Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3365/2025 12.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “çıxarışın verilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı N.Mehdiyev tərəfindən təsdiq edilmiş ##.##.2003-cü il tarixli aktda göstərilmişdir: “Biz, aşağıda imza edənlər Suraxanı rayon İHnin Təsərrüfat şöbəsinin müdiri M.Tağyev, memar Z.Əhmədov, Qaraçuxur qəsəbə İHBnın nümayəndəsi F.Süleymanovun iştirakı ilə Bakı şəhər İHB-nın ## #### 2003-cü il tarixli *-****/** saylı razılıq məktubu əsasında Yeni Günəşli qəsəbəsi, D massivi, A.Fətullayev küçəsində 1000,0 kv.m torpaq sahəsinin ölçülərini naturada ifadəsi ilə pay bölgüsünü apardılar. Torpaq sahəsi yaşayış evi tikmək üçün verildi: İddiaçı.”
2. İddiaçı qeyd edilən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi göstərilmişdir ki, “…torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Yuxarıda qeyd olunan müvafiq hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən qanunamüvafiq qaydada baxılacaqdır.”
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, A.Fətəliyev küçəsi, ** saylı binanın arka hissəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, A.Fətəliyev küçəsi, ** saylı binanın arka hissəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin, cavabdehin ##.##.2024-cü il tarixli cavabı ilə müraciəti əsassız olaraq imtina edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin imtinası əsassızdır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Suraxanı Rayonu Memarlıq və Şəhərsalma Baş İdarəsinin **/**-*/**** saylı, ##.##.1994-cü il tarixli məktubu əsasında Yeni Günəşli qəsəbəsi, D massivi, A.Fətullayev küçəsi, ** saylı binanı arka hisssəsində fərdi yaşayış evinin tikinti məqsədi 1000,0 kv.m torpaq sahəsi ayrılmış və İddiaçı istifadəsinə verilmişdir. Həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsindədir. Fərdi yaşayış evinin tikiliməsi ilə bağlı müvafiq layihələr hazırlamış və təsdiq edilmişdir. Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli şəhadətnamədən görünür ki, İddiaçı qeyd olunan 1000 kv.m torpaq sahəsi ilə əlaqədar vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və torpaq vergisini vaxtıvaxtında ödəmişdir. İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, istifadəsində olan torpaq sahəsi üzərində mövcud qanunvericiliyə əsasən məhdudiyyətsiz kadastr və reyestr qeydiyyata alınmasını xahiş etmişdir. Lakin Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının ##.##.2010-cu il tarixli məktubu ilə Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə görə bu səlahiyyətlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Reyestr Xidmətinin Bakı Şəhər şöbəsinə aid olduğunu və həmin orqana müraciət edilməsi bildirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış ##.##.2024-cü il tarixli cavabı ilə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında” nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən və ərizəyə əlavə edilmiş sənədlər surət olduğu adı altında müraciətinə imtina verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq arxiv sənədləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsində saxlanıldığından hüquqmüəyyənedici sənədlərin tələb edilməsi tamamilə əsassızdır.
5. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə İbrahimov Allahyar Nəbi oğlu, İbrahimova Xalidə Nəbi qızı və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında, ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti isə üçüncü şəxs qismində adi cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir.
6. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmiş, etirazı imtina məktubunun məzmununa uyğun şəkildə əsaslandırmışdır.
7. Bakı İnzibati Məhkəməsinin (hakim C.Ə.Quliyev) 2025-ci il ## #### tarixli, e-*- *(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia olunan daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənəd kimi Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı N.Mehdiyev tərəfindən təsdiq edilmiş ##.##.2003-cü il tarixli akta istinad etmişdir. İddiaçının istinad etdiyi ##.##.2003-cü il tarixli akt yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması barədə qərarı əvəz edə bilməz. Bundan başqa, hətta həmin akt torpaq sahəsinin ayrılması ilə bağlı qərarı əvəz edən sənəd kimi qəbul edilsə idi belə, yenə də bu hal hüququn qeydiyyatı üçün əsas olmazdı. Çünki yuxarıda qeyd edildiyi kimi, qanunverici müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il ######ın #-dək verilmiş qərarı hüquqmüəyyənedici sənəd kimi qəbul etmişdir. Yerli icra hakimiyyəti başçısının 2003-cü ildə torpaq sahələrinin ayrılması ilə bağlı səlahiyyəti olmamışdır.
9. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: O.N.İsmayılov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) 2025-ci il ## #### tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hazırda qanunverici yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il ######ın #-dək qəbul edilmiş qərarları, eyni zamanda qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən hüquqmüəyyənedici sənəd kimi qəbul edir. İddiaçının təqdim etdiyi sənəd (Qaraçuxur qəsəbəsindəki İHB-nin nümayəndəsi tərəfindən imzalanmış və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı N.Mehdiyev tərəfindən təsdiq edilmiş ##.##.2003-cü il tarixli akt) mülkiyyət hüququnun qeydiyyata alınmasını üçün qanunvericilikdə nəzərdə tutulmuş tələblərə cavab vermir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi, yəni Bakı şəhəri, Sabunçu rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, A.Fətəliyev küçəsi, ** saylı binanın arxa hissəsində yerləşən 1000 kv.m torpaq sahəsi Suraxanı rayon İcra Hakimiyyəti Başçısının **** nömrəli, ## ######## 1996- cı il tarixli sərəncamı və Bakı şəhəri Suraxanı rayonu X1 *** nömrəli, ## ####### 2004-cü il tarixli sərəncamı ilə İbrahimova Xalidə Nəbi qızına ayrılmışdır. Hazırda iddiaçı tərəf Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, qeyd olunan sərəncamları mübahisələndirdiyini bildirir. Eyni zamanda, iddiaçı tərəf vəsatətlə məhkəməyə müraciət edərək, sözügedən sərəncamların etibarsız hesab edilməsi məqsədilə Bakı İnzibati Məhkəməsində iddia qaldırıldığını nəzərə alaraq hazırki işin icraatının dayandırılması xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə icraatın dayandırılması barədə vəsatəti protokol qəradadı ilə təmin etməmişdir. Belə ki, hazırkı işin baxılan digər inzibati mübahisəyə dair işin predmetini təşkil edən mövzudan (mübahisədən) asılı olduğu müəyyən edilmir. Şərti qəbul etsək ki, mübahisləndirilən sərəncamlar məhkəmənin qərarı ilə etibarsız hesab ediləcək, bu hal belə, hazırkı iş üzrə qəbul ediləcək məhkəmə qərarına təsir etməyəcək. Hazırkı iddia tələbinin əsaslı olması ilə nəticələnməyəcək. Çünki yuxarıda da qeyd edildiyi kimi, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İddiaçının təqdim etdiyi sənəd isə mülkiyyət hüququnun qeydiyyata alınması üçün qanunvercilikdə təsbit olunmuş şərtləri ödəmir. Hazırkı iş üzrə müvafiq Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan cavabdehin hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmuşdur.
12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. kassasiya şikayətinin dəlilləri
13. İddiaçı tərəfindən təqdim edilən kassasiya şikayəti iddia tələbi və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.
b. kassasiya şikayətinə etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
16. İnzibati Prosessual Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
20. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, A.Fətəliyev küçəsi, ** saylı binanın arka hissəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir.
21. Apellyasiya instansiya məhkəməsi iddianın təmin olunmamasına dair mövqeyini iddiaçının hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas olacaq hüquqmüəyyənedici sənədə malik olmaması ilə əsaslandırmışdır.
22. Kollegiya razılaşır ki, Qaraçuxur qəsəbəsindəki İHB-nin nümayəndəsi tərəfindən imzalanmış və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı N.Mehdiyev tərəfindən təsdiq edilmiş ##.##.2003-cü il tarixli akt öz-özlüyündə daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas hesab edilmir.
23. Lakin işə kassasiya qaydasında baxılarkən iddiaçı tərəfindən Dövlət Arxivinin Bakı filialının məktubu və həmin məktuba əlavə edilmiş sənədlər təqdim edilmişdir. Həmin sənədlərdən mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılması barədə bələdiyyə tərəfindən qərar qəbul edildiyi görünür.
24. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan sənədlər işin düzgün həlli üçün əhəmiyyətli sübutlar olmaqla, aşağı instansiya məhkəmələrinin gəldiyi nəticənin yenidən qiymətləndirilməsini zəruri edir.
25. Xüsusilə bələdiyyə qərarının mövcudluğu və həqiqiliyi, qərarın hansı torpaq sahəsinə aid olması, həmin torpaq sahəsinin hazırda mübahisələndirilən torpaq sahəsi ilə eyniliyi, qərarın qəbul edildiyi zaman bələdiyyənin həmin torpaq sahəsi barəsində sərəncam vermək səlahiyyətinin olub-olmaması, habelə qərarın qanunvericiliyin tələblərinə uyğunluğu müəyyən edilməlidir.
26. Göstərilən halların müəyyən edilməsi üçün yeni təqdim edilmiş sənədlərin digər sübutlarla qarşılıqlı əlaqədə araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.
27. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
28. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, *- *(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.