Məhkəmə qərarları › İş №2-1(102)-338/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-338/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-338/2023 12.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən qeydiyyatdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1957-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs İbrahimova Cəmilə Məmməd qızı) “yaşayış sahəsindən qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 12 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2563/2022 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Xətai XDS İK (RİH) tərəfindən 17 yanvar 1992-ci il tarixdə Bakı şəhəri, Fadeyev (indiki M.Abbasov) küçəsi, 21 saylı evin 13 saylı mənzilinin İddiaçı ayrılmasına dair 016055 nömrəli orderin təsdiq olunmuş surətindən görünür ki, “ailə üzvü” kimi 1 nəfər 1957-ci il təvəllüdlü İddiaçı (özü) göstərilmişdir.

2. Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən 7 mart 2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, xx xxxxxxx 1957-ci il tarixdə doğulmuş İddiaçınin yaşayış yeri Bakı şəhəri, M.Abbasov küçəsi, 21 saylı evin 13 saylı mənzilidir.

3. Daxili İşlər Nazirliyi BPQMİ MAPS şöbəsinin 15 noyabr 2021-ci il tarixli arayışından görünür ki, İbrahimova Cəmilə Məmməd qızı Bakı şəhəri, M.Abbasov küçəsi, 21 saylı evin 13 saylı mənzilində qeydiyyatdadır.

4. Bakı şəhəri Nizami RİH MKTB 141 saylı MKİS-in 17 fevral 2022-ci il tarixli arayışında qeyd olunur ki, İbrahimova Cəmilə Məmməd qızı Bakı şəhəri, M.Abbasov küçəsi, 21 saylı evin 13 saylı mənzilində qeydiyyatdadır, hal-hazırda yaşamır.

5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona məxsus yaşayış sahəsindən İbrahimova Cəmilə Məmməd qızının qeydiyyatdan çıxarılması xahiş etmişdir.

6. Cavabdeh 23 iyul 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, «Yaşayış yeri və o lduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq, İbrahimova Cəmilə Məmməd qızının Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 21 saylı evin 13 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün aidiyyəti üzrə məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunur İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

7. İddiaçı 7 dekabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İbrahimova Cəmilə Məmməd qızının iddiaçının istifadəsində olan Bakı şəhəri, Nizami ray., M.Abbasov küçəsi, 21 saylı evin 13 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 21 saylı evin 13 saylı mənzili 17 yanvar 1992-ci il tarixdə Bakı şəhəri Xətai Rayon XDS İK tərəfindən verilmiş order əsasında İddiaçı ayrılmışdır. 4 iyun 1962-ci il tarixdə doğulmuş İbrahimova Cə milə Məmməd qızı həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq, faktiki olaraq sözügedən ünvanda yaşamayıb, hazırda da yaşamır və yaşayış sahəsindən istifadə etmir. Onun iddiaçıya məxsus mənzildən istifadə etməsinə ehtiyacı yoxdur. Cəmilə İsmayılovanın mənzildə qeydiyyatda qalmasına görə iddiaçı müvafiq kommunal xərcləri ödəməli olur. Həmçinin onun qeydiyyatda olması müəyyən nəticələr yaradır. Belə ki, iddiaçı mənzillə bağlı müəyyən ədqləri, hərəkətləri sərbəst həyata keçirə bilmir, bununla da iddiaçının hüquqları pozulmuşdur. İddiaçı sözügedən mənzildən həmin şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin cavabdehin 23 noyabr 2021-ci il tarixli məktubu ilə məsələnin həllindən imtina olunmuş və məhkəməyə müraciət olun ması iddiaçıya tövsiyə edilmişdir.

9. Cavabdeh və üçüncü şəxs iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişlər.

10. Bakı İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(112)-4404/2022 nömrəli qərarı (hakim: X1) ilə iddia təmin edilmiş, iddiaçının istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 21 saylı evin 13 saylı mənzilindən İbrahimova Cəmilə Məmməd qızının qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İbrahimova Cəmilə Məmməd qızı iddiaçının sahibliyində və istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 21 saylı evin 13 saylı mənzilində yaşamadığından, həmin mənzildən istifadə hüququna malik olmadığından, cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən mənzilin qanuni sahibi kimi hazırkı iddiaçının müraciəti əsasında adıçəkilən şəxsin sözügedən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir.

12. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2563/2022 nömrəli qərarı (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X3 və X4) ilə Bakı İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə ra zılaşmışdır.

15. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 21 saylı evin 13 saylı mənzili üçüncü şəxsin qardaşı İddiaçı 17 yanvar 1992-ci il tarixdə Bakı şəhəri Xətai Rayon XDS İK tərəfindən verilmiş order əsasında almışdır. Üçüncü şəxs xx.xx.1995-ci il tarixdən həmin mənzildə qeydiyyatdadır və orada yaşamışdır. 2001-ci ildə ailə qurduqdan sonra müvəqqəti olaraq başqa ünvana köçmüşdür. Lakin sonradan boşanmış və hal-hazırda yaşamağa yeri yoxdur. İddiaçı tərəfindən üçüncü şəxsin qeydiyyatdan çıxarılması onun hüquqlarını pozu r. İddiaçının Bakı şəhərində bir-neçə yerdə evi vardır. Apellyasiya məhkəməsinin qərarı qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə

2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.... Maddə

9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-c u və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından in zibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 g ün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yox dur.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərində n irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegi ya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, “İddiaçı Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 21 saylı evin 13 saylı mənzilinin qanuni sahibi və istifadəçisidir. Üçüncü şəxs İbrahimova Cəmilə Məmməd qızı iddiaçının qanuni istifadəsində olan müvafiq mənzildə yaşamır və onun həmin mənzilə istifadə hüququ mövcud deyil.

28. Beləliklə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən mübahisəli mənzil iddiaçının tam mülkiyyətində olduğundan həmin əmlakda qeydiyyatda olmuş, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Qeydiyyatda olan üçüncü şəxs həmin mənzildə yaşamadığında n həmin şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.

29. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs İbrahimova Cəmilə Məmməd qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2563/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar