Məhkəmə qərarları › İş №2-1(102)-3388/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3388/2025

02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3388/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı X1 cavabdeh Abşeron Rayon Icra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vətən müharibəsi əlili kimi yaşayış yeri üzrə mənzil uçotuna alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, Iddiaçı X1 cavabdeh Abşeron Rayon Icra Hakimiyyətinə qarşı “vətən müharibəsi əlili kimi yaşayış yeri üzrə mənzil uçotuna alınması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## #### 2025ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçıya səlahiyyətli inzibati orqan tərəfindən ##.##.2021-ci il tarixdən 5 il müddətinə ##.##.2026-cı il tarixədək “Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” üçüncü dərəcəli əlillik təyin edilmişdir. 2.Imişli rayonu Icra Hakimiyyəti Başçısının ##.##.2022-ci il tarixli, ** nömrəli sərəncamına əsasən iddiaçı üçüncü qrup Qarabağ müharibəsi əlili kimi 3 nəfərdən ibarət ailə üzvü ilə (həyat yoldaşı – Mehdizadə Aytac sahib qızı, oğlu - X3, qızı - X2) mənzil növbəsinə qəbul edilmişdir.

3. ## ###### 2024-cü il tarixdə iddiaçı ünvan 1ndə (özünün deməsinə görə atasının əmisi oğlunun evinə) qeydiyyata düşmüş, bundan sonra isə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, üçüncü qrup Qarabağ müharibəsi əlili kimi Abşeron rayonu üzrə mənzil növbəsinə qəbul edilməsini xahiş etmişdir. 4.Cavabdeh ##.##.2024-cü il tarixli, *-**/*-M-***-***/**** nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. Imtina onunla əsaslandırılmışdır ki, XDS Icraiyyə Komitəsinin ## ###### 1983-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Abşeron rayonunda mənzillərin bölüşdürülməsi qaydaları”nın 8-ci bəndinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxslər Abşeron Rayon Icra Hakimiyyətində mənzil uçotuna o halda götürülürlər ki, azı son 5 il ərzində Abşeron rayonunda yaşamış və daimi pasport qeydiyyatında olmuş olsunlar. Yaşayış müddəti Abşeron rayonunda daimi pasport qeydiyyatında olması ilə müəyyən edilir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat 5.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” üçüncü qrup Vətən müharibəsi əlili kimi yaşayış yeri üzrə mənzil uçotuna götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 6.Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəllər, yəni ünvan 1nə köçənədək Abşeron rayonunun Məhəmmədi kəndində yaşamış və yaşadığı Məhəmmədi kəndindən Azərbaycan Respublikası işğal altında olan torpaqlarının işğaldan azad edilməsi uğrunda ikinci Qarabağ müharibəsində iştirak etmişdir. Ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” üçüncü qrup əlillik təyin edilmişdir. ##.##.2024-cü il tarixədək Imişli rayonu Cəfərli kəndində qeydiyyatda olmuş və Imişli rayonu Icra Hakimiyyəti Başçısının ##.##.2022-ci il tarixli ** nömrəli sərəncamına əsasən üçüncü dərəcəli Vətən Müharibəsi əlili kimi mənzil növbəsinə qəbul edilmişdir. ##.##.2024-cü il tarixdə ünvan 1nə köçməyi ilə əlaqədar Abşeron rayonu, Masazır kəndi ünvanına qeydiyyata alınmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə əsasən şəxsin şəxsiyyət vəsiqəsində göstərilən ünvan onun yaşayış yeridir. Ona görə də Qanunun tələblərinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Abşeron rayonu üzrə mənzil uçotuna alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. 7.Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ### 2025-ci il tarixli qərarı ilə (hakim A.Axundova) iddia təmin edilmiş, iddiaçı X1 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3cü qrup Vətən Müharibəsi əlili kimi mənzil növbəsinə götürülməsi öhdəliyi Abşeron Rayon Icra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulmuşdur. 8.Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlilliyinin olması, ##.##.2011-ci il tarixdən ##.##.2020-ci il tarixədək Imişli rayonunun Cəfərli kəndində, ##.##.2020-ci il tarixdən hazıradək Abşeron rayonu, Masazır kəndində yaşayış yeri üzrə qeydiyyatda olması işin mübahisə olunmayan tərəfidir. Məhkəmə qeyd edir ki, XDS Icraiyyə Komitəsinin ## ###### 1983-cü il tarixli qərarı ilə “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın 8-ci bəndi şəxsin azı son beş il ərzində Abşeron rayonunda pasport qeydiyyatının olması şərtilə yaşamış olmasını tələb etsə də, hazırda qüvvədə olan qanunvericiliyin belə bir tələbi mövcud deyildir. Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2021-ci il tarixli, **** nömrəli sərəncamının verdiyi imtiyazlara uyğun olaraq iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi mənzil və ya fərdi evlə təmin edilməsi üçün gözlənilən hüququ mövcuddur. Cavabdeh tərəfindən iddiaçının mənzilə ehtiyacı olan şəxs kimi qeydiyyata alınmaması onun gözlənilən hüququnun məhdudlaşdırılmasına səbəb olur. 9.Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı ilə (hakimlər: H.Babayeva /sədrlik edən və məruzəçi/, T.Axundov və V.Hacıyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.

15. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının daimi yaşadığı ünvan Imişli rayonu olmuş, 2022-ci il tarixdə həmin rayonda yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, hazırda da ailəsi ilə birgə daimi olaraq Imişli rayonunda yaşayır. ##.##.2024-cü il tarixdən iddiaçının ünvan 1ndə yaşayış yeri üzrə qeydiyyata alınması isə tam formal xarakter daşıyır və yeganə məqsədi yaşayış yeri üzrə uçotun Abşeron rayonuna dəyişdirilməsidir. Belə ki, “Elektron məhkəmə” informasiya sisteminin iddiaçıya dair “gəlir məlumatları” bölməsindən müəyyən edilir ki, o, hazırda əmək müqaviləsi üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil Idarəsində işləyir. Iddiaçı da məhkəmə iclasında izahatını bu faktı təsdiq edərək həftə içi iş günlərində Imişli rayonunda orta məktəbdə işlədiyini, həftənin yalnız cümə günləri Abşeron rayonu, Məhəmmədli kəndinə gəldiyini, uşaqlarının isə ümumiyyətlə Imişli rayonunda yaşadığını və orada orta məktəbdə təhsil aldıqlarını bildirmişdir. Iddiaçının ##.##.2024-cü il tarixdən Abşeron rayonu, Masazır kəndinə qeydiyyata alınması onun daimi olaraq həmin ünvanda yaşaması anlamına gəlmir. Məhkəmə araşdırması nəticəsində əksinə müəyyən edilmişdi ki, iddiaçı daimi olaraq Imişli rayonunda yaşamaqla, onun ümumi həyat fəaliyyəti, işlədiyi, müalicə aldığı, uşaqlarının təhsil aldığı yer məhz bu rayonla bağlıdır. Abşeron rayonunda qeydiyyat isə tam formal və məqsədli xarakter daşıyır.

16. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri:

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bir ildən çoxdur ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində qeydiyyatdadır. Abşeron rayonunda qeydiyyatda olmağını AR DIN-nin təqdim etdiyi Arayışla sübut edir. Özü 2-ci Qarabağ müharibəsinin qazisi 3-cü qrup əlildir. O, hər 6 aydan bir Maştağa kəndində yerləşən psixiatriya müəssisəsində müalicə alır. Dərmanlarını Abşeron rayonundan alır. Uşaqları Abşeron rayonunun poliklinikasında qeydiyyatdadır və onlar Abşeron rayonunda tibbi müəssisədə peyvənd olunublar. 2018-ci ildən Abşeron rayonu Məhəmmədli kəndində kirayədə qalıb fəhlə işləmiş və bunu həmin ərazidə yaşayan qonşuları da təsdiq edə bilər. Həmçinin qeyd edir ki, o, Abşeron rayonu, Məhəmmədli kəndində kirayədə qalarkən dəfələrlə təcili tibbi yarım çağıraraq ilkin tibbi yardım almışdır. Onun ev növbəsində durmağının məqsədi kirayə qalmaqdan qurtarıb ev alıb ailəni bir yerə yığmaqdır. Əlavə olaraq qeyd edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin qərarında istinad etdiyi Imişli rayonunu Cəfərli kəndində olan 0.31208 ha pay torpaq sahəsi çıxarışla onun adınadır. Həyat yoldaşının və uşaqlarının adına heç bir torpaq sahəsi yoxdur. Bundan başqa işi ilə əlaqədar bildirir ki, o, məktəbdə dalandar işləyir, işi ilə əlaqədar iş günləri Imişlidə olur, həftənin şənbə-bazar günləri həmçinin tətil, bayram günləri Abşeron rayonunda yaşayır. Əlavə olaraq onu da qeyd edir ki, onun bu işdə işləməyinin səbəbi bu işin istirahət günlərinin çox olması və iş şəraitinin yüngül olmasıdır. Belə ki, o səhhəti ilə əlaqədar ağır işlərdə işləyə bilmir.

TƏTBIQ EDILƏN HÜQUQ

18. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunu: Maddə 2-ci maddəsində şəxsin yaşayış yeri və olduğu yer anlayışları verilmişdir. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.

20. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2009-cu il tarixli, *** nömrəli Fərmanının 2.3-cü yarımbəndinə əsasən həmin Məcəllənin 51.3-cü maddəsində nəzərdə tutulmuş həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.

21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Işin hallarına görə, iddiaçıya ##.##.2021-ci il tarixdən etibarən 5 il müddətinə, yəni ##.##.2026-cı ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlillik təyin edilmişdir. Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli, ** nömrəli sərəncamına əsasən iddiaçı üçüncü qrup Qarabağ müharibəsi əlili kimi ailə üzvləri ilə birlikdə (həyat yoldaşı və iki uşağı ilə) yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülmüşdür.

28. Iddiaçının tələbinin mahiyyəti ondan ibarətdir ki, o, əvvəlcə Imişli rayonu üzrə yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil uçotuna alınsa da, sonradan ünvan 1ndə qeydiyyata düşməsini əsas gətirərək həmin uçotun Abşeron rayonu üzrə dəyişdirilməsini tələb edir. Mübahisənin həlli üçün əsas məsələ iddiaçının faktiki olaraq hansı ərazidə daimi yaşamasının müəyyən edilməsidir, çünki qüvvədə olan qanunvericiliyə görə mənzil uçotu formal qeydiyyata deyil, şəxsin real yaşayış yerinə əsasən aparılmalıdır.

29. Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına müraciəti əsasında həyata keçirilir və bu norma birbaşa olaraq onu ifadə edir ki, şəxs yalnız daimi yaşadığı yer üzrə mənzil uçotuna dura bilər. Bu tələbin məqsədi dövlət və bələdiyyə mənzil fondunun düzgün bölüşdürülməsi, ehtiyacın real vəziyyətə uyğun qiymətləndirilməsi və süni şəkildə mənzil növbələrinin dəyişdirilməsinin qarşısının alınmasıdır.

30. Bu mənada, “yaşayış sahəsinə ehtiyacı olan şəxs” anlayışı yalnız formal hüquqi vəziyyətlə - yaşayış sahəsi üzrə qeydiyyatla deyil, məhz onun faktiki yaşayış yeri üzrə real yaşayış sahəsinə ehtiyacının mövcudluğu ilə müəyyən edilməlidir. Yəni, şəxsin müvafiq ünvanda qeydiyyatda olması və ya hüquqi statusunun dəyişməsi hələ onun yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilməsi üçün yetərli sayılmamalıdır.

31. Nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

32. Iddiaçının Imişli rayonundan daimi qeydiyyat yerindən çıxaraq ünvan 1nə qeydiyyata düşməsi faktı hələ öz-özlüyündə onun faktiki olaraq daimi şəkildə Abşeron rayonunda yaşamasını və həmin şəhərlə möhkəm, davamlı sosial-məişət və hüquqi bağlılığının mövcud olmasını sübuta yetirmir.

33. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən şəxsin yaşayış yeri anlayışı yalnız inzibati qeydiyyatla məhdudlaşmır, bu hal həm də faktiki yaşama, ailə, əmək fəaliyyəti, sosial münasibətlər və digər obyektiv hallar əsasında müəyyən edilməlidir. Şəxsin müəyyən ünvanda qeydiyyata düşməsi onun həmin ünvanda real olaraq daimi yaşadığını birmənalı şəkildə təsdiqləmir, çünki qeydiyyat formal xarakter daşıya və müxtəlif səbəblərlə, o cümlədən hüquqi, məişət və ya müvəqqəti ehtiyaclarla əlaqədar həyata keçirilə bilər.

34. Işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı faktiki olaraq da Imişli rayonunda yaşayır, əmək fəaliyyətini həmin rayonda həyata keçirir, ailə üzvləri də orada yaşayır və uşaqları həmin rayonda təhsil alır. Bundan əlavə, iddiaçı müalicəni də Imişli rayonunda almış, eləcə də həmin rayonda daşınmaz əmlaka malikdir. Bu hallar onun həyat fəaliyyətinin əsas mərkəzinin məhz Imişli rayonu olduğu faktını təsdiq edir.

35. Iddiaçının ünvan 1ndə qeydiyyata düşməsi yalnız formal xarakter daşıyır və iş üzrə müəyyən edilmiş faktlara görə o, həmin ərazidə davamlı və daimi yaşamır, həftənin yalnız müəyyən günlərində oraya getdiyini özü də etiraf edir. Bu isə həmin qeydiyyatın real yaşayış yerini deyil, müvəqqəti olma halını ifadə edir.

36. Buna görə də apelyasiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçının Abşeron rayonu üzrə mənzil uçotuna alınması üçün zəruri olan əsas şərt – həmin ərazidə daimi yaşama faktı mövcud deyildir. Iddiaçının qeydiyyatını dəyişməsi onun faktiki yaşayış yerini dəyişdirmədiyindən, mənzil uçotunun da dəyişdirilməsi üçün hüquqi əsas yaranmır.

37. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

17. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI: Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar