tarixli qərarı ilə iddia təmin olunaraq, iddiaçıya 57 yaş dan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilmiş fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki,iddiaçının 14 ildən artıq güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə işləməsi işin mübahisəli hallarina aid olmamaqla, cavabdehin imtinası iddiaçının “güzəştli arayış” təqdim etməməsi ilə bağlı olmuşdur ki, belə bir sənədin zəruriliyi qanunla nəzərdə tutulmadığından 2011-ci ildə iddiaçının 25 ildən çox ümumi, 12 il 6 aydan artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə iş stajına malik və 57 yaşı tamam olan şəxs kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin həmin vaxt qüvvədə olan tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pen siyası hüququ vardır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X4məruzəçi, X5 və X1, 2-1(103)-1585/2019 saylı iş) 21 avqust 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 11 oktyabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunve riciliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İşə baxan apellyasiya instansiya məhkəməsi iddianı əsaslı hesab edərkən iddiaçının 18.11.2011-ci il tarixə qanunla tələb olunan 25 ildən artıq ümumi,14 ildən artıq xüsusi stajının olmasını qeyd etmişdir. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ona görə imti na etmişdir ki, iddiaçının təqdim etdiyi güzəştli arayışa əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı zərərli iş şəraitində işlədiyini bildirib həmin dövr nəzərə alınmaqla ona 57 yaşdan (18 noyabr 2011-ci ildən) güzəştli şərtlə pensiya təyin edilməsini, əvvəlki dövr üzrə pensiya məbləğinin hesablanıb ödənilməsini xahiş edir. Cavabdeh imtinasını onunla əsaslandırır ki, “Əm ək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 9cı maddəsinə görə 60 yaşına çatmış kişilər azı 25 il sığorta stajına malik olduqda və bunun azı 12 il 6 ayını zərərli və ağır olan işlərdə çalışdıqda güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ vardır. Güzəştli peşədə işləməyi barədə arayış təqdim etmədiyindən onun güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. İddiaçı xx xxxxxx 1954-cü ildə doğulduğuna görə 57 yaşı 18 noyabr 2011-ci ildə tamam olmuşdur. İddiaçının 57 yaşı tamam olan vaxt “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci ilədək qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının 18 noyabr 2011-ci ildən güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ yaranması üçün onun həmin vaxta qədər 25 il ümumi stajının, o cümlədən onun 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə işləməsinin mövcudluğu təsdiq edilməlidir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı ayrı-ayrı illərdə rəngsaz, çilingərquraşdırıcı, mexanik və usta peşəsində işləmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə,iddiaçı əmək fəaliyyətinə 01.01.1973-cü ildən başlamaqla 57 yaşının tamam olduğu 18 noyabr 2011-ci il tarixədək 38 il ümumi əmək stajı vardır. Onun güzəştli şərtlərə uyğun (4-5-ci dərəcə rəngsaz, usta, mexanik və quraşdırıcı peşələri) iş stajı 14 ildən çoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda konkret sahələr üzrə konkret peşələr qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qərarında iddiaçının işləmiş olduğu peşənin illər (dövrlər) üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda hansı sahə və hansı peşə ilə üst-üstə düşməsi ilə bağlı hər hansı əsaslandırma aparmamışdır. İPM-in 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. İddiaçının 57 yaşa kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən hansı peşə və vəzifədə işləməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qərarında iddiaçının güzəştli şərtlər ə uyğun iş stajının 14 ildən çox olması nəticəsinə gəlmiş, gəldiyi nəticəni əsaslandırmamışdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın rədd edilməsi barədə şikayət təmin edilə bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1585/2019 saylı, 21 avqust 2019-cu il tarixli qərarıləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3360/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3360/2019
24.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver