Məhkəmə qərarları › İş №2-1(102)-3370/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3370/2025

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3370/2025 22.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatının əsasları; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs İsmayıllı rayonu Zeyvə Bələdiyyəsi) qarşı “iddiaçıya 29.02 ha torpaq sahəsinə dair çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İsmayıllı rayonu Zeyvə Bələdiyyəsinin ## #### 2007-ci il tarixli ** saylı qərarından görünür ki, İsmayıllı rayonu Zeyvə kəndinin bələdiyyə ehtiyat fondunun alqısatqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə iddiaçıya 34,61 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Qərar bələdiyyə sədrinin adından tərtib edilmişdir.

2. Qeyd edilən qərara Zeyvə Bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemindən çıxarış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin ##.##.2007-ci il tarixli rəyi əlavə edilmişdir. Rəydə iddiaçıya Zeyvə Bələdiyyəsinin 34,61 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə satılmasına etiraz edilməmişdir.

3. ##.##.2007-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı 22150,40 manat məbləğində torpağın dəyərini İsmayıllı rayonu Zeyvə Bələdiyyəsinin hesabına ödəmişdir.

4. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, İsmayıllı rayonu Zeyvə Bələdiyyəsinin ## #### 2007-ci il tarixli ** saylı qərarı ilə iddiaçıya İsmayıllı rayonu Zeyvə Bələdiyyəsi ərazisindən 34,61 ha torpaq sahəsi ayrılmışdır. Akt İsmayıllı rayon torpaq şöbəsində ##.##.2007-ci il tarixdə 178 nömrə ilə qeydiyyata alınmışdır.

5. A seriyalı ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, İsmayıllı rayonu Zeyvə Bələdiyyəsinin ## #### 2007-ci il tarixli ** saylı qərarı ilə iddiaçıya kənd təsərrüfatı məhsullarının istehsalı üçün 346100 kv.m torpaq sahəsi verilmişdir. Planölçü sənədi ##.##.2008-ci ildə 580 nömrəsi ilə uçota alınmışdır.

6. İddiaçı İsmayıllı rayonu Zeyvə Bələdiyyəsinin ## #### 2007-ci il tarixli ** saylı qərarı ilə ona satılmış 34,61 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdehin ##.##.2024-cü il tarixli məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir.

7. Cavabdehin ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçıya İsmayıllı rayonu Zeyvə Bələdiyyəsinin ## #### 2007-ci il tarixli ** saylı qərarı ilə ayrılmış 34,61 hektar torpaq sahəsi İsmayıllı rayonu Zeyvə kəndində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən meşə fondu torpaqlarına aid olmaqla uqodiyası meşə ilə örtülü sahələr kimi göstərilmişdir. İddiaçının nümayəndəsi tərəfindən göstərilmiş, faktiki naturada ölçülmüş 30,25 hektar torpaq sahəsi iddiaçıya İsmayıllı rayonu Zeyvə Bələdiyyəsinin ## #### 2007ci il tarixli ** saylı qərarı ilə ayrılmış 34,61 hektar torpaq sahəsi ilə qismən üst-üstə düşür. X4 Uçotu İnformasiya Sisteminə (TEKUİS) əsasən iddiaçı tərəfindən iddia olunan 30,25 hektar torpaq sahəsinin 0,62 hektar hissəsi ************ saylı çıxarışla X2 xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə, 0,61 hektar hissəsi isə ************ saylı çıxarışla X2 xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının nümayəndəsi tərəfindən göstərilmiş, faktiki naturada ölçülmüş 30,25 hektar torpaq sahəsi İsmayıllı rayonu Zeyvə kəndində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən meşə fondu torpaqlarına aid olmaqla uqodiyası meşə ilə örtülü sahələr, X4 Uçotu İnformasiya Sisteminə (TEKUİS) əsasən kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, mülkiyyət növü xüsusi, uqodiyası çoxillik əkmələr, islahat uqodiyası meşə ilə örtülü sahələr kimi göstərilmişdir. X4 Uçotu İnformasiya Sisteminə (TEKUİS) əsasən faktiki naturada ölçülmüş 30,25 hektar torpaq sahəsinin üzərində 4 (dörd) ədəd qeyri-yaşayış tikilisi (ictimai iaşə binası) mövcuddur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya 29,02 ha torpaq sahəsinə dair çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu Zeyvə Bələdiyyəsinin ## #### 2007-ci il tarixli ** saylı qərarı ilə bələdiyyənin alqı-satqı predmeti olan torpaq sahəsindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 34,61 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə satılmışdır. Bələdiyyə tərəfindən torpaq sahəsinin satılması barədə qərar verildikdən sonra ## #### 2007-ci il tarixdə torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmişdir. Bundan sonra torpaq sahəsi yerində aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə sərhədlər müəyyənləşdirilməklə aralarında torpaq sahəsinin alqı-satqısı ilə bağlı üçtərəfli qaydada “Torpaqların alqı-satqısına dair akt” bağlanılmış və həmin akt keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsində ## #### 2007-ci il tarixdə 178 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün o dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən X1 kitabında ## ### 2008-ci il tarixdə 580 nömrə ilə uçota alınmaqla A ****** nömrəli “'Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. İddiaçı qeyd edilən həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh mülkiyyət hüququnun qeydə alınmasından imtina etmişdir.

10. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar mövcud olan elektron baza məlumatları ilə müqayisə olunmuşdur. Bu zaman məlum olmuşdur ki, İsmayıllı rayonu, Zeyvə Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarında 34.61 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilsə də, iddia edilən torpaq sahəsi elektron məlumat baza xəritəsində meşə fondu torpaqları kimi öz əksini tapmışdır. Ona görə də, torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan ölçü sənədlərinin verilməsi mümkün olmamışdır.

11. Şəki İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim F.Hacızadə) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin ## #### 2007-ci il tarixli ** saylı qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsindən iddia olunan 29,02 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüququnu qeydə alaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi İsmayıllı rayonu Zeyvə Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı və torpaqların alqı-satqısına dair akta əsasən satılmış, həmin torpaq sahəsinin iddiaçıya satılmasına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. İddia olunan torpaq sahəsi DWG bazasına əsasən meşə fondu torpaqlarına aid olmaqla uqodiyası meşə ilə örtülü sahələr kimi göstərilmişdir. Lakin, X4 Uçotu İnformasiya Sisteminə (TEKUİS) əsasən faktiki naturada ölçülmüş 30,25 hektar torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla bələdiyyə mülkiyyətində olduğu müəyyən edilmişdir. İddiaçıya ayrılan torpaq sahəsinin kənd təsərrüfatına yararsız olduğu bələdiyyənin ##.##.2007-ci il tarixli, ** saylı qərarında da öz əksini tapmışdır. Digər tərəfdən torpaq sahəsinin meşə fonduna aid olmadığı Meşələrin İnkişafı Departamentinin ## #### 2017-ci il tarixli məktubuna əsasən da öz təsdiqini tapmışdır.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər T.Həsənov – məruzəçi, Ə.Kərimov və V.Musayev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş Şəki İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılması (satılması) barədə İsmayıllı rayonu Zeyvə Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarının hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni həmin qərar öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.

16. Apellyasiya instansiyası məhkəməsi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına əsasən göstərmişdir ki, X2 xüsusi mülkiyyətində olan torpaq sahələri iddiaçıya ayrılmış torpaq sahəsinin daxilində ayrı-ayrı hissələrdə yerləşməklə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X2 ilə eyni vəziyyətdə olan, eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Bununla da, hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi də pozulmuşdur. Göründüyü ki, bələdiyyə qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin daxilində yerləşən torpaq sahələri üzərində vətəndaşların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona bu barədə müvafiq çıxarış, o cümlədən, torpaq sahəsinə dair plan və ölçü sənədi verilmişdir. Həmçinin cavabdeh orqan tərəfindən Fəridə Məmmədovanın torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri mübahisələndirilməmiş, bununla bağlı inzibati icraat başlanılmamışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın və mütəxəssis rəyinin dəlilləri ilə eynilik təşkil edir.

19. Kassasiya şikayətində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 9.1.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 31-cimaddəsinin 5-ci bəndinə istinad edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. ...

22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.

Maddə 31. Meşə fondu torpaqları

1. Meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir.

2. Meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir.

3. Meşə fondu torpaqlarından meşə təsərrüfatını aparmaq üçün meşə təsərrüfatı orqanları, habelə öz nizamnamə fəaliyyətinin həyata keçirilməsini təmin etmək üçün meşə fondu torpaqlarının təhkim olunduğu digər dövlət və qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları istifadə edirlər.

4. Meşə fondu torpaqlarından qanunvericiliklə müəyyən olunmuş qaydada, meşədə oduncaq və digər meşə materialları tədarük edən və ya başqa işlər görən (binalar və digər qurğuların tikilməsi, yolların salınması, elektrik xətlərin çəkilməsi və i.a.) müəssisələrin, idarələrin, təşkilatların istehsal və digər ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir.

5. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqısatqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. ...

23. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 16. Bələdiyyənin iclası ...

6. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur.

Maddə 48. Bələdiyyə qərarlarının məcburiliyi

1. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bələdiyyələr (bələdiyyə sədrləri və ya sədr vəzifəsini icra edən şəxslər) qərar qəbul etdiyi tarixdən 3 iş günü ərzində həmin qərarı elektron sənəd formasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirməlidirlər. ...

24. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri (hazırda qüvvədə olan redaksiya) 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. ... Maddə 9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri (##.##.2008-ci il tarixədək qüvvədə olan redaksiya) 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. ...

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

26. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12 və 58ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.

29. Hazırki işin hallarından görünür ki, iddiaçının iddia tələbini irəli sürməkdə çatmaq istədiyi hüquqi nəticə İsmayıllı rayonu Zeyvə Bələdiyyəsinin ## #### 2007-ci il tarixli ** saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ona ayrılmış 34,61 ha torpaq sahəsinin 29,02 ha hissəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir.

30. Cavabdehin imtina, etiraz və kassasiya şikayətinin dəlillərində isə faktiki naturada ölçülmüş 30,25 hektar torpaq sahəsinin İsmayıllı rayonu Zeyvə kəndində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən meşə fondu torpaqlarına aid olmaqla uqodiyasının meşə ilə örtülü sahə, X4 Uçotu İnformasiya Sisteminə (TEKUİS) əsasən kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, mülkiyyət növü xüsusi, uqodiyası çoxillik əkmələr, islahat uqodiyası meşə ilə örtülü sahə olması göstərilmişdir.

31. İddiaçının mövqeyini əsaslı hesab edən birinci instansiya məhkəməsi, eləcə də onun gəlmiş olduğu nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi iddiaçının qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbini qanuni hesab edərkən bildirmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılması (satılması) barədə İsmayıllı rayonu Zeyvə Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarının hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur, həmin qərar öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.

32. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam, hərtərəfli və obyektiv şəkildə araşdırmadan iş üzrə yekun nəticəyə gəlmişdir.

33. İlk olaraq, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə iş materiallarında olan İsmayıllı rayonu Zeyvə Bələdiyyəsinin ## #### 2007-ci il tarixli ** saylı qərarının bələdiyyə sədri tərəfindən qəbul edildiyi görünür.

34. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 1-ci hissəsinə əsasən isə Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

35. Həmin Qanunun 16-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin II hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir (maddənin 4-cü və 6-cı hissələri).

36. Hazırkı iş üzrə iş materiallarında olan bələdiyyə qərarı yalnız bələdiyyə sədri tərəfindən imzalanmış, iş materiallarına iclas protokolu əlavə edilməmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə bələdiyyə qərarının qanuniliyini yuxarıda istinad olunan normaların tələbləri baxımından qiymətləndirməmişdir.

37. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə İsmayıllı rayonu Zeyvə Bələdiyyəsinin ## #### 2007-ci il tarixli ** saylı qərarında torpaq sahəsinin kənd təsərrüfatına az yaralı olması qeyd edilmişdir. Həmin torpaq sahəsinin ayrılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin ##.##.2007-ci il tarixli rəyi əldə edilsə də, rəydə torpaq sahəsinin kateqoriyası, məqsədli istifadəsi və kənd təsərrüfatına az yararlı olması qeyd edilməmişdir.

38. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən torpaq sahəsinin dövlət meşə fonduna aid torpaqlara düşməməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin ## #### 2014-cü il tarixli məktubuna istinad etmişdir.

39. Halbuki, həmin məktub İPM-in 12.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu hallara aid olmamaqla mübahisənin düzgün həlli xüsusi əhəmiyyət kəsb etmir. Eyni zamanda, qeyd edilən məktubda mübahisələndirilən torpaq sahəsinin dövlət meşə fonduna aid torpaqlara düşmədiyi qeyd edilsə də, həmin məktub mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan meşə fonduna aid olub-olmaması ilə bağlı məsələni həll etməmişdir.

40. Ona görə də, işin təkrar apellyasiya baxışı zamanı yuxarıda da qeyd edildiyi kimi iddiaçıya torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarının qanuniliyi yoxlanılmalı, habelə, torpaq sahəsinin ayrılan zaman kənd təsərrüfatına yararlı və ya az yararlı (yararsız) olub-olmaması, həmin torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olmasından asılı olmayaraq meşə fonduna aid olub-olmaması yoxlanılmalı, bununla bağlı ərazinin sxemi, xəritəsi və elektron bazadakı müvafiq məlumatlar əldə edilməli, ərazinin meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqlarına aid olub-olmaması ilə bağlı müvafiq orqanlara (Ekologiya və Təbii Sərvətlər Nazirliyi və s.) sorğular verilməli, zərurət yaranacağı təqdirdə mütəxəssis və ekspert rəyləri əldə edilməli, yalnız bu halların tam və hərtərəfli araşdırılmasından sonra torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatının mümkünlüyünə qiymət verilməlidir.

41. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməməsi hissəsində şikayət təmin olunmamalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Qəbələ Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar