Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3387/2025 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Karaağaç (Əsədova) Günay Abbas qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraatın dayandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı Karaağaç (Əsədova) Günay Abbas qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Məmmədli kəndi ərazisində ona ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçıya Abşeron rayon Məmmədli Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, **/**** nömrəli qərarı əsasında 0.06 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin dəyəri olan 180 manat pul qəbz əsasında Məmmədli bələdiyyəsinin hesabına köçürülmüşdür. Həmin torpaq sahəsi hal-hazırda iddiaçının faktiki istifadəsindədir. Həmçinin, Abşeron rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli məktubu ilə sözügedən torpaq sahəsinə dair Məmmədli Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, **/**** nömrəli qərarın surəti, Məmmədi Bələdiyyəsinin yerquruluşu planından çıxarışın surəti, alqı-satqı aktının surəti, ödəniş qəbzinin surəti və digər sənədlər əlavə edilmişdir.
2. İddiaçı ərizə ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək və müvafiq sənədləri təqdim edərək Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına dövlət qeydiyyatına alınması, həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinə dair plan-ölçüsü sənədinin verilməsini xahiş etmişdir.
3. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron ərazi idarəsinin ##.##.2024-cii il tarixli, *-**-*-**/*-*****/** saylı bildiriş məktubu ilə daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından və torpaq sahəsinə dair plan-ölçüsü sənədi verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı alqı-satqı aktının qanuna müvafiq qaydada tərtib və təsdiq olunmadığı müəyyən edilmişdir. Bundan başqa, müraciət üzrə təqdim edilmiş Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada təsdiqlənmədiyi (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü və ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) müəyyən edilmişdir. Həmçinin baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinə dair başqa şəxsin müraciətinin daxil olduğu müəyyən edilmişdir. Əlavə olaraq, eyniləşdirmə əməliyyatının aparılması üçün şəxsiyyətinizi təsdiq edən sənədin surətinin hazırkı ərizənizə əlavə olunmadığı aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Əsədova (Karaağaç) Günay Abbas qızı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Abşeron rayonu, Məmmədli kəndi ərazisində ona ayrılmış 0.06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi Abşeron rayon Məmmədli Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, **/**** nömrəli qərarından göründüyü kimi ona bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən ev tikintisi məqsədilə 0,06 ha torpaq sahəsinin satılması, ona satılan torpaq sahəsinin normativ qiymətindən az olmamaq şərtilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə 180 manat dəyərini Məmmədli bələdiyyəsinin bankdakı xüsusi hesabına ödənilməsi qərara alınmışdır. "xxxx" ASC-nin verdiyi ##.##.2006cı il tarixli, ** saylı qəbzdən görünür ki, vətəndaş Məmmədli bələdiyyəsinin hesabına 180 manat məbləğində ödəniş etməklə, müvafiq torpaq sahəsi üçün müəyyən edilmiş və onun üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmişdir. Bundan başqa, Abşeron rayonu Məmmədli Bələdiyyəsi ilə aralarında bağlanmış 2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin qərarı ilə ona Abşeron rayonu, Məmmədli qəsəbəsi ərazisində bələdiyyə perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən ev tikintisi məqsədilə 0,06 ha torpaq sahəsinin satılması və tərəfindən həmin torpaq sahəsinə görə Məmmədli bələdiyyəsinin hesabına 180 manat məbləğində ödəniş edilməsi imza və möhürlə təsdiq edilmişdir. Sadalananlardan göründüyü kimi o, üzərinə düşən öhdəliyi - bələdiyyə qərarında müəyyən edilmiş məbləği öncədən bələdiyyənin hesabına köçürmüş və eyni zamanda ərizə ilə Məmmədli bələdiyyəsinə müraciət edərək, ona kənd ərazisindən torpaq sahəsinin ayrılmasını xahiş etmişdir, Məmmədli bələdiyyəsi də öz növbəsində ona göstərilən məqsədlə 0,06 ha torpaq sahəsinin ayrılması barədə qərar qəbul etmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, aparılan araşdırma zamanı Məmmədli Bələdiyyəsi tərəfindən 0.06 ha torpaq sahəsinin ## ###### 2006-cı il tarixdə, **/**** nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının qanuna müvafiq qaydada tərtib və təsdiq olunmadığı, müraciət üzrə əlavə edilmiş Abşeron rayon Məmmədli Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunauyğun formada (ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi, baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinə dair başqa şəxsin müraciətinin daxil olduğu müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim R.T.Həsənov) iddia ərizəsi təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh orqanın imtinasında gətirdiyi arqumentlər əsassızdır. Belə ki, bələdiyyələr tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışın forma və məzmunu barədə hər hansı bir imperativ xarakter daşıyan hüquq norması mövcud deyil. Nəzərə alınmalıdır ki, yerquruluşu planından çıxarış texniki sənəd olmaqla yanaşı müvafiq daşınmaz əmlakın yerləşdiyi yerin müvafiq kartada əks olunmuş fotogörüntüsüdür. Göründüyü kimi DƏDKR-in * saylı Abşeron Ərazi İdarəsi həmin yerquruluşu planından çıxarışın qanunauyğun qaydada təsdiq edilməməsi ilə bağlı hər hansı bir dəlil məhkəməyə təqdim etməmişdir. Bu, cavabdehin gətirdiyi müvafiq arqumentin əsassız olmasına dəlalət edir. X1 tərəfindən torpaq sahəsinin ## ######## 2005ci il tarixdə, **/**A nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının qanunamüvafiq təsdiq edilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsinin ayrılması ilə bağlı Məmmədli Bələdiyyəsi tərəfindən 2006-cı ildə torpaq sahəsinin ayrılması haqqında qərar vermiş, lakin aktın qanuna müvafiq qaydada tərtib edilməsi Məmmədli Bələdiyyəsinin əmlak sahibi kimi iradə ifadəsini əks etdirir və işin gedişatına bir o qədər də təsir göstərmir. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi özü-özlüyündə iki tərəfli əqd hesab edilir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsində nəzərdə tutulmuş maddənin (Bəyənmə) tələbləri baxımından geriyə təsir qüvvəsinə malikdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh təşkilatın bu səpkidə gətirdiyi arqumenti əsassızdır. Məmmədli bələdiyəsinin hesabına torpaq sahəsinin dəyərinin ödənilməsi həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dəlalət edir.
9. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, təkrar araşdırma zamanı mübahisə predmeti olan torpaq sahəsinin 0.0545 ha hissəsi üzərində mülkiyyət hüququnun Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarına əsasən ##.##.2025-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına qeydiyyata alındığı müəyyən edilmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qərardadı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adi cəlb etmə qaydasında üçüncü şəxs qismində hazırkı iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (İ.R.Quliyev /məruzəçi və sədrlik edən/, G.İ.Cabbarova və V.E.Əziziova) apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi qərara alınmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın imtina məktubu və iddia tələbinə etirazının dəlillərindən biri mübahisəli torpaq sahəsinə dair başqa şəxsin müraciətinin daxil olması olmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən həmin dəlil lazımi qaydada araşdırılmamışdır. Cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin 0.0545 ha hissəsi üzərində mülkiyyət hüququnun Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarına əsasən ##.##.2025-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına qeydiyyata alındığı müəyyən edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarından görünür ki, Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, **/**** saylı qərarı ilə iddiaçıya ayrılmış 0,058 ha torpaq sahəsi üzərində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
14. Həmçinin, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Karaağaç (Əsədova) Günay Abbas qızı ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı maraqlarına toxunduğu üçün onu üçüncü şəxs qismində işə cəlb edərək qərarı ləğv edərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərardadından görünür ki, ərizəçinin ərizəsi nəzərə alınmaqla torpaq sahəsinin yerində müayinə edilməsi məqsədilə iş üzrə məhkəmə texniki-tikinti ekspertizası təyin edilmiş, mütəxəssis rəyinin alınması qərara alınmışdır. Mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Abşeron rayon, Məmmədli Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, **/**** saylı qərarı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ayrılmış 0,06 ha torpaq sahəsi onun adına rəsmiləşdirilmiş ************ reyestr nömrəli çıxarışda qeyd edilən koordinatlar ilə üst-üstə düşürmü? 2) İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mülkiyyətində olan ************ reyestr nömrəli çıxarışda qeyd edilən koordinatlar ilə Abşeron rayon, Məmmədli Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, **/**** saylı qərarı ilə İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin koordinatları (bələdiyyənin yerquruluşu planından çıxarışda göstərilmiş) üst-üstə düşürmü? Əgər düşürsə hansı hissədə düşür?
15. Apellyasiya instansiya məhkəməsi qeyd olunan halları nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi hazırkı şərtlərdə əsaslı hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbi nəzərə alınmaqla iddiaçıya hüquqi yardım edilərək hazırkı iş üzrə iddianın uğurluluq ehtimalı, Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı maraqlarına toxunduğu üçün onu üçüncü şəxs qismində işə cəlb edərək qərarı ləğv edərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etməsinin nəticəsinə uyğun olaraq yenidən inzibati orqana müraciət etmək hüququ izah edilmişdir.
16. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını mahiyyətcə onun iddia ərizəsində sürdüyü irəli sürdüyü dəlillər təşkil edir. Əlavə olaraq onu da qeyd edir ki, hazırkı iş üzrə icraat apellyasiya instansiyası məhkəməsi tərəfindən *-*(***)-****/**** nömrəli iş üzrə təyin edilmiş ekspertiza rəyi verilənədək, Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı maraqlarına toxunduğu üçün iddiaçının üçüncü şəxs qismində işə cəlb edilərək həmin qərarın ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilib-edilməməsi barədə qərardad çıxarılanadək və həmçinin həmin iş üzrə qərarın ləğv edilməsi barədə qərardad qəbul ediləcəyi halda həmin iş üzrə yekun məhkəmə aktı çıxarılanadək dayandırılmalı olduğu halda dayandırılmamış, prosessual normaların tələbləri gözlənilməmiş və nəticədə qanunsuz olaraq hazırkı iş üzrə qəbul edilmiş yekun qərarın ləğv ędilməsi və iddianın təmin edilməməsi barədə qərar çıxarılmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə: 7.1. Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə Kollegiyası işin materiallarını araşdıraraq, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Ona görə də, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin predmetini Abşeron rayonu, Məmmədli kəndi ərazisində iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsindən cavabdehin imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir.
24. Apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbini rədd edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi digər inzibati mübahisə üzrə işdə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarına əsasən başqa şəxsin (İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs) adına mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda, məhkəmə müəyyən etmişdir ki, iddiaçı həmin qərarın ləğvi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi üçün müvafiq müraciət etmiş, Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə tərəflərə ayrılmış torpaq sahələrinin koordinatlarının üst-üstə düşübdüşməməsini müəyyən etmək məqsədilə məhkəmə texniki-tikinti ekspertizası təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi bu halları nəzərə alaraq, iddia tələbinin hazırkı şərtlərdə əsaslı hesab edilə bilməyəcəyini qeyd etmiş, iddiaçıya digər məhkəmə prosesinin nəticəsinə uyğun olaraq gələcəkdə yenidən inzibati orqana müraciət etmək hüququnu izah etməklə iddianı rədd etmişdir.
25. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bu yanaşması prosessual qanunvericiliyin tələblərinə uyğun olmamış, məhkəmə tərəfindən İnzibati Prosessual Məcəllənin 7.1-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. Qeyd olunan normaya əsasən, mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetindən asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır.
26. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı Sumqayıt İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək həmin məhkəmənin *- *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarının onun maraqlarına toxunduğunu bildirmiş, üçüncü şəxs qismində işə cəlb edilərək həmin qərarın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Öz növbəsində, cavabdeh də iddiaçının müraciətini təmin etməkdən imtina edərkən iddiaçının tələb etdiyi torpaq sahəsinin məhz Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərara əsasən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına qeydə aldığını bildirmişdir. Beləliklə, iddiaçı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs müxtəlif hüquq müəyyənedici sənədlərə istinad etsələr də, eyni əraziyə dair iddia edibetmədiklərinə dair hal aydınlaşdırılmalıdır. Həmin məsələ isə hazırda Sumqayıt İnzibati Məhkəməsində baxılan *-*(***)-****/**** nömrəli iş üzrə iddiaçı tərəfindən verilən ərizəyə əsasən araşdırılır. Ona görə də, hazırkı işin həlli həmin işdə müəyyən ediləcək haldan asılıdır. Apellyasiya instansiyası məhkəməsi Sumqayıt İnzibati Məhkəməsindəki işin mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə icraat yekunlaşanadək hazırkı iş üzrə icraatın dayandırılması məsələsini asılılıq nəzərə alınmaqla müzakirə etməlidir.
27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.