Məhkəmə qərarları › İş №2-1(102)-3372/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3372/2025

10.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3372/2025 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati aktın mübahisələndirilməsinə dair iddianın qeyri-mümkünlüyü, iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI

1. Azərbaycan Respublikası müdafiə nazirinin ## #### 2017-ci il tarixli, **** nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin 13-cü radiolokasiya bölüyünün radiolokasiya stansiyasının rəisi R İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və qeydiyyat üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə göndərilmişdir.

2. Iddiaçıya aid seriya EZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, hərbi biletin 11-ci səhifəsində Azərbaycan Respublikası müdafiə nazirinin ## #### 2017-ci il tarixli, **** nömrəli əmri, 16-cı səhifədə isə İddiaçı ##.##.2017-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi tərəfindən qeydiyyata alınması ilə bağlı qeydiyyat aparılmışdır.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası müdafiə nazirinin ## #### 2017-ci il tarixli, **** nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir.

4. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2012-ci il tarixdə Azərbaycan Respublikası Ali Hərbi Təyyarəçilik Məktəbini bitirərək, Silahlı Qüvvələrin Təlim və X2 ixtisas kursuna daxil olmuş və kursu bitirdikdən sonra N nömrəli hərbi hissədə Radiolokasiya bölüyünün Radiolokasiya stansiyasının rəisi vəzifəsinə təyin olunmuşdur. Hərbi xidmətdə olduğu dövrdə də xidmətinin axırıncı gününə qədər həmişə şərəfli və vətənə layiq, o cümlədən zabit həmkarlarına və əmrindəki əsgərlərə nümunə bir zabit olmuşdur. Lakin N saylı hərbi hissənin ##.##.2017-ci il tarixdə hərbi hissənin komandiri olan R Ibrahim Həsənov, Radiolokasiya texniki qoşunların rəisi R Aqil Hüseynov və N saylı hərbi hissənin qərargah rəisi R Zamin Musayev birlikdə ona qurma sənədlər və qurma məhkəmə düzəldərək vəzifəsinin sonlandırılmasına səbəb olublar. Belə ki, hərbi hissənin komandiri R Ibrahim Həsənov tarixini dəqiq xatırlamadığı bir vaxt onun vəzifədə olduğu yerə gələrək, açıq-aydın şəkildə üzünə baxaraq ondan heç xoşunun gəlmədiyini, zatən yerinə başqa tanışlarını gətirmək istədiyini və nə olarsa-olsun mütləq onun vəzifəsini sonlandıracağını demişdir. O, da özünə, şərəfinə layiqincə vəzifəsini icra etdiyini bildirmiş, nə səhvinin olduğunu soruşanda isə hərbi hissənin komandiri R Ibrahim Həsənov ona cavab olaraq, “heç nə, səndən xoşum gəlmir və getməlisən, vəssalam” demişdir. Hərbi hissənin komandiri R Ibrahim Həsənov xidmət etdiyi müddət ərzində dəfələrlə, guya, onun məsuliyyətindəki texnikaları saz saxlamadığı, işə gec gəldiyi, üzünü qırxmadığı, mənfi hallara yol verdiyi, laqeyd hərəkətlər etdiyi, intizamsızlıq hallarına yol verdiyi iftiraları ilə haqqında 13 dəfə yalan və saxta aktlar tərtib etmişdir. Hər dəfə ona etdiklərinin yalan, qurma, şər olduğunu və həqiqəti əks etdirmədiyini desə də, o cümlədən tərtib etdiyi aktları imzalamasa da, hərbi hissənin komandiri R Ibrahim Həsənov yenə də onun imza atıb-atmadığının bir əhəmiyyətinin olmadığını və öz bildiyini edəcəyini demişdir. Bu minvalla ##.##.2017-ci il tarixdəki rütbələri ilə R Ibrahim Həsənov, Radiolokasiya Texniki qoşunlarının rəisi R Aqil Hüseynov və N saylı hərbi hissənin qərargah rəisi R Zamin Musayev ilə əlbir olaraq saxta və qurma aktları da öz aralarında imzalayaraq, guya onunla profilaktik söhbətlər aparıldığını bildirmiş, onun mənfi cəhətdən hərəkətlər etdiyi, nizam-intizam qaydalarını pozduğu səbəbləri ilə öz aralarında anlaşaraq, yuxarı komandanlıq qarşısında vəsatət qaldırıb yalan, saxta, qurma, şər dolu bir məhkəmə düzəldərək, onu “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə görə məhkəməyə çağırmışlar. Həmin saxta və qurma məhkəməyə də N saylı hərbi hissənin Qərargah rəisi ##.##.2017-ci il tarixdəki rütbəsi R olan Musayev Zamini sədr təyin etmişlər. Həmin o qurma məhkəmədə, yenə də o, hüquqlarını müdafiə etməyə çalışsa da, adına tərtib olunan aktların yalan, saxta olduğunu, onun o aktların heç birinə qol çəkmədiyini, vəzifəsini həmişə şərəflə və layiqincə icra etdiyini desə də, R Ibrahim Həsənovun tapşırığı ilə R Aqil Hüseynovun yardımları ilə və R Zamin Musayevin məhkəmə sədrliyi ilə onu N saylı hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsi adı ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxmışlar. Həmin məhkəmədə hüquqlarını sonuna qədər müdafiə edəcəyini və bütün yuxarı dövlət orqanlarına müraciət edəcəyini desə də və ##.##.2017-ci ildən bu günə qədər o, atası və anası müraciət etdikləri dövlət orqanları olan Azərbaycan Respublikası Prezidentinin X3 ilə Iş və Hərbi Məsələlər üzrə Köməkçisinə, Müdafiə Nazirliyi Şəxsi Həyət Baş Idarəsinə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinə, Müdafiə Nazirliyinə və bir sıra digər dövlət orqanlarına yardım üçün yazılı müraciətləri olsa da, ##.##.2017-ci ildən bu günə qədər heç bir nəticə almadığından artıq məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

5. Iddiaçı “buraxılmış prosessual müddətin bərpası haqqında” ərizə təqdim edərək ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində istər dövlət idarələrində, istər özəl idarələrdə, istər hərbi hissələrdə qanunvericilik onu tələb edir ki, işçi işdən azad olunan zaman mütləq işdən azad olunma haqqında əmrlə tanış olmalıdır. Həmin əmrdə mütləq işdən azad olunmanın səbəbi açıq-aydın yazılmalıdır, əmrlə birlikdə işdən azad olunduğuna dair sərəncam olmalıdır, işdən azad olunan şəxsə rəsmi bildiriş göndərilməlidir və ya işdən azad olunduğu əmrin və sərəncamın surətini təhvil aldığına dair imza atmalıdır. O, isə qanunvericiliyin tələblərinə uyğun olaraq həmin əmrin surətini və ya sərəncamı tələb etsə də, ona heç bir sənəd təqdim edilməmişdir. Yəqin ki, rəsmi ünvanına, ya da ki faktiki yaşayış ünvanına bildiriş gələr deyə fikirləşmişlər. Lakin onun nə rəsmi ünvanına, nə də ki faktiki yaşayış ünvanına heç bir bildiriş gəlməmişdir. Odur ki, rəsmi olaraq işdən azad olunmağı haqqında əmr, sərəncam, imzaladığı hansısa bir bildiriş və ya inzibati akt ona yollanmamışdır. Göstərilənlərə əsasən, məhkəmədən müddətin buraxılması səbəblərinin üzrlü sayılmaqla, buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.

6. Cavabdehin iddiaya qarşı etirazında qeyd olunmuşdur ki, işə baxılması mümkünsüz hesab edilməlidir. Belə ki, iddiaçı İddiaçı iddia qaldırmaq üçün qanunla müəyyən edilən müddəti ötürmüşdür. Belə ki, hazırkı iddia Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2.2.1-ci bəndinə əsasən, mübahisələndirmə haqqında iddia hesab olunur. Adıçəkilən Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırda iddiaçının mübahisələndirdiyi əmr ##.##.2017-ci il tarixli olmaqla, onun əlavə etdiyi sənədlərdən də aydın olur ki, həmin əmr iddiaçıya 7 ildən artıqdır ki, məlum olmuşdur (iş materiallarında olan sənədlərdə ##.##.2017-ci il tarixdən başlayan yazışmalar mövcuddur. ##.##.2017-ci il tarixdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş Idarəsi tərəfindən iddiaçının atası X1 cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı həqiqi hərbi xidmətə bərpa olunması barədə yuxarı komandanlığa məruzə edilmiş və müsbət qərar qəbul edilməmişdir. Göründüyü kimi, iddiaçının ehtiyata buraxılması barədə əmrin qəbulundan və ona məlum olmasından 7 (yeddi) ildən çox vaxt keçdikdən sonra iddiaçı mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmiş, bununla da, Inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi ilə müəyyən edilən iddia müddəti ötürülmüşdür. Iddia müddətinin ötürülməsi ilə bağlı oxşar işə dair Ali Məhkəmənin mövqeyinə nəzər salaq: Ali Məhkəmənin ##.##.2021-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarında göstərilmişdir ki, iddiaçı mübahisələndirdiyi əmrin qəbul edilməsindən 9 ildən artıq vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir, bununla da, qanunla müəyyənləşdirilmiş 30 günlük iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Odur ki, iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərti ödənilmir.

7. Cavabdeh iddiaçının “buraxılmış prosessual müddətin bərpası haqqında” ərizəsinə qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı iddia qaldırmaq müddətini ötürdüyündən, hazırkı işə baxılması Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mümkünsüz hesab edilməlidir. Iddiaçı “buraxılmış müddətin bərpası” barədə ##.##.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət etməklə, faktiki olaraq mübahisələndirmə haqqında iddia müddətini heç bir üzrlü səbəb olmadan ötürdüyünü etiraf etmişdir. Həmin ərizədə iddiaçı göstərmişdir ki, onun rəsmi ünvanına işdən azad olunması ilə bağlı hər hansı bildiriş göndərilməmişdir. Azərbaycan Respublikası IPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduqu vaxtdan, sikavət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Normanın tələbindən göründüyü kimi, əmək qanunvericiliyindən fərqli olaraq, inzibati qanunvericiliyin tələbinə əsasən, inzibati akt hesab edilən əmrin şəxsin ünvanına göndərilməsi deyil, şəxsin məlumatlandırılması nəzərdə tutulmuşdur (bu məlumatlandırma əmrin elan edilməsi vasitəsilə, hərbi biletə qeydlər apararaq hərbi bileti şəxsə təqdim etmək yolu ilə realizə olunur). Bu da iddiaçının mübahisələndirdiyi əmrin onun ünvanına göndərilməli olması ilə bağlı mülahizəsinin əsassız olmasını təsdiq edir. Digər tərəfdən, mübahisələndirilən ##.##.2017-ci il tarixli ehtiyata buraxılma barədə əmrin iddiaçıya elan olunması və iddiaçının həmin əmrdən məlumatlı olması sübut olunmağa ehtiyac olmayan məqamdır. Belə ki, iddiaçı dəfələrlə hərbi xidmətə bərpa olunması barədə Müdafiə Nazirliyinə müraciətlər ünvanlamış, bununla bağlı Müdafiə Nazirliyinin Şəxsi Heyət Bas Idarəsinin ##.##.2017-ci il tarixli, ##.##.2018-ci il tarixli, ##.##.2018-ci il tarixli, ##.##.2018ci il tarixli, ##.##.2018-ci il tarixli, ##.##.2018-ci il tarixli və ##.##.2018-ci il tarixli cavab məktublarında iddiaçının ehtiyata buraxılmasının əsaslarının araşdırılması ilə bağlı nüanslar qeyd edilmiş və onun hərbi xidmətə bərpa edilməsi barədə yuxarıda komandanlıq qarşısında vəsatət qaldırılmasına dair müsbət qərar qəbul edilməməsi bildirilmişdir. Qeyd edilən cavab məktubları iş materiallarında mövcuddur. Eyni zamanda iş materiallarında mövcud olan hərbi biletin V qrafasında (“Xüsusi qeydlər”) göstərilmişdir ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa) görə ehtiyata buraxılmışdır. Beləliklə, qeyd edilən faktlar göstərir ki, iddiaçı ehtiyata buraxılması barədə əmr barədə də, ehtiyata buraxılması barədə əmrin əsasını təşkil edən səbəb barədə də vaxtında (8 il öncə) məlumatlı olmuşdur. Hazırda onun mübahisələndirdiyi əmr barədə sanki yeni xəbərdar olmasına dair yaratdığı təsəvvür sadəcə, məhkəmə icraatını ləngitmək məqsədi daşıyır. Hərbi biletdə müvafiq qeydin olması belə, iddia qaldırmaq üçün yetərli amildir (iddiaçı isə artıq qeyd edildiyi kimi, bu imkanı ötürmüşdür).

8. Şirvan Inzibati Məhkəməsinin (hakim: F.N.Abbasov) ##.##.2025-ci il tarixli, e-*- *(***)-****/**** nömrəli qərardadı ilə Cavabdeh N nömrəli hərbi hissəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

9. Şirvan Inzibati Məhkəməsinin (hakim F.N.Abbasov) ## #### 2025-ci il tarixli, e-*- *(***)-****/**** nömrəli qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilməmiş və iddia mümkün sayılmamışdır.

10. Birinci instansiya məhkəməsinin əsaslandırması: 10.1. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin ## #### 2017-ci il tarixli, **** nömrəli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmin əmr iddiaçıya elan edilmişdir. Iddiaçının iddia ərizəsində qeyd etdiyi “##.##.2017-ci ildən bu günə qədər onun, atasının və anasının dövlət orqanları olan Azərbaycan Respublikası Prezidentinin X3 ilə Iş və Hərbi Məsələlər üzrə Köməkçisinə, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş Idarəsinə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinə, Müdafiə Nazirliyinə və bir sıra digər dövlət orqanlarına yardım üçün yazılı müraciətləri olsa da, ##.##.2017-ci ildən bu günə qədər heç bir nəticə almadığından, artıq məhkəməyə müraciət etmək qərarına gəlmişdir” ifadəsi də “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən müdafiə nazirinin onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə ## #### 2017-ci il tarixli, **** nömrəli əmrindən vaxtında məlumatlı olmasını təsdiq edir. Iş materiallarından görünür ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə ##.##.2025-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı mübahisə üzrə qanunvercilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra (7 il 10 aydan artıq müddət) qaldırmışdır. Halbuki, IPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. 10.2. Məhkəmə buraxılmış müddətin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına görə, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs, müddətin onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzrlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, işdən azad olunmağı barədə ardıcıl olaraq aidiyyəti qurumlara müraciətlər etdiklərini, sonda heç bir nəticə olmadığından, hazırda iddia tələbi ilə məhkəməyə müraciət etdiyini bildirsə də, məhkəmə iddia tərəfinin həmin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Inzibati Prosessual Məcəllədə iddia müddətinin axımının dayandırılmasına səbəb olan hallar konkret olaraq göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda, bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Göründüyü kimi, mövcud qanunvericilikdə iddiaçının irəli sürdüyü dəlillər iddia müddətinin axımının dayandırılmasına əsas kimi göstərilməmişdir. Iddiaçı bir təqvim ayı ərzində müraciət etməmiş və bu cür iddialar üzrə müəyyən edilən iddia müddətini ötürmüşdür.

11. Iddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: C.Ə.Quliyev /sədrlik edən və məruzəçi/, M.A.Əsədli və Q.V.Əliyev) ## ###### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Iddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

15. Iddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə iddia ərizəsinin, onun buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 22. Müddətlər Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. ... Maddə 24. Prosessual müddətlərin bərpa olunması Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. ... Maddə 35. Iddianın mümkünlüyü Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. ... Maddə 38. Iddia müddəti Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

18. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

22. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

25. Hazırkı mübahisənin predmetini təşkil etməsi baxımından iddiaçının hüquqi marağı cavabdeh orqan tərəfindən qəbul edilmiş ## #### 2017-ci il tarixli, **** nömrəli əmrin ləğv olunmasına yönəlmişdir. Bu baxımdan hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Iddiaçı həmin əmrin mübahisələndirilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.

26. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.

27. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “Inzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə, inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

28. Iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.

29. Yuxarıda istinad olunan norma ilə mübahisələndirmə növündə iddiaların qaldırılması üçün də iddia müddəti nəzərdə tutulmuşdur. Mübahisələndirmə haqqında iddialara münasibətdə iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qəbul edilmiş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün olaraq müəyyən olunmuşdur.

30. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçı sözügedən əmrə münasibətdə mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti üzrsüz səbəblərdən ötürmüşdür.

31. Belə ki, iş üzrə materiallardan göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin ## #### 2017-ci il tarixli, **** nömrəli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmin əmr iddiaçıya elan edilmişdir. Iş materiallarından görünür ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə ##.##.2025-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı mübahisə üzrə qanunvercilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra (7 il 10 aydan artıq müddət) qaldırmışdır. Halbuki, IPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Iddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə verilmiş olsa da, müddətin onun təqsiri olmadan buraxılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, prosessual müddət, yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Iddiaçının ərizəsində istinad etdiyi hallar isə müddətin üzrlü səbəbdən buraxılmasına haqq qazandıra və buraxılmış müddətin bərpası üçün yetərli sayıla bilməz.

32. Göründüyü kimi, iddiaçı sözügedən əmrdən məlumatlı olduğu halda, qanunvericiliklə müəyyən olunmuş müddətdə həmin əmrə qarşı vaxtında hüquqi müdafiə vasitələrindən istifadə etməmişdir.

33. Nəzərə almaq lazımdır ki, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Bu baxımdan, iddiaçı mübahisələndirdiyi əmr barədə məlumat aldığı zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində iddia qaldırmamışdır. Iddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur.

34. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.

35. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.

36. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

37. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar