Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3373/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: dövlət vəsaiti hesabına vəkillə təmin olunmadan imtina; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «Azərbaycan Respublikasının Xüsusi X1 xidməti qulluqda olduğu 1993-cü ilin noyabr ayından 1994-cü ilin may ayınadək aldığı maaş barədə arayış verilməsi» tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Xüsusi X1 xidməti qulluqda olduğu 1993-cü ilin noyabr ayından 1994-cü ilin may ayınadək aldığı maaşla bağlı arayış verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı barəsində Azərbaycan Respublikasının Xüsusi X1 polis nəfəri vəzifəsində xidməti qulluqda olduğu 1993-cü ilin noyabr ayından 1994-cü ilin may ayınadək aldığı maaş barədə arayış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin üzərinə qoyulmuşdur.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
5. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı (hakimlər F.Hüseynov – məruzəçi, P.Hacıyev və C.Quliyev) ilə iddiaçının dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin edilməmişdir.
7. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmamasını əsaslandırmamış, bunu təsdiq edən hər hansı sübutu ərizəsinə əlavə etməmişdir. Həmçinin ərizəçi tərəfindən hüquqi yardımla bağlı hər hansı vəkilə və ya vəkil bürosuna müraciət olunduğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ərizəçi İddiaçı dövlət hesabına vəkillə təmin olunması barədə ərizəsində vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olmamasını aztəminatlı ailə olması ilə əlaqələndirmişdir. Lakin elektron məhkəmə informasiya sistemindən əldə edilmiş şəxsin “gəlir” məlumatlarından görünür ki, iddiaçı əlilliyə görə 665,68 manat pensiya və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 400 manat təqaüd olmaqla ümumilikdə 1065,68 manat gəliri var. Ərizəçi vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olmamasını təsdiq edən sübutları təqdim etməmiş və ya bunu hər hansı formada əsaslandıra bilməmişdir.
8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin təkrar Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.
13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, hüquqi yardımın göstərilməsi ilə bağlı beynəlxalq standartlar belə hüquqi yardıma ehtiyacı olan həssas qruplara aid şəxslərə münasibətdə hüquqi yardıma əlçatanlığın təmin olunması məqsədi ilə dövlət tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Həmin standartlar baxımından hüquqi yardıma ehtiyacı olan şəxslərin müəyyən olunması zamanı onların gəlirləri, maddi təminatı, ödəmə qabiliyyəti və sair xüsusatlar, eləcə də hüquqi yardımın tələb olunduğu məhkəmə işinin əhəmiyyəti və mürəkkəbliyi nəzərə alınır. Bu mənada, bir qayda olaraq, kifayət qədər gəliri olmayan, işləyən və gəliri olan ailə üzvləri ilə birlikdə yaşamayan, yaşayış sahəsi istisna olmaqla daşınmaz əmlaka malik olmayan şəxslər, habelə işsiz və yalnız yaşayan təqaüdçülər ödəmə qabiliyyətinə malik olmayan şəxslər hesab olunur. Nəzərə almaq lazımdır ki, şəxsin ödəmə qabiliyyəti ilə bağlı qeyd olunan hallar müvafiq sənədlərlə təsdiq edilməlidir. Yalnız həmin tələblərə cavab verən şəxslər dövlət vəsaiti hesabına hüquqi yardımla təmin oluna bilər (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)- ****/**** nömrəli; ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli; ##.##.2023-cü il tarixli *- *(***)-***/**** nömrəli; ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli; ##.##.2022-ci il tarixli *-*(***)***/**** nömrəli; ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli; ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli; ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli; 12.01.2022ci il tarixli *-*(***)-***/**** nömrəli qərarları (qərardadları)).
14. Göründüyü kimi, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
15. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
16. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən edilmir.
17. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.