Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3392/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vahid daşınmaz əmlaka dair çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 6 avqust tarixli 2-1(103)1969/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Bələdiyyə mülkiyyəti və özəlləşdirmə idarəsi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 1993-cü il 24 aprel tarixli, 30/11577 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının adına reyestr kitabında №56, səhifə 11577 kimi qeydiyyatdan keçmişdir. 1993-cü il 24 aprel tarixli şəxsi mülkiyyətin texniki pasportunda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçının şəxsi mülkiyyətində olduğu qeyd olunmuş və əmlakın sahəsi 365.7 kv.m göstərilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin yerləşdiyi torpaq sahəsinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə vahid çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 7 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, təqdim edilmiş sənədlər kserosurətdir və sözügedən daşınmaz əmlak dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçdiyindən torpaq sahəsinin mülkiyyətə verilməsi qanunvericiliyə uyğun deyildir. İddiaçı 2018-ci il 25 sentyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evi n yerləşdiyi torpaq sahəsinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə vahid çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, 30111577 nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki, fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə göt ürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlakın obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 saylı Fərmanının 2.4-cü maddəsinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanı tərəfindən 2001-ci ilin yanvarın 1-dək tərtib olunmuş texniki pasport daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab edilir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 say lı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 28 fevral tarixli 2-1(82)822/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın fərdi yaşayış evi kimi qeyd olunması, həmin yaşayış evi və 365,7 kv.m torpaq (həyətyanı və tikintialtı) sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə vahid əmlak kimi dövlət reyestrindən yeni çıxarışların verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 6 avqust tarixli 2-1(103)-1969/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 22 avqust tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 20 sentyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, İdarəyə təqdim olunmuş ərizəyə əlavə edilmiş sənədlər surətdir və sənədlərin əsilləri təqdim olunmamışdır. Bundan əlavə, ünvan 1 ünvanında yerləşən müvafiq daşınmaz əmlak mənzil kimi çoxmərtəbəli yaşayış binasının tərkib hissəsi olmaqla iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Lakin müvafiq mənzilin yerləşdiyi binada digər mənzillər - 1 saylı mənzil X7, 2 saylı mənzil X4, 2 saylı mənzil paylı mülkiyyət kimi X8 (1/3 hissə), X9 (1/3 hissə), X11 (1/3 hissə) və 1D saylı mənzil X3, 2B saylı mənzil X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bu səbəbdən də, müvafiq binanın yerləşdiyi torpaq sahəsi qanunvericiliyə əsasən binada yerləşən mənzillərin mülkiyyətçilərinə ümumi paylı mülkiyyət hüququ ilə məxsus olduğundan, müvafiq torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi, həmçinin vahid tikili olan binanın tərkib hissəsi olan mənzilin ayrıca fərdi yaşayış evi kimi qeydiyyata alınması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan başqa, müvafiq torpaq sahəsinin iddiaçıya qanuni əsaslarla ayrılması barədə İdarəyə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmiş dir. İşin obyektiv araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi, həmçinin həmin binada yerləşən digər mənzillərin mülkiyyətçiləri olan X13, X10, X14, X15, X16, X6 və X5 məhkəmə tərəfindən inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və ekspertiza təyin olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 9, 11, 23-cü maddələrinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.2, 13.3, 35.1-ci maddələrinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 67, 111.1-ci maddələrinin tələblə rinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddəti ndə verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0. və 8.0.5-ci maddələrinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normalarda göstərilən sənədə (qeydiyyat vəsiqəsinə) malikdir. İddiaçı həmin qeydiyyat vəsiqəsində göstərilən mənzil ilə onun aid olduğu evin yerləşdiyi torpaq sahəsinin vahid əmlak kimi qeydə alınmasını tələb etdiyindən, onun mənzilə və torpaq sahəsinə dair hüquqların qeydə alınması tələbləri də vahid tələb kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər a vadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. İddiaçı bəyan edir ona məxsus mənzil ayrıca, təcrid olunmuş tikilidən ibarətdir. Bu səbəbdən də həmin mənzilin yerləşdiyi və məhz həmin mənzilə aid olan torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Başqa sözlə, Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 227.1-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddələrinin dispozisiya şərtləri, habelə hazırkı işdə iddiaçıya məxsus mənzilin ayrıca tikilidən ibarət olduğu nəzərə alındıqda, o, təkbaşına mülkiyyətçisi olduğu həmin hissəyə (mənzilə) xidmət edən obyektlərin (o cümlədən, hissənin yerləşdiyi torpaq sahəsinin) də təkbaşına mülkiyyətçisidir. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Şikayətdə göstərilən dövlət orqanlarının icraata cəlb edilməli olduqlarına dair dəlil də əsassızdır. Belə ki, dövlət hazırkı icraatda cavabdeh inzibati orqan (müvafiq icra hakimiyyəti orqanı) vasitəsilə təmsil olunmuşdur. Bu isə, cavabdehi həmin orqanların hüquqi yardımından istifadə etmək (onlarda olan sübutlardan istifadə etmək, mütə xəssis cəlb etmək, irəli sürdüyü dəlillərin əsasına dair rəy almaq və s.) imkanından məhrum etmir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 6 avqust tarixli 2-1(103)-1969/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-3392/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3392/2019
04.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver