Məhkəmə qərarları › İş №2-1(102)-3361/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3361/2025

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3361/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin cavabdeh1 * saylı Gəncə Ərazi Idarəsinə (hazırda cavabdeh1) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka dair hüquqların qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh cavabdeh1n * saylı Gəncə Ərazi Idarəsinə qarşı “əmlak kompleksi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli ## #### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Gəncə şəhəri Kəpəz Rayon Icra Hakimiyyəti Başçısının ## ######## 2006-cı il tarixli, *** nömrəli sərəncamı ilə Heydər Əliyev prospekti ilə Tağı Arani küçəsinin kəsişdiyi ərazidə, Gəncə çayının sağ sahilində şənlik evinin tikintisi üçün 0,2 ha torpaq sahəsinin İddiaçı təhkim edilməsi qərara alınmışdır.

2. Gəncə şəhər Kəpəz rayon Bələdiyyəsi sədrinin ##.##.2007-ci il tarixli, *** nömrəli sərəncamı ilə Heydər Əliyev prospekti ilə Tağı Arani küçəsinin kəsişdiyi ərazidə, Gəncə çayının sağ sahilində Gəncə şəhəri Kəpəz Rayon Icra Hakimiyyəti Başçısının ## ######## 2006-cı il tarixli, *** nömrəli sərəncamına əsasən şənlik evinin tikintisi üçün təhkim edilmiş 0,2 ha torpaq sahəsinin İddiaçı 15 (on beş) il müddətinə icarəyə verilməsi qərara alınmışdır.

3. ##.##.2007-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, Heydər Əliyev prospekti ilə Tağı Arani küçəsinin kəsişdiyi ərazidə, Gəncə çayının sağ sahilində yerləşən 0,2 ha torpaq sahəsi İddiaçı 15 il müddətinə icarəyə verilmişdir.

4. ##.##.2019-cu il tarixli ** nömrəli “Tikinti obyektinin istismarına icazə”dən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı (keçmiş T.Arani) küçəsi ilə Ş.İ.Xətai prospektinin kəsişməsində yerləşən şadlıq evinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan istifadənin mümkünlüyü nəzərə alınaraq İddiaçı tikinti obyektinin istismarına icazə verilmişdir.

5. Gəncə şəhər Kəpəz Rayon Icra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli, *** saylı Sərəncamına əsasən Gəncə şəhəri, T.Arani küçəsi, “Imperial” şadlıq evinin cənub tərəfində 0,5 ha torpaq sahəsi X2 ayrılmışdır.

6. Gəncə şəhər Kəpəz Rayon Icra Hakimiyyəti başçısının ##.##.2018-ci il tarixli Sərəncamına əsasən Gəncə şəhəri, Azərbaycan bayrağı (keçmiş T.Arani) küçəsində inşa edilmiş, X2 məxsus 395,0 kv.m.-tikinti sahəsində inşa edilmiş; 673,9 kv.m.-ümumi sahədən ibarət olan 2 mərtəbəli fərdi yaşayış evinin təyinatı dəyişdirilmiş və binadan qeyriyaşayış sahəsi kimi istifadə olunmasına icazə verilmişdir.

7. Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X2 Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsində yerləşən 673.9 kv.m ölçüdə olan fərdi yaşayış evinin üzərində xüsusi mülkiyyət, 0.0395 ha torpaq sahəsi üzərində isə istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

8. Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X2 Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsində yerləşən 673.9 kv.m ölçüdə olan qeyri-yaşayış binasının üzərində xüsusi mülkiyyət, 0.0395 ha torpaq sahəsi üzərində isə istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

9. Iddiaçı Gəncə şəhəri, Ş.l.Xətai prospekti ilə Azərbaycan bayrağı küçəsinin kəsişməsində yerləşən əmlak kompleksi kimi müəssisəsinin sənədləşdirilməsi zamanı qarşılaşdığı problemlərin həllinə köməklik göstərilməsi barədə cavabdeh inzibati orqana müraciət etmişdir.

10. Cavabdehin ##.##.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Imtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Gəncə Ərazi Idarəsinin mütəxəssisləri tərəfindən aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış zamanı qeyd olunan əmlak kompleksi kimi müəssisəsinin layihəsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Həmçinin torpaq sahəsinin ayrılması və tikintiyə icazə verilməsi barədə hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

11. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Azərbaycan Bayrağı küçəsinin kəsişməsində yerləşən əmlak kompleksi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

12. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Icra Hakimiyyəti Başçısının ## ######## 2006-cı il tarixli, *** nömrəli sərancamı ilə Gəncə şəhəri, Heydər Əliyev prospekti ilə Tağı Arani küçəsinin kəsişdiyi ərazidə Gəncə çayının sağ sahilində şənlik evinin tikintisi üçün iddiaçıya 0,2 ha torpaq sahəsi təhkim edilmişdir. ##.##.2007-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Bələdiyyəsi sədrinin sərəncamı ilə İddiaçı Nurəddin oğluna şənlik evinin tikintisi üçün təhkim edilmiş torpaq sahəsinə icarə müqaviləsi bağlanması üçün ərizəsi, yerli iqtisadi inkişaf daimi komissiyasının təklifinə, Kəpəz Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli qərarına (Ptotokol 2) əsasən Heydər Əliyev prospekti ilə T.Arani küçəsinin kəsişdiyi ərazidə Gəncə çayının sağ sahilində Gəncə şəhəri Kəpəz Rayon Icra Hakimiyyəti Başçısının ## ######## 2006-cı il tarixli, *** nömrəli sərəncamına əsasən şənlik evinin tikintisi üçün təhkim edilmiş 0,2 ha torpaq sahəsi 15 (on beş) il müddətinə icarəsinə verilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Icra Hakimiyyəti Başçısının ## ######## 2006-cı il tarixli, *** nömrəli sərəncamının 5-ci bəndində qeyd edilmişdir ki, Kəpəz Bələdiyyəsi ilə torpağa icarə müqaviləsi bağladıqdan sonra tikinti işlərinə başlanıla bilər. ## ###### 2007-ci il tarixdə Gəncə şəhərinin Baş memarı ilə razılaşdırıldıqdan sonra Gəncə şəhəri, Tağı Arani küçəsində şadlıq evinin işçi layihəsi “xxxx” MMC (lisenziya № *******- Bakı 2005) tərəfindən hazırlanmışdır. Bundan sonra obyektdə 5 il tikinti-inşaat işləri aparılmışdır. ##.##.2017-ci il tarixdə sənədlər Dövlət Ekspertizası Baş Idarəsinə daxil olmuş və Gəncə şəhəri, Tağı Arani küçəsindəki şadlıqevinin işçi layihəsi Memarlıq-Inşaat hissəsi Dövlət Baş Ekspertiza Baş Idarəsi ilə razılaşdırılmışdır. Daha sonra ## ###### 2018-ci il tarixdə obyektin istismara hazırlıq aktı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin nümayəndəsi Elmidar Abdullayev, sifarişçinin nümayəndəsi İddiaçı, podratçının nümayəndəsi Şahin Mənmədov və layihəçinin nümayəndəsi Anar Həsənov tərəfindən imzalanaraq dairəvi mohürləri ilə təsdiqlənmişdir. Nəhayət, ## ###### 2019cu il tarixdə tikinti obyektinin istismarına icazə verilmişdir. Qeyd edilən obyektə 2-3 milyon manat pul vəsaiti xərclənmişdir. 2010-cu ildən obyekt fəaliyyət göstərir və obyektdə 70 nəfər işləyir. Hər il obyektin kommunal xərclərinə-işıq, su, zibil və vergi orqanlarına cəmi 100.000 manat pul ödənilir. Iddiaçı sözügedən şadlıq evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir.

13. Gəncə Layihə-Tədqiqat Idarəsi tərəfindən verilmiş ##.##.2020-ci il tarixli, ** nömrəli mütəxəssis rəyinin məzmunundan görünür ki, tərtib olunmuş Gəncə şəhəri Kəpəz bələdiyyəsi ərazisinin xəritəsinə istinadən İddiaçı təqdim etdiyi 0.20 ha mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2020-ci il tarixli ekspert rəyinin məzmunundan görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Azərbaycan bayrağı küçəsinin kəsişməsində yerləşən əmlak kompleksinin mövcud vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin texniki parametrləri “xxxx” MMC tərəfindən hazırlanmış və ## ###### 2007-ci il tarixdə Gəncə şəhərinin Baş memarı, Dövlət Ekspertizası Baş Idarəsinə razılaşdırılmış eskiz layihə sənədlərinə uyğun olduğu, eyni zamanda həmin əmlak kompleksinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun inşa olunaraq şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun inşa edildiyi müəyyən olunmuşdur.

15. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Acıq Səhmdar Cəmiyyəti X8 və Suların Istifadəsinə-Mühafizəsinə Nəzarət Idarəsinin məhkəməyə göndərilmiş ##.##.2021-ci il tarixli, **/** nömrəli məktubunda Gəncə çayının uzunluğunun 99 km olması bildirilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli ekspert rəyinin məzmunundan görünür ki, Gəncə şəhəri, H.Əliyev prospekti ilə T.Arani küçəsinin kəsişdiyi ərazidə, Gəncə çayının sağ sahilində İddiaçı Nurəddin oğluna təhkim edilmiş 0.2 ha torpaq sahəsi, habelə həmin sahədə inşa edilmiş əmlak kompleksinin (“Imperial” şadlıq sarayı) Gəncə çayının 200 mlik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir.

17. Gəncə Inzibati Məhkəməsinin *-*(***)-**/**** nömrəli ##.##.2023-ci il tarixli qərarı ilə (hakim F.Hüseynov) iddia rədd edilmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən əmlak kompleksinin dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi iş üzrə verilmiş mütəxəssis rəyi ilə müəyyən olunur. Göründüyü kimi, sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Kəpəz Rayon Icra Hakimiyyəti Başçısının ## ######## 2006-cı il tarixli, *** nömrəli sərəncamı əsasında iddiaçıya təhkim olunsa da, istifadə və ya icarə müddəti göstərilməmiş, müvafiq müqavilə bağlanmamış, eyni zamanda bələdiyyə tərəfindən qanunsuz olaraq öz mülkiyyəti kimi iddiaçının icarəsinə verilmişdir. Həmçinin iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən olunur ki, Gəncə şəhəri, H.Əliyev prospekti ilə T.Arani küçəsinin kəsişdiyi ərazidə, Gəncə çayının sağ sahilində İddiaçı Nurəddin oğluna təhkim edilmiş 0.2 ha torpaq sahəsi, habelə həmin sahədə inşa edilmiş əmlak kompleksi (“Imperial” şadlıq sarayı) Gəncə çayının 200 m-lik mühafizə zonasına düşür.

19. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

20. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Gəncə Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli rəydən görünür ki, iddiaçı tərəfin və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri yerində müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirildi. Azərbaycan Melorasiya və X1 Səhmdar Cəmiyyəti Hidrogeoloji-Meliorativ Xidmət və X6 Nəzarət Idarəsi tərəfindən rəsmi olaraq əldə edilmiş məlumata istinadən, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən X2 istifadəsində olan, 0.0395 ha torpaq sahəsinin yaxınlığından keçən Gəncəçay çayının mühafizə zonası 200.0 (iki yüz) metr təşkil edir. RX seriyalı ******* nömrəli Çıxarışa əsasən X2 istifadəsində olan, 0.0395 ha torpaq sahəsi, Gəncəçay çayının mühafizə zonasında yerləşir.

21. Qeyd olunan məlumatlar Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli məktubunda da bildirilmişdir.

22. Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə ##.##.2024-cü il tarixli müqavilədən görünür ki, Azərbaycan Respublikasının lqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Gəncə şəhəri, Azərbaycan bayrağı prospekti ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 2000.0 kv.m torpaq sahəsi İddiaçı Nurəddin oğluna ##.##.2026-cı il tarixədək icarəyə verilmişdir.

23. Gəncə Şəhər Icra Hakimiyyətinin ##.##.2025-ci il tarixli, *-*/*-***/**** saylı məktubunda bildirilmişdir ki, su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan suyun mühafizə zonasında tikinti işlərinin aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2000-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”nın tələblərinə uyğun deyil.

24. Gəncə Şəhər Icra Hakimiyyətinin ##.##.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Gəncə şəhəri ərazisindəki su mühafizə zonalarının ölçüləri və sərhədlərinin müəyyən edilməsi barədə ərazi planlaşdırılması sənədləri barədə məlumatlar Gəncə Şəhər Icra Hakimiyyətində mövcud deyildir.

25. cavabdeh1 * saylı Gəncə Ərazi Idarəsi tərəfindən məhkəməyə təqdim edilən ## #### 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, əraziyə keçirilən baxış zamanı naturada təqdim olunan 2.44 ha torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin ##.##.2016-cı il tarixli, *** nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUIS) və AZCAD məlumatlarında, mülkiyyəti-dövlət, kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, sahibkarlıq məqsədlə istifadə təyinatı (uqodiyası)- tikinti altında olan sahibkarlıq sahəsi olaraq göstərilmişdir. Həmin torpaq sahəsinin 0.50 ha hissəsi ************ reyestr nömrəli Çıxarışa əsasən dövlət mülkiyyətində olmaqla, X2 daimi istifadəsində, 0.20 ha hissəsi isə ************ reyestr nömrəli Çıxarışa əsasən dövlət mülkiyyətində olmaqla, İddiaçı Nurəddin oğlunun icarəsindədir. Azərbaycan Melorasiya və X1 Səhmdar Cəmiyyəti Hidrogeoloji Meliorativ Xidmət və Suların Istifadəsinə-Mühafizəsinə Nəzarət Idarəsi tərəfindən rəsmi olaraq əldə edilmiş məlumata istinadən, naturada təqdim olunan 2.44 ha torpaq sahəsinin yaxınlığından keçən Gəncəçay çayının mühafizə zonası 200.0 (iki yüz) metr təşkil edir. Buna əsasən naturada təqdim olunan 2.44 ha torpaq sahəsi bütünlüklə, Gəncəçay çayının mühafizə zonasında yerləşir. Naturada təqdim olunan torpaq sahəsilə Gəncəçay çayı arasında 6.5 (altı metrt əlli santı) metr enində, 392.0 (üç yüz doxsan iki) metr uzunluğunda yol mövcuddur. Naturada təqdim olunan torpaq sahəsi üzərində tikili və qurğular mövcuddur.

26. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı ilə (hakimlər: A.Bayramov /sədrlik edən və məruzəçi/, R.Mamedov və A.Isgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

28. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

kassasiya şikayətinin dəlilləri

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Kəpəz Rayon Icra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli, *** saylı Sərəncamına əsasən Gəncə şəhəri, T.Arani küçəsi, "Imperial" şadlıq evinin cənub tərəfində 0,5 ha torpaq sahəsi X2 ayrılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X2 Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı küçəsində yerləşən 673.9 kv.m ölçüdə olan fərdi yaşayış evinin üzərində xüsusi mülkiyyət, 0.0395 ha torpaq sahəsi üzərində isə istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan başqa məhkəmə tərəfindən əldə edilmiş və iş materiallarında olan müxtəlif şəxslərə məxsus tikililər üzərində hüquqların daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışlardan görünür ki, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan, eyni ərazidə yerləşən və adları qeyd olunan müxtəlif şəxslərin hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Gəncə Ərazi Idarəsi tərəfindən qeydiyyata alınmışdır. Iş materiallarında olan və yuxarıda qeyd olunan sənədlərlə sübuta yetirilir ki, inzibati orqan tərəfindən analoji xüsusiyyətlərə malik işlər üzrə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, hazırkı iş üzrə isə mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaqdan imtina etmişdir. Bununla da Gəncə Apellyasiya Məhkəməsinin Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquq mövqeyə uyğun olmayan qərar qəbul etdiyini hesab edir. Işin faktiki hallarından görünür ki, iddiaçının tələbi inzibati orqanın mövcud inzibati praktikaya uyğun hərəkət etməsinə yönəlmişdir. Lakin məhkəmə qeyd olunan maddi hüquq normasını səhv təfsir etməklə düzgün nəticəyə gəlməmişdir. TƏTBIQ EDILƏN HÜQUQ

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra-dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən X3 Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2017-ci il tarixli Qərarı.

32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərardadı.

33. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar

40. göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

34. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

36. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

38. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından əmlak kompleksi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

39. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçıya verilmiş torpaq sahəsi və həmin sahədə inşa edilmiş “Imperial” şadlıq sarayı faktiki olaraq Gəncəçay çayının su mühafizə zonasında yerləşir. Bu hal həm məhkəmətikinti ekspertizasının rəyləri, həm də əraziyə yerli baxışın nəticələri ilə təsdiq edilmişdir.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2000-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən uzunluğu 50–100 km olan çaylar üçün su mühafizə zonasının minimum eni 200 metr təşkil edir. Gəncəçayın uzunluğu 99 km olduğundan, həmin ərazi qanunvericiliyə uyğun olaraq su mühafizə zonasına daxildir.

42. Hazırkı işdə apellyasiya məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə etdiyi müraciət əsasında qəbul edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərardadında hüquqi mövqe ondan ibarət olmuşdur ki, “... “Inzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Qeyd edilməlidir ki, inzibati icraatda maraqlı şəxslər həm qanunsuz əlverişsiz inzibati aktların qəbul edilməsi, həm də qanunsuz əlverişli inzibati aktların ləğv edilməsi nəticəsində zərərə məruz qala bilərlər. Məsələn, səlahiyyətli orqan tərəfindən verilmiş və qüvvədə olan hüquqmüəyyənedici sənədlərdə torpağın kateqoriyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə və ya mövcud qeydiyyat ictimai mənafelərlə bağlı tələblər zəruri etdiyi halda müvafiq qaydada ləğv edilə bilər. Vətəndaşlar isə qanunsuz əlverişli inzibati akta etimad edərək müəyyən hüquqi hərəkətlər və əqdlər bağlamış, xərclər çəkmiş ola bilərlər. Bu baxımdan, əlverişli qanunsuz inzibati akt ictimai maraqlara zidd olduğuna görə ləğv olunarsa, maraqlı şəxslərin çəkdiyi xərclər ödənilməlidir. “Inzibati icraat haqqında” Qanunun 67.9-cu maddəsinə müvafiq olaraq, maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Həmçinin oxşar məsələlərlə bağlı məhkəmələrin də eyni vəziyyətdə olan şəxslərlə bağlı fərqli qərarlar qəbul etməsi vahid məhkəmə təcrübəsinin formalaşmasına mənfi təsir göstərməklə yanaşı, hüquqi müəyyənlik, bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi prinsiplərinin də pozulmasına gətirib çıxara bilər. Avropa Insan Hüquqları Məhkəməsi hüquqi məsələlərə dair vahid məhkəmə təcrübəsinin vacibliyinə toxunaraq qeyd etmişdir ki, milli məhkəmələrin təcrübəsində sabitliyi təmin edən mexanizm olmadıqda, cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələyə dair məhkəmə təcrübəsində dərin və davamlı fərqlər qeyri-müəyyənlik yaratmış və məhkəmə sisteminə qanunun aliliyinə əsaslanan dövləti səciyyələndirən amillərdən biri olan ictimai etimadı azaltmış olur (Padararu Rumıniyaya qarşı iş üzrə 2005-ci il # ###### tarixli Qərar, § 98). Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlmişdir: - Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il ## #### tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə müvafiq olaraq, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.”

43. Bu baxımdan, su mühafizə zonasında yerləşən torpaq sahəsində tikilmiş obyekt üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması qanunvericiliyin tələblərinə zidd olduğundan, cavabdeh inzibati orqanın imtinası məhkəmələr tərəfindən haqlı olaraq əsaslı hesab edilmişdir.

44. Bundan əlavə, iddiaçının istinad etdiyi əsas arqumentlərdən biri eyni ərazidə yerləşən və X2 adına dövlət qeydiyyatına alınmış torpaq sahəsi ilə müqayisə aparılması məsələsi apellyasiya instansiyası məhkəməsi tərəfindən artıq ətraflı şəkildə araşdırılmış və hüquqi qiymətini almışdır. Apellyasiya məhkəməsi bu xüsusda yalnız formal müqayisə ilə kifayətlənməmiş, hər iki torpaq sahəsinin hüquqi rejimini və faktiki vəziyyətini ekspert rəyləri və digər sübutlar əsasında müəyyən etmişdir.

45. Belə ki, aparılmış məhkəmə-tikinti-texniki ekspertizası nəticəsində X2 istifadəsində olan torpaq sahəsinin də Gəncəçay çayının müəyyən edilmiş 200 metrlik mühafizə zonasına daxil olduğu təsdiq edilmiş, bununla da iddiaçının göstərdiyi müqayisənin faktiki əsası aradan qalxmışdır. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, eyni hüquqi rejimə tabe olan torpaq sahələri üzrə əvvəlki dövrdə yol verilmiş mümkün uyğunsuzluqlar və ya qanunvericiliyə zidd inzibati qərarlar digər şəxslər üçün hüquqi əsas yarada bilməz.

46. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, “Inzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.

47. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI: Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar