Məhkəmə qərarları › İş №2-1(102)-3391/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3391/2025

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3391/2025 22.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona pensiya hüququnun yarandığı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ##.##.1960-cı il təvəllüdlüdür, 1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdur.

2. “xxxx” ASC-nin ##.##.2021-ci il tarixli, ** nömrəli arayışından görünür ki, iddiaçı ##.##.1984-cü ildən ##.##.1987-ci il tarixədək Boru yayma sexində soyuq sahəsinin “140” aqreqatında soyuq boru kəsicisi vəzifəsində işləmişdir.

3. “xxxx” ASC-nin ##.##.2022-ci il tarixli, ** nömrəli arayışından görünür ki, iddiaçı həqiqətən (Əmr: 95) ##.##.1987-ci il tarixdən müəssisənin ** saylı sexdə kara sürücüsü vəzifəsinə işə qəbul edilmişdir (55-ci sex elektrik sex olub * saylı istehsal sexin nəzdində fəaliyyət göstərib, karalar akkumulyatorla işlədiyindən orada enerji doldurmağa qoyulub, faktiki işləri * saylı istehsal sexində olub). Azərbaycan Respublikasının mövcud qanunvericiliyə əsasən “Əmr: № ***k) ##.##.2007-ci il tarixdən öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmişdir. Nazirlər Kabinetinin təsdiq etdiyi ## #### 1993-cü il, tarixli *** saylı qərarının * nömrəli siyahısının X bəndi 21105000-1753A kod üzrə ona güzəştli pensiya təyin olunması hüququ verilir.

4. “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli, ** nömrəli arayışından görünür ki, iddiaçı həqiqətən **-k saylı əmrə əsasən ##.##.1982-ci il tarixdən ** saylı sexə Sumqayıt Məişət Kimyası zavoduna elektrik kara sürücüsü vəzifəsinə işə qəbul olunmuşdur. ** saylı sex köməkçi sex olduğundan iddiaçı hazır məhsul istehsal edən * saylı sexdə hazır məhsulu yükləməklə işləmişdir. * saylı sex istehsal sexi olub zərərli sex siyahısına daxil olmuşdur.

5. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin ##.##.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasının surəti və güzəştli iş stajına dair arayışlara əsasən onun güzəştli iş stajı 02 il 11 ay 22 gün olmaqla (##.##.1984-cü il tarixdən ##.##.1987-ci il tarixədək) qanunvericiliklə tələb edilən 12 il 6 aydan, ümumi iş stajı isə 24 il 09 ay 15 gün olmaqla qanunvericiliklə tələb edilən 25 ildən az təşkil edir. Bundan əlavə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, yəni 43440,00 manat təşkil etməli olduğu halda, 20158,17 manat təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zərərli işlərdə işlədiyi müddəti ümumi stajına daxil etməklə ona pensiya hüququnun yarandığı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1960-cı ildə anadan olmuşdur. ##.##.1982-##.##.1984-cü il tarixdə Quba RTS-də həm çilingər (fermalarda transpartyor), həm də sürücü, ##.##.1984-##.##.1987-ci il tarixdə Sumqayıt Boruprokat zavodunda kəsici (trubaların kəsilməsi), ##.##.1987-##.##.1987-ci il tarixdə Avtobazada Kommunal xidmətlər (zibil maşınına zibilləri yükləmək, qaldırıcı qurğuda küçə işıqlarının dəyişdirilməsi) üzrə sürücü, ##.##.1987- ##.##.2007-ci il tarixdə Soyuzbıtxim zavodunda paraşok zavodunda kara sürücüsü (akkumulyatorlu kislata olan karalarda vaqon yükləyicisi) işləmişdir. Bütün bunları təsdiq edən arayışları var. Zavodlardan hal-hazırda fəaliyyəti olanlar var və sorğu göndərilsə, bütün dedikləri öz təsdiqini tapacaqdır. Gördüyü işlər zərərli iş olduğundan daim talonla qatıq-süd ilə təmin olunmuşlar. Bu səbəbdən də xüsusi şərtlərlə təqaüdə çıxmağı üçün dəfələrlə aidiyyəti quruma müraciət etmiş və ona pensiya təyinatından imtina cavabı gəlmişdir. Müvafiq zərərli işlərdəki əmək stajım qanuni sənədlər əsasında təsdiq edilir və həmin sənədlərin mötəbərliyi mübahisəsizdir. Belə ki, cavabdeh əmək pensiyasının təyin edilməsi üzrə səlahiyyətli dövlət orqanıdır, əmək pensiyaları haqqında Qanuna uyğun olaraq pensiyanı təyin etməli və yenidən hesablamalıdır. Lakin aidiyyəti qurumların səhlənkarlığı səbəbindən pensiyaya çıxmağı bu günə kimi uzanır. Belə ki, cavabdeh qanuni tələbini icra etməkdən və mənafeyinə uyğun olaraq əlverişli inzibati akt qəbul etməkdən imtina etmişdir. Bununla da, cavabdeh sosial təminat və mülkiyyət hüququnu pozmuşdur.

8. Cavabdehin iddia tələbinə dair yazılı etirazının dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq göstərir ki, iş materiallarında olan “xxxx” ASC-nin ## ###### 2022-ci il tarixli ** nömrəli arayışına əsasən iddiaçı ##.##.1987ci il tarixdə ** nömrəli əmrlə ** nömrəli sexdə kara sürücüsü peşəsinə qəbul edilmiş, ##.##.2007-ci il tarixdə *** nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir. “xxxx” ASCnin ## ###### 2022-ci il tarixli, ** nömrəli arayışına əsasən kara sürücüsü peşəsi Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * nömrəli siyahının 10-cu bölməsinin 2110b000-1753a koduna uyğundur. Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * nömrəli siyahının 10-cu bölməsinin 2110b000-1753ar kodunda məhsul istehsalının texnoloji prosesində tam iş günü məşğul olan sənayenin və xalq təsərrüfatının digər sahələrinin müəssisələrinin fəhlələri və ustaları: qeyri-üzvi kimya, kübrələr, polimerlər, plastik kütlələr (kompozisiya materialları və şüşə plastiki də daxil olmaqla), kauçuklar, lak-boyaq, foto texniki, məişət kimyası, üzvi sintez, sintetik boyayıcılar, neft kimyası, rezintexniki və azbest, kimyəvi reaktivlər, iş zonasının havasında 3-cü sinif təhlükəli zərərli maddələr olan ayrı-ayrı sexlərdə, bölmələrdə, sahələrdə və qurğularda yüksək təmizlikli maddələr nəzərdə tutulmuşdur. Siyahının 10-cu bölməsi kimya istehsalatı sahəsinə aid olmaqla iddiaçının 1987-2007-ci il tarixlərdə “xxxx” ASC-də işlədiyi kara sürücüsü peşəsi müvafiq sahəyə aid deyildir. İş materiallarında olan “xxxx” ASC-nin 2021-ci il tarixli ** nömrəli arayışına əsasən İddiaçı ##.##.1984-cü il tarixdən ##.##.1987-ci il tarixədək boru yayma sexində soyuq sahəsinin 140 aqreqatında soyuq boru kəsicisi peşəsində çalışmışdır. Həmin peşə Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * nömrəli siyahının 3-cü bölməsinin 4a yarımbölməsinin 2040400-17968 kodunda nəzərdə tutulmuş, iddiaçı işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasının surəti və güzəştli iş stajına dair arayışlara əsasən onun güzəştli iş stajı 02 il 11 ay 22 gün olmaqla (##.##.1984-cü il tarixdən ##.##.1987-ci il tarixədək) qanunvericiliklə tələb edilən 12 il 06 aydan, ümumi iş stajı isə 24 il 09 ay 15 gün olmaqla qanunvericiliklə tələb edilən 25 ildən az təşkil edir. Bundan əlavə iddiaçının Mərkəzi Filiala müraciət etdiyi tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, yəni 43440,00 manat təşkil etməli olduğu halda, 20158,17 manat təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.

9. Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim R.Həsənov) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) iddiaçının ##.##.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) iddiaçının ##.##.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının iş stajı ##.##.2006-cı ilədək lazım olan stajı və eyni zamanda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərini ödəmir. Belə ki, “xxxx” ASC tərəfindən verilmiş ** nömrəli, ##.##.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı ##.##.2006-cı il tarixdən ##.##.2007-ci il tarixə kimi boş dayanmada olmuş, yəni həmin dövrlər üzrə əmək haqqı almamışdır. Belə olan halda iddiaçının işlədiyi, hərbi xidmət illərini ümumi hesabladıqda iş stajı 25 ildən (24 il 9 ay 15 gün) azdır. Göründüyü kimi iddiaçıya nə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərini, nə də qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun müddəalarını tətbiq etmək olmur. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər G.Cabbarova – məruzəçi, V.Əzizova və İ.Quliyev) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, iddiaçı İddiaçı 57 yaşının tamam olduğu ##.##.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının məbləğinin “Əmək Pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya * saylı siyahı üzrə 57 yaşdan güzəştli şərtlər pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 57 yaşının tamam olması; 2) ##.##.2006-ci ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 3) ##.##.2006-ci ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçı ##.##.1960-cı il təvəllüdlü olmaqla, 57 yaşı ##.##.2017-ci il tarixdə tamamlanmışdır. Cavabdeh iddiaçının qanunla tələb olunan 25 il ümumi iş stajı və 12 il 6 ay güzəştli iş stajına malik olması halını qəbul etmir, habelə pensiya kapitalına aid şərtin ödənilmədiyini qeyd edir. İndiki halda cavabdeh iddiaçının ümumi iş stajı ilə bağlı hissədə əmək kitabçasında olan qeydlərin 25 ildən az stajı ehtiva etdiyini bildirərək, 1981-1982-ci ildə işlədiyi dövrlə bağlı sənəd təqdim edilmədiyindən, həmin hissədə münasibət bildirilməmiş, güzəştli iş stajına münasibətdə isə işlədiyi peşənin (kara sürücüsü) kimya istehsalatı sahəsinə aid olmadığından, 1987-2007-ci illərdə “xxxx” ASC-də kara sürücüsü işlədiyi dövrü nəzərə almamışdır. “xxxx” QSC tərəfindən verilmiş məktubun məzmununda iddiaçının Azərbaycan Dəmir Yolu Mühafizə Dəstəsinin keçmiş işçisi olduğu və əmək fəaliyyətinə dair arxiv məlumatlarından çıxarış təqdim edilmişdir. Həmin arxiv çıxarış məlumatından görünür ki, iddiaçı ##.##.1981-ci il tarixli *** nömrəli əmr əsasında Şirvan stansiyasında yüklərin mühafizəsi üzrə atıcı peşəsinə işə qəbul edilmiş, *** nömrəli ##.##.1982-ci il tarixli əmr əsasında ##.##.1982-ci il tarixdən işdən azad edilmişdir (bu barədə əmək kitabçasında da müvafiq qeydlər aparılmışdır). Göründüyü kimi iddiaçının ##.##.1981-##.##.1982-ci il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olması halı işəgötürən tərəfindən təqdim edilmiş arxiv məlumatı əsasında öz təsdiqini tapmışdır. Belə olan halda, həmin dövrlər də iddiaçıya münasibətdə iş stajı kimi nəzərə alınmalıdır. Nəticə etibarilə iddiaçıya münasibətdə cavabdehin qəbul etdiyi ümumi iş stajı müddəti (24 il 9 ay15 gün) və həmin dövr (##.##.1981-##.##.1982-ci illər: 8 ay 18 gün) nəzərə alındıqda iddiaçı 25 ildən artıq ümumi iş stajına malik olur.

14. Apellyasiya instansiyası məhkəməsi iddiaçının güzəştli stajı ilə bağlı göstərmişdir ki, iddiaçı ##.##.1987-ci il tarixdə “xxxx” ASC-də kara sürücüsü peşəsinə işə qəbul olunmuş, ##.##.2007-ci il tarixdə tutduğu vəzifədən azad olunmuşdur, bu barədə qeydlər əmək kitabçasında əks olunmaqla yanaşı, işəgötürən tərəfindən təqdim edilmiş arxiv məlumatları əsasında da öz təsdiqini tapmışdır. Həmçinin, müvafiq ASC tərəfindən güzəştli iş stajına dair arayış təqdim edilmiş, iddiaçının işlədiyi peşənin müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə X bəndinin 2110B000-1753A koduna aid olduğundan, güzəştli pensiya hüququ verən peşəyə aid olduğunu qeyd etmişdir. Müvafiq ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli məktubun məzmunundan görünür ki, iddiaçı hazır məhsul istehsal edən * saylı sexdə hazır məhsulu yükləməklə məşğul olmuş, * saylı istehsal sexi zərərli sex siyahısına daxil olmuşdur. Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda X bölmədə “”Kimya istehsalatı” (kod 2100000), 2110Б000-1753A kodu üzrə “Məhsul istehsalının texnoloji prosesində tam iş günü məşğul olan sənayenin və xalq təsərrüfatının digər sahələrinin müəssisələrinin fəhlələri və ustaları: qeyri-üzvi kimya, kübrələr, polimerlər, plastik kütlələr (kompozisiya materialları və şüşə plastiki də daxil olmaqla), kauçuklar, lak-boyaq, foto texniki, məişət kimyası, üzvi sintez, sintetik boyayıcılar, neft kimyası, rezintexniki və azbest, kimyəvi reaktivlər, iş zonasının havasında 3-cü sinif təhlükəli zərərli maddələr olan ayrı-ayrı sexlərdə, bölmələrdə, sahələrdə və qurğularda yüksək təmizlikli maddələr” qeyd edilmişdir. İndiki halda cavabdeh inzibati orqan iddiaçının işlədiyi peşənin kimya istehsalatı sahəsinə aid olmadığını qeyd etsə də, ona dair hər hansı sübut təqdim etməmiş, habelə həmin hal işəgötürən tərəfindən təqdim edilmiş güzəştli iş stajına aid arayış və işin xarakterinə dair məlumat əsasında təkzib olunmuşdur. Bundan əlavə, müvafiq Siyahı üzrə həmin kod üzrə peşə sahibi kimi fəhlələr ehtiva edilmişdir. İddiaçının işlədiyi peşə kara sürücüsü olmaqla, əmək funksiyasının xarakterinə görə fəhlə kateqoriyasına aiddir. Bu baxımından, iddiaçının “xxxx” ASC-də kara sürücüsü peşəsində işlədiyi dövrlər 1987-2006-cı illərdə işlədiyi dövrlər güzəştli iş stajı kimi nəzərə alınmalı olduğu halda, cavabdeh tərəfindən əsassız olaraq həmin dövr güzəştli iş stajı kimi nəzərə alınmamışdır. Belə olan halda, cavabdehin mübahisələndirmədiyi (2 il 11 ay 22 gün) dövrlər və iddiaçının işlədiyi 1987-2006-cı ilə aid dövrlər güzəştli iş stajı kimi nəzərə alındıqdan, iddiaçıya münasibətdə qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına aid şərti ödənilmiş olur.

15. Həmçinin, apellyasiya instansiyası məhkəməsi pensiya kapitalı ilə bağlı qeyd etmişdir ki, indiki halda iddiaçının iddia tələbinin qanuni əsası qismində “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndi çıxış edir. Qeyd edilən qanunvericilik normalarının dispozitiv şərtində güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına aid şərt nəzərdə tutulmamışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

17. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatması; 2) ##.##.2006-cı il tarixədək azı 25 il ümumi sığorta stajı; 3) ##.##.2006-cı il tarixədək 12 il 6 ay güzəştli sığorta stajı. İddiaçı tərəfindən təqdim edilmiş nömrəli hərbi biletin və ******* nömrəli əmək kitabçasının surətlərinə əsasən onun # ###### 2006-cı il tarixinədək mübahisəsiz ümumi iş stajı 25 ildən azdır (24 il 09 ay 15 gün (##.##.1979-##.##.1981, ##.##.1982-##.##.1984, ##.##.1984-##.##.1987, ##.##.1987-##.##.1987, ##.##.1987-##.##.2006-cı illər daxil olmaqla).

18. İddiaçının # ###### 2006-cı il tarixədək mübahisəsiz güzəştli iş stajı isə 12 il 6 aydan azdır (02 il 11 ay 22 gün (##.##.1984-##.##.1987-ci il tarixədək). Qanunvericilik normalarının təhlilindən və işin araşdırılmış hallarından müəyyən olur ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun ##.##.2006-cı il tarixədək 25 il ümumi, 12 il 6 ay güzəştli stajı olmamış, buna baxmayaraq məhkəmə maddi hüquq normalarının tələblərini pozmaqla iddiaçının müvafiq stajının tamamlanmadığı halda iddia tələbini təmin etmişdir.

19. İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət edən zaman ******* nömrəli əmək kitabçasını təqdim etmişdir. Buna baxmayaraq iddia tələbi birinci instansiya məhkəməsində təmin olunmadıqdan sonra işin apellyasiya instansiyasındakı icraatı zamanı ******* nömrəli başqa bir əmək kitabçasını məhkəməyə təqdim edərək orada qeyd olunan ##.##.1981-##.##.1982-ci il tarixlərdəki əmək fəaliyyətinin iş stajına daxil edilməsini xahiş etmişdir. Qeyd olunan hissədə isə apellyasiya instansiya məhkəməsi həmin əmək kitabçasında olan dövrlərlə bağlı cavabdeh inzibati orqanın imtina qərarı və hətta ona münasibət bildirmə imkanı olmamasına baxmayaraq iddiaçının ümumi stajına daxil etməklə iddiaçının # ###### 2006-cı il tarixinədək 25 ildən çox ümumi stajının tamamlanması qənaətinə gəlmişdir. İddiaçı tərəfindən apellyasiya instansiya məhkəməsindəki icraat zamanı təqdim edilmiş yeni əmək kitabçası cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraatın materiallarına əlavə edilməmiş və bu səbəbdən də həmin hissədə, yəni iddiaçının ##.##.1981-##.##.1982-ci il tarixlərdəki əmək fəaliyyətinə münasibət bildirilməmişdir. Belə olan halda apellyasiya instansiya məhkəməsinin mövqeyi qanunvericiliyin iddia tələbinin mümkünlüyünə dair tələblərinə ziddir.

20. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə və Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * nömrəli siyahıya istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. ... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.

24. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı”: 2100000 – X. Kimya istehsalatı ... 2110B000—1753a – B. Məhsul istehsalının texnoloji prosesində tam işgünü məşğul olan sənayenin və xalq təsərrüfatının digər sahələrinin müəssisələrinin fəhlələri və ustaları: qeyri-üzvi kimya, kübrələr, polimerlər, plastik kütlələr (kompozisiya materialları və şüşə plastiki də daxil olmaqla), kauçuklar, lak-boyaq, foto texniki, məişət kimyası, üzvi sintez, sintetik boyayıcılar, neft kimyası, rezintexniki və azbest, kimyəvi reaktivlər, iş zonasının havasında 3-cü sinif təhlükəli zərərli maddələr olan ayrı-ayrı sexlərdə, bölmələrdə, sahələrdə və qurğularda yüksək təmizlikli maddələr.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

26. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.

29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır.

30. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən iddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ötrü iki şərt ödənilməlidir: 1) ##.##.2006-cı il tarixədək azı 25 il ümumi sığorta stajı; 2) ##.##.2006-cı il tarixədək 12 il 6 ay güzəştli sığorta stajı.

31. Cavabdehin imtinasından, eləcə də kassasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçının 0# ###### 2006-cı il tarixinədək mübahisəsiz ümumi iş stajı 25 ildən (24 il 09 ay 15 gün (##.##.1979-##.##.1981, ##.##.1982-##.##.1984, ##.##.1984-##.##.1987, ##.##.1987-##.##.1987, ##.##.1987-##.##.2006-cı illər daxil olmaqla), güzəştli iş stajı isə 12 il 6 aydan (02 il 11 ay 22 gün (##.##.1984-##.##.1987-ci il tarixədək) azdır.

32. Ümumi stajla bağlı cavabdeh iddiaçının ##.##.1981-##.##.1982-ci illərdə Azərbaycan Dəmir Yolu Mühafizə Dəstəsində işləməsini nəzərə almamış və bunu iddiaçının cavabdehə ilkin müraciətində təqdim etmədiyi ilə əsaslandırmışdır. Halbuki, iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi “xxxx” QSC-dən əldə etdiyi sənədlərdən görünür ki, iddiaçı ##.##.1981-ci il tarixli *** nömrəli əmr əsasında Şirvan stansiyasında yüklərin mühafizəsi üzrə atıcı peşəsinə işə qəbul edilmiş, *** nömrəli ##.##.1982-ci il tarixli əmr əsasında ##.##.1982-ci il tarixdən işdən azad edilmişdir.

33. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddiaçının ##.##.2006-cı il tarixədək 25 ildən artıq ümumi stajının olması ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir.

34. Bundan başqa, cavabdeh iddiaçının ##.##.1987-##.##.2006-cı il tarixdə “xxxx” ASC-də işlədiyi kara sürücüsü peşəsini güzəştli iş stajı kimi qəbul etməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən iddiaçının ##.##.1987-##.##.2006-cı il tarixdə “xxxx” ASC-də işlədiyi kara sürücüsü peşəsini Nazirlər Kabinetinin ## #### 1993cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda X bölmədə “”Kimya istehsalatı” (kod 2100000), 2110B000-1753A koduna aid etsə də, iddiaçının işlədiyi peşə ilə istinad olunan koddakı peşələrin eyniliyi ilə bağlı araşdırma aparmamışdır.

35. Məhkəmə kollegiyası ilk öncə bildirir ki, iş materiallarında müəssisə tərəfindən verilmiş güzəştli arayışda iddiaçının güzəştli stajı ilə bağlı mübahisələndirilən hallara tam aydınlıq gətirilməmişdir. Xüsusilə də iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün istinad etdiyi və işlədiyi peşənin funksionallığının nədən ibarət olduğu, həmin vəzifədə işləməsinin “zərərli işdə çalışma” kimi qəbul edilməsinin mümkünlüyü, vəzifə təlimatı baxımından peşənin qiymətləndirilməsi üçün zəruri olan məlumatlar kifayət qədər toplanmamışdır. Bu isə məhkəmənin iş üzrə mühüm əhəmiyyət kəsb edən halları obyektiv və hərtərəfli araşdırmasına mane olmuşdur.

36. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması ona dəlalət edir ki, işçinin əmək funksiyasının, yəni işçinin yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin güzəştli olub-olmamasını işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

37. Zərərli əmək şəraitində işçinin işlədiyi dövrün Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

38. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə çalışmasını müəyyən etməyə imkan verməlidir. Göründüyü kimi, növbəti apellyasiya baxışı zamanı iddiaçının ##.##.1987- 39. ##.##.2006-cı il tarixdə “xxxx” ASC-də işlədiyi kara sürücüsü peşəsinə münasibətdə peşə təlimatı baxımından peşə öhdəlikləri təhlil edilməklə həmin peşənin zərərli peşə sayılıbsayılmamasına qiymət verilməlidir.

40. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməməsi hissəsində şikayət təmin olunmamalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar